Elektron ədəbiyyat və sənət portalı

...Səhv düşəndə yerimiz

Bölmə: «Aydın Yol»çular 15.07.2016

Baş vermiş hadisədən, yəqin ki, çoxlarının xəbəri var. Belə ki, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov əməliyyat zamanı səhvə yol verdiyini etiraf edib: “Xəstə 87 yaşında xanımdır, iki ayağı ateroskleroz olub. Xəstənin ayaqlarından biri qanqrenaya uğrayıb. Xəstəyə baxıb bildirdim ki, bir ayağı mütləq amputasiya olunmalıdır. Digər ayağının da sağalma ehtimalı yox idi. Xəstənin ailə üzvlərinə demişdim ki, digər ayağı da 3-4 günə kəsilməlidir”.

V.Kərimov xəstənin həyatını xilas etmək üçün təcili əməliyyat keçirilb: “Xəstənin hər iki ayağı sarğıda idi. Hansı ayağının qanqrena olduğunu seçmək olmurdu. Mən mexaniki olaraq səhvə yol verdim. Sonra bildim ki, ayağı səhv kəsmişəm. Xəstənin, onsuz da hər iki ayağı kəsilməli idi. Əməliyyat olmasaydı, onun həyatını xilas etmək mümkün olmayacaqdı. Etiraf edirəm, səhvə yol vermişəm. Birinci qanqrena olan ayağı amputasiya etmək lazım idi, sonra ikinci ayağı. Texniki səhv idi. İndiyədək heç bir xəstəm məndən narazılıq etməyib. Sadəcə tibb personallarının səhvi üzündən başıma belə iş gəldi. Əməliyyat masasında sağla solu müəyyənləşdirə bilmədim. Dedim ki, təki xəstənin həyatını xilas edim, əməliyyat tez bitsin”.

Açığı, bu xəbər məni də çox hiddətləndirdi. Məntiqə bir bax! Özü də kimin məntiqi – həkimin, üstəlik cərrahın! Sağla solu müəyyən edə bilməyən bir adam görəsən, əməliyyat otağının harada yerləşdiyini necə bilir? Yəqin, otağın qapısına bir qırmızı lent bağlayırlar ki, “həkim, xəstə burda gözləyir, səhvən başqa otağa girməyin”.

…Bir kənddə Hətəm adında bir adam olub, heç bir işə yaramayıb. Nə tapşırıblarsa, hamısını baş-ayaq görüb. Cana doymuş kənd camaatı qərara gəlir ki, Hətəmi nobata göndərsinlər. Elə bir məsuliyyət tələb eləmir, mal-qara çöldə ot-ələf yeyir, sən də ver özünü ağacın kölgəsinə, mürgülə, hərdən də gözünün qırağı ilə heyvanlara bax. Vəssəlam!

Axşam mal-qara örüşdən qayıdanda görürlər ki, heyvanların sayı düz gəlmir. Cumurlar Hətəmin üstünə. O da kefini pozmadan deyir:

- Elə gözümün qabağında beş-altısını qurd parçaladı…

- Bəs niyə hay-küy salmadın, köməyə çağırmadın, daş atıb qurdu qovmadın?

- Siz demişdiz ki, heyvanları otar, deməmişdiz ki, qurda daş at, onu qov…

İndi günah 87 yaşlı Tərlan Məmmədovanın özündədir, adam həkimə deməz ki, hansı ayağını kəssin? Valeh həkimin nə günahı var? Kişi öz işini böyük ustalıqla görüb – ayaq kəsib. Hansını? Hə… necə deyərlər, islanmışın yağışdan nə qorxusu? Sağlam ayaq da bir gün xəstələnəcək də! Kişi alicənablıq göstərib, xəstəni əlavə xərcdən, əzab-əziyyətdən qurtarıb…

Mən məsələnin hüquqi tərəfini bir kənara qoyuram. Şübhəsiz, müvafiq orqanlar bu işə lazımi hüquqi qiymət verəcəklər. Məsələnin bir də mənəvi tərəfi var. Açığı, sevinirəm, ürəkdən sevinirəm ki, bu adam aviadispetçer, metroda, yaxud dəmir yolunda dispetçer işləməyib. Bu halda, fəlakətin miqyasını təsəvvür edə bilərsinizmi? Allah üzümüzə baxıb ki, o, müəllim, polis, bənna, qaynaqçı, gəmi kapitanı, çilingər, çörəkçi, satıcı – siyahını istənilən sayda uzatmaq mümkündür – işləməyib, onda vay bizim halımıza.

Mən bu bəd xəbəri xəstəyə söylədiyi an həkimin yanında olmaq, düz gözlərinin içinə baxmaq istərdim. Görən, o, vicdan əzabı, xəcalət çəkirmi? Günahsız ananın əllərindən öpüb əfv olunması üçün yalvaracaqmı? İnanmıram. Məsuliyyətin nə olduğunu bilməyənlərə belə hisslər yaddır.

Məncə, o, həkimliyin daşını atsa yaxşıdır. Kəndə gedib həmin Hətəmə qoşulsun, bəlkə, ikisi birlikdə hansısa bir işə yarayar… Şair gözəl deyib:

Duman dağı dolanar, qiyamət olar.

Duman yola sallanar, müsibət olar.

Müsibət oluruq biz, səhv düşəndə yerimiz.