Elektron ədəbiyyat və sənət portalı

Oğul borcu

Bölmə: Ədəbiyyat 11.07.2016

Brayan KİFİ
(İngiltərə)

Vacib görüşə gecikirdim. Bu azmış kimi, yaxşı tanımadığım rayonda tərslikdən azdım da. Öz kişi qürurumu sakitləşdirib, yan-yörəmə göz gəzdirməyə başladım ki, görüm yolu necə tapmaq, kimdən soruşub öyrənmək olar. Fikirləşdim ki, ən yaxşısı yanacaqdolduma məntəqəsidir, orda maşının çəninə benzin də doldura bilərdim. Belə ki, şəhərdə maşını ora-bura çox sürmüşdüm, yanacaq indiqatorunun əqrəbi təhlukəli həddə düşmüşdü, vaxt isə yox idi. Elə bu vaxt yanğın deposunun üzərində işaran kəhrəba atəşi gözümə sataşdı. Yolu soruşmaq üçün bundan yaxşı yer fikləşmək olardımı?

Yubatmadan maşından çıxıb, yolun o üzünə keçdim. Üç hündür darvazanın üçü də açıq idi; parıltısı göz qamaşdırıb diqqəti uzaqdan cəlb edən qırmızı yanğın maşınları hər an çağırışa hazır vəziyyətdə dayanmışdı.

Əraziyə daxil oldum, burnuma yanğın qülləsində qurudulan rezin çəkmələrin, gödəkcələrin, dəbilqə və şlanqların qoxusu dəydi. Bura təzəcə yuyulmuş döşəmənin və par-par parıldayanacan sürtülmüş maşınların iyini də əlavə etsək, siz bütün yanğın depolarına məxsus spesifik qoxunu asanlıqla təsəvvür edə bilərsiniz. Addımlarımı yavaşıdıb dərindən köks ötürdüm, gözümü yumub, xəyalımda uşaqlıq çağlarımı canlandırdım – atamın otuz beş il qabaq mexanik işlədiyi yanğın hissəsini yadıma saldım. Deponun dərinliyinə göz yetirəndə gözümə parlaq qızılı rəngli yanğın şüvülü sataşdı. Bir dəfə atam mənə və böyük qardaşım Ceyə bu cür şüvüllə ikinci mərtəbədən sürüşməyə icazə vermişdi, biz də orda bir-iki dəfə sürüşmüşdük. Deponun künc tərəfində «iməkləyən dördayaq» vardı – yəni, təmir vaxtı mexaniklərin yük maşınlarının altına girdikləri alçaq, yastı araba. Yadımdadır, atam hərdən məni də bu arabaya mindirb «Bərk dayan!» qışqırır və biz arabanın içində başımız fırlanana qədər dövrə vururduq – arabadan tər içində çıxanda mən az qala sərxoş dənizçilər kimi səndələyirdim. Bu, mənim gördüyüm ən yaxşı yelləncək idi.

Arabanın böyründə koka-kola loqotipli qədimi ticarət avtomatı vardı. Bu avtomat indiyəcən də 10 unsiyalıq yaşıl butulkalar verirdi, amma indi belə şüşələrin qiyməti, mənim uşaqlıq illərimdə olduğu kimi, 10 sent deyil, 35 sent idi. Məni atamın iş yerinə həvəslə gətirən səbəblərdən biri də elə bu idi – avtomatdan bir şüşə şipuçi almağı çox xoşlayırdım.

***

Təxminən on yaşım olardı, bir dəfə iki dostumu da özümlə aparmışdım ki, onları atamla tanış edim. Əgər alınsa, atamdan  onlar üçün koka-kola da xahiş edim. Atam uşaqlara yanğın bölməsində ekskursiya keçərkən mən imkan tapıb soruşdum ki, bizə su ala bilərmi?..

Atamın baxışlarında güclə seziləcək bir tərəddüd hiss etsəm də, «Əlbəttə!» deyib, hərəmizə on sent verdi. Biz əlüstü avtomata tərəf cumduq: ürəyimiz partlayırdı ki, görək şüşənin qapağı arxasından beşguşəli ulduz çıxacaq, ya yox.

Bəxtə bax! Mənim butulkamın qapağında həqiqətən də beşguşəli ulduz vardı. İndi mənə bu cür qapaqlardan cəmi ikisini toplamaq qalırdı ki, onları lazımi yerə göndərib Devi Kroket firmasının şlyapasını əldə edim! Atama təşəkkür edib, nahar eləmək üçün evə qayıtdıq ki, isti yay fəslinin qalan günlərini göldə çimməklə keçirək.

