Elektron ədəbiyyat və sənət portalı

Qaraciyər nə edir?

Bölmə: Elm 27.05.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Günün altında yanmaq nə deməkdir?

 

İnsanlar tez-tez öz dərilərini günəş şüalarının təsirinə məruz qoyurlar ki, “yansınlar”, yaxud qaralsınlar. Amma az adam bilir ki, günəş işığı insanın dərisinə çox böyük təsir göstərir. Bu təsirin ən əhəmiyyətlisi yanma, qaralma, yaxud qızarmadır. Buna səbəb ultrabənövşəyi şüalardır. Bu şüalar dəridəki gistidin adlanan maddənin başqasına - dəridəki qan damarlarını genişləndirən maddəyə çevrilməsi ilə əlaqədardır.

Dərinin qızarmasının səbəbi də məhz budur.

Dəridə daha bir maddə var – tirazin. Ultrabənövşəyi şüalanma tirazini, melanin adlanan qəhvəyi piqmentə çevirir. Sonra da melanin dərinin üst qatlarına toplanır ki, onu günəş şüalarının təsirindən qorusun. Və biz bu hala “yanma” deyirik.

Günəş şüasının orqanizmə müsbət təsiri də var. O, dəridəki göbələkləri və bakteriyaları məhv edir. Günəş şüaları dəridə qan damarlarını daraldan maddələr də əmələ gətirir ki, bu da qan təzyiqinin artmasına səbəb olur.

Günəş işığının təsiri orqanizmdə infeksiyalara müqavimət göstərən müəyyən hüceyrələri də aktivləşdirə bilər. O, həm də sinir sistemini canlandırır. Bundan başqa orqanizm D vitamini də alır. Belə ki, ultrabənövşəyi şüalar bu vitaminin yaranması ilə əlaqədar olan kimyəvi dəyişikliklər əmələ gətirir.

Deməli, əgər artıq günəş şüalarının belə faydalı işlər gördüyünü bildiksə, bədənimizi daha artıq yandırmağa çalışmalıyıq? Təbii ki, yox. Bu sualın cavabı belədir: günəşin insan orqanizminə dərman kimi təsir göstərdiyini nəzərə alaraq, biz də ondan məhz dərman kimi, az-az istifadə etməliyik!

Əgər siz qaralmağa hazırlaşırsınızsa, bunu mütləq tədricən etməlisiniz: birinci gün bir neçə dəqiqə, növbəti gün ondan beş dəqiqə artıq və bu minvalla, rənginiz qaralana kimi. Əgər siz günün altında həddindən çox vaxt keçirsəniz, bu, həm dərinizə, həm də bütün orqanizminizə ziyan olacaq.

 

Hüceyrə nədir?

 

Bilirsinizmi ki, hüceyrə adlanan şeyi öz gözlərinizlə dəfələrlə görmüsünüz? Əgər portağalın bir dilimini ortadan qırsanız, gördüyünüz liflər elə hüceyrələrdir. Əgər hüceyrənin qılafını yırtsaq, içindən şirə axacaq. Alimlər hesab edir ki, hüceyrə bütün canlı varlıqların orqanizmini inşa etmək üçün tikinti materialıdır. Elə canlı orqanizmlər var ki, bir-iki hüceyrədən ibarət olur. Hüceyrələr həm də elə bir sistemdir ki, bütün həyat prosesləri onların içində cərəyan edir.

Bitki və heyvanın hər hüceyrəsi öz həyatını yaşayır və bununla yanaşı, həmin canlının özünə də yaşamaq imkanı yaradır.

İstər bitki, istərsə də heyvan mənşəli canlı hüceyrələr hüceyrə qılafından, protoplazma adlanan jeleşəkilli rəngsiz maddədən və protoplazmanın toxuma bənzəyən, nüvə adlandırılan hissəsindən ibarət olur. Məhz protoplazma canlı materiyadır.

