Elektron ədəbiyyat və sənət portalı

Yol gözləyən qatar

Bölmə: Ədəbiyyat 08.08.2016

Axşam yenə cəbhə bölgəsinə ezamiyyətə gedəcəkdim. Səhər tezdən dəmiryol vağzalına bir az tez gəldim ki, yaxşı bir yerə bilet ala bilim. Nə qədər tez gəlsəm də, kassaların qarşısını tutulu gördüm. Deyəsən, məndən də zirəklər var imiş. Hərbçilərə bilet satılan kassanın da qarşısında bir neçə adam dayanmışdı.

Nə isə, növbəyə dayanıb gözləməkdən başqa, çarəm qalmır. Yaxşı ki, kassir xanım cəld işləyir, adamları tez yola salırdı. Buna görə də növbədə gözləməyim çox çəkmədi. Biletimi alandan sonra bir az arxayınlaşdım. Yerin və vaqonun nömrəsini bir daha nəzərdən keçirdikdən sonra geri qayıtdım.

Axşam metro stansiyasının yenilənmiş eskalotorları ilə çölə çıxanda qatarın yola düşməsinə on-on beş dəqiqə qalırdı. Gec deyildi, vaxtında çatmışdım. Ətrafda yaman səs-küy var idi. Günün hansı vaxtı gəlsən metronun qarşısı belədir. Deyəsən, burada gecəylə gündüz bilinmir. Addım atıb irəliləmək olmurdu.

Bu sıxlıqda xırda alverçilər də bir tərəfdə boğazlarına güc verib yorulmadan hündürdən səslənərək axşam-axşam özlərinə müştəri soraqlayırdılar. Yaxınlıqdakı geniş küçədən ötüb-keçən maşınların uğultusu, zəhlətökən aramsız siqnalları kəsilmək bilmirdi. Axşamın qaranlığında hər şey bir-birinə qarışmışdı. Bu qarışıq səslər yaxınlıqdakı yeni tikilmiş binalarda əks-səda verib səmanın dərinliyinə yayılırdı. Sonra isə geniş boşluqda əriyib, itib eşidilməz olurdu.

Gecənin bu vaxtında özünə müştəri axtaran taksi sürücülərinin, ayaqüstə dayanıb alver edən; siqaret, günəbaxan tumu satan yaşlı qadınların, telofonla danışan insanların səs-küyü, hay-harayı sanki bu qaranlıq axşamla qəribə bir qeyri-ahəngdarlıq yaradırdı. Bir-birinə qarışan, bir-birinə bənzəməyən, bir-birini tamamlamayan, bu qırıq-qırıq, sistemsiz, eyni bir xanaya vurmayan səslər gecənin ahəngini pozurdu. Sanki həzin, kövrək, nizamlanmış bir musiqiyə hərdən yad ritmlər qatılırdı. Bütün bunları sonadək dinləməyə adamın səbri çatmırdı. Belə səs-küyün içində heç nə eşitmək olmurdu. Ona görə də yaxınlıqdakı insanlar bir-biriləri ilə qışqıra-qışqıra danışırdılar.

Adam səsdən qulaq tutulan bu yerdən tezliklə qaçıb uzaqlaşmaq istəyirdi. Amma nə qədər qaçsan da, yüyürsən də, bu səslər elə hey qulaqlarımın içini döyəcləyir, arxamca düşüb gəlirdi. Burada çox ləngiməyib metronun qarşısından sola burulub Nuh əyyamından qalmış darısqal beton pilləkənlərlə üzü yuxarı qalxdım.

Dəmiryol vağzalının geniş meydanına çıxanda bir şairin  «Vağzallarından tanınır şəhərlər» misrası yadıma düşdü. Doğrudan da, bu misrada çox böyük bir həqiqət var. İstər dəmiryolu, istərsə də avtovağzallar şəhərlərin sifətidir. Gələn qonaq birinci dəfə hər hansı bir şəhərə qədəm qoyanda ilk olaraq vağzalların «üzünü» görür. Gərək biz də şəhərimizin «üzünü» çox təmiz saxlayaq. Birinci dəfə görən hər kəs ilk addımdan onu sevsin. 

Şairin bu misrasını dodaqlarımın altında təkrar edə-edə pilləkənlərin yuxarısına gəlib çatdım. Sutkanın istənilən vaxtı – istər gündüz, istərsə də gecə olsun, həmişə dəmiryolu vağzalının üst tərəfindəki böyük dairənin yanına qədəm qoyanda eyni mənzərə ilə qarşılaşırsan. Bir yerdə dayanmayan, ora-bura gəzişən taksi sürücüləri onun-bunun qabağına yüyürüb özlərinə müştəri tapmağa çalışırlar. İşləməkdən yorulmuş arabaçılar isə mühərriksiz «maşınlarına» söykənib mürgü döyürlər. Onlar arada oyanıb saata baxıb qatarların gəlib gəlmədiyini dəqiqləşdirirlər. Yaxınlıqdan keçənlər onların şirin-şirin yatmaqlarına tamaşa edirlər. Qatar gələn kimi isə arabaçıların yuxuları qaçır. Gözlərini açıb ayılan kimi arabalarını itəliyə-itəliyə tələm-tələsik perrona cumurlar. Özlərinə müştəri tapmaq üçün lap qabağa gedirlər. Pul dəyişənlər isə vağzalın qabağında ora-bura gəzinib tez-tez «dollar, rus pulu dəyişirəm», - deyir. Kimi özünə müştəri tapır, kimi hələ də axtarışdadı.

