Elektron ədəbiyyat və sənət portalı

Gecə qatarları...

Bölmə: Tarix 22.07.2016

...Bakının gözəl vədəsidir: payız nazlı gəlin kimi hələ də şəhərin ağuşunda uyuyur, xəzəllərini şıltaqcasına küçələrə səpir, sərin səhər mehi çılpaq budaqları nəvazişlə tumarlayır, ağaclar da bu sevgi oyununun qarşılığında razılıq əlaməti olaraq vücudunu əsdirir.

1945-ci il noyabr ayının son günləridir. Qışın gəlişinə az qalıb. Amma belə getsə, payız öz yerini, çətin ki, xoşluqla ona versin. Əslində, bu təzadlı cənub şəhərində qışı sevən az adam tapılar. Bu günlər tez-tez eşidirsən: “Kasıbınkı yaydı, yazdı, düşməni də soyuq havadır, bircə, şaxta gəlməsin, kəsdirəcək qapını, gəl yaşa da, ay kasıb...” Adamlar haqlıdır. Müharibə yenicə bitib, Bakının yaraları hələ sızıldayır, anaların, qız-gəlinlərin gözü yolda qalıb, əzizlərini itirmiş  ailələrin göz yaşı qurumaq bilmir, dolanışıq, güzəran çox çətindir, ümid Allahadır, bir də ona - başında kepka, əynində yaxası açıq şinel, gözündə girdə eynəyi olan bu adama – Mircəfər Bağırova.

Səhərə yaxın yağan narın payız yağışını xəfif Bakı küləyi hələ quruda bilməyib, elə bil küçələrə su səpmisən. Mircəfər Bağırov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında aramla var-gəl edir. Dövlət Filarmoniyası ilə üzbəüz səkidən İliç buxtası aydın görünür, Birinci katib hər səhər işə piyada gəlir və bir anlıq burada ayaq saxlayıb Xəzərə baxır. Küçədə nə maşın, nə də adam gözə dəyir, mühafizə xidməti öz işinin öhdəsindən peşəkarcasına gəlir...

Bu gün M.Bağırov, nədənsə, binaya girməyə tələsmir, bu da mühafizə rəisini təlaşa salıb. Rəhbərin qəzəbinə tuş gələnin aqibəti bəllidir. Amma kimsənin xəbəri yoxdur ki, Azərbaycan kommunistlərinin başçısı dünəndən bəri bir telefon söhbətinin təsiri altındadır. Hələ indiyə qədər özünü belə təhqir olunmuş, alçaldılmış hiss etməyib, elə bil kimsə onu şillələyib qaçıb, Mircəfər də qarşılıq verməyə macal tapmayıb...

O, bir neçə gün əvvəl  ÜIK(b)P MK katibi, Nazirlər Şurasının sədri Georgi Malenkovdan məxfi məktub almışdı. Məktubda yazılmışdı ki, Ermənistan K(b)P MK katibi Griqori Aryutyunov ÜIK(b)P MK-da Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsi məsələsinə baxılmasını təklif edib. G.Malenkov Ermənistanın Birinci katibinin Stalinə yazdığı məktubun bir nüsxəsini də Bağırova göndərmişdi.

O, məktubla tanış olduqdan sonra bir müddət özünə gələ bilmədi. Bağırov hissə qapılan  adam deyildi, əvvəlcə yaxın dostu L.Beriyaya zəng vurub təfsilatı öyrənmək istədi, sonra fikrini dəyişdi, öncə Nazirlər Şurasının sədri ilə danışmağa qərar verdi. Hökumət telefonu ilə dərhal G.Malenkova zəng vurdu. Salamsız-kəlamsız mətləbə keçdi:

- Georgi Maksimilyanoviç, məni hər şeydən əvvəl bir məsələ maraqlandırır: noyabrın 6-da Moskvada idim, sizinlə də görüşdüm, Aryutyunovla da söhbət etdik. Amma kimsə mənə bu məsələ ilə əlaqədər bir kəlmə də demədi. Yoldaş Stalinin də qəbulunda oldum, o da bu məsələdən danışmadı. Bu məxfiliyin səbəbi nədir? Yoxsa partiya daha mənə etibar etmir?

