Elektron ədəbiyyat və sənət portalı

Necə olur ki, biz üçölçülü görürük?

Bölmə: Elm 01.07.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Necə olur ki, biz üçölçülü görürük?

 

Necə olur ki, biz açıqlıqdan baxarkən, bir əşyanın digərindən uzaq durduğunu, yaxud, birinin qabaqda, digərinin arxada olduğunu təyin edə bilirik? Niyə bütün cisimlər bizə yastı gəlmir, biz onları üç ölçüdə, bir-biriylə həqiqi qarşılıqlı əlaqə vəziyyətində qiymətləndiririk? Məsələ bundadır ki, biz hər hansı bir əşyanı yalnız gözümüzlə deyil, həm də beynimizlə görürük. Biz əşyaları təcrübəmizə əsaslanaraq qiymətləndiririk. Və nə qədər ki, gördüklərimizi beynimiz qiymətləndirməyib, biz səhv edə bilərik.

Məsələn, təcrübəmiz bizə əşyaların ölçüsü haqda təsəvvür verir. Sahildən müəyyən məsafədə olan qayıqdakı adam sahildəkindən qat-qat kiçik görünür. Lakin siz heç vaxt deyə bilməzsiniz ki, onlardan hansı ucaboy, hansı isə bəstəboydur. Bizim təfəkkürümüz daha hansı işarələrdən bəhrələnir? Onlardan biri perspektivdir. Siz dəmiryolu relslərinə baxanda bilirsiniz ki, iki rels uzaqlarda bir nöqtədə birləşəcək. Ona görə də siz relslərin arasındakı məsafəni təxmin edirsiniz və məsafə haqda özünüzdə təsəvvür yaradırsınız.

Təcrübəmiz bizə deyir ki, yaxınlıqda olan əşyaların konturları dəqiq, uzaqdakılarınkı pozuq görünür. Biz təcrübəyə əsaslanaraq, kölgələri də “oxuya” bilirik. Onlar bizə əşyaların forması, ölçüsü, bir-birinə nisbətdə yeri haqda məlumat verir. Yaxındakı obyektlər çox vaxt uzaqda yerləşən obyektlərin müəyyən hissəsini örtür. Başınızın hərəkətiylə siz qarşınızdakı ağacın, yoxsa dirəyin daha uzaqda olduğunu təyin edə bilirsiniz. Bir gözünüzü yumun və başınızı çevirin. Daha uzaqda olan obyekt sanki başınızın hərəkətinə uyğun hərəkət edir. Yaxınlıqdakı obyekt isə əks tərəfə gedir. Hər iki gözün səylərinin birləşməsi də bizə mühüm işarələr verir. Obyekt siz tərəfə hərəkət edəndə, siz isə onu fokusda saxlamağa cəhd göstərəndə gözlərinizin görmə xətti birləşir və görmə əzələlərində bir gərginlik yaranır. Bax, bu gərginlik də dolayı yolla məsafənin göstəricisidir.

 

Biz müxtəlif səsləri necə eşidirik?

 

Bütün səslər vibrasiya edən əşyalardan gəlir, daha doğrusu, o əşyalardan ki, sürətli hərəkətlər edir, yaxud titrəyirlər. Bu vibrasiya hava molekullarını tərpədir, həmin molekullar isə yanlarındakı molekulları hərəkətə gətirir və tezliklə havada molekulların hərəkəti başlanır ki, bu proses də bizim səs dalğaları adlandırdığımız hadisəni yaradır.

