Elektron ədəbiyyat və sənət portalı

Antalyada xristian məbədi

Bölmə: Tarix 19.08.2016

İstanbul-Antalya təyyarəsinin göyün neçənci qatında olduğunu bilməsəm də, nədənsə yuxarıdan aşağı baxdıqca özümü əksinə, daha rahat, təhlükəsiz hiss edirdim. Bəlkə də, yer üzündəki bütün dərdlər elə Yerdən gəlir və ayaqlar yerdən üzüləndə insan özünü daha rahat, sərbəst hiss edir. Bizi Antalya hava limanında turizm şirkətinin nümayəndəsi öz xidməti maşını ilə qarşıladı. Bəstə boylu, orta yaşlı bu kişi öz işinin ustası kimi görünürdü. İlk dəfə gördüyü qonaqları - bizi elə mehriban, səmimi qarşıladı ki, sanki uzun illər görüşməyən doğmalar idik.

Şəhər elə ilk baxışdan insanı valeh edirdi. Hamar yolları, səliqəylə əkilmiş dekorativ ağacları, çiçəkləri ona xüsusi gözəllik verirdi. Bura İstanbuldan o qədər fərqli göründü ki, elə bil bambaşqa ölkəyə gəlmişik. Gözəlliyi, səliqəsi və təmizliyi ilə göz oxşayan Antalyanı  elə ilk baxışdan o qədər bəyəndim ki, buradan ayrılıb getməyin nə qədər çətin olacağını indidən təsəvvür elədim.

Bax, bu idi təbiətin füsunkarlığı - öndə dalğalar, arxada dağlar və meşələr... Göz yaşı kimi dupduru dənizin xırda, gözəl qəmbər daşlarını saymaq keçirdi adamın ağlından. Ləpədöyəndəki daşın-çınqılın əlindən isə dənizə ayaq qoymaq mümkün deyildi. Bu gözəlliyi sadəcə görmək lazımdı, onun qarşısında dünyanın ən istedadlı qələmi, ən məharətli fırçası belə acizdir.

Təbii ki, yay mövsümündə insanları günəş vannası qəbul etmək daha çox cəlb edir, amma Antalyaya gəlib, yaxın ətrafda olan tarixi baxımdan olduqca əhəmiyyətli abidələri ziyarət etməmək böyük yanlışlıq olardı.

Hotellərin ətrafında yerləşən turizm şirkətlərinə yaxınlaşıb qiymətləri müqayisə elədik. Təbii ki, aralarındakı fərq az deyildi. Axı bura turizm şəhəridi, hamı istəyir mümkün qədər çox qazansın.

Beləliklə, münasib şirkətlərin biri ilə razılaşıb səhəri gözlədik. Səhər saat səkkizdə mikroavtobus bizi qaldığımız hotelin qarşısından götürdü. Onu da deyim ki, digər hotellərdən bizə qoşulan turistlər ruslar və ukraynalılar idi.

Hündür dağların, sıldırım qayaların qoynundan yarılıb açılan yolların aşağısında körpə kimi mışıl-mışıl uyuyan dənizin füsunkarlığı insanı məftun edirdi. Dağların, qayalıqların üstündən isə dəmir torlar asmışdılar ki, yuxarıdan qəfil gələ biləcək daş-çınqıl maşınların üstünə tökülməsin.

Bələdçimiz Aygül xanım idi.  Qazaxıstandan olan bu qaraşın qadın olduqca mehriban, istiqanlıydı. Avtobusda həyat yoldaşımla məndən savayı, bütün turistlər slavyan mənşəli  olduğundan o, rusca danışmalı oldu. O, Türkiyədə “Noel baba muzesi” adı ilə mühafizə olunan kilsəni biz turistlərə belə təqdim etdi:

“Mən müsəlmanam və islam dininin qanunlarına ölənədək sadiqəm. Amma hər dəfə bu kilsə haqqında danışanda həyəcanlanıram. Çünki bu məkanın sehrinin, möcüzəsinin şəxsən şahidi olmuşam. Burda dəfələrlə olsam da, hər gəlişimdə özüm üçün nəsə kəşf edirəm”.