Malenkov arif adam idi, Bağırovun qəzəbli olduğunu dərhal duydu, vəziyyəti yumşaltmağa çalışdı. Həm də yaxşı bilirdi ki, Beriyanın göstərişi ilə bütün hökumət telefonları dinlənilir.

- Yoldaş Bağırov, bu, mənim təşəbbüsüm deyil, təklif Ermanistandan gəlib, qayda da belədir ki, MK-da müzakirəyə çıxarılmalıdır. Gündəlikdəki məsələlər yoldaş Stalinlə razılaşdırılıb. Mən də təlimata uyğun olaraq sizə məktub göndərmişəm...

- Daha doğrusu, məni fakt qarşısında qoymusunuz!

İlin-günün bu vaxtında hansı torpaq bölgüsündən söhbət gedir? Axı, qədim Azərbaycan torpaqları hansı əsasla Ermənistana verilə bilər? Məgər ermənilərin torpağı yoxdur?

- Yoldaş Bağırov, bəlkə də, bunu sizə deməyə ixtiyarım yoxdur, amma əslində məsələ belədir ki, xarici ölkələrdə yaşayan minlərlə erməni öz ata-baba yurduna qayıtmaq istəyir. Bu qayıdış həm ölkəyə, həm də Ermənistana çox sərfəlidir, özü də yalnız iqtisadi baxımdan yox. Bu kütləvi axının qarşısında dayanmaq, bu adamları hardasa yerləşdirmək, yeni kolxoz və sovxozlar üçün torpaqlar ayırmaq lazımdır. Mən bütün incəlikləri sizə söyləyə bilmərəm.

Deyilənlər Bağırovu lap hövsələdən çıxardı.

- Heç lazım da deyil! Burada hansı incəlikdən söhbət gedə bilər? Məgər erməni problemi Dağlıq Qarabağın hesabına həll olunmalıdır? Qoy Aryutyunov onları aparıb öz doğulduğu kənddə yerləşdirsin, atasının evindən də pay versin. Ancaq, yoldaş Malenkov, bizdə gözəl bir məsəl var: torpaqdan pay olmur! Bura ermənilərin vətəni deyil və ola da bilməz!

M.Bağırovun belə deməyə haqqı vardı. Çünki ermənilər ilk dəfə Cənubi Qafqazda peyda olan kimi yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətə başlayıb. Roma imperiyasının  II Tiqranı darmadağın etməsi ilə uydurma “Böyük Ermənistan” əfsanəsi puça çıxır, ermənilər Romanın vassalına çevrilir.

Bu vəziyyət IV əsrədək davam edir. Buna görə də ermənilərin müvəqqəti işğal etdikləri Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsinin heç bir elmi-tarixi əsası yoxdur. Halbuki ermənilərdən fərqli olaraq, Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı da sübut edir. Bu dastan Qarabağ da daxil olmaqla, bütün Azərbaycan torpaqlarında, o cümlədən, ermənilərin indi Sevan adlandırdıqları Göyçə gölü hövzəsində yayılmışdı...

- Yoldaş Malenkov, mən partiyanın silahdaşıyam, lazım gəlsə, partiya uğrunda, yoldaş Stalinin uğrunda canımdan da keçərəm, balamı da qurban verərəm, amma Qarabağı heç vaxt! Ölərəm, ancaq razı olmaram ki, gələcək nəsillər mənə lənətlənmiş damğası vursun!

Malenkov səsinin tonunu tamam dəyişdi:

- Mircəfər, MK-da müzakirə hələ yekun nəticə deyil. Bu dəqiqə kimsə Qarabağı səndən almır. Bu xəmir hələ çox su apara bilər. Bir də ki, son qərarı kimin verəcəyini yaxşı bilirsən...

Fərhad SABİROĞLU