Elektron ədəbiyyat və sənət portalı

Ekran və ideoloji mübarizə

Bölmə: Mədəniyyət 15.07.2016

Partiyanın «ideoloji cəhətdən kifayət qədər sağlam filmlər çəkmək» tapşırığını həyata keçirmək üçün o vaxt AK(b)P Bakı Komitəsinin birinci katibi olan L.Mirzəyan özünəxas üsullara əl atdı. Həmin il Bakıya gəlmiş erməni rejissoru Amo Bəynəzərova yeni filmin mövzusu və quruluşu həvalə edildi. «Bolşevik beynəlmiləlçiliyini və xalqlar arasında sarsılmaz dostluğu», üstəlik, «beynəlmiləl fəhlə sinfinin çar hökumətinə qarşı inqilabi mübarizəsini əks etdirən» bu ekran əsəri Azərbaycan kino tarixində ilk müştərək ekran işi idi və «Azdövkino» və «Ermənkino»nun şərikli lenti kimi nəzərdə tutulmuşdu. 1907-1908-ci illərdə Bakının Zabrat kəndində mədən fəhlələrinin həyatında baş verən hadisələri əks etdirən lent «Vulkan üzərində ev» («Zabratda ev») adlandırılmışdı.

A.Bəynəzərovun öz həmfikri P.Folyanla yazdığı ssenari kifayət qədər sxematik, bəsit və bayağı idi. Neft mədənlərində hökm sürən amansız istismar, dözülməz həyat şəraiti fəhlələrin narazılığına səbəb olur. Onların mənzil şəraitlərini yaxşılaşdırmaq uğrunda çıxışları mədən sahiblərinin etinasızlığı ilə qarşılaşır. Fəhlə Əhmədin yaşadığı ev qaz yatağı üzərində tikildiyinə görə, hər an təhlükə gözlənilir. Nəticədə onun ailə üzvləri qazdan zəhərlənir, partlayış evini dağıdır. Fəhlələrin tətilinə qoşulan Əhmədi tutub dar ağacından (?) asırlar. Son nəfəsində o, tək qalmış kiçik yaşlı oğlunu qonşusu Petrosa tapşırır. Nəhayət, fəhlələr silahlı üsyan qaldırır, sovet hakimiyyətini qururlar. Artıq böyüyüb ağıllı və sağlam gənc olmuş Abbas onu ata kimi sevən Petrosun qızı Lüsikə könül verir və “inqilabı fəhlə hərəkatı zəminində xalqlar dostluğu, Azərbaycan xalqı ilə erməni xalqı arasındakı yaxınlıq” zəfər çalır.

A.Bəynəzərov filmdəki rollara Ə.Ələkbərov (Əhməd), T.Nersisyan (Petros), T.Ayvazyan (Qukasov), M.Qaraqaş (müdir), T.Mahmuryan (Maro), S.Dadaşov (Abbas), V.Makuxinan (Sona), D.Kipiani (Georgi), A.Şiray (rus fəhləsi), M.Mikayılov, P.Y.Esikovski və başqalarını dəvət etmişdi. Filmin quruluşçu-operatoru Moskvadan xüsusi dəvət edilmiş A.Qalperin, ikinci operator və fotoqraf-rəssam E.Nikulesku, qrim rəssamı G.Parisaşvili, rejissor assistentləri M.Mərdanov və Q.Braginski, rejissor köməkçiləri A.Məmmədov və V.Troqkin, baş inzibatçı M.Qaraqaş idi. Əsas epizodlar Bakının Zabrat kəndində, neft mədənləri rayonlarında lentə alınmışdı.

Filmin quruluşu, aktyor oyunu və bədii təsvir vasitələri başlıca məqsədə  - “xalqlar arasındakı dostluğun və inqilabi hərəkatın” qabardılmasına yönəldildiyindən, nöqsanlar, xüsusilə qabarıq nəzərə çarpırdı. Rejissor başlıca diqqəti inqilabi pafosun lazımi səviyyədə olmasına, xalqlar arasında dostluğun idillik təsvirinə verdiyinə görə, süjet xəttinin zəifliyi və bəsitliyi daha aşkar görünürdü.

Lentdə tarixilik baxımından əsaslandırılmamış (fəhlə Əhmədin dar ağacından asılması), süjet xəttinə xidmət etməyən (“Proloq” adı altında həddən artıq geniş poetik epiqraf), xalis emosional xarakterli kadrlar (fəhlələrin mənzil şəraitlərini yaxşılaşdırmaq haqqında tələbləri), inqilabi pafosla həddən artıq yüklənmiş epizodlar (inqilabçı fəhlələrin tətili), bayağılıq səviyyəsinəcən endirilmiş melodramatik səhnələr (Petrosun Abbasa və Abbasın Lüsikə olan münasibəti), inqilabi varisliyi əks etdirməyə yönəldilmiş detallar (gənc fəhlə Abbasın partiyaya daxil olmaq üçün qocaman fəhlə yoldaşlarından zəmanət alması) həddən artıq çoxluq təşkil edirdi. Rejissor “iki xalqın inqilab alovlarında bərkimiş dostluğunu gələcək nəsillərə (tamaşaçılara) çatdırmaq” üçün çeynənmiş, təsirsiz ifadə vasitələrindən istifadə etmişdi.

