Elektron ədəbiyyat və sənət portalı

Mircəfər Bağırovun Qarabağla bağlı mövqeyi necə idi?

Bölmə: Tarix 15.07.2016

III YAZI

(Əvvəli ötən sayımızda)

...1944-cü ilin şaxtalı noyabr gecələrindən biri. Moskvanın qaranlıq küçə və dalanlarında neçə gündür şimal küləyi tüğyan edir. Böyük Oktyabr Sosialist inqilabının növbəti ildönümü ərəfəsində güclü qar yağıb, evlərin damından, eyvanlardan və navalçalardan sırsıralar sallanır. Gecə boyu xüsusi əmək briqadaları küçələri, əsasən də Qızıl Meydana gedən yolları, Kremlin və digər mühüm dövlət obyektlərinin ətrafını qardan təmizləyir. Yollarda adama, maşına rast gəlməzsən, komendant saatı hələ ləğv olunmayıb. Noyabr soyuğu insanın iliyinə işləyir, buna baxmayaraq, Moskva qarnizonunun əsgərləri, zirehli maşınlar səhərədək keşik çəkir, hərbçilər hərdən yaxınlıqdakı həyətlərə girir, kiçik tonqalların ətrafında qızınırlar.

Böyük Vətən müharibəsi Sovet İttifaqını əməlli-başlı sarsıdıb, milyonlarla əsgər və zabit faşist işğalçıları ilə döyüşlərdə həlak olub, şəhərlər, kəndlər viran qalıb, acından, soyuqdan və xəstəlikdən ölənlərin sayı isə bilmir. Bəlli olan budur ki, Hitlerin sonu yaxınlaşıb... İndi cəbhə xətti paytaxtdan çox-çox uzaqda olsa da, bu nəhəng şəhər hələ də cahan savaşının qayda-qanunları ilə yaşayır. “Hər şey cəbhə üçün, hər şey Vətən üçün”, “Partiya uğrunda, Stalin uğrunda” kimi şüar və transparantlara hər addımbaşı rast gəlmək olar.

...Kremldəki iş rejimi də müharibə dövrünün qanunlarına uyğunlaşıb. Stalin bəzən günlərlə kabinetdən çıxmır, elə orada gecələyir. Oktyabr inqilabının növbəti ildönümü ərəfəsində isə rəhbərin iş qrafiki daha gərgindir. Müttəfiq respublikaların birinci katibləri Moskvaya gəlib. Stalin öz kabinetində növbə ilə onları qəbul edir, hesabatlarını dinləyir.

Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qriqori Artyomoviç Aryutyunov  bir müddət əvvəl Stalinə tam məxfi bir arayış göndərib. Bildirib ki, “guya Türkiyənin Qars, Ərdahan vilayətlərinin yerləşdiyi ərazilər tarix boyu ermənilərə mənsub olub və türklər 1918-ci ildə Sovet Rusiyasındakı qarışıqlıqdan istifadə edərək bu torpaqları ələ keçirib”. Məxfi məktubun böyük bir hissəsi isə Dağlıq Qarabağa həsr olunub. Stalin bu məktubu diqqətlə oxuyub, bəzi cümlələrin altından qırmızı qələmlə xətt çəkib.

Stalin Aryutyunova vediyi son sualın cavabını gözləyir: “Bağırovun bundan xəbəri var?” Amma söhbət bu nöqtəyə gəlib çatmazdan əvvəl aralarında mövzu ilə bağlı tutarlı fikir mübadiləsi olub. 

Silahdaşları yaxşı bilirlər ki, Stalin çox arif və eyni zamanda hiyləgər adamdır, köhnə bolşevik kimi heç vaxt tələsik qərarlar qəbul etmir, hər şeyi yüz ölçüb, bir biçir. Elə bu dəfə də, Aryutyunovun məktubu ilə əlaqədar Stalin xarici işlər naziri Molotova müraciət edib, 1914-cü ildə Türkiyənin Rusiya imperiyası ilə və 1921-ci ildə Sovet Rusiyası ilə olan sərhədlərinin xəritəsini istəyib...

- Yoldaş Aryutyunov, deyirsiniz ki, dünya erməniləri torpaqlarla bağlı məsələnin müsbət həllini gözləyir?

- Bəli, yoldaş Stalin. Xaricdə yaşayan 300 min erməni doğma Vətənə - Sovet Ermənistanına can atır. Bu, böyük qüvvədir. Onların burada məskunlaşması isə Ermənistana əlavə torpaqların qatılmasını tələb edir.

- Dağlıq Qarabağı da bu məqsədlə istəyirsiniz?

- Tamamilə doğrudur, yoldaş Stalin, tarixi ədaləti bərpa etməyin vaxtı çatıb.