Protoplazmanı, heç şübhəsiz, ən mürəkkəb kimyəvi maddə adlandırmaq olar. Bütün mühüm həyati proseslər protoplazmanın içində cərəyan edir. O, qida və oksigen alır, qidanın bir hissəsini canlı materiyaya çevirir, tullantıları kənarlaşdırır, özünün xarab olan hissələrini bərpa edir və çoxalır.

İstənilən hüceyrənin oksigenə və qidaya ehtiyacı var. Öz vəzifəsini yerinə yetirmək üçün ona enerji lazımdır. Hüceyrəni bütün zəruri şeylərlə təmin etmək üçün ali canlılarda qan dövranı əmələ gəlib. Məhz qan, hüceyrələrə qida və oksigeni çatdırır, tullantıları isə alıb orqanizmdən çıxarır.

 

Hüceyrə nə edir?

 

Hüceyrə inşaat materialıdır – istənilən canlı orqanizm ondan ibarətdir. Bütün canlılar ya bir, ya da çox hüceyrədən ibarət olur. Ən sadə bitki və canlılar bir hüceyrədən ibarətdir.

Daha mürəkkəb heyvan və bitki orqanizmlərində hüceyrələr birlikdə çalışırlar. Onlar müəyyən qruplara ayrılır və hamısı bitki, yaxud heyvan orqanizmində öz öhdəsinə düşən işi görür.

Toxuma isə bəlli bir işi yerinə yetirən müəyyən növ hüceyrə qrupudur. Məsələn, bədəndə sümük toxuması, əzələ toxuması, dəri toxuması var. Toxumalar hansısa konkret işi görmək üçün birləşəndə bu toxumalar qrupu orqan adlanır. Buna nümunə olaraq, insanın əlini misal gətirə bilərik. Əl sümük, əzələ, sinir və digər toxumalardan ibarətdir. İnsan orqanizmində beş ən zəruri hüceyrə tipi var.

Dəri, vəzilər və damarlar epiteli hüceyrələrindən ibarətdir. Əzələ hüceyrələrindən üç növ əzələ əmələ gəlir. Birləşdirici hüceyrələr orqanizmin karkasını, yəni əsasını yaradır. Qan hüceyrələrinə qanda və limfada rast gəlmək olar. Qan dövranı sistemi ali orqanizmlərdə qida maddələrini və oksigeni bütün hüceyrələrə çatdırır, tullantıları, məsələn, karbon iki oksidi çıxarır.

Ayrı-ayrı hüceyrələr qida maddələrini oksigenlə yavaş-yavaş birləşdirir və bu minvalla orqanizmin həyat fəaliyyətini və iş qabiliyyətini təmin edən enerji və istilik yaradırlar. Məhz bu enerjiyə görə, əzələlər yığılır, sinirlər siqnal ötürür, beyin isə düşünür.

 

Qaraciyər nə edir?

 

Biz hər dəfə insan bədəninin hansısa orqanını öyrənəndə, bu, bizə möcüzə kimi gəlir. Qaraciyər də istisna deyil. O, orqanizmdə ən iri vəzidir və beyindən sonra ən ağır orqandır. İnsanın qaraciyərinin orta çəkisi bir kiloqrama yaxın olur.

Qaraciyər, boynuna düşən vəzifənin öhdəsindən gəlmək üçün böyük olmalıdır. O, həzm üçün zəruri olan şirələr istehsal edir və bağırsaqlardan gələn bütün qidanı (piylərdən başqa) kimyəvi proseslərə məruz qoyan filtr rolunu oynayır. Qaraciyər qanla dolu süngərə bənzəyir. Bu süngər bağırsaqlarda həzm olunan maye halına düşən bütün qidanı özünə hopdurur.

Qidanın başına qaraciyərdə cürbəcür hadisələr gəlir ki, bu prosesə “yenidənqurma” demək olar. Yad mənşəli protein insan proteininə çevrilir. Bundan başqa, qaraciyər qidanı zəhərlərdən təmizləyir. Bədənə nikotin və kofein düşəndə qaraciyər bu “zəhərləri” ziyansız şəklə salır. Qaraciyərin hüceyrələri həm də orqanizmə düşən basilləri məhv edir.