- Nəcib ideyanın böyüklüyünə baxmayaraq, filmin quru deklarativliyi bədii təsvir gücünü azaldırdı. Kəskin münaqişələr, çarpışan qüvvələr, ziddiyyət təşkil edən xarakterlər ekranda obrazlı həllini tapa bilərdi. Filmin emosional qüvvəsi yalnız əmək şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Sinfi mübarizələr, inqilabi fikirlər, beynəlmiləlçilik ideyaları filmdə deklarasiya şəklində qalmış, öz bədii tərənnümünü layiqincə tapa bilməmişdir”.

Hətta filmi sovet ideologiyası baxımından təhlil etmiş kinoşünas N.Sadıqovun bu sözləri ilə razılaşmamaq mümkün deyil. Beləliklə, məlum siyasi-ideoloji zaman və məkan çərçivəsində bu film “Azərbaycan kinematoqrafiyasının müvəffəqiyyətli səssiz filmlərindən” sayılsa da, nə mövzusuna, nə quruluşuna, nə də aktyor oyununa görə diqqəti çəkir. Əlbəttə, təkcə gözəl aktyorumuz Ə.Ələkbərovun ekrandakı ilk işini qeyd etmək mümkündür. Müəyyən epizodlarda istedadlı aktyorun səmimi ifa tərzi, özünəxas ifadə üsulları tamaşaçını mövzuya inandırmağa qadirdir. Amma bütün bunlarla yanaşı, onu da nəzərə almaq lazımdır ki, partiyanın nöqteyi-nəzərincə, “Vulkan üzərində ev” filmi “ideoloji cəhətdən kifayət qədər sağlam”, yəni bolşevizm ideyalarının təntənəsinə həsr olunmuş təbliğat əsəri idi.

C.Cabbarlı elə o vaxtlar filmə layiq olduğu qiyməti verməyə özündə cəsarət tapmışdı. O, “Hara gedir “Azərkino”” məqaləsində yazırdı: “Haradansa dəvət olunmuş rejissor və aktyorlar bir neçə yüz min manat pulu havayı yerə xərcləyərək çıxıb gedirlər və “Azərkino” həm məhsulsuz, həm işçisiz qalır. Bu faciə Ümumittifaq İncəsənət Olimpiadasında bütün kəskinliyi ilə üzə çıxdı, burada “Azərkino”nun rüsvayçılığı o dərəcəyə çatdı ki, onun il ərzində bir müstəqil film də meydana çıxara bilmədiyi məlum oldu və o, “Ermənikino”nun qüvvələri ilə çəkilmiş sırf ticarət (əsla yaradıcılıq deyil) sazişi əsasında xərclərin bir hissəsinin “Azərkino” tərəfindən ödənilməsindən başqa “Azərkino” ilə heç bir əlaqəsi olmayan “Vulkan üzərində ev” filmi ilə çıxış etdi”.

Film ekrana buraxılandan və siyasi-ideoloji rəhbərlik tərəfindən “uğurlu sənət əsəri” kimi qəbul ediləndən sonra A.Bəynəzərov studiyadan getmir, özünün dediyi kimi, Bakının “maraqlı və işgüzar kino işçiləri kollektivi” onu yeni filmlər yaratmağa həvəsləndirirdi. O, hələ 1929-cu ildə C.Cabbarlı ilə birlikdə “Sevil” filmi üzərində başladıqları işi davam etdirir. Lakin əslində, A.Bəynəzərovun “Azərbaycan kinosuna dost köməyi” onun öz həmfikirləri ilə birgə respublikada kinematoqrafiya siyasətinə təsir imkanlarını əldə saxlamaq, milli ekran ustalarının formalaşma prosesini istədikləri axara döndərmək məqsədi daşıyırdı.

O, özünün dəvət etdiyi kino mütəxəssisləri və formalaşdırdığı çəkiliş qrupları ilə partiya rəhbərliyindəki havadarlarının şovinist milli-siyasi xəttini həyata keçirirdi. Təsadüfi deyildi ki, A.Bəynəzərov 1926-1929-cu illərdə “Azdövkino”nun çəkdiyi əksər kino əsərlərinin “dostyana məsləhətçisi” idi. “Vulkan üzərində ev” filmini çəkən müddətdə o, “gənc dramaturq” Cəfər Cabbarlı ilə yaxınlaşmış, ona “yaradıcılıq məsləhətləri” verməyə başlamışdı. Nəticədə C.Cabbarlı artıq yazıb başa çatdırdığı “Sevil” ssenarisi üzərində yenidən, həm də A.Bəynəzərovla birlikdə işləməyə başlamış, ilk variantda nəzərdə tutduğu bir sıra bədii həqiqətlərdən imtina etməli olmuşdu.

1928-ci ildə respublikada başlanmış milli kadrlara qarşı “təmizləmə siyasəti” müstəqil düşüncənin son işartılarını tamamilə söndürdü. Bu siyasət özünü kinematoqrafiya sahəsində də aydın göstərirdi. A.M.Şərifzadəyə “Hacı Qara” filmini istədiyi kimi lentə almağa şərait yaradılmadı, film kifayət qədər etinasız qarşılandı və o zaman Azərbaycan səhnəsinin və ekranının öncülü olan sənətkar uzun müddət kinodan uzaq düşmək məcburiyyətində qaldı. Kinematoqrafiyada siyasi-ideoloji rəhbərliyin göstərişlərinə əməl etməklə yanaşı, milli təfəkkürü qoruyub-saxlamağa, yerli kadrları ekran sənətinə cəlb etməyə can atan Ş.Mahmudbəyov vəzifəsindən uzaqlaşdırıldı.

N.ƏBDÜLRƏHMANLI