Elektron ədəbiyyat və sənət portalı

Uçurumdan keçən yol

Bölmə: Ədəbiyyat 11.07.2016

***

Onlar toydan qayıdırdılar, səsli-küylü, tamaşalı kənd toyundan... Deyişən aşıqların zəngulələri, qoşa zurnanın şaqqıltısı hələ də qulaqlarından getməmişdi.

Onlar iki dost - Nahid və Səfi toydan qayıdırdı. Üstü yaşıl ot və kol-kosla örtülmüş dağ yolu gecəki yağışdan bərk islanmış, orda-burda gölməçələr əmələ gəlmişdi. Sellərin zirvələrdən yığıb gətirdiyi bitki çürüntüləri torpağa qatışmışdı. Yolun palçığı yapışqana dönmüşdü. Nahid də, Səfi də şalvarının balağını çırmalamışdı, ikisinin də ayaqqabısı palçığa bulaşmışdı. Onlar əllərinə çomağa oxşar çubuq götürmüşdülər. Sürüşüb yıxılmamaq üçün qalın çubuğu yerə dayaq eləyib addımlayırdılar.

Nahid dedi:

- Gecə o nə yağış idi?! Göy guruldayır, güclü ildırım çaxırdı, elə bil yüz topdan birdən yaylım atəşi açırdılar. Yağış nə yağış, tut ucundan göyə çıx...

Səfi əsnədi, əlinin dalını ağzına tutdu.

- Daş kimi düşmüşdüm, heç nədən xəbərim olmayıb. Bununla belə, yenə də yuxudan doymamışam...

- Doymazsan da, gecəyarıya kimi oynadın. Başqalarına aman vermirdin. Bir axşamda bir ilin əvəzini çıxdın. Yazıq çalğıçıları əldən salmışdın, özün də suyun içində idin.

- Üzdən iraq, yasın yaraşığı ağlamaq, toyunku da çalıb-oynamaqdır. Qardaşımın toyu idi, niyə də doyunca oynamayaydım?!

Nahidlə Səfi köhnə dost idilər. Bu gecədən onlar qohum olmuşdular. Nahidin bacısı Səfinin qardaşına ərə getmişdi, Onlar bir kənddə anadan olmuş, bir məktəbdə oxumuş, bir yerdə Bakıya instituta girməyə getmiş, Səfi birinci, Nahid üçüncü imtahandan kəsilmiş, daha geri qayıtmayıb, Qaradağ mədənlərinin birində işə düzəlmişdilər. Dördüncü il idi ki, onlar doğma dağlardan, meşəli-bulaqlı kəndlərindən ayrılmışdılar. Ancaq məzuniyyətdən-məzuniyyətə valideynlərinin yanına dincəlməyə gəlirdilər.

Toya getmək üçün mədən müdirindən üç gün icazə almışdılar. Hər ikisi sabah işdə olmalı idi. Buna görə də səhərin gözü açılar-açılmaz oyanıb yola çıxmışdılar. Kəndlərin dörd kilometrliyindəki rayon mərkəzindən Bakıya gedən avtobus saat onda yola düşürdü. Özlərini ona yetirsəydilər, axşam şəhərdə olacaq, sabah səhər işə gedəcəkdilər.

Yağış yolları korlamışdı. Yerimək çətinləşmişdi.

Nahid addımlarını yeyinlətdi. Ondan geridə qalan kökbədənli Səfi narazılıqla dedi:

- Dalınca atlı gəlmir ki, səni qovurlar, hara qaçırsan?! Palçıqdan yerimək olmur, sən də bir yandan tələsirsən. Yavaş, hələ vaxtımız çoxdur. Avtobusa çatacağıq. Nə yol qalıb ki, körpünü addadıq, rayon mərkəzindəyik. Tələsmə.

Boyca Səfidən kiçik və arıq olan Nahid nə addımlarını kiçiltdi, nə də ona cavab verdi. O, uçurumun qırağına gəldi. Heyrətlə ayaq saxladı.

- Bu nədir?.. Gör bir nə olub?!

Səfi soruşdu:

- Nə olub ki?

O gəlib Nahidin yanında dayandı. Uçuruma baxınca yuxu tökülən gözləri bir anda geniş açıldı.

- Balam, bu nə həngamədir... Elə bil bomba qoyub partladıblar.

Qədimdən uçurumun üstündən taxta körpü salınmışdı. Körpü çox köhnə idi. İndi o, yerində yox idi. Görünür, gecəki güclü yağış dirəkləri qayalardan qoparmış, körpünü uçurmuşdu.

Uçurumun dibindən daş-kəsəyi yuyub özü ilə aparan sarı çay, sürətlə axırdı. Sarı çay, demək olar ki, yayda tamamilə quruyurdu. Bu gün o, yamanca coşmuşdu.

Dağların başını qalın bulud layları almışdı. Onlar zirvələrə sürtünüb keçirdilər. Yanlarından işıq süzülən boz buludlar sanki səhər günəşi hürküdüb mürgüdən ayıltmışdı.

Nahid dedi:

- Gecəyarı göy o sayaq guruldayıb yağış tökəndə fikrimə gəldi ki, bu, xətərsiz olmayacaq.

- Yaxşı ki, körpü uçanda üstündə adam olmayıb.

Səfi Nahidə tərəf dönüb ümidsizliklə soruşdu:

- Bəs indi biz neyləyək?

Nahid aşağı, uçurumun dibinə baxa-baxa dedi:

- Elə mən də o barədə düşünürəm.

- Düşünməyə dəyməz, geri qayıtmaqdan başqa əlacımız yoxdur.

- Gərək uçuruma düşək. Orda bir cığır olmalıdır. Uşaqlıqdan yadımda qalıb.

- Nahid, sən dəli olmusan-nədir? Görmürsən?! Sarı çay necə sürətlə axır...

- Bax oradan, daşların üstündən keçmək olar.

- Sən allah, zarafatı boşla. Körpü uçub, bizim təqsirimiz nədir, Nahid. Sözümə qulaq assaydın, basa-basa bu qədər yolu gəlib indi geri qayıtmazdıq. Dünən sənə yalvarıb-yaxarıb dedim, qoy bir gün də artıq qalaq, dünya dağılmaz. Dedin ki, ayıbdır, gedək. İnad elədin. İşə tələsdin. Elə bil iş bizdən qaçır. Bir gün də kabab yeyib kef eləyərdik. Görürsən, təbiət də senin əleyhinədir...

Nahid uçuruma enmək istəyəndə ayağı yaş gilin üstündə sürüşdü, az qaldı ki, dərəyə ensin. O, müvazinətini düzəldəndə çomaq əlindən çıxıb dərənin dibinə yuvarlandı. Səfi cəld özünü yetirib Nahidin əlindən yapışaraq onu geri çəkdi.

- Doğrudan, sən lap ağlını itirmisən, Nahid. Uçuruma düşmüşdün ki... Niyə inad göstərirsən? Biz ki, bir cinayət eləmirik. Kənd sovetindən bir kağız alarıq ki, körpü uçub. Neyləyək, təbii hadisədir də... Mədən müdiri arayışı görüb səsini kəsər. Əgər inanmırsa, qoy özü gəlib baxsın.

Səfinin dedikləri özünə gülünc gəldi. O qımışdı.

Nahid uçurumun qırağı ilə köhnə cığırı axtardı.

- Gəl geri qayıdaq. Kənd sovetindən kağız almaq mənim boynuma, onun fikrini çəkmə.

Nahid hirslə dedi:

- Kağız aparmasaq da, niyə yubanmağımızın səbəbini mədən müdirinə desək, inanar. Məni narahat eləyən o deyil.

- Bəs nədir?

- Ayaz.

Səfi ayaqqabısının dabanındakı palçığı əlindəki çubuğun ucu ilə siyirib yerə tökdü.

- Ayazın buna nə dəxli? O da sənin kimi operatordur. Əsas müdirdir. O, bizi gecikdiyimizə görə danlamasın, dalı asandır.

- Niyə yadından çıxıb. Axı, Ayazdan xahiş eləmişəm bu üç günü mənim yerimə işləsin. Demişəm, cümə axşamı mədəndəyəm. Vədimə yalançı çıxmaq istəmirəm.

- Bir gün gec - cümə günü işə çıxsan Ayaza heç nə olmaz.

- Düzdür, heç nə olmaz. Ayaz elə oğlandır ki, xahiş eləsəm, mənim yerimə üç gün nədir, lap üç həftə də işləyər. Buna baxmayaraq, mən mütləq sabah orda olmalıyam. Özün bilirsən ki, Ayazın Soçiyə putyovkası var. Birinci gün yola düşməlidir. Təyyarə bileti də alıb. O, mənə arxayındır ki, sabah səhər işdə olacağam.

- Əgər Ayaz getsə, briqadada onu əvəz eləyən bir adam tapılar. Heç narahat olma. Bir gün nədir ki... Nahid, gəl geri qayıdaq.

Nahid cib bıçağını çıxarıb, yolun qırağında bitmiş cır findıq ağacından uzun bir çubuq kəsdi, yarpaqlarını qoparıb yerə tökdü.

- Səfi, istəyirsən sən qal. Bir gün mənim əvəzimə də kef elə. Çətin olsa da, mən dərəyə enib, o taya qalxaram.

- Tərslik eləmə, Nahid, yağışdan sonra çayın suyu gör necə artıb. Dövrəyə düşsən bir xata çıxar, peşmançılıq olar.

- Nigaran qalma, birtəhər keçərəm. Sağlıqla qal, mən getdim.

Səfi uçurumun qırağında durub baxırdı.

Nahid çubuğunu yerə dayaq eləyə-eləyə dərəyə endi. Enişi yenicə cücərmiş göy otlar örtmüşdü. Hər yer yamyaşıl idi. O, yolun ortasına çatanda ayağı sürüşdü. Bir neçə metr müvazinətsiz aşağı yuvarlandı. Yaxşı ki, cığırın qabağında kol-kos bitmişdi. Nahid onlara ilişib dayandı. Bunu görən Səfinin ürəyi yerindən düşdü. O, var gücü ilə çığırdı:

- Nahid, sənə bir şey olmadı ki? Nahid...

- Salamatlıqdır... Narahat olma...

Dərə onların səsini əks elədi.

Nahid yavaş-yavaş ayağa qalxdı və tələsmədən dərənin dibinə endi. Çayın qırağına çatınca ayaqqabılarını və şalvarını soyundu, qayışı ilə bağlayıb əlinə götürdü. Sonra Sarı suyun içindən görünən iri, yastı daşın üstünə hoppandı, büdrədi, ancaq yıxılmadı. O, bir-birindən aralı çaya salınmış ikinci və üçüncü daşın da üstünə belə tullandı. Nahid yaxşıca bilirdi ki, Sarı çayın bu yeri dərin deyil. O, suya girdi. Çay dizindən idi. Düyünçəni başının üstünə qaldırıb qarşıdakı sahilə sarı irəlilədi. Su sürətlə axırdı. Nahid az qaldı ki, yıxılsın. O, axının əksinə doğru yönələrək daşlı, çınqıllı sahilə çıxdı. Rahatlıqla geri döndü. Səfinin durduğu yerə baxdı ki, yoldaşına əl eləyib getsin. Səfi uçurumun qırağında yox idi. O, Nahidin gəldiyi cığırla kol-kosdan tuta-tuta ehtiyatla dərəyə enirdi.