Elektron ədəbiyyat və sənət portalı

Deyilməmiş yalan

Bölmə: Ədəbiyyat 12.08.2016

Şervud ANDERSON
(ABŞ)

Rey Pierson və Hel Vinterz Vaynzburqdan üç mil şimalda yerləşən fermanın fəhlələri idi. Onlar şənbə günü axşamlar şəhərə gəlir və burdakı dostları ilə küçələri gəzib dolaşırdılar.

Əlli yaşlı Rey təbiətcə sakit, amma əsəbi adam idi. Saqqalı qəhvəyi rəngə çalırdı və çox işləməkdən çiyinləri əyilmişdi. Hel Vinterzlə dost olsa da, onlar xasiyyətcə bir-birilərinə tamam zidd adamlar idi.

Həyat Reyi çox ciddi adam eləmişdi. Sərt xasiyyətli və acıdil bir arvadı var idi. Onlar öz cansız-cüssəsiz uşaqları ilə birgə Reyin işlədiyi Vilz fermasının arxasından axan çayın sahilindəki köhnə, uçuq-sökük daxmada yaşayırdılar.

İş yoldaşı Hel Vinterz cavan oğlan idi. Vaynzburqda xüsusi hörməti olan Ned Vinterzin ailəsi ilə onun heç bir qohumluğu yox idi. Altı mil uzaqlıqdakı Yunionvildə dəyirmanı olan atası Vindpeter Vinterzi Vaynzburqda hamı əxlaqsız və alçaq adam kimi tanıyırdı.

Vaynzburqun yerləşdiyi Şimali Ohayoda Vindpeterin qeyri-adi və faciəli ölümünü bilməyən yox idi. Bir axşam o, içib sərxoş olduqdan sonra dəmiryolunun içi ilə Yunionvildəki evinə gedirmiş. Yolda onu görən qəssab Henri Brattenberq bir azdan ordan qatarın keçəcəyini deyib. Amma sərxoşluqdan nə etdiyini bilməyən Vindpeter qamçıyla onu vuraraq sözünü axıracan deməyə də imkan verməyib. Qatar onu və faytonuna qoşulmuş iki atı vuranda yoldan keçən bir fermerlə arvadı hadisəni görmüşdü. Onlar danışırdılar ki, Vindpeter üstünə gələn qatarı görəndə nə edəcəyini bilmədən qışqırmağa və qışqıra-qışqıra ağzına gələn söyüşləri söyməyə başlayıb. Dəhşətdən çaşbaş qalmış atlar isə dəmiryolundan çəkilmək əvəzinə birbaş paravozun üstünə gediblər. Corc Villard və Ses Riçmond kimi cavanlar bu hadisəni çox yaxşı xatırlayırdılar və Vaynzburqda hamı Vindpeterdən canlarını qurtardıqlarını, dünyadan bir pis insanın azaldığını deyərək çox üzülməsələr də, o vaxt hələ yeniyetməliyə təzə qədəm qoyan oğlan uşaqları Vindpeterin bu hərəkəti qəsdən, bilə-bilə etdiyini düşünərək onun bu cəsarətinə heyran qalmışdılar. Onların çoxu Vaynzburqda cansıxıcı həyata davam edib, mağazada satıcı işləməkdənsə bu cür şöhrətli ölümü arzulayırdılar.

Əslində bu hekayəmiz nə Vindpeter Vinterz, nə də Rey Piersonla birgə Vilz fermasında işləyən oğlu Hel Vinterz haqqındadı. Amma bu hekayəni yaxşı anlamağımız üçün Hel haqqında da bəzi şeyləri bilməlisiniz.

Hel çox pis adam idi. Bunu hamı bilirdi. Qardaşları Corc və Edvard da xasiyyətcə ona oxşamışdı. Onların üçü də ataları Vindpeter kimi canlı-cüssəli, yekəpər, dalaşqan və arvadbaz idi.

Hel üç qardaşın ən pisi idi. Bir dəfə o, atasının dəyirmanındakı taxtaları oğurlayıb satmışdı. Qazandığı pula isə ucuz, amma qəşəng paltarlar almış və yaxşıca içib keflənmişdi. Atası oğlunu söyə-söyə onu tapmaq üçün qəsəbəyə gələndə yolda bir-birləriylə rastlaşmış və yumruq savaşına çıxmışdılar. Sonra polis onların ikisini də tutub həbsxanaya atmışdı.

Helin Vilz dəyirmanında işləməyinin səbəbi vurulduğu müəllimənin o tərəflərdə yaşaması idi. Həmin vaxt Helin iyirmi iki yaşı var idi. O vaxta qədər Hel neçə qızla sevgili olub onları aldatmış və bu cür işlərinə görə Vaynzburqda əməlli-başlı ad çıxarmışdı.

