Elektron ədəbiyyat və sənət portalı

Gözəllər gözəli İstanbul...

Bölmə: Tarix 12.08.2016

İnsan üçün Vətənin varlığı böyük xoşbəxtlikdi, amma bu həm də bəlli çərçivənin, sərhədlərin olması deməkdir. Bu Vətəndən göyün yeddinci qatına qalxdıqca, insanların, maşınların, evlərin elə həm də sərhədlərin görünmədiyi buludların üstündən baxdıqca bambaşqa bir həyatın da olduğuna sevinirsən. Bu çərçivəsizlik, bəlkə də, rahatlıq, hüdudsuzluq demək deyil, amma o hər zaman insana cazibədar görünür.  Bakı-İstanbul təyyarəsi, içərisindəki sərnişinləri xırda narahatlıq belə keçirtmədən uçuşunu müvəffəqiyyətlə başa çatdırdı. Bu, İstanbula ilk səfərim idi. Dillərə dastan olan, adı tarixdə qızıl hərflərlə yazılan İstanbul məni də heyrətləndirəcəkdimi, bilmirəm. İlk ayaq qoyduğumuz yer İstanbulun Emin Önüsü bir qədər məni elə türklər özləri demiş, xəyal qırıqlığına uğratdı. Müxtəlif ölkələrdən gələn məcburi köçkünlər, müxtəlif ölkələrin mədəniyyətlərinin daşıyıcıları olan turistlər və üstəgəl onların özünəməxsus davranışları, deyilənə görə terror aktları ucbatından heç yerdə gözə dəyməyən zibil qutularının yoxluğundan hər addımbaşı qarşılaşdığımız qida qalıqları, boş su qabları kefimə soğan doğramışdı. İllah da, Qara dənizin Emin Önü sahilindən görünən tərəfinin xoş olmayan qoxusu dərhal İstanbul haqqında olan xəyallarımda çatlar əmələ gətirdi. Əlbəttə, deyə bilərsiniz ki, meqapolislərdə bu kimi hallarla qarşılaşmaq gözləniləndir və hələ ilk gördüyün İstanbul  heç də İstanbul demək deyil. Yükləri hotelin nömrəsinə yerləşdirinə, yemək yeyib yol yorğunluğumuzu çıxaranacan hava artıq qaralmışdı. Amma bu dəfə gəzintisinə çıxdığımız Taksim meydanı, İstiqlal caddəsi küçə musiqiçilərinin ifa etdiyi türkülərin fonunda olduqca cazibədar görünürdü və insanın içinə qəribə bir rahatlıq gətirirdi. Ayaq saxlayıb ara küçələrin birində açılmış çay evinə yaxınlaşdıq. Dar küçəyə düzülmüş kiçik masaların ətrafında əyləşmiş insanlar türk çayını dadaraq canlı türkülər dinləyirdilər. Biz də onlara qoşulmağı qərara aldıq. Çaydan doyduq, amma istedadlı gənclərin ifalarını yarımçıq qoyub yolumuza davam etməyə ayaqlarımız qalxmırdı. Amma gec idi…

Səhəri gəzintiyə “Sultanəhməd” məscidini ziyarət etməklə başlayacaqdıq. Bura fotolarda olduğundan daha gözəl idi. İçəri girməzdən əvvəl məscidin sağında və solunda, önündə və arxasında şəkillər çəkdirən turistlərə qoşulub ziyarətimizi fotoaparatın yaddaşına köçürdük. Müxtəlif ölkələrdən gəlmiş insanların bu tarixi abidəyə olan heyranlıqları dərhal görünürdü. Biz də onlara qoşulub məscidin həyətinə doğru irəlilədik. Həyətdə məscidə daxil olmaq üçün qadınların və kişilərin geyim qaydaları təsvir olunan şəkillərdən ibarət lövhələr var idi. Qaydalara uyğun olaraq həyətdə qoyulmuş köşklərin birinə yaxınlaşıb qadınlar üçün nəzərdə tutulmuş libaslardan birini götürdüm və bu geyim çox xoşuma gəldi, özü də, deyəsən, mənə pis yaraşmadı.