Lakin vibrasiyalar fərqli olur və fərqli də səslər çıxarır. Səslər bir-birindən üç əsas xarakteristikasına görə fərqlənir: gücü, yüksəkliyi və tonu, yaxud ahənginə görə. Səsin gücü vibrasiya edən əşya ilə insan qulağı arasındakı məsafədən, habelə bu vibrasiyanın böyüklüyündən asılıdır. Vibrasiyanın böyüklüyü, yəni amplitudası nə qədər çox olsa, səs o qədər güclü çıxacaq. Səsin yüksəkliyi isə vibrasiyanın sürətindən (tezliyindən) asılıdır. Ahəng, yaxud tonallıq isə tamam başqa xüsusiyyətə malikdir. O, səsin tərkibindəki obertonların miqdarı və gücü ilə bağlıdır. Ahəng zil və bəm səslər qarışanda yaranır.

Səs dalğası qulaq dəliyimizdən keçib qulaq pərdəsinə çatmayınca, biz heç nə eşitmərik. Qulaq pərdəsi təbilin pərdəsi kimi işləyir və orta qulaqda olan üç xırda sümüyü səsin ritminə uyğun hərəkətə gətirir. Bunun nəticəsində daxili qulaqdakı maye yerdəyişmələrə başlayır.

Səs dalğaları mayeni hərəkətə gətirir və həmin mayenin içindəki xırdaca hüceyrə-tükcüklər də hərəkətə gəlir. Bu hüceyrə-tükcüklər hərəkəti sinir impulslarına çevirir, onlar da beyinə köçür, beyin isə artıq bu impulsları səs kimi qiymətləndirir. Lakin müxtəlif səslər bizim qulaqlarımızda müxtəlif hərəkətlər də yaradır ki, bu hərəkətlər də beyinə müxtəlif sinir impulsları yollayır və bütün bunlar ona səbəb olur ki, biz cürbəcür səslər eşidirik!

 

Biz mahnını necə oxuyuruq?

 

Bizə bəlli olan musiqi alətlərindən heç biri özünün diapazonuna və ahəng çalarlarının zənginliyinə görə insan səsiylə müqayisəyə gələ bilməz! İnsanın səs aparatı çox mürəkkəb bir mexanizmdir. Gəlin, qırtlaqdan başlayaq. Burada qığırdaq əsaslı səs aparatı yerləşir – əlinizi sürtsəniz, onu boğazınızın qabaq hissəsində hiss edərsiniz.

Qırtlağın içində iki çömçəşəkilli qığırdaq var – onlara bizim səs tellərimiz birləşir. On altı müxtəlif əzələ bu səs tellərini gərib-boşaldaraq hərəkətə gətirir – eynən skripkaçalan öz alətinin simlərindəki gərginliyi barmaqlarıyla tənzimləyən kimi. Səs telləri təxminən 170 vəziyyət ala bilər! Diafraqma və başqa əzələlərin köməyiylə yuxarı müəyyən qədər hava qalxanda, səs telləri titrəməyə başlayır, bu isə nəfəs yollarındakı havanı titrədir. Məhz havanın titrəməsini biz səs kimi qəbul edirik.

Əgər səs telləri çox gərilməyibsə, onlar təxminən saniyədə 80 dəfə vibrasiya edir və eşitdiyimiz səs bəm olur. Əgər səs telləri gərgindirsə, onlar saniyədə təxminən 1000 dəfə titrəyə bilər və biz yüksək səs eşidərik. İnsanın səsinin yüksəkliyi səs tellərinin uzunluğundan da asılıdır.

Səsin diapazon və keyfiyyəti rezonansa gələn boşluqların forma və ölçüsündən də asılıdır. Bu boşluqların sırasına səs tellərinin bir qismi, traxeya, köks qəfəsi, ağız və burun boşluqları da daxildir. Gözəl səsi olan adamlarda rezonansa gələn boşluqlar elə formadadır ki, onların vibrasiyasından “musiqili” səs əmələ gəlir.

 

Dil nə edir?

 

Dil, eyni zamanda həm əzələlərin ən heyrətamizi, həm də bədənimizin bir orqanıdır. Dil yeganə əzələdir ki, yalnız bir tətəfdən bərkidilib. Ona görə də dil başqa heç bir əzələnin edə bilməyəcəyi hərəkətləri edir ki, bu da onun yerinə yetirdiyi vəzifənin həyata keçirilməsində müstəsna əhəmiyyət daşıyır.

