Elektron ədəbiyyat və sənət portalı

Kraliça Nur

Bölmə: Tarix 19.08.2016

...Bəzən deyirlər ki, hökmdarlar ən adi insani hisslərdən məhrumdur, yəni onlarda qəlb deyilən şey yoxdur, oturublar taxt-tacda, içləri qəzəb və nifrətlə doludur, məsləhət almağı özlərinə ar bilir, məmləkəti də istədikləri kimi idarə edirlər.

Bu rəyi nağıllar, əfsanələr formalaşdırıb. Şifahi xalq ədəbiyyatında yaxşı padşaha nadir hallarda rast gələrsən. Əslində, statusu kənara qoysaq, şahlar, krallar və kraliçalar da adi adamlardır və yeri gələndə onlar da hissə qapılır, sevir, sevilir, kədərli anlarda göz yaşlarına hakim kəsilə bilmirlər.

Liz Çələbi də əvvəl belə düşünürdü ki, bütün krallar öz sələflərindən mənfi nə varsa, hamısını əxz eləyiblər. Bu səbəbdən İordaniya kralı Hüseynin şəxsi həyatı barədə bəzi gerçəkləri öyrənmişdi. 42 yaşlı Hüseyn 3 dəfə evlənməyə macal tapıb. O, əvvəlcə özündən 7 yaş böyük Dina bin Əbdül-Həmidlə ailə həyatı qurub, bu qadın Kembric Universitetini bitirmişdi və Qahirə Universitetində ingilis ədəbiyyatından dərs deyirdi. Lakin bu izdivac uzun sürmədi.

İkinci həyat yoldaşı Antuanetta Avril Qardiner ingilis zabitinin qızı idi, dəbdəbəli həyatı çox sevir, ailəyə dəyər vermirdi. Hüseyn Antuanettadan olan iki övladına anaları ilə görüşməyi qadağan etmişdi. Bu fakt Lizi yaman qorxudurdu. Deməli, kral qəddar da ola bilir.

Hüseynin 3-cü arvadı, 1 il əvvəl avtomobil qəzasında həlak olmuş Aliyə Fələstin əsilli idi və deyilənə görə kral bu qadını dəlicəsinə sevirmiş. İordaniyalılar Aliyənin əziz xatirəsini uca tuturdular. O, ictimai həyatda yaxından iştirak edirdi, qadınların parlament seçkilərində iştirakına nail olmuşdu.

 “3 arvad və 7 uşaq! Yeni ailə həyatı üçün heç də pis başlanğıc deyil!” - Liz bunu düşünsə də, qəlbini ovsunlamış hisslərlə bacara bilmirdi. Hüseyn onu Əmmən hava limanından Nyu-Yorka yola salanda yalnız bunu demişdi:

- Həyatımın bəzəyinə çevrilərsənmi?”

Bu sözlərdən sonra Liz bütün tərəddüdlərin üstündən xətt çəkdi.

Nyu-Yorkun 5-ci Avenyusunda, Çələbilərin ailə məşvərəti çox gərgin keçdi. Lizin atası Nəcibin dediyi son sözlər bütün rəylərin qayəsini ifadə edirdi:

- Hüseynə ərə getməyi sənə qadağan edirəm!

...Liz Hələbi 1978-ci il iyunun 15-də İordaniya kralı Hüseyn ben Talalın həyat yoldaşı oldu. O, həyatının ən əziz günü - nigah mərasimini tam fərqli təsəvvür edirdi. Gəlin özü üçün “Dior”dan xüsusi libas sifariş vermişdi, yastıdaban nəfis ayaqqabı tikdirmişdi, çünki boyca Hüseyndən hündür idi.

Lakin kəbin mərasimi cəmi 3-4 dəqiqə çəkdi və Lizi maşına basıb Hüseynin anası - kraliça Zaynın yaşadığı Zəhran sarayına apardılar. Sonradan öyrəndi ki, Zayn oğlunu dərin məhəbbətlə sevdiyi üçün onun əvvəlki 3 arvadını gəlin kimi qəbul etməyib, elə ana kraliçanın bu dəfəki soyuq baxışlarından da duyulurdu ki, Liz də həmin siyahıya daxil olacaq.

