Elektron ədəbiyyat və sənət portalı

Tarixin gizlinləri

Bölmə: «Aydın Yol»çular 15.07.2016

Bəzən elə faktlarla qarşılaşırsan ki, olub-keçənlərlə bağlı düşüncələrinin axarı gözlənilmədən dəyişir...

Bəzən də üzə çıxarılan həqiqətlər yaddaşında dərin iz qoyur, o həqiqətin arxasınca getmək fikrinə belə düşürsən...

Rusiya İmperiyasının son hökmdarı Nikolay Romanov və ailəsinin taleyi barədə xeyli məqalələr, kitablar yazılıb, televiziya verilişləri hazırlanıb, bədii və sənədli filmlər lentə alınıb. Amma hələ də bu tarixçənin son nöqtəsi qoyulmayıb: az qala hər il yeni versiyalar irəli sürülür, müxtəlif fərziyyələr dövriyyəyə buraxılır, faktlar şərh edilir. O faktlardan ikisi Azərbaycanla bağlı olduğuna görə, xüsusilə diqqəti çəkir.

Məşhur tarix araşdırıcısı Edvard Radzinski kitabında çarın və ailəsinin güllələnməsi faktı ilə bağlı yeni dəlil-sübutlar gətirib. Onun versiyasına görə, bolşeviklər tələskənlik, yaxud səhlənkarlıq üzündən planlaşdırdıqlarını istədikləri kimi yerinə yetirə bilməyiblər. Nəticədə çarın qızı Anastasiya naməlum şəkildə yoxa çıxıb, oğlu Aleksey isə qasığından yaralanıb, xeyirxah adamlar tərəfindən xilas edilib və gizlədilib. Bir versiyaya görə, Aleksey Romanov başqa ad altında Peterburqa aparılıb, sonra orduya çağırılıb, amma sirrin üstü açıldığından, özünü dəliliyə vurub və bir müddət psixiatriya xəstəxanasında müalicə olunandan sonra vəfat edib. Digər versiyaya görə isə Aleksey Romanovu gizlincə Bakıya göndəriblər, o, burada başqa ad-soyadla yaşayıb, 30-cu illərdə Sənaye İnstitutunu bitirib və istehsalatda çalışıb. Amma bu versiyanı təsdiq edəcək sənədlər hələ əldə olunmayıb.

Hətta bu yaxınlarda mətbuatda keçmiş SSRİ-nin məşhur şəxslərindən biri, uzun müddət Nazirlər Sovetinin sədri Aleksey Kosıginin məhz həmin Aleksey Romanov olduğu iddiası da yayılmışdı. Versiya tərəfdarlarının fikrincə, bu, imperiyanın varisliyi məntiqinə əsaslanırdı...

Anastasiyanın taleyinə gəlincə isə dayəsinin onu Rumıniyaya qaçırdığı barədə fərziyyələr çoxdan mövcuddur. 1997-ci ildə ABŞ-da lentə alınmış “Anastasiya” bədi filminin süjeti də həmin versiya üzərində qurulub.

Azərbaycanın Cümhuriyyət dövrünün tələbələrindən biri, 1916-1918-ci illərdə Kiyev Politexnik İnstitutunda, sonra isə Berlində təhsil almış, 20-ci illərdə Bakıda işləyəndən sonra təqiblər üzündən İrana, oradan da Türkiyəyə qaçmış gəncəli İsmayıl Saryalın “Bakı ruzigarı” sənədli romanında da bu versiya ilə bağlı bir epizod var. O, 1918-ci ilin yayında tətilini başa vurub Kiyevə qayıtmaq üçün Gürcüstanın Poti şəhərində gəmi gözləyəndə pansionda tək gəzib-dolaşan gənc bir qızla tanış olur. Uzun təkidlərdən sonra qız özünü ona belə təqdim edir: “Perterburqun təxmin eləyə bilməyəcəyiniz ali bir ailəsinə mənsubam. Mən kişilərlə ancaq ailəm araşdırma aparıb icazə verəndən sonra görüşə bilərdim. Hər şeyim, hər hərəkətim müəyyən qaydalarla tənzimlənirdi... Məndən adımı və kim olduğumu soruşmayın. Məni bura gətirən dayəm Rumıniyaya qaçırır. Oradan hara gedəcəyimiz məlum deyil. Doğma Rusiyamı, doğma Peterburqumu tərk eləyirəm...”

Müəllifin şəhadətinə görə, həmin qız məhz ölümdən qurtulmuş Anastasiya Romanova idi...

Əlbəttə, tarix sənədlərə əsaslanan, təkzibolunmaz faktları sevir...

Amma bir həqiqət də danılmazdır: gizlinləri, sirləri olmayan tarix o qədər də maraqlı deyil...