İki binanın arasından keçəndən sonra qarşıda geniş bir meydan açılır. Əvvəlki vaxtlarına baxanda indi dəmiryolu vağzalı öz libasını bir az dəyişib. Meydan əsaslı təmir olunub. Diametri balaca olsa da, fəvvarə tikilib. Gələn qatarları gözləmək üçün çox da iri olmayan səliqəli oturacaqlar quraşdırılıb. Platforma və yolları göstərən elektron tablolar və müxtəlif nişanlar vurulub. Lampalar yan-yana düzülüb və ətrafa yaraşıq verir. Necə deyərlər, vağzal, deyəsən, get-gedə vağzala oxşayır. Buradakı səs-küydən də adam tez bezir, ürəyi sıxılır. Hövsələsini basıb çox dayana bilmir.

Qatara tələsən kim, vaqonlardan düşüb evə can atan kim. Bəziləri isə gedəcəkləri qatarların dayandığı yeri səhv salıb, gecikməmək üçün əllərindəki ağır yük çantaları ilə ora-bura qaçır. Başqalarından fərqli olaraq, qatarların yola düşməsini elan edən qadının səsi vağzalın hər tərəfində aydınca eşidilir. Bu səs nə qədər ucadan səslənsə də, artıq hamı ona öyrəşib. Heç kəs bu səsdən, məlumatlardan bezmir. Hələ əksinə, səs bir az gec eşidiləndə adam darıxır. Elə bil nə isə çatmır. Heç adam özünü vağzalda hiss eləmir.

Zamanın axını ilə ayaqlaşmağa çalışan, mənzil başına vaxtında çatmaq istəyən insanlar ləngimədən harasa qaçır, harasa yüyürürlər. Bir az əvvəl bir-birilərinə söykənib mürgüləyən arabaçılar indi od-alova dönüblər. Yüklə qalaqlanmış arabasını qabağa itələyərək «yol verin, yol verin», - deyib qarşısına çıxan adamlardan bir az kənara çəkilməyi xahiş edirlər. İnsan selinin içindən sürətlə keçib getməyə tələsir, müştərisinin yükünü vaqona vaxtında çatdırmağa can atırlar. Beləcə, qarşılaşdığım bu mənzərələri seyr edə-edə «Məlumat bürosu»ndan məni mənzil başına aparacaq qatarın hansı yolda dayandığını öyrəndim. Dəqiqləşdirəndən sonra həmin istiqamətə üz tutdum.

Bələdçi əlindəki balaca fənəri yandıraraq sənədlərimi diqqətlə yoxladıqdan sonra məni içəri buraxdı. Öz yerimi tapıb oturdum. Əl çantamı yatacağım yerin altına qoydum. Kupe yoldaşlarım da bir-bir gəlirdilər. Məlumat bürosunda iş başında olan qadın isə incə səsi ilə yenə qatarların vağzala daxil olmasını və yola düşməsini elan edirdi. Yenə də səs-səsə qarışmışdı. Elə bil vağzalın bütün səs-küyü arxamca düşüb, vaqonun pəncərəsindən içəri dolurdu. Nəhayət, növbə bizim qatara da, yetişdi. Vağzalı yenə də qadının məlahətli səsi bürüdü: «Bakıdan Qazaxa gedən qatara ikinci yolda, ikinci platformada minik davam edir».

Gör neçə illərdir yol gedib-gəlirik. Ömrümüzün az da olsa, bir hissəsi dəmir relslər üzərində, vaqonlarda, avtobuslarda keçir. Çox qəribədir ki, həmişə qatarların vağzala daxil olması və yaxud getməsi xəbərini qadınlar səsləndirirlər. Bu səsə o qədər vərdiş etmişik ki, sanki ruhumuza, qanımıza hopub. Hər gün xidmətindən istifadə etdiyimiz metronun özündə də belədir. Qatarların növbəti stansiyaya çatmasını qadın səsi ilə sərnişinlərə çatdırırlar. Hərdən öz-özümə sual verib fikirləşirəm ki, görəsən, nədən belədir? Hardasa bir kağızın küncündə bu barədə nə isə yazılıbmı? Yoxsa bu, yazılmamış qanundur? Bir anlıq təsəvvür edək ki, vağzallarda bu məlumatları kişilər səsləndirir. Görəsən, sərnişinlər bunu necə qarşılayar? Bilmirəm necə olar, bu qeyri-adi görsənər, yoxsa yox? Bəlkə də, heç kimsə bunun fərqinə varmaz. Ola bilsin ki, kimsə çaşıb-qalar, bir anlıq ayaq saxlayıb sonra yoluna davam edər.