Qaraciyər bağırsaqlarla ürək arasında yerləşdiyindən, həm də içdiyimiz mayelər üçün bənd rolunu oynayır. Əgər siz mayedən çox istifadə edirsinizsə, qaraciyər sürətlə böyüyür. Qaraciyərin hüceyrələri həzm üçün zəruri olan öd də istehsal edir. Ödün vəzifələrindən biri piyləri emulsiyalaşdırmaqdır. Bu zaman iri piy hissəcikləri çox xırda hissəciklərə parçalanır və orqanizm onları asanlıqla mənimsəyə bilir.

 

Əzgilşəkilli cisim nədir?

 

Bədənimizdə elə orqanlar var ki, müəyyən maddələr istehsal edir. Bu orqanlara vəzilər deyilir. Adətən “vəzi” sözü endokrin sisteminə və daxili sekresiya vəzilərinə aid edilir. Bu vəzilər elə maddələr ifraz edir ki, onlar heç bir damardan keçmədən birbaşa qana daxil olur. Bu maddələrə hormonlar deyilir.

Hormonlar qan axarına düşüb bədənin müxtəlif hissələrinə yayılan kimyəvi “ismarıclardır”. Orqanizmdə belə maddələri istehsal edən çoxlu vəzilər var. Orqanizmin əsas vəziləri bunlardır: qalxanvari vəzi, cütqalxanvari vəzi, timus, əzgilşəkilli cisim, hipofiz, böyrəküstü vəzilər, cinsiyyət vəziləri və mədəaltı vəzinin hissələri.

Beləliklə, siz gördünüz ki, əzgilvari cisim də endokrin sisteminin tərkib hissəsi olduğundan, endokrin vəzilərindən sayılır. Lakin bizdə bu vəzinin hansı hormon ifraz etməsi haqda heç bir məlumat yoxdur.

Kiçik ölçülərinə baxmayaraq, o, çox sirli bir orqandır. Adi dərman həbindən iri olmayan əzgilşəkilli cisim beynin tən ortasında, düz təpəyə yaxın yerdə qərar tutub.

Qədim zamanların təbibləri elə düşünürdülər ki, bu cisim beyində yerləşdiyindən, yəqin, şüur prosesi ilə əlaqədardır. Bəzi müəlliflər bu fikirdə idilər ki, əzgilvari cisim çox-çox qədimlərdə bütün sürünənlər kimi, insanda da olan “üçüncü gözün” qalıqlarıdır. Bizim zamanlarda isə belə qəbul olunub ki, bu vəzilər hormonlara bənzəyən elə maddələr ifraz edir ki, onlar endokrin sisteminin digər vəzilərinin işini tənzimləyir. Məsələn, bu vəzi hipofizə çox yaxın yerləşib və bəlkə də onun fəaliyyətinə müəyyən təsir də edir.

 

Hipofiz nədir?

 

Hipofiz orqanizmin endokrin sisteminin bir hissəsidir. Endokrin sistemi bütün orqanizmə paylanmış vəzilərdən ibarətdir. Bu vəzilər hormon adlanan aktiv kimyəvi maddələr istehsal edir. Vəzilərin ifrazatı birbaşa qana düşür və oradan bütün bədənə paylanır. Küll halında götürəndə endokrin sistemi orqanizmdə baş verən bir çox proseslərin tənzimlənməsində böyük rol oynayır.

Hipofiz isə orqanizmdəki proseslərə nəzarət edən bu sistemin bir hissəsidir. O, boyu, süd vəzilərindəki südün miqdarını və digər endokrin vəzilərinin işini tənzimləyən ən mühüm orqandır.

Amma, çox maraqlıdır ki, həyati əhəmiyyət kəsb edən bu vəzinin ölçüsü noxuddan iri deyil və elə çəkisi də təxminən bir noxud qədər olar! Hipofiz beyinin aşağı səthinə yapışır və xüsusi sümük təbəqə tərəfindən qorunur. Özünün çox kiçik ölçüsünə baxmayaraq, bu vəzi “pay” adlanan iki hissəyə bölünür: ön və arxa paylar. Ölçüsü etibariylə ön paydan kiçik olan arxa paya 50 000-dən artıq sinir ucu gəlir. Bu sinirlər onu bədənin müxtəlif hissələriylə birləşdirir.