Sürprizlər bundan sonra başlandı. Liz bir gecənin içində şıltaq, təkəbbürlü, ipə-sapa yatmayan qızdan məsum və itaətkar şərq qadınına çevrildi. Taxt-tacın yeni xanımı ABŞ vətəndaşlığından imtina edib İordaniya vətəndaşı oldu, xristian etiqadını dəyişərək, İslamı qəbul etdi. Ən başlıcası, Lizin adını dəyişərək “Nur əl Hüseyn” qoydular, yəni “Hüseynin nuru”.

Ən çətini yeni həyata uyğunlaşmaq, ilk növbədə Hüseynin və ətrafdakıların hörmətini qazanmaq idi. Nur ərəb dilindən başladı. İlahi, dünyada belə çətin dil varmı? O, hesab edirdi ki, dili əməlli-başlı öyrənib, ancaq Əmmən bazarında qoca satıcının dediklərini heç cürə anlaya bilməyəndə, bazardakıların istehzalı baxışları altında oranı tərk edəndə başa düşdü ki, hələ çox oxuyub öyrənməlidir.

Saray əhli, xüsusən də qulluqçular hələ də Nura “əlahəzrət” əvəzinə cidd-cəhdlə “madam” deyə müraciət edirdi. Bu “ənənəni” dəyişə bilməyəcəyini anlayan Nur yeni xidmətçilərini Avropadan gətizdirdi.

Hüseynin əvvəlki arvadlarından olan uşaqları ilə dil tapmaq müşkül məsələyə çevrildi. Kral mərhum arvadı Aliyənin uşaqları - qızı Hayn və oğlu Əlini göstərib demişdi:

- İstəyirəm ki, onlara yaxşı ana olasan!

Nurun uşaqlarla, özü də kral sarayında böyümüş ərköyünlərlə sıx ünsiyyət qurmaqda heç bir təcrübəsi yox idi. Kimdən məsləhət almalı? Bu mövzuda olan ədəbiyyat da köməyə gəlmədi. Deməli, Nur yalnız özünə güvənməli idi

...Körfəz münaqişəsi zamanı Küveyt və İraqdan 13 mindən çox qaçqın İordaniyada sığınacaq tapdı. Kraliça Nur həmin dəhşətli günlərdə yuxusuzluqdan və yorğunluqdan ayaqda güclə dayansa da, köməksiz qaçqınların çadır düşərgəsində yerləşdirilməsi, onların bütün ehtiyaclarının ödənilməsi işinə şəxsən rəhbərlik edirdi. Səsi batmışdı. Amma gözlərindəki Nur bütün komandanı ruhlandırırdı. Hətta ABŞ-ın qırıcı təyyarələri çadır şəhərciyin üstündə uçanda Nur qaçqın uşaqları qucaqlayıb onları özünün keçmiş həmvətənlərindən qorumağa çalışırdı.

Kraliça Nur şücaətləri ilə xalqın etimadını qazandı. Kral Hüseyn həyat yoldaşı ilə fəxr edirdi. Lizin təşəbbüsü ilə ölkədə yeni məktəblər, klinikalar tikildi, nəhəng sosial-iqtisadi layihələrə start verildi. İordaniyalılar bu insanpərvər və humanist qadının Amerika əsilli olduğunu unudaraq artıq onu nəvazişlə “bizim əlahəzrət kraliça Nur” çağırırdılar.

...Amma kraliça Nurun sevgi hekayəti nağıllardan fərqli oldu. 1999-cu il fevralın 6-da kral Hüseyn xərçəng xəstəliyindən vəfat etdi. Onun tabutu arxasınca Klinton, Karter, Ford, Buş, Peres, Yeltsin kimi dünya siyasətçiləri addımlayırdı. Bu, bütün dünyanın kral Hüseynə və kraliça Nurun daha canından artıq sevdiyi İordaniyaya sonsuz məhəbbətinin təcəssümü idi!

Fərhad SABİROĞLU