Mən o vaxt Qazaxıstanda yaşayırdım. Qızım on il idi ailə qurmuşdu, amma övladı olmurdu. Müxtəlif ölkələrdə, müxtəlif xəstəxanalarda müayinələrdən keçmişdi. Hamısının da cavabı eyni olmuşdu: “Sənin övladın olmayacaq”. Bu, əlbəttə ki, gəncləri də, onların yaxınlarını da rəncidə edirdi. Mən də bir ana kimi qızımın taleyindən narahat idim. Bir gecə yuxunun təsirindən ayıldım. Görmüşdüm ki, qəribə bir tikilinin həyətindən içəriyə daxil oluram. Ora məscidə oxşamırdı, kilsədə isə mənim nə işim ola bilərdi? Tarixi və coğrafi bilgilərimə görə yuxuda gördüyüm tikili yalnız Avropa ölkələrindən birində olmalı idi. Yuxuda övladı olmayan qızımla həmin binadan uşaqla birlikdə çıxdığımızı gördüm. Yuxu mənə çox təsir etmişdi. Bilmirdim, gördüklərimi yuxu olduğuna görə ciddiyə almayım, yoxsa həyatda möcüzələrin baş verdiyinə inanım. Nəhayət, iş elə gətirdi ki, Türkiyəyə gələsi oldum. Türk dilini öyrənib turizm şirkətlərindən birində işə başladım. Günlərin bir günü  “Noel baba muzesi” adlanan bu tarixi binanın qarşısına gələndə gözlərimə inana bilmədim.

Budur, yuxuda gördüyüm həmin tikili eyni ilə qarşımda idi. İçəri girib, bu tarixi abidəni gəzdikcə gözlərimdən yaş axırdı. Bir neçə müddətdən sonra qızımı həmin yerə gətirdim. Xristianların müqəddəs bildikləri Nikolasın qəbrini ziyarət etdikdən sonra həmin il qızımın övladı dünyaya gəldi. Amma mən bir daha deyirəm, dinim islam dinidir və mən namaz qılıram. Amma bu məkanın möcüzələri qarşısında baş əyirəm”.

Qapının yanında qadınlar üçün baş örtüyü qoyulan xüsusi yerə yaxınlaşıb başımızı örtdük. Aygül xanım Müqəddəs Nikolas, onun uyuduğu bu kilsə, burada təsvir olunan ikonalar haqqında ətraflı danışdı.

Xristian dünyasında daha çox Santa Klaus kimi tanınan Müqəddəs Nikolas Aralıq dənizi sahillərinin Patara şəhərində yaşamış din adamı olub. Atası məşhur buğda taciri olan Nikolas xeyirxahlığı, möcüzələri ilə hələ gənc yaşlarından şöhrət qazanıb.  O dövrlərdə həmşəhərliləri qıtlıqdan əziyyət çəkirdilər. Nikolas isə atasından qalan mirası imkansızlara, ehtiyacı olanlara paylayırmış.   O, kimin nə qədər ehtiyacı varsa o qədər həcmdə qızılı gecələr görkəmini dəyişərək açıq pəncərələrdən, bacadan evin içinə atırmış. Deyilənə görə cehiz verə bilmədiyinə görə bir kişinin üç qızı ərə gedə bilmirmiş. Bunu eşidən Nikolas günlərin bir günü bacadan atdığı qızıl kisəsi qurumaq üçün asılan corabın içinə düşür. Bu minvalla kasıb kişinin hər üç qızı ailə qurub xoşbəxt olur. İnsanlara yardım edən adamın Nikolas olduğu ortaya çıxdıqda onun şöhrəti dünyanın dörd bir yanına yayılır. İnsanlar Nikolasın xeyirxahlığını o qədər əfsanələşdirir ki, hər çətinliyə düşəndə onun adını çəkməklə dərhal bu müqəddəs insanın onları dardan qurtaracağına inanırlar. Onun ölümündən sonra isə bu boşluğu doldurmaq üçün artıq insanlar özləri bir-birlərinə gizlincə yardım etməyə, hədiyyələr verməyə başlayılar.