Hipofiz uşaqların boyuna başqa bir vəziyə göstərdiyi təsir vasitəsiylə nəzarət edir. O vəzinin adı tiroiddir. Hipofiz insanın cinsi inkişafına da nəzarət edir. O, həm də metabolizm, yəni qida maddələrinin müxtəlif enerji növlərinə çevrilməsi prosesinə cavabdehdir. Hipofizin müəyyən əzələlər, böyrəklər və başqa orqanlarla əlaqəsi var. Bu vəzidə şişlər əmələ gələ bilər ki, onların təsirindən vəzinin fəaliyyəti ya aktivləşər, ya zəifləyər. Bunun nəticəsində isə adamlar ya cırtdanboy, ya da həddindən ziyadə ucaboy ola bilər.

 

Böyrəklərimiz necə işləyir?

 

Böyrək iki yastı, paxlaşəkilli bərk orqandır və bədənimizin ən mühüm orqanlarından sayılır. Böyrəklər onurğa sütununun hər iki tərəfində, təxminən bel nahiyəmizdə yerləşir. Onların uzunluğu 10 santimetrdən artıq deyil. Böyrəklər orqanizmdən arzuedilməz tullantı maddələrinin çıxarılması üçün lazımdır.

Orqanizm üçün faydalı maddələrin alınması nə qədər vacibdirsə, ona gərək olmayan şeylərdən can qurtarmaq da çox lazımlı bir işdir. Lakin böyrəklər, eyni zamanda gərəkli maddələrin bədəndə qalmasına da nəzarət edirlər. Bir də onlar qandakı suyun və başqa maddələrin miqdarını tənzimləyir. Çöl tərəfdən hər iki böyrəkdə kapilyar damarlar xırdaca ilgəklər əmələ gətirərək, nazik qabıqla örtülü kürə kimi şeylər yaradır. Hər böyrəkdə təxminən 1,5 milyon belə kürəcik olur ki, onların da adına yumaqcıq deyilir.

Böyrəkdən bir dəqiqədə o qədər qan keçir ki, bədənin heç bir orqanı onunla bu barədə rəqabətə girə bilməz. Yumaqcıqlar qanda olan, cürbəcür maddələrin həll olunduğu mayenin özlərinin qoruyucu təbəqəsindən keçməsinə imkan verir. Təbəqədən keçən maye sidik adlanır. Bu maye hər yumaqcığı örtən fincanşəkilli yerdə toplanır. Çox nazik borular isə sidiyi həmin fincanlardan çıxarır. Sidik fincanlardan nazik kanallarla çıxanda onların üzərindəki təbəqənin hüceyrələri qanla sidik arasında maddələr mübadiləsini həyata keçirirlər.

Orqanizm üçün zəruri olan maddələr yenidən qana qayıdır. Qana həm də kanalcıqlardan bir xeyli su da düşür. Beləliklə, böyrəklər orqanizmin düzgün su balansının qorunmasına xidmət edir. Böyrək kanalcıqları həm də qanın turşuluq balansını tənzimləyir. Bütün kanalcıqlar hər böyrəyin içində toplanır və böyrək ləyənciyi adlanan boşluğa çıxır. Sidik oradan sidik kanalı adlanan iki kanalla xaric olunur. Bu kanallar böyrəyi sidik kisəsi ilə birləşdirir.

 

Badamcıqlar nə iş görür?

 

Çoxları elə bilir ki, bizdə boğazımızın içində və dilin arxa tərəfində yerləşən cəmi iki badamcıq var. Amma elə deyil. Bədəndə müxtəlif ölçülü bir neçə cüt badamcıq olur. Badamcıqlar limfoid adlanan xüsusi maddədən yaranmış kiçik cisimlərdir. Onlar boğazda yerləşdiyindən, xüsusi vəzifə yerinə yetirirlər, ağız-burundan orqanizmə düşən infeksiyalarla mübarizənin birinci müdafiə xəttini təşkil edirlər.

