Elektron ədəbiyyat və sənət portalı

Gecə qatarları...

Bölmə: Tarix 29.07.2016

...1957-ci ilin qızmar yay gecəsi Moskvanın Kursk dəmir yolu vağzalında həmişəki kimi qələbəlikdir. Bürkü kimsəyə rahatlıq vermir. Az öncə ildırım çaxdı, göy guruldadı, sonra da bir leysan tökdü ki, gəl görəsən! Amma nə xeyri? Havada sərinlikdən əsər-əlamət yoxdur. Yüngül meh də əsmir. Necə deyərlər, hava sanki dayanıb. Bir tərəfdən də sərnişinlərin, gəlib-gedənlərin, qarşılayıb yola salanların səs-küyü, gecə qatarlarının fiti, polad relslərə döyəclənən təkərlərin taqqıltısı,  azca aralıda, vağzal divarlarının arxasında nəhəng şəhərin bitib-tükənməyən uğultusu...

Diktorun boğuq səsi gecə vağzalının hay-küyündə güclə eşidilir: “Qatarı qarşılayan vətəndaşların nəzərinə!  Yerevan-Moskva sürət qatarı ikinci platformaya qəbul olunub, sərnişinlərdən vaqonları tərk etmək xahiş olunur!”

Bu da yüzlərlə gecə qatarının son dayanacağı -  Moskva! O, ağır-ağır vaqondan enir, qızı Nami yükləri perrona qoyur, atasına düşməkdə kömək edir, sonra da uzun taxta oturacağa əyləşdirir. 57 yaşlı bu hündürboy, cüssəli adam kənardan çox qoca görünür, xəstəlik ucbatından çətinliklə nəfəs alır. Naminin nəvaziş göstərdiyi bu kişi Ermənistan K(b)P MK-nın keçmiş birinci katibi Griqori Aryutyunovdur. Sonuncu dəfə Moskvada iki il əvvəl olub. 1953-cü ildə vəzifədən çıxarılandan sonra onu rahat buraxmırlar, müntəzəm olaraq partiya nəzarəti orqanlarına çağırıb, günlərlə sorğu-suala tuturlar. Bu çək-çevirə insan dözər? Budur, keçmiş katib növbəti dəfə geniş infarkt keçirib və qızı onu Moskvaya müalicəyə gətirib...

L.Beriyanın həbsindən sonra onun həyatı yerlə-yeksan oldu. Nikita Xruşşov 1953-cü ilin iyulunda plenum çağırıb, bütün birinci katiblərin aşının suyunu verdi. Növbə Griqoriyə çatanda Xruşşov hisslərinə hakim ola bilmədi:

- Bu Aryutyunov həmişə Beriyanın tulası olub!              

Qriqori təhqirə dözə bilməyib ayağa qalxdı:

- Yoldaş Xruşşov, sözlərinizə sərhəd qoyun!

Yaltaq Malenkov dərhal rəhbərə qahmar çıxdı:

- Yoldaş Aryutyunov, özünüzü ələ alın, bura plenumdur, Yerevan bazarı deyil!

N.Xruşşov isə daha da qızışdı:

- Orda, respublikada hansı işlər çevirdiyinizi yaxşı bilirik. Siz də, Bağırov da partiyanın bir nömrəli düşmənlərisiz. Hamınızı Beriyanın aqibəti gözləyir.

A.Mikoyan üzünü yana çevirmişdi ki, guya deyilənləri eşitmir. Aryutyunov isə yalnız bunu dedi:

- Belə deməyə haqqınız yoxdur! Biz partiya üçün canımızdan keçmişik...

N.Xruşşov yığıncaqda M.Bağırovun adını nahaqdan çəkmirdi. G.Aryutyunov da hələ Moskvaya, plenuma gəlməzdən əvvəl Azərbaycandakı vəziyyətlə tanış idi. Bilirdi ki, 1953-cü ilin 18 aprelində Azərbaycan KP MK-nın plenumu olub və burda bir sıra məsələlərlə yanaşı, təşkilati məsələyə də baxılıb. Plenum M.Bağırovu Azərbaycan KP MK birinci katibi vəzifəsindən azad edib.  Onu Azərbaycan SSR Nazirlər Sovetinin sədri təsdiq etsələr də, əslində bu, müvəqqəti vəzifə idi. Dövlətə xəyanətdə ittiham olunan L.Beriya ilə yaxın əlaqəsinə görə, M.Bağırova da münasibət kökündən dəyişmişdi.