Biz danışaraq ən müxtəlif səsləri çıxaranda dil də müxtəlif vəziyyətlər alır, müxtəlif formalara düşür və bu, bizə həmin səsləri çıxarmağa imkan verir. Aramla bütün əlifbanı tələffüz edin. Görəcəksiniz ki, müxtəlif səslərin tələffüzü zamanı dil müxtəlif vəziyyətlərə düşür.

Onun üzərindəki selikli qişa qidanın qəbulunda, saxlanmasında və çeynənməsində iştirak edir. Dilin səthi elə bil sürtkəc, vərdənə, paltar taxtası, fırça, dırmıq və qəbul etdiyimiz qidaya təsir göstərən nöqtələrin kombinasiyasından ibarətdir.

Dil həm də hissiyyatına görə ən həssas orqanlardan biridir. O daim ağızda baş verən dəyişikliklərdən xəbər verir və yeyib-içdiklərimiz haqda informasiyanı mərkəzi sinir sisteminə göndərir. Və nəhayət, dilin üzərində dadbilmə sorucuları yerləşir. Onun səthi xırdaca, ziyiləbənzər şişciklərlə örtülüdür. Bu şişciklərin divarlarında dad sorucuları qərar tutub.

İnsanın dilində təxminən 3000 dad sorucusu var. İnəkdə onların sayı təxminən 35 min, balinada isə ya lap azdır, ya da heç yoxdur. Onların sayı heyvanın ehtiyacından birbaşa asılıdır. İnsandakı dad sorucuları üç müxtəlif dadı qeydə ala bilir: şirin, duzlu, acı. İnsan turş dadı da seçə bilir, amma bu dad, yuxarıda sadaladığımız üç dadın kombinasiyası da ola bilər.

Dilin müxtəlif hissələri müxtəlif dadlara qarşı həssasdır. Onun arxa tərəfi daha çox acıya, yanları turş və duzluya, ucu isə şirin dadlara qarşı həssas olur.

 

Qoxu nədir?

 

Bizim iy bilməyimiz adama çox adi gəlir. Lakin iybilmə prosesi və ümumiyyətlə, qoxularla bağlı hər şeyin çox mürəkkəb mexanizmi var. İnsanın iybilmə qabiliyyəti başqa heyvanlarınkından qat-qat zəifdir. İnsanın iybilmə orqanı burnunda yerləşir: qoxu barədə informasiyanın daxil olduğu yer məhz burundur. Burun kiçik bir orqandır – onun hər yarısı baş barmağın dırnağından böyük deyil.

Bu orqan sinir hüceyrələri olan selikli təbəqədən ibarətdir. Bu təbəqə hər iki tərəfdən sinir lifləri ilə əhatə olunub və onlar selik vəzilərinin köməyiylə daim nəm qalırlar. Hüceyrələrdən nazik tücküçlər çıxır və burun boşluğuna keçir. Lakin bu tükcüklərin ucları qalın hüceyrə qatı ilə örtülüdür. Əgər bu örtük yoxdursa, biz qoxuları seçə bilmək qabiliyyətini itiririk. Adi nəfəsalma prosesində hava axını qoxubilmə zonası ilə təmasa girmir, ona görə də biz hansısa qoxunu seçmək istəyəndə, məhz bu məqsədlə nəfəs çəkməliyik ki, hava bizə lazım olan yerə girə bilsin.

Bizim qoxuladığımız maddə tükcüklərin üzərindəki qalın hüceyrə qatında həll olmalıdır ki, biz qoxunu duya bilək. Ona görə də qoxunu “tutmaq” üçün bizə müəyyən vaxt lazım olur.