Ən iri badamcıqlar damağa yaxın yerləşir deyə, onlara damaq badamcıqları deyilir. Boğazın içində, daha üstdə nisbətən xırda badamcıqlar var ki, onlara adenoma deyirlər. Daha bir cüt xırda badamcıq dilin alt səthinin arxa hissəsindədir. Bundan başqa qırtlağın arxasında da badamcıqlar var. Badamcıqların da örtüyü elə ağız boşluğundakı kimi incədir. Badamcıqlarda bu örtük onun içində görünməz qalaraq uzun dar çökəklər əmələ gətirir ki, bu çökəklərə kript deyirlər. Bu kriptlər mikrobların və ağızdakı başqa ziyanlı şeylərin qabağını alır. Mikroorqanizmlər ağ qan hüceyrələriylə mühasirə olunur və məhv edilir. Ona görə də infeksiyalarla mübarizə badamcıqların adi işidir.

Bəzən mikroblar bu badamcıqların içində aktivləşir və bu, onların iltihabına səbəb olur. Belə iltihaba tonzillit deyirlər. Bu zaman damaq badamcıqlarından biri, yaxud hər ikisi şişir, qızarır və ağrıyır. Kriptlər şişir, bəzən onlardan qatı irin gəlir. Bu xəstəliyə isə kəskin tonzillit deyirlər. İnfeksiya, adətən balaca uşaqlarda olur, yeniyetmələr nisbətən gec-gec xəstələnirlər. Daha bir məqam: tonzillit daha çox qışda, soyuqdəymə təhlükəsi güclü olan mövsümlərdə baş verir.

 

Dişlərimiz neçə dəfə dəyişir?

 

Bütün ömrümüz boyu bizim iki dəst dişimiz olur: əvvəlcə uşaqlıq - süd dişlərimiz çıxır, sonra böyüklük. İkinci dəst daimidir. Dişlərin tam dəstində hərəsinin öz vəzifəsi olan dörd tip diş olur. Kəsici dişlər ön tərəfdə yerləşir və qidanı dişləyir. Kəsici dişlərin hər iki tərəfində qərar tutmuş köpək dişləri qidanı deşərək onu əzməyə kömək edir. Köpək dişlərinin böyründə olan kiçik azı dişlər qidanı sürtüb xırdalayır. İri azı dişlər isə yeməyi üyüdür.

Süd dişləri cəmi iyirmi dənə olur – on dənəsi üstdə, onu altda. Bu dişlər uşaq anadan olandan təxminən 30 həftə sonra formalaşmağa başlayır. Uşaqların əksəriyyətində, təxminən körpənin altıaylığında, ilk olaraq aşağıdakı kəsici dişlər çıxır. Altıncı və on üçüncü aylar arasında isə qalan dişlər çıxır.

Uşaq dişlərinin ilk dəstəsində dörd kəsici, iki köpək və dörd iri azı dişi olur. 32 daimi dişdən 28-i uşağın 6-14 yaşı arasında çıxır. Qalan dörd dənəsi isə on yeddi yaşından iyirmi bir yaşınadək çıxır. Daimi dişlərə hər çənədə dörd kəsici, iki köpək və altı böyük azı dişləri aiddir. On iki dənə böyük azı dişi isə ilkin uşaq dişlərini əvəz etmir.

Çənə uzananda onlar ilkin dişlərin dalınca böyüyür. Daimi heyətin kiçik azı dişləri, ilkin heyətin böyük azı dişlərini əvəz edir. İlk iri azı dişləri (onlara bəzən altıyaşlı azı dişləri deyirlər), adətən birinci çıxır. Onlar ən iri dişlərdir və çox vacib sayılırlar. Onların çənədə tutduğu yer həm üzün aşağı hissəsinin formasını, həm də qalan dişlərin yerini müəyyənləşdirir. Onlar daha çox ilkin azı dişlərinin ardınca çıxır və çox vaxt ilkin dişləriylə səhv salınır.