Elektron ədəbiyyat və sənət portalı

Adolfo Bio Kasaresin ədəbi ixtirası

Bölmə: Ədəbiyyat 29.07.2016

Kasares ədəbiyyatın yüksək qiymətləndirildiyi imkanlı ailədə dünyaya gəlib. Yaradıcılığa da çox erkən çağlarından, cəmi 11 yaşında başlayıb, 14 yaşında isə fantastika ünsürləri olan ilk detektiv hekayəsini qələmə alıb.

1932-ci ildə Xorxe Luis Borxeslə tanışlığı onun həyatında əsl dönüş yaradıb. Bunun nəticəsində o, iki il sonra təhsili atıb, yalnız ədəbi yaradıcılıqla məşğul olub. 1940-cı ildə qələmə aldığı “Morelin ixtirası” romanı onun yazıçı kimi şöhrətlənməsində mühüm rol oynayıb. Təsadüfi deyil ki, sonralar bu əsərin ədəbiyyatda və kinoda bir çox oxşarları meydana gəlib.

Bio Kasaresin Luis Borxeslə ədəbi əməkdaşlığı əsl tale məsələsi idi. Onların 1942-ci ildə çap etdirdikləri “Don İsidoro Parodi üçün altı məsələ” adlı detektiv hekayələr toplusu böyük maraqla qarşılanmışdı. 1946-cı ildə Bustos Domek təxəllüsü ilə oxuculara təqdim edilən “İki yaddaş fantaziyası” hekayələr toplusunun taleyi də uğurlu oldu. Bununla yanaşı, Bio Kasares müstəqil şəkildə detektiv hekayələr də qələmə alırdı. Yazıçının məşhur “Qəddar qar” (1944) novellası da məhz bu dövrdə yaranıb.

Bio Kasares və Luis Borxes 1967-ci ildə “Bastos Domekin xronikaları” adlı parodik hekayələrdən ibarət toplu nəşr etdiriblər. Bu, onların birgə ədəbi fəaliyyətinin son akkordu oldu.

Ədəbi aləmdə Onorio Bustos Domek, B.Suares Linç, Xavyer Miranda, Martin Sakastru imzaları ilə tanınan Bio Kasares sərbəst yaradıcılığını da uğurla davam etdirirdi. “Qaçış planı” (1945), “Qəhrəmanların xəyalı” (1954), “Donuz müharibəsinin gündəliyi” (1969), “Günəş altında yatmaq” (1973) və “La Platada bir fotoqrafın macərası” (1985) kimi romanları onu Argentina ədəbiyyatının ən məşhur simalarından biri saymağa imkan verir.

***

Adolfo Bio Kasares Kortasar və Borxes kimi, öz əsərlərində həyatın adiliyini sual altında qoyur. O, daim həddən artıq bütöv görünən gerçəklikdə işıq gələn bir yer axtarıb tapır. Onun təsvir elədiyi aləm burada hər şeyin mümkün olduğu yuxulara oxşayır. Həmin aləmdə cürbəcür ağıllı maşınlar da, paralel dünyaların çoxluğu ideyası da məhz bununla əsaslandırılır. Bio Kasaresin qəhrəmanları yad şəhərlərin küçələrində, tropik adada baxımsız qalmış, muzeyə də, mehmanxanaya da, bomba sığınacağına da oxşayan binada dolaşırlar. O qəhrəmanlar kabuslardan gizlənir, onlara vurulur, qorxunc məxluqların şəffaf aləmlərinə nüfuz etməyə çalışırlar. Bəziləri də şəhər ətrafındakı kolluqdan keçib ağlasığmaz yolla dörd yüz kilometr uzaqda, başqa ölkədə yerləşən şəhərə varid olurlar, həmin məkanda da bir anlığa qarşılarında xoşbəxt həyatın qapıları açılır.

Adolfo Bio Kasaresin əsərlərini oxuyanda hiss edirsən ki, Argentinada mövcud olan hər şey ona tanışdır. Onun hekayə, povest və romanlarında ölkənin acı gerçəklikləri öz əksini tapır. Basqınçı dəstələri şəhərin küçələrində adamları qətlə yetirirlər, hakimiyyət nümayəndələri isə bəyanat verirlər ki, ayrı-ayrı hadisələri nəzərə almasaq, vəziyyət tamamilə nəzarət altındadır; hərbi düşərgədə baş verən özbaşınalıqdan hər kəs öz məqsədi üçün istifadə edir. Bio Kasares dalğa-dalğa yayılan qorxu hissini, insanların qəlbində yuva qurmuş xəyanət duyğusunu, günahsız adamı gözləyən amansız pusqunu ustalıqla təsvir edir.

