Elektron ədəbiyyat və sənət portalı

Çegem nəğməkarı

Bölmə: «Aydın Yol»çular 12.08.2016

Bu imza gəncliyi ötən əsrin 70-80-ci illərinə düşmüş nəsil üçün daha da doğma idi: rusdilli yazıçılar bolluğunda Çingiz Aytmatov, Oljas Süleymenov, Qaysın Quliyev... İmzaları kimi məhrəm görünürdü.

Onda Fazil İsgəndərin ömür hekayətilə bağlı bəzi təfərrüatları bilmədiyimizə görə, onu türk, acar sayanlar da vardı. Sonralar xəbər tutduq ki, Fazil İsgəndər Suxumidə kərpic zavodu sahibi olan iranlı Əbdül İsgəndərlə abxaz qadının ailəsində doğulub, tezliklə də atasını sürgün eləyiblər, ondan sonra onun üzünü görməyib.

Fazil İsgəndər yaradıcılığa şair kimi başlamış, bir-birinin ardınca altı poetik toplu nəşr etdirmişdi.  Amma ədəbi aləm onu daha geniş miqyasda düz əlli il bundan əvvəl – 1966-cı ildə çap olunmuş “Keçi-təkə kəhkəşanı” povestinə görə tanımışdı. Sonra doğulub böyüdüyü Çegem haqqında hekayələri, povestləri, romanları işıq üzü gördü. “Çegemli Sandro” roman-epopeyası, “Çikin uşaqlığı” eposu, “Dovşanlar və ilanlar” povest-pritçası Fazil İsgəndəri təkcə Abxaziyada, Gürcüstanda yox, bütün Sovetlər Birliyində tanıtdı. Təsadüfi deyildi ki, “Çegemli Sandro” əsəri 1989-cu ildə SSRİ Dövlər Mükafatına layiq görülmüşdü. Mübaliğəsiz, onun Çegemi rusdilli oxuculara Qabriel Qarsia Markesin Makondosu, Uilyam Folknerin Yoknapatofu, Çingiz Aytmatovun  Şəkər aulu qədər tanış idi.

Fazil İsgəndərin hekayə və povestləri yazıçının özünəməxsus mövzuları,  üslubu, təxəyyül zənginliyi və qəhrəmanları ilə oxucunun yaddaşına yazılır. O, əksər əsərlərini birinci şəxsin dilindən qələmə alıb, özü ilə ədəbi qəhrəmanları arasındakı hüdudları ustalıqla aradan götürməyi bacarıb. Üstəlik, onun rəvan təhkiyəsi, dəqiq müşahidələri və incə yumoru əsərlərini daha da oxunaqlı edir.

Onun “İnsan və onun ətrafı”, “Məktəb valsı”, “Sofiçka”, “Şair”, “İnsan dayanacağı” povestləri, əksər hekayələri indi də maraqla oxunur.

Bütün bu illər ərzində o, poeziyadan aralı düşməmişdi, oxuculara təqdim elədiyi üç poetik toplu da bunu təsdiq edir. Amma, şübhəsiz, o Haqqa qovuşandan sonra da yaddaşlarda Çegem haqqındakı nəsr əsərlərinin müəllifi kimi qalacaq.

Fazil İsgəndər yüksək vəzifələrdə də çalışıb, deputat da olub, dövlət mükafatlarına da layiq görülüb, amma heç vaxt siyasətlə məşğul olmayıb. Onun fikrincə, yalnız yaradıcılıqda uğursuzluğa düçar olmuş qələm adamları ictimai-siyasi fəaliyyətlə məşğul olurlar. “Mən həmişə həqiqəti üzə çıxarmağa çalışmışam, - yazıçı deyirdi, - fikrimcə, yazmağın mahiyyəti də bundan ibarətdir”.

Fazil İsgəndərin rusdilli ədəbi məkanda böyük şöhrətə malik olduğunu nəşr olunan əsərlərinin sayından və tirajından da dərk eləmək mümkündür...

Bununla belə, onun  yoxluğu təkcə rusdilli ədəbiyyat üçün yox, bütövlükdə ədəbiyyat üçün itkidir...