1953-cü ilin 12-13 iyulunda Azərbaycan KP MK və Bakı Komitəsinin birləşmiş VI plenumu oldu. Həmin yığıncaqda 989 nəfər iştirak edirdi. Plenumun qərarında yazılmışdı:

“Beriya ilə əlaqədar yoldaş M.Bağırovun partiya üzvünə yaraşmayan hərəkətləri pislənilsin. Partiya qarşısında qeyri-səmimiliyinə, öz işlərində böyük siyasi səhvlər buraxdığına görə, M.Bağırov Azərbaycan SSR Nazirlər Soveti sədri vəzifəsindən azad edilsin və Azərbaycan KP MK bürosunun tərkibindən çıxarılsın”.

G.Aryutyunov bütün bunları eşidəndə əvvəlcə sevinmişdi. Çünki uzun illər boyu qorxduğu bu adamdan axır ki, onun qisasını almışdılar. Söhbət Dağlıq Qarabağdan gedirdi. Muxtar Vilayətin Ermənistan SSR-in tərkibinə verilməsinə ciddi səy göstərsə də, müsbət nəticə hasil olmurdu. O, Stalinə, MK-ya dəfələrlə müraciət etmişdi, arayışlar göndərmişdi. Amma uzun illərdən sonra xəbər tutmuşdu ki, gizli rəqibi – M.Bağırov da bu məsələdə fəaliyyətsiz qalmayıb. 

M.Bağırov 1945-ci ilin 10 dekabrında MK-ya məktubu göndərmişdi. Məktubda DQMV-nin yaradılması prosesinin tarixi ətraflı göstərilməklə yanaşı, qeyd olunurdu ki, DQMV Ermənistan SSR ilə həmsərhəd deyil, Ermənistan SSR ilə DQMV arasında əhalinin əksəriyyəti azərbaycanlılar olan Qubadlı, Kəlbəcər, Laçın, Dəstəfur (indiki Daşkəsən) rayonları yerləşir. M.Bağırov məktubda yazırdı:

“Eyni zamanda ÜIK(b)P MK nəzərinə çatdırmağı lazım bilirik ki, DQMV-in Ermənistan SSR-in tərkibinə qatılması məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan SSR-in Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılmalıdır... Eyni zamanda Gürcüstan SSR-in Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə qatılması məsələsi də müzakirə edilməlidir. Çünki əhalisi tamamilə azərbaycanlılardır və Azərbaycan SSR-lə bilavasitə yanaşıdır. Nəhayət, biz xahiş edirik, Dağıstan MSSR-in Dərbənd və Qasımkənd rayonları ərazisinin də Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsi nəzərdən keçirilsin. Bura keçmişdə  Bakı quberniyasının tərkibinə daxil idi. Bu rayonların əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və heyvandarlıqla məşğuldur, ilin 9 ayını gəlib Azərbaycanın ərazisində yaşayırlar…”

Amma Aryutyunovun sevinci uzun sürmədi. Moskva plenumundan sonra işdən azad etdilər, yalnız Mikoyanla qohumluğu onu sürgündən qurtardı. Keçmiş birinci katib bir müddət kolxoz sədri işlədi. Dünya erməniləri üçün Dağlıq Qarabağın qapılarını açmaq istəyən bu adam sonda özü evsiz-eşiksiz qaldı. Yalnız qızının çoxsaylı müraciətlərindən sonra onun ailəsinə birotaqlı mənzil verdilər...

Dağlıq Qarabağ probleminin kökləri isə qədimə, daha doğrusu, XVIII əsrə qədər uzanır. Ermənilər Qarabağa məqsədyönlü şəkildə köçürülüblər və çoxalan kimi dərhal ərazi iddiasına düşüblər. Onlar azərbaycanlıları daim soyqırıma məruz qoyublar.

Məqsəd “Dənizdən dənizə böyük Ermənistan” yaratmaq idi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qədim türk-Azərbaycan torpağının İrəvan ermənilərinə güzəştə gedilməsi ilə zahirən hər şey düzəldi. Sovet dövründə Zəngəzur və Göyçə də ermənilərə verildi.

Sovetlər dağılana yaxın ermənilər Qarabağda silahlandırıldı və 1988-ci ildən silahlı dəstələr Azərbaycan torpaqlarının işğalına başladılar. 1991-ci ildən Dağlıq Qarabağdakı separatçı rejim  müstəqillik elan edib. Lakin heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu qondarma müstəqillik indiyə kimi, haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmayıb.

Fərhad SABİROĞLU