Elektron ədəbiyyat və sənət portalı

Kraliça Nur

Bölmə: Tarix 08.08.2016

“Bizim kraliça Vyana”! Sakinlər bu şəhəri nəvazişlə belə adlandırırlar. Həqiqətən, krallara layiq bu qədim şəhər dünyaya neçə-neçə hökmdar və kraliça, sərkərdə və dahi bəxş edib.

Vyana soyuq qış nağılının sehrinə bürünüb. Nənələr öz nəvələrinə şirin nağıllar danışırlar, deyirlər ki, bu şaxtalar birbaşa Laplandiyadan gəlib, Qar kraliçası öz buz sarayından çıxıb, Vyananı xoşladığı üçün də səyahətə burdan başlayıb. Ənənəvi “Bəs Gerda və Kay hardadır?” sualına isə nənələrin cavabı təxminən eynidir: “Əgər şuluqluq edib böyüklərin sözünə qulaq asmasan, Qar Kraliçası səni də onların yanına aparar...” Bax belə!

Aramsız yağan qar az qalıb ki, həyatı iflic vəziyyətə salsın, ancaq vyanalılar, deyəsən, bu qışdan, sözün əsl mənasında həzz alırlar. Xüsusən də uşaqlar. Xizək sürən kim, qartopu oynayan kim. Avropa belə soyuğa, şaxtaya, borana öyrəncəlidir. Hətta bəziləri bu qarlı havada çox yüngül geyinib, küçələrdə maşınların sayı azalsa da, adamlar başlarına çətir tutub piyada gəzməyə üstünlük verirlər.

...1991-ci ilin 12 yanvarı Vyananın hava limanında qələbəlikdir, iynə atsan yerə düşməz. Səbəb heç də o deyil ki, axşama doğru hava şəraiti ilə əlaqədar bir neçə aviareys təxirə salınıb. Nədənsə, bu gün gözləmə zalında müxbirlərin, fotojurnalistlərin, telekameraların əlindən tərpənmək mümkün deyil. Deyəsən, sərnişinləri uçuşun hələ nə qədər ləngiməsi barədə məlumatlar o qədər də maraqlandırmır. Onlar ətrafa göz gəzdirir:

- Bu jurnalist ordusu görən kimi qarşılayır?”

Yaşlı qadın başını azacıq aşağı əyib eynəyinin üstündən ora-bura vurnuxan müxbirlərə baxır:

- Yəqin, Maykl Cekson gəlir, deyirdilər axı onun Avropa turnesi var...

- Siz nə danışırsız? Bu gün səhər özüm eşitdim, radioda danışırdılar ki, “Boni M” gələcək. Əla oxuyurlar... – başında xəz papaq olan qadın söhbətə müdaxilə edir.

Adamlar belədi də! Bildiyini də danışır, bilmədiyini də. Birdən xəbər yayılır ki, qonaq VİP keçidindən yox, sıravi vətəndaşlar üçün olan qapıdan gəlir. Bütün jurnalistlər dərhal ora yüyürür. Onlar yanında 4 uşaq olan bir qadını dövrəyə almağa çalışırlar. Mühafizəçilər cəld tərpənsələr də, hamını kənarlaşdırıb yolu açmaq mümkün deyil. Suallar yağış kimi yağır. Dörd uşaqdan ən kiçiyini - qızcığazı qucağına almış hündürboy, sarıbəniz qadın üzgün görünür.

O, gözlərini bir nöqtəyə dikib, fotokameraların gözqamaşdırıcı işığının müşayiəti ilə heç nə söyləməyərək çıxışa yönəlir... Repartyorlar isə kamera qarşısına keçib yalnız bir cümlə deyir: “Kral Hüseynin həyat yoldaşı, kraliça Nur mətbuata açıqlama verməkdən imtina etdi!”.