Mənim yola düşəcəyim qatara hələ də miniyin davam etməsi barədə məlumat veriləndə bir anlıq xəyallar məni ötən çağlara, artıq yaşanmış və arxada qalmış günlərə apardı. O illərdə qoynunda dünyaya göz açdığım Zəngilan torpağına gedəndə də, beləcə, kupedə oturub «Bakı-Qafan» qatarının yola düşəcəyini gözləyirdim. Həmin günlərdə də indiki kimi ölkəmizin müxtəlif istiqamətlərinə yola düşən qatarların vaxtını, yerini və platformasını qadınlar elan edirdilər. O vaxtlar ürəyimdən elə keçirdi ki, qatarla Gəncəyə, Qazaxa, Tovuza, Ağdama eləcə də, başqa rayonlara, başqa şəhərlərə gedim. O yerləri də görüm, o yerləri də gəzim.

Budur, üstündən illər keçəndən sonra isə, hər şey əksinə olub. İndi bu axşam «Bakı-Qazax» qatarında oturub, doğma ocaqlarımıza getməyin həsrətini çəkirəm. Yenidən o günlərə, o illərə qayıtmaq arzusundayam. Məni xəyaldan qatarların yola düşməsini xəbər verən qadının məlahətli səsi ayırdı. Qadın həzin səslə tələsmədən «Bakıdan-Qazaxa gedən qatarın ikinci yoldan, ikinci platformadan yola düşməsinə beş dəqiqə qalır. Sərnişinlərdən xahiş olunur ki, vaqonlarda öz yerlərini tutsunlar. Yaxşı yol, hörmətli sərnişinlər!» - dedi.

Bələdçi yaxınlarını yola salmağa gələnlərdən vaqonu tərk etməyi xahiş etdi. Qatarın yola düşməsi elan olunandan az sonra bir-birinə qoşulan vaqonların ardıcıllıqla taqqıltısı eşidildi. Zəif təkan mənim kimi şirin xəyallara dalan sərnişinləri silkələyib oyatdı.

Bundan sonra vaqonlar ağır-ağır yerindən tərpəndi. Çox keçmədi ki, səs-küylü dəmiryol vağzalı arxada qaldı. Qarşıda isə bir gecəlik yol var. Sabah görüləsi işlərim çoxdur.

Nə qədər iş-gücüm çox olsa da, başım qarışsa da, doğma ocaqlar, dədə-baba yurdu, qoynunda dünyaya göz açdığım torpaqlar, əzizlərimizin məzarları, evimiz, həyətimiz, bağ-bağçamız və başqa yerlər heç vaxt yaddan çıxmır. Bu gözəl yerlərin erməni işğalçılarının əlinə keçməsi illərdir ki, məni için-için yandırır.

Fikirləşirəm ki, xoş günlərin birində yenə də «Bakı-Qafan» qatarı ilə öz doğma ocaqlarımıza getmək üçün yola çıxacağam. Gecələr yol gedən həsrət qatarı isə məni vaxtında mənzil başına – Həkəri stansiyasına çatdıracaq. Oradan isə sevinə-sevinə öz kəndimizə yollanacam. Dədə-baba ocaqları öz sakinlərini ağuşuna alacaq. Yenə də qismətimizə düşən ömrümüzü dədə-baba yurdunda yaşayacağıq. Neçə illərdən bəri quruyub, yanmış çöllər, tarlalar yaşıl dona bürünəcək. Yenə də gen dərələrin döşündə quzular otlayacaq, yenə də bağlarda bülbüllər oxuyacaq. Yenə də…

Hələliksə həsrət qatarı öz yolunu, öz platformasını gözləyir. Elə sərnişinlər də intizardadır. Onları doğma yerlərə aparıb çatdıracaq qatarı axtarırlar. Məlumat bürosunda isə xeyli vaxtdır bu bərədə bir xəbər yoxdur. Heç bayaqdan bəri sərnişinlərə müxtəlif məlumatlar verən qadının da məlahətli səsi eşidilmir. Nədənsə, o da susub, danışmır.

Şəhərdən uzaqlaşandan sonra hiss olunur ki, qatarın sürəti yavaş-yavaş artır. Böyrü bir az açıq qalmış pəncərədən kupemizə sərin hava dolur. Dəmir təkərlərdən qopan ritmik səslər vaqondakıları bezdirmir, sanki yuxu gətirir. Relslər üstündə şütüyən elektrovoz ardınca düzülmüş vaqonları dartaraq sərnişinləri bölgələrə aparır.

Az qalıb, inanırıq lap yaxın günlərdə bu qatar Zəngilana, Qubadlıya, Laçına, Ağdama və işğal altında olan başqa bölgələrimizə istiqamət alacaq. Və nədənsə birdən mənə elə gəlir ki, elə bu qatar eynən bizlər kimi o doğma yerlər üçün darıxıb...

Vahid MƏHƏRRƏMOV