Elektron ədəbiyyat və sənət portalı

“Yerusəlim Post” qəzetində Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı haqqında məqalə dərc edilib

Bölmə: 12.08.2016

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, məqalədə müəllif “Yarımçıq əlyazma” romanının bədii-fəlsəfi məziyyətləri ilə bağlı fikir və düşüncələrini qələmə alıb. Müəllif yazır: “Kamal Abdulla “Yarımçıq əlyazma”nın qəhrəmanı olan araşdırmaçı gəncin hər şeylə maraqlanan dərin düşüncə prizmasından tarix adlandırılan bir nəsnənin içərisində olan sehri araşdırır, oxucusunu öz şıltaq suallar və ideyalar aləminə aparır. Bəzən hekayələr sadəcə öz-özünə mövcud olur, nə əvvəli bəllidir, nə də sonu.

Kitab özündə Dədə Qorqud və tarixi şəxsiyyət Şah İsmayıl Xətai haqqındakı təhkiyəni birləşdirir və bu iki mövzunun kəsişdiyi ortaq və fərqli nöqtələri cəmləşdirərək, həm tədqiqatçını, həm də oxucunu naməlum olanın batinində daha nələrin gizləndiyini açmağa sövq edir.

“Yarımçıq əlyazma” romanında Kamal Abdulla hər bir insanın daxilində olan natamamlıq vəziyyəti haqqında, eləcə də araşdırma və özünüanaliz prosesinin bizim bildiyimizə və inandığımıza necə təsir edəcəyinə dair oxucu qarşısında dərin suallar qoyur.

Əsər cəmiyyətin tarix boyunca qarşıya qoyulan tolerantlıq, sülh kimi dərin fundamental suallara cavab tapması prosesindən keçərək necə inkişaf etməsini analiz edir. Bu xüsusi təhkiyəçilik elementlərinə Azərbaycan tarixində tez-tez rast gəlinir və məhz onlar müasir cəmiyyət və onun problemlərinin öyrənilməsinə maraqlı rakursdan baxmağa imkan verir.

Kamal Abdulla oxucusunu bəşər tarixinin verdiyi çoxsaylı dərslərin dünyanı bürümüş mədəniyyətlərarası və dinlərarası konfliktlərin həll olunmasında hansı müstəsna rola malik olduğunu düşündürməyə vadar edir.

“Yarımçıq əlyazma” və şəxsi müdrikliyi vasitəsi ilə Kamal Abdulla milli tarixin mürəkkəb ideyalar zəminində inkişaf edən, bəşər tarixinin müxtəlif zamanlarını əhatə edən və insanlar arasında mümkün olan yeni dünyanın tədqiqatını aparan özünəməxsus mədəni kontekstini açmağa davam edir. “Yarımçıq əlyazma” Kamal Abdulla şəxsiyyətinin bədiiləşmiş təzahürüdür”.

İsrael Barouk məqalədə Kamal Abdullanın bədii yaradıcılığına işıq tutmaqla yanaşı, görkəmli yazıçının elmi və ictimai-siyasi fəaliyyətindən söz açıb və onu Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi işində ən görkəmli ekspertlərdən biri kimi səciyyələndirib.