Bu, həm də ona görə baş verir ki, qoxusu olan maddələr həm də uçucu olmalıdır, yəni hərəkət edə bilməlidir, iybilmə tükcüklərində həll ola bilən yağlı maddələr ifraz etməlidir. Əşyanın qoxusu müəyyən iyin daşıyıcısı olan atom qruplarından asılıdır. Ona görə də qoxu maddənin kimyəvi formulundan asılıdır, hər tip qoxunun isə öz kimyəvi tərkibi olur.

Bizim qoxu orqanlarımızın oyanması üçün kifayət qədər az miqdarda iyli maddə kifayətdir. Beyində kiçik bir qoxu mərkəzi var ki, burundakı sinirlərdən informasiyanı alaraq, hansı iyini duyduğumuzu müəyyən edir.

 

Burunda selik nəyə lazımdır?

 

İnsan orqanizmindən söz düşəndə, qəti şübhə etməyə bilərsiniz ki, onda olan hər şeyin öz vəzifəsi var. Bu, həm də burunun selikli qişasına aiddir. Burun orqanizmə havanın girdiyi keçiddir. Lakin bu hava ağ ciyərlərə düşməmişdən, onun üzərində müəyyən iş getməlidir. O havanı isitmək və təmizləmək lazımdır. Havanın tərkibində orqanizmə düşməyə çalışan tozların əhəmiyyətli bir hissəsi burun vasitəsiylə tutulur.

Havanın ilkin təmizlənməsi burun dəliklərinin girişində bitən cod tüklər vasitəsiylə baş verir. Burada ən iri toz hissəcikləri filtrasiya olunur.

Burundan başlayaraq ağ ciyərlərin girişinə kimi, nəfəs yolları xırdaca tükcüklərlə örtülüdür. Bu tükcüklərə kirpiklər deyilir. Bizim burnumuzdakı selik tam şəffafdır. Onun sonradan boz-yaşıl rəngə düşməsi bundandır ki, kirpikciklər hava yollarıyla buruna ən xırda tozcuqları belə çıxarır və bu toz, burunda seliklə qarışır.

Gecə-gündüz, hər dəqiqə insan milyonlarla toz dənəciyini havayla bir yerdə içinə çəkir və bunun yaşadığınız yerdəki havanın təmizliyiylə o qədər də əlaqəsi yoxdur. Yalnız okean üzərindəki havada, sahilə 1000 kilometrdən az məsafə olmayan yerlərdə hava tam təmiz olur. Hətta şəhərdən kənarda bizə təmiz görünən havanı ciyərlərimizə çəkərkən onunla bir yerdə yarım milyonadək toz hissəciyi uduruq! Nəfəs alarkən burnumuza tozla bir yerdə cürbəcür bakteriyalar düşür. Bu bakteriyalar da burnumuzun selikli qişasında ilişib qalır. Burun seliyinin antiseptik tərkibə malik olmasındandır ki, bir çox bakteriyalar onunla təmasa girən kimi ölür...

Beləliklə, siz gördünüz ki, burnumuzdakı selik bizim sağlamlığımızın qorunması yolunda çox böyük işlər görür!

 

Fövqəltəbii qavrayış nəylə izah olunur?

 

Ətrafımızdakı dünyada baş verənlərdən biz necə xəbər tuturuq? Bizə görmək, eşitmək, hiss etmək, duymaq imkanı verən hissiyyatlarımız vasitəsiylə. Lakin bəzi alimlər belə hesab edir ki, insan öz duyğu orqanlarının köməyi olmadan da informasiya ala bilər. Onlar fikirləşir ki, insan şüuru indiyədək açılmamış bəzi imkanlara malikdir və bu, duyğu üzvlərindən kənar informasiyanın alınmasını mümkün edir. Bu prosesə fövqəltəbii qavrayış deyirlər. Təbii qavrayış insanın hiss üzvlərindən gələn qavrayışdırsa, fövqəltəbii bu hisslərdən kənar qavrayış olacaq. Bu məsələni araşdıranların çoxu psixoloq alimlər olub. Onların fəaliyyət sahəsi isə parapsixologiya adlanır. Bu elm, hələ ki, fiziki izahı olmayan şeylərin, hadisələrin tədqiqi ilə məşğuldur.

