Elektron ədəbiyyat və sənət portalı

Bakıda Qarabağ irsi mövzusunda beynəlxalq elmi toplantı keçiriləcək

Bölmə: Beynəlxalq 15.07.2016

Bu məsələ İstanbulda İslam Tarixi, İncəsənəti və Mədəniyyətini Araşdırma Mərkəzinin (IRCICA) Baş direktoru Halit Erenlə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, Azərbaycan Respublikasının ISESCO üzrə Milli Komissiyasının Baş katibi Vasif Eyvazzadə arasında keçirilmiş görüşdə müzakirə olunub.

Nazirlikdən AzərTAc-a bildirilib ki, görüşdə V.Eyvazzadə hazırda işğalı altında olan ərazilərimizdə ermənilər tərəfindən bütün tarixi abidələrimizin dağıdıldığını, İslam irsinin ən vacib nümunələrinin, dini məbədlərin, məscidlərin məhv edildiyini bildirib.

İRCİCA-nın Baş direktoru İslam Əməkdaşlıq Təşkilatının tarixi-elmi, mədəni araşdırmalar mərkəzi olaraq bu məsələdə Azərbaycanla daha sıx əməkdaşlıq etməyə hazır olduqlarını, 2016-cı ilin oktyabr ayında keçiriləcək elmi toplantının İslam dünyasının nüfuzlu elm xadimlərini Qarabağ mövzusunda bir araya gətirəcəyini vurğulayıb.

H.Eren 1997-ci ildə Ulu öndər Heydər Əliyevin İRCİCA-nı ziyarət etdiyini və 1998-ci ildə Bakıda Ümummilli liderin himayəsi ilə Qafqazda İslam mədəniyyəti mövzusunda beynəlxalq konfransın keçirildiyini xatırladaraq dahi şəxsiyyətin tədbirin açılışındakı çıxışının insanların yaddaşına həkk olunduğunu söyləyib.

Görüşdə oktyabr ayında keçiriləcək elmi toplantının proqramı, müzakirə mövzuları, habelə 2016-cı ildə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.