Onun həmin məktəb müəlliməsinə vurulduğunu eşidən kimi, hamı bu məsələnin nə ilə qurtaracağını əvvəlcədən öz təsəvvürlərində canlandıra bilmişdi. “Yazıq qızın başına Allah bilir nə oyun açacaq,” hamı belə deyirdi.

Oktyabrın axır günlərinin birində Rey və Hel yenə tarlada işləyirdilər. Onlar qarğıdalının qabığını çıxara-çıxara söhbət edir, hərdənbir deyib-gülürdülər. Söhbətlərinin ardı kəsiləndən sonra araya sakitlik çökdü. Həddən artıq həssas adam olan Rey yorulduğunu hiss elədi. Əllərini bir-birinə vuraraq pencəyinin ciblərinə qoydu. Başını qaldırıb tarlaya göz gəzdirdi. Həmin gün kəndin gözəlliyi ona çox təsir eləmişdi. Əgər siz də payızın o çağında Vaynzburqda olsaydınız, uzaqlara səpələnmiş sarı-qırmızı təpəcikləri görsəydiniz, Reyin nə hisslər keçirdiyini çox yaxşı anlayardınız.

İndi onun yadına gənclik illəri, atası ilə birgə yaşadığı vaxlar, sonra Vaynzburqda bir çörəkçi ilə eyni evi bölüşdüyü zamanlar düşürdü. Həmin günlər qoz-fındıq yığmaq, dovşan ovlamaq üçün hər gün necə həvəslə meşəyə gəldiyini, bəzənsə hər şeydən yorulub sadəcə siqaretini çəkə-çəkə yaşıl ağacların düzüldüyü yamyaşıl meşədə gəzdiyini xatırlayırdı. Elə o vaxtlarda, o gəzintilərin birində başına gələn hadisə nəticəsində o evlənmişdi. Atasının mağazasında gördüyü bir qızla tanış olmuş və qızı başdan çıxarıb onunla görüşməyə razı salmışdı. İndi Reyin gözləri önündə həmin axşam yenidən canlanırdı və bütün həyatının həmin günə görə necə dəyişdiyini acı-acı düşünür, içində hər şeyə qarşı acıqlı bir qəzəb oyanırdı. Rey yanında dayanan Heli unutmuşdu və öz-özünə danışmağa başlamışdı. “Mən necə aldandım, İlahi, həyat məni necə aldatdı, necə axmaqlıq elədim,” o asta səslə dilinin ucunda deyirdi.

Həmin an sanki onun fikirlərini oxuyurmuş kimi Hel Vinterz səhərdən bəri Reyə demək istədiyi sözləri, nəhayət ki, dilinə gətirdi. “Hə, Rey, bir de görüm neyniyim. Nə deyirsən, səncə, dəyər o qızla evlənməyimə?” o gülümsəyə-gülümsəyə sözə başladı. Üzündə təbəssüm olsa da, Hel bu sözləri çox ciddi soruşurdu. “Səncə, dəyər evlənməyə, ömür boyu bu boyda yükü daşımağa?”

Hel sualına cavab gözləmədən ayağa qalxıb yerə qalaqlanmış qarğıdalıların arasından keçərək var-gəl etməyə başladı. O, getdikcə həyəcanlanırdı. Aşağı əyilib yerdən bir qarğıdalı götürdü və gücü gəldikcə hasar tərəfə tulladı. “O qızın başını bəlaya salmışam, eşidirsən?”, - o dedi, “ Nel Qanseri deyirəm, heç kimə deməyəsən, bircə sənə açmışam bu sirri.”

Rey ayağa qalxıb Helə sarı gəldi. Hel, əlini boyca özündən böyük olan Reyin çiyinlərinə qoydu. Kənardan onları bu cür görən olsaydı, ətrafına qırmızı və sarı təpəciklərin səpələndiyi bomboş düzün ortasında, qarğıdalı qalaqlarının önündə dayanan bu adamların bir-birini anlayan iki yaxın dost olduğunu düşünərdi.

 - Hə, mənim müdrik dostum, - Hel yöndəmsiz-yöndəmsiz dedi, mənə bir məsləhət ver görüm. O qıznan neyniyim? Bəlkə, sənin də başına nə vaxtsa belə şey gəlib. Kimdən soruşsam, deyəcək ki, evlənim onnan. Bəs sən nə deyirsən? Evlənim? Mən də hamı kimi bu yükü götürüm çiynimə? Hə, nə deyirsən, Rey? Sən məni yaxşı tanıyırsan, bilirsən ki, özümdən başqa heç kim məni heç nəyə məcbur edə bilməz. De görüm neyniyim? Evlənim, yoxsa canımı qurtarım o qızdan? Bax sən nə desən, onu da eləyəcəm.

Rey cavab verə bilmədi. O Helin əllərini çiynindən götürdü. Üzünü çevirib