Elektron ədəbiyyat və sənət portalı

İlham Əliyev Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb

Bölmə: Beynəlxalq 15.07.2016

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Petro Poroşenkonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verdi.

Ukraynanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Petro Poroşenko fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Petro Poroşenkoya, Ukraynanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşü olub.

Görüşdə Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulandı. Qeyd olundu ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olundu.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının Beşinci İclası olub.

İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev bugünkü görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələri üzrə geniş müzakirələrin aparıldığını bildirdi. Bu səfərin əlaqələrimizin inkişafında önəmini qeyd edən dövlətimizin başçısı Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Beşinci İclasının müzakirələrin aparılması və qərarların qəbul edilməsi üçün yaxşı imkan yaratdığını vurğuladı.

Prezident İlham Əliyev dedi ki, qarşılıqlı maraqlar nəzərə alınmaqla müzakirə olunacaq məsələlərin həlli üçün yaxşı potensial var. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk səfəri ölkələrimiz arasında müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyətin müəyyənləşdirilməsi və Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacaq.

Nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Ukrayna Prezidenti Petro Poroşenko ölkəmizin paytaxtında ilk saatlardan gördüklərinin onlarda dərin təəssürat yaratdığını bildirdi. O, Bakının təkcə gözəlliyini deyil, paytaxtdakı insanların yüksək əhval-ruhiyyəsini də müşahidə etdiklərini vurğuladı və ilk dəqiqələrdən nümayəndə heyəti üzvlərinin özlərini çox qonaqpərvər ölkədə hiss etdiklərini dedi.

İclasda siyasi, iqtisadi, energetika, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Beşinci İclasının Protokolu”nu Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Petro Poroşenko imzaladılar.

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Fiskal Xidməti arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”u Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukraynanın Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqram”ı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukraynanın xarici işlər naziri Pavel Klimkin imzaladılar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Petro Poroşenko mətbuata bəyanatlarla çıxış ediblər.