Belə qəbul olunub ki, üç növ fövqəltəbii qavrayış var. Onlardan birinə nümunə, bəzi insanların başqalarının fikrini oxumasıdır. İkinci növü belə bir nümunə ilə illüstrasiya etmək olar: bir şəhərdə qadın yuxuda görür ki, başqa şəhərdə yaşayan qızı avtomobil qəzasında xəsarət alıb. Ertəsi gün isə ona xəbər çatır ki, dünən qızını maşın vurub. Üçüncü növ, gələcəyə baxıb bəzi hadisələri qabaqcadan söyləmək imkanı olan adamlarla bağlıdır. Bizə bəllidir ki, buna bənzər hadisələr həqiqətən olub, amma belə xəbərləri vaxtında yoxlamaq və bunun əslində necə baş verdiyini öyrənmək çox çətindir.

Bundan başqa, çoxları belə şeylərə inanmağa meyillidir və doğrunu yalandan ayırmaq mümkün olmadığından, baş verənlərin dəqiq qeydiyyatı aparılmır. Fövqəltəbii qavrayışın varlığını sübut etmək üçün çox təcrübələr aparılıb, lakin alimlərin əksəriyyəti üçün belə bir halın mümkünlüyü hələ də qəbuledilməzdir.

 

Biz niyə yoruluruq?

 

Yorğunluğu zəhərlənmənin bir növü kimi qiymətləndirmək olar! Orqanizmimizin əzələləri hansısa işi görəndə süd turşusu ifraz edir. Əgər yorğun əzələdən süd turşusu çıxarılsa, həmin əzələ yenidən işləyə biləcək. Orqanizm əzələ aktivliyi zamanı yorğunluq toksini, yaxud kenotoksin adlandırdığımız başqa maddə yaradır. Qan onu orqanizmə yayır və həm əzələnin özü, həm bütün bədən, xüsusilə də beyin yorğunluq hiss edir.

Alimlər yorğunluqla bağlı maraqlı təcrübələr aparıb. Əgər iti əldən düşənədək işləməyə məcbur etsək, o, axırda yuxuya gedəcək. Yorğun itin qanını başqa itə köçürsən, o da yorğunluq hiss edib yatacaq! Əgər yaxşıca dincəlmiş itin qanını yorğun düşüb yatmış itə köçürsək, o, həmin an oyanacaq və daha canında yorğunluq hiss etməyəcək!

Lakin yorğunluq  yalnız kimyəvi proses deyil, həm də bioloji prosesdir. Biz yorğunluğu dincəlməkdən başqa heç bir şeylə çıxara bilmərik – mütləq bədənin hüceyrələrinə dinclik verməliyik. İtkilər bərpa olunmalıdır, beyin hüceyrələri yenidən “enerji almalıdır”, ətrafların oynaqları isə işlədib tükəndirdiyi sürtkü materialını bərpa etməlidir.

Yorğunluqdan sonra yuxu bədənin enerjisinin bərpası üçün zəruridir. Bir çox hallarda yorulmuş orqanizmin iş qabiliyyətini bərpa etmək üçün bədənin başqa hissələrini aktivləşdirmək lazım olur. Bəzən aktiv istirahət həqiqətən də xeyir gətirir, çünki nəfəsin təmizlənməsinə səbəb olur. Qan daha tez dövr edir, vəzilərin fəaliyyəti aktivləşir, tullantılar bədənin yorğun yerlərindən daha intensiv çıxır. Lakin lap əldən düşmüsünüzsə, bu zaman ən yaxşı üsul yatıb dincəlməkdir.