Elektron ədəbiyyat və sənət portalı

“Xoşbəxt olun” ekrana çıxır

Bölmə: Beynəlxalq 11.07.2016

Mövzusu ailə-məişət hadisələrindən götürülmüş tragikomik filmdə qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Belə ki, yaradıcı heyət 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın dramını sarkazmla ekrana köçürə bilib.

Tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Könül Vəlibəylidir.

Filmdə əsas rolları Əməkdar artist Sevinc Sarıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov, Aybəniz Bağırova və Gülnarə Abdullayeva ifa edirlər.

Çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılan film beynəlxalq festivallara göndəriləcək.