Nikolasın hansı illərdə yaşadığı dəqiq məlum olmasa da, bir çox mənbələrdə onun 343-cü il dekabrın 5-ində vəfat etdiyi göstərilir. Patara şəhərində Nikolasın şərəfinə Santa Klaus adlı balaca bir kilsə var. Bəzi tarixi mənbələrə görə Səlib yürüşləri zamanı 1087-ci ilin 20 aprelində əcnəbi tacirlər Nikolasın sümüklərinin bir hissəsini oğurlayaraq gizlincə basdırıblar, bir qisim isə bu gün Antalyada “Noel Baba Muzesi”-ndə saxlanmaqdadır.

Aygül xanımın Nikolas haqqında danışıdığı rəvayətlər bitib tükənmirdi. Bizdən isə bir ricası oldu: “Mən hər dəfə bura gələndə boynumda bir yaylıq olur. Onu mütləq Nikolasın məzarını qoruyan şüşənin altından içəri salıb torpağa sürtürəm və onu evimə gələn insanların boyunlarına bağlayıb açıram. Mən inanıram ki, bu xeyirxah insanın ruhu da insanlara kömək etməyə qadirdir. Sizdən də bunu sınamağınızı xahiş edirəm”.

Bu an mənim də, yoldaşımın da yadına övladları olmayan gənc dostlarımız düşdü. Məni elə şeylərə inandırmaq çətin olsa da, qəti inandığım bir inanc da var – enerji. Bir halda ki, insan bu qədər xeyirxah və təmənnasız olub, ola bilməz ki, onun uyuduğu məkan o müsbət enerji ilə yüklənməsin. Təbii ki, burdan aparacağım torpağın, daşın kiməsə övlad verə biləcəyi qədər sadəlövh deyiləm, amma hər halda xoş bir aura yarada, kimdəsə xoşbəxtlik hormonunu yüksəldə bilərsə, buradan bir çimdik torpaq niyə də götürməyək. Amma o torpağı nəyin içində aparacaqdıq? Birdən yadıma düşdü ki, başımda yayılq var. Bəlkə, bu yaylığı heç qaytarmayaq. Əlbəttə, onu bizə satmaları üçün xahiş etməliydik.  Amma söz ağzımdan çıxan kimi... inanmayacaqsınız, anidən kilsənin işıqları sönüb yandı.

Odur ki, buranın yaylığını özümüzlə aparmaq fikrindən daşındıq. Əllərimi məzarı qorumaq üçün qoyulmuş şüşə lövhənin aşağısından içəri salıb, barmaqlarımın ucuna toxunan toz-torpağı köynəyimə sürtdüm. Uşağı olmayanlara uşaq, xəstələrə şəfa, maddi sıxıntısı olanlara ruzi istədim Yaradandan. Bir də özüm və hamı üçün xoşbəxtlik dilədim.

Kilsəni gəzəndə Aygül xanım bizə günahların bağışlandığı yeri göstərdi. Sonra sağ keçidə işarə edib dedi: “Burada dəfələrlə çəkilən fotolarda Nikolas görünüb”.

Kilsədən çıxıb oradan təbii daşlar fabrikinə yön aldıq. Çox sevirəm təbii daşları.

Fabriki gəzdikdən sonra nömrəni uduş oynanılacaq qutuya atdım. Hədiyyə həmin qutunun içindən götürülən xoşbəxt nömrənin sahibinə veriləcəkdi.

Hamıdan sonda Aygül xanım avtobusa döndü. Yola düzələndə bu gülərüz bələdçimiz  əlindəki karta baxıb soruşdu: “21 rəqəmi kimdədir?”. Bizim nömrəmiz idi. Aygül xanım Müqəddəs Nikolasın məzarının yanında özüm üçün nə arzu etdiyimi bilmədən ağ oniks daşından yonulmuş kiçik fil balasını mənə uzadıb dedi: Bu, xoşbəxt ailə rəmzidir.

FEYZİYYƏ, Antalya-Bakı