“Sultanəhməd” məscidi haqqında eşitdiyim, oxuduğum, bildiyim məlumatları xatırladım:

Memarı Sədəfkar Məmməd Ağa olan məscidin inşasına 1609-cu ildə başlanmış və 1616-cı ildə tamamlanma işləri görülmüşdü. 6 minarəli məscidin hündürlüyü 45 metrdi. Osmanlı sultanı I Əhmədin sifarişi ilə tikilən məscid mavi, yaşıl və ağ rəngli İznik çiniləriylə, qübbələri isə sırf mavi çalarlı əl işləri ilə bəzəndiyi üçün avropalılar tərəfindən “Mavi məscid” kimi də adlandırılır və Ayasofyanın 1935-ci ildə muzey kimi istifadəyə verilməsindən sonra, İstanbulun əsas məscidi mövqeyini daşıyır.

Sultanəhməd məscid kompleksinə məscid, mədrəsələr, dükanlar, hamam, bulaq, türbə, kirayəlik otaqlar və s. daxil olub və onlardan bir qismi günümüzə qədər gəlib çıxmayıb.

Tikintinin memarlıq baxımından ən diqqətçəkən məqamı onun 20000-i aşan İznik çinisiylə bəzədilməsidir. Məscidin ibadətxana bölümü 64x72 metr ölçüsündədir. 43 metr yüksəkliyindəki mərkəzi qübbəsinin diametri 23,5 metrdir. Məscidin içi 200-dən çox rəngli şüşə ilə işıqlandırılıb.

“Sultanəhməd” məscidi, 1985-ci ildə UNESCO Dünya İrsləri siyahısına daxil olunub.

Məscid inşa edildiyi dövrlərdə uzun müddət cümə günləri Topkapı Sarayındakı insanların ibadət yeri olub.

Məscidin 6 minarəli olması haqqında bir əfsanədə belə deyilir: “ I Əhməd, minarələrin qızıldan olmasını istəyibmiş, ancaq bunun üçün lazım olan qızılın dəyəri padşahın büdcəsi imkanında olmadığından, məscidin memarı Sədəfkar Ağa bu əmri guya yanlış  “qızıl” - (altun) sözünü “altı” eşitdiyi səbəbindən 6 minarəli inşa edib.

Övliya Çələbinin səyahətnaməsindəki rəvayətə görə, caminin bünövrəsinin qazıldığı zaman Sultan I Əhməd özü şəxsən bu prosesdə iştirak edib və bura xalatının ətəyində torpaq daşıyıb. Onun bünövrəsinin qazıldığı zaman istifadə etdiyi alətlər isə Topqapı sarayında qorunmaqdadır.

Məscidin maraqlı yerlərindən biri də Hünkar Mahfili adlanan məkandır ki, deyilənlərə görə sultan I Əhməd hər Ramazan ayının son on günü ora çəkilərək zikr edərmiş.

Türkiyəyə gələn elə  bir siyasətçi, sənətçi, yaxud adi turist tapmaq çətindir ki, bu məscidi ziyarət etməmiş olsun. Rəsmi nümayəndələrin bura gəlişi isə az qala protokol səviyyəsindədir. Keçmiş ABŞ prezidenti Bill Klintonun məscidi iki dəfə ziyarət etməsi buna bariz nümunədir. Klinton məscidə ikinci gəlişi zamanı sanki bələdçi kimi ziyarətçilərə bu tarixi abidəni özü təqdim etmişdi. O, “İstanbula gəlib Sultanəhməd məscidini görməmək böyük yanlışlıq olar” demişdi.

 Amma bütün gözəlliklərinə baxmayaraq bura məhz ibadət etmək üçün gələnlər də az deyildi və yəqin ki, onların çoxunu bu abidənin hansısa tarixi və memarlıq məziyyətləri bir o qədər də maraqlandırmırdı.

Təəssüf ki, nə Ayasofiyanı, nə də Topqapı sarayını ziyarət etməyə zamanımız yox idi. İstanbulu qısa zamanda daha bitkin və dolğun görməyin  ən münasib yolu Emin Önüdə düzülən gəmilərin biri ilə dəniz səyahətinə çıxmaq idi və biz də bu şansı dəyərləndirməyə çalışdıq. Gəmidən füsunkar təbiəti, təkrarolunmaz memarlıq abidələri, qədim qalaları ilə gözümüz önündə əsrarəngiz bir gözəllik açılırdı. Bu, qədimliklə müasirliyin vəhdətindən doğulan bir gözəllik idi. Ona həm təbiət, həm muzey, həm şəhər, həm də ölkə demək olardı. Bu gözəllər gözəlinin adı İstanbul idi. 

FEYZİYYƏ, İstanbul-Bakı