Yazıçının bu mücərrədlik aləmini çox vaxt Frans Kafkanın əsərlərindəki situasiyalarla müqayisə edirlər. Bu da əsassız deyil. Qəfildən ətrafındakı hər şey insana onun əvvəlki adam olmadığını təlqin edir; hətta dostları belə həmin şəxsi indiyəcən görmədiklərini bildirirlər; üstəlik, məlum olur ki, evində tamam yad bir adam yaşayır. Həmin adam artıq həqiqəti sübuta yetirməyin mənasız olduğunu onu başa düşdüyü məqamda özü kimi qəbul edilir, bununla belə yol vermədiyi əməllərdə günahlandırırlar.

Bio Kasaresin qəhrəmanları Kortasarın obrazları kimi intellektual deyillər, adi ticarətçilər, təqaüdçülər, pilotlardır. Ona görə də onların mücərrədliklə toqquşmaları daha böyük fəsadlara səbəb olur. O qəhrəmanlar baş verən qəzalardan sonra artıq əvvəlki kimi yaşaya bilmirlər. Onlar da zamanın rəvan ötməməsindən narahat olur, keçmişdən – məsələn, yelbeyin sevgilisinə oxşayan qadından, sevgilisinin pişiyinə oxşayan pişikdən - yapışmağa can atırlar. Ata həlak olmuş qızına oxşayan qıza çatmaq üçün maşının dalınca qaçır: keşiş evindəki qayda-qanunu birdəfəlik qorumaq üçün zamanı saxlamağa çalışır, hətta həmin nizamı təsadüfən belə pozacaq adamı da ölüm gözləyir. Adamların təkcə təsvirini və səsini yox, həm də qoxularını, eyni zamanda əbədi, şəffaf aləm yaradan, qrammofon valındakı musiqi kimi dönə-dönə təkrarlanan kənar əşyaları lentə alan ixtiraçı da Kasaresin o bənzərsiz qəhrəmanları arasındadır.

***

Bio Kasaresin “Morelin ixtirası” romanı ən yaxın dostu Xorxe Luis Borxesə ithaf olunub. Borxes də əsərə yazdığı ön sözdə macəra əsərlərinə haqsız olaraq etinasız münasibət bəsləndiyini, konkret olaraq Adolfo Bio Kasaresin yaradıcılığının bu cür münasibətə layiq olmadığını qeyd edib. Onun fikrincə, macəra əsərinə hər şeydən əvvəl janrın qanunlarına ciddi surətdə əməl etmək xasdır. Belə əsərlər sonralar məntiqi şəkildə əsaslandırılan və bəraət qazandırılan müəmmalı hadisələrdən bəhs edir.

Adolfo Bio Kasares romanında ədəbiyyatın, bəlkə də, bu ən çətin problemini asanlıqla həll edir və hər şey gözlərimiz qarşısında bizə qarabasma, yaxud rəmzlər kimi görünə biləcək, müəllifin qeyri-təbii fərziyyələr deyil, fantastik mülahizələr vasitəsilə tamam aydınlaşdırdığı əsl möcüzəvi səyahət kimi canlanır. Luis Borxesin fikrincə, Bio Kasares Müqəddəs Avqustin və Origenin yalan saydıqları, Lui Ögüst Blankinin məntiqi cəhətdən əsaslandırdığı, Dante Qabriel Rossettinin nəzmə çəkdiyi ideyanı ədəbi cəhətdən dirçəldir.

Don Nikolas Verolanın rəvan həyatını darmadağın edən, arvadını əlindən alan, zarafatcıl adamla zarafat edən yaquar nədir? Bəlkə, çoxdan ölmüş yerli şorgöz Brunodur? Oxucu əsərin sonunacan bu sirri çözməyə çalışır.

“Morelin ixtirası” Adolfo Bio Kasaresin dilimizə çevrilmiş ilk əsəridir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Argentinanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı, Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Tərcümələrə Dəstək üzrə “Sur“ (Cənub) proqramı çərçivəsində Emin Ələsgərovun tərcümə etdiyi bu əsər Azərbaycan oxucularını yazıçının yaradıcılığı ilə tanış etmək baxımından əhəmiyyətlidir. Ümid edirik ki, gələcəkdə Bio Kasaresin başqa əsərləri ilə də tanış olmaq imkanı qazanacaq.

N.ƏBDÜLRƏHMANLI