Hava limanında kraliça Nuru ABŞ-dan təcili uçub gəlmiş bacısı Aleksa Hələbi qarşılamışdı. İndi budur, onlar Vyanada kral ailəsinə məxsus malikanədə, uşaqların yataq otağında yerə döşənmiş qiymətli xalının üstündə diz-dizə, göz-gözə oturublar. Uşaqlar çoxdan yuxuya gedib, ətrafına alabəzək kaşıdan naxış vurulmuş divar sobası gur yanır, otaq elə istidir ki, nəfəsliyi azacıq aralı qoyublar. Mebel də şərq üslubundadır, kraliça Nur seçib, əri, kral Hüseyn də bəyənib.

- Aleksa, başa düş, mən indi mütləq onun yanında olmalıyam. Vyanada oturub olayları kənardan seyr edə bilmərəm. Allah onu qorusun, Rəbbim balalarımızı hifz eləsin. Yox, qəti qərara gəlmişəm, günü sabah Əmmana uçuram. Bu çətin məqamda Hüseyni tək qoya bilmərəm...Vicdanım yol verməz. Onsuz heç nəyəm...

Lizin gözləri dolur, baxışları kiçik girdə masanın üstündəki çərçivəyə salınmış portretə zillənir. Hüseyn hərbi geyimdədir, çöhrəsində təbəssüm var, Liz də fərəh hissindən sanki qanadlanıb uçur, ona qısılıb, necə də xoşbəxt görünürlər.

Aleksanın da gözləri dolub. Bilir ki, bacısını ovundurmaq çətindir, nə qədər cəsarətli, lazım gələndə soyuqqanlı olsa da, ürəyində Hüseynə qarşı bir ümman sevgi var...

- Liz, bilirəm, onsuz da fikrindən dönən deyilsən. Uşaqlara görə narahat olma, göz bəbəyim kimi qoruyacam.

Liz göz yaşlarını silir, qəfildən səsinin tonu dəyişir.

- BMT-nin Səddam Hüseynə verdiyi ultimatum 3 gündən sonra bitir. Anlayırsan, yanvarın 15-də hər şey məhv ola bilər. Hüseynin Səddamla xoş münasibəti çoxlarının yuxusuna haram qatıb. Amerikalılar bunu mənim Hüseynimə bağışlamayacaqlar...

1991-ci ilin qışında İraqla Küveyt arasında başlanmış Körfəz münaqişəsində əslində İordaniya Krallığı barışdırıcı mövqe tutmuşdu. Ümumiyyətlə, 18 yaşında taxt-taca sahib olmuş Hüseyn daim ərəb dünyasının birliyinə çalışırdı. Bədxahlar elə bu səbəbdən də onu sevmirdi. Ölkədə dəfələrlə çevriliş cəhdi olmuşdu, Hüseynə 20 dəfədən çox sui-qəsd edilmişdi. Suriya, İsrail, İraq və Səudiyyə Ərəbistanı kimi dövlətlərin qonşuluğunda yerləşən İordaniya qaynar qazanı xatırladırdı. Təhlükə hər an, bəzən gözləmədiyin yerdən gələ bilərdi. Düzdür, Liz ərinə güvənirdi, bilirdi ki, sevimli qadınını, şirin balalarını canı bahasına belə qorumağa hazırdır. Amma hər ehtimala qarşı, ailənin təhlükəsizliyinə özü nəzarət edirdi. Əl çantasında daim kiçik tapança gəzdirirdi, sayıqlığını bir an belə itirmirdi.

Bir müddət əvvəl Lizin kraliça olmaq ağlına da gəlmirdi. Nyu-Yorkun 5-ci Avenyusunda valideynlərinin evində şad-xürrəm yaşayırdı. 1974-cü ildə Priston Universitetinin memarlıq və şəhərsalma ixtisası üzrə bakalavr diplomunu alanda ailə qurmaq barədə heç düşünmürdü də. ...İndi həmin o illər Lizə nağıl kimi gəlir.

Vyana gecələri şaxtalı olur, nəfəsliyi bağlamaq lazımdır ki, uşaqlara soyuq olmasın. Aleksa elə xalçanın üstündə mürgüləyib, Lizin isə gözünə yuxu getmir. Hüseyn həmişə necə deyir: “Gecənin xeyrindənsə, səhərin şəri yaxşıdır...”

Fərhad SABİROĞLU