Aryutyunovun son sözləri, görünür, Stalinin xoşuna gəlmir. O, ağır-ağır masanın arxasından qalxıb divardan asılmış xəritəyə yaxınlaşır:

- Nəyi nə vaxt bərpa etməyin qərarını biz veririk, yoldaş Aryutyunov, bunu unutmayın... Düşünürəm ki, Dağlıq Qarabağla əlaqədar yazdıqlarınızda  müəyyən ziddiyyətlər var...

Birinci katibin rəngi ağarır, ürəyində özünü məzəmmətləyir. Stalinə yazdığı məktubun Dağlıq Qarabağla əlaqədar bölümünü, demək olar ki, əzbər bilir. Aryutyunov yazmışdı:

“İosif  Vassarionoviç! Ermənistan ərazisinin yaxınlığında yerləşən Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildən Azərbaycan Respublikasının tərkibinə daxil edilib. Muxtar Vilayətin əhalisi əsasən ermənilərdən ibarətdir. 153 min nəfərdən 137 mini milliyyətcə ermənidir. Vilayətin kənd təsərrüfatı Ermənistanın dağlıq ərazilərindəki kənd təsərrüfatı ilə oxşarlıq təşkil edir. Bu vilayətin Ermənistana verilməsi respublikanın kənd təsərrüfatını daha da təkmilləşdirməyə  imkan verərdi. Ermənistan Respublikasının dövlət orqanları əhaliyə erməni dilində mədəni-kütləvi xidmət işini yüksək səviyyədə təşkil edə bilərdi və adamların siyasi savadının artırılmasına yardımçı olardı. Muxtar Vilayətin Ermənistan SSR-in tərkibinə daxil edilməsi gənclərin Yerevan (İrəvan – müəll.) ali məktəblərində təhsil almasına imkan verərdi.

Digər tərəfdən, respublikamız bu yolla yeni ixtisaslı kadrlar əldə edərdi. Məlumat üçün bildirim ki, bu kadrlardan Azərbaycan SSR-də kifayət qədər səmərəli istifadə olunmur. Vilayət əhalisinin istəyini nəzərə alaraq, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi və Xalq Komissarları Şurası  MK-dan və İttifaq Hökumətindən xahiş edir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə verilməsi məsələsini nəzərdən keçirsin. Məsələnin müsbət həll olunacağı təqdirdə, Sovet hakimiyyəti qurularkən dağıdılmış Şuşa şəhəri bərpa olunaraq vilayətin paytaxtına çevriləcək”.

Stalinin sualı Aryutyunovu fikirdən ayırdı.

- Nədir, yoxsa düşünürsüz ki, Sovet İttifaqı daxilində sərhəd məsələlərini həll etmək daha asandır?

Aryutyunov yerindən dik atıldı:

- Belə düşünmürəm, yoldaş Stalin!

- Əyləşin, yoldaş Aryutyunov, əyləşin. Bəs Bağırov bu məsələyə nə deyir? Bu müddəalarınızı onunla razılaşdırmısız?

Birinci katib gözlərini döydü. Nə deyəydi? Bağırovdan qorxduğunu necə söyləyəydi? Azərbaycan kommunistlərinin başçısı Mircəfər Bağırovun elə bir zəhmi vardı ki, nəinki yaxın çevrəsi, hətta Moskvada da ondan çəkinirdilər. Aryutyunov bu təmkinli, cəsarətli, həqiqəti deməkdən çəkinməyən adamla bir neçə dəfə üz-üzə gəlmişdi və hər dəfə də məğlub sifətində geri çəkilməyə məcbur olmuşdu. Həm də yaxşı bilirdi ki, bu təcrübəli bolşevikin Dağlıq Qarabağa xüsusi rəğbəti var və bu bölgə ilə bağlı məsələdə daim prinsipial mövqe nümayiş etdirir. 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra M. Bağırov Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən Dağlıq Qarabağa göndərilmişdi. O, Dağlıq Qarabağ vilayət inqilab komitəsi sədrinin müavini və XI Qızıl ordunun Hərbi inqilabi şurasının müvəkkili kimi fəaliyyət göstərmiş və burada Azərbaycan ordu hissələrinin tərkibində, Qarabağ qiyamının yatırılmasında, erməni-daşnak və əksinqilabi qüvvələrin darmadağın olunmasında böyük səy göstərmişdi...

- Xeyr, yoldaş Stalin, Bağırovla bu məsələni müzakirə etməmişik. Amma siz göstəriş versəz...

Stalin onun sözünü yarımçıq qoydu:

- İndi yeri deyil, yoldaş Aryutyunov, bu məsələyə sonra qayıdarıq...

Fərhad SABİROĞLU