Həmin axşam evə bir qədər gec qayıtdım. Yuxarı qalxanda qulağıma mətbəxdə söhbət edən valideynlərimin səsi gəldi. Anamın nədənsə narazılığı və söhbətdə adımın tez-tez hallanması aydınca eşidilirdi: «Gərək deyəydin ki, sənin koka-kola üçün pulun yoxdur. Brayan başa düşərdi. Belə olmaz, sən naharsız qalmısan. Oğlanlar bilməlidir ki, səndə artıq pul olmur, naharsız qalmaq isə – yaxşı iş deyil».

Atam həmişəki kimi yenə əlini yellədi. İstəmirdim anam söhbəti eşitdiyimi görsün, odur ki, cəld ikinci mərtəbəyə – dörd qardaşımla bölüşdüyüm otağa qalxdım.

İçəri keçib ciblərimi boşaldanda həmin o «ulduzlu» qapaq sürüşüb yerə düşdü. Onu döşəmədən qaldırıb əvvəlki yeddi qapağın böyrünə qoymaq istəyəndə, bu dəmir qapaqdan ötrü atamın necə bir fədakarlığa məruz qaldığını düşündüm. Onda özümə söz verdim ki, atamın borcunu mütləq qaytarmalıyam: onun həmin gün və başqa günlər göstərdiyi fədakarlığı nə zamansa ona xatırladacam və bunu heç zaman unutmadığıma işarə vuracam.

Atamda ilk ürəktutması kifayət qədər erkən baş verdi – qırx yeddi yaşında. Fikirləşirəm ki, buna səbəb onun çox işləməsi idi. Axı bizi, doqquz uşağı saxlamaq üçün yazıq üç yerdə çalışmağa məcbur idi. Bizə həmişə əyilməz görünən nəhəng, dözümlü, qüvvətli atamın ilk dəfə «çat» verməsi anamla evliliklərinin 25 illiyinə təsadüf etdi. Onda bütün ailə üzvlərimiz bir yerə yığışmışdı.

Növbəti səkkiz ilin ərzində atam daha üç dəfə infarkt keçirtdi, ürəyinə elektrokardiostimulyator yerləşdirdilər.

Bir dəfə atamın mavi rəngli köhnə «Plimut» furqonu xarab olmuşdu və məndən xahiş eləmişdi ki, onu gündəlik müayinədən keçdiyi həkimin yanına aparım. Mən yanğın hissəsinə çatanda atam bir neçə yanğınsöndürənlə küçədə dayanmışdı və onlar kiminsə aldığı təzə yük maşınına böyük maraqla tamaşa edirdilər. Tünd-göy rəngli «Ford» sadəcə, qiyamət idi! Mən maşını ağızdolusu tərifləyəndə atam dedi ki, o da özünə mütləq beləsindən alacaq.

Biz gülüşdük. Bu cür pikap almaq onun çoxdankı arzusu idi və uzun illər bu arzu bizimçün xam xəyal olaraq qalırdı.

Amma mənim biznesim artıq kifayət qədər uğurlu idi, qardaşlarımın da işi pis getmirdi. Bir dəfə biz ona belə bir maşın hədiyyə etməyi təklif emişdik, amma atam qəti surətdə boyun qaçırtmışdı: «Əgər həmin maşını mən özüm almasam, onda onun özümünkü olduğunu hiss etməyəcəm!»

Atam həkimin kabinetindən çıxanda sifətinin necə ağardığını gördüm, düşündüm ki, yəqin, uzun çəkən yorucu müayinənin ucbatındandır.

- Getdik, - o, dodaqaltı mızıldandı.

Maşına əyləşəndən sonra başa düşdüm ki, onun səhhəti ilə bağlı vəziyyət nəsə qaydasında deyil, amma öz suallarımla kişini təngə gətirmək istəmədim, imkan verdim ki, fikirlərini cəmləsin.

Depoya tərəf qəsdən kəsə yox, uzun yolla gedirdim. Biz köhnə evimizin böyründən, stadionun, gölün, tindəki balaca dükanın yanından ötüb keçirdik və atam bu yerlərin hər biriylə bağlı xatirələrini danışırdı.

Onun ömrü tükənmişdi, tamam az qalmışdı – bu, mənə qəfildən aydın oldu, bunu dəhşət içərisində qəfildən dərk etdim.

O, mənə baxıb başını tərpətdi.

Kafenin yanında maşından düşüb, hərəmiz bir pors plombir götürdük. Son on beş il ərzində ilk dəfə ikilikdə dondurma yeyir, baş-başa verib səmimi söhbət edirdik! Atam bizimlə necə fəxr etməsindən danışdı, dedi ki, ölüm onunçün heç də dəhşətli görünmür. Bircə anamızı tək qoyacağının dərdini çəkir, bu, ona çox ağır gəlir.

Mən gülümsündüm – qadını mənim atam qədər sevən ikinci kişi tapılmazdı!

Atam məndən söz aldı ki, vəziyyətinin ölümcül olmasını heç kimə deməyim. Onu yaxşı başa düşürdüm, bilirdim ki, bu, mənim haçansa saxlamağa məcbur qalacağım gizli sirlərdən ən acısıdır.

Həmin vaxtlar biz arvadımla birgə təzə alacağımız maşınlara baxırdıq. Atamın Beylenddəki “Cochituate Motors” avtomobil kompaniyasında işləyən tanış satıcısı vardı. Xahiş etdim ki, onun yanına birgə gedək, baxım görüm öz köhnə avtomobilimi ödəmə hesabında saxlamaqla ordan nəsə ala bilərəmmi. Satıcı ilə söhbət edərkən gördüm ki, atam şokolad rəngli pikapın böyür-başında yaman hərlənir – düzü, bundan gözəl maşını şəxsən mən indiyəcən görməmişdim. Bu balaca yük maşını, demək olar, hər şeylə təchiz olunmuşdu. Atam öz əsərinə məmnuncasına tamaşa edən memar kimi maşını ovcunun içiylə sığallayır, ona tamaşa eləməkdən doymurdu.

- Atacan, belə fikirləşirəm ki, mənə pikap lazımdır. Yanacağı qənaətlə işlədən balaca pikaplara baxıb birini seçmək istərdim.

Satıcı ticarət zalından müvəqqəti nömrə nişanlarını götürüb çıxanda mən atama şokolad rəngli maşını sürüb yoxlamasını təklif elədim.

- Sənin bu maşını almağa pulun çatmaz, - o dedi.

- Bunu bir sən bilirsən, bir də mən; satıcı ki, bilmir, - dedim.

Atam maşının sükanı arxasına keçdi və biz əsl hoqqa çıxarmış, fırıldaq gəlmiş iki oğlan uşağı kimi ürəkdən gülə-gülə, şaqqanaq çəkə-çəkə iyirmi yeddinci şoseyə çıxıb, düz on dəqiqə pikapda gəzdik. Atam maşını o ki var təriflədi, mənsə həmin vaxt salonun təchizatına baxırdım.

Geri qayıdandan sonra biz sınaq üçün daha bir maşın götürdük – bu, göy rəngli balaca “Sundowner” pikapı idi. Atam dedi ki, işə gedib-gəlmək üçün bu maşın çox münasibdir, çünki benzini qənaətlə işlədir. Onun fikri ilə razılaşdım və biz alqı-satqı sazişini tərtib etdik.

Bir neçə gündən sonra atama zəng vurdum və maşını götürmək üçün mənimlə təkrar ora getməsini xahiş elədim. Atam əlüstü razılıq verdi – bilirdim ki, «qəhvəyi gözəl» adlandırdığı «öz balaca yük maşınına» bir daha tamaşa eləmək onun ürəyincədir.

Biz dilerin yanına gəldik. Mənim göy rəngli kiçik “Sundowner”im həyətdə dayanmışdı, böyründə də qəhvəyi pikap. Hər iki maşın tərtəmiz yuyulmuşdu və par-par parıldayırdı. Hər ikisinin də şüşəsində SATILIB lövhəsi asılmışdı.

Atamın üzündə yüngül peşmançılıq hissi əks olundu.

- Kimsə özünə əla yük maşını alıb, - o, dilxorcasına dedi.

Mən başımla təsdiqləyib, ona dedim:

- Atacan, sən ofisə keç, satıcıya de ki, mən maşını dayanacaqda saxlayıb indicə gəlirəm, yaxşımı?

Qəhvəyi pikapın yanından keçəndə atam yenə əlini maşına sürtüb ona sığal çəkdi və üzünə yenidən peşmançılıq hissi çökdü.

Mən öz təzə maşınımı ofisin pəncərəsi altında saxlayıb, atama – hər şeyini ailəsinə vermiş bu fədakar insana baxdım. Satıcı oturmağa yer göstərib, atama pikapın – qəhvəyi pikapın! – açarlarını uzatdı və izah elədi ki, bu, mənim ona hədiyyəmdir.

Bax, belə bir sürpriz!

Atam pəncərədən mənə baxdı, biz bir-birimizə başımızı yelləyib ürəkdən qəhqəhə çəkdik.

Mən maşınımı öz evimin yanında saxlayıb, arxamca gələn atamı gözlədim. O, öz təzə maşınından çıxanda qucaqlaşıb öpüşdük. Mən onu çox, lap çox sevdiyimi dilə gətirdim, bunu ilk dəfə atama etiraf etdim, amma dedim ki, bu, bizim aramızda balaca bir sirr kimi qalmalıdır.

Sonra maşınlarımızı sürməyə getdik. Atam dedi ki, artıq təzə maşınına isinişməyə, onunla dostlaşmağa başlayıb, intəhası bir şeyi başa düşmür: sükanın ortasına yapışdırılmış, üstü beşguşəli ulduzlu köhnə koka-kola qapağının orda olmasının nə mənası var?

Tərcümə edən: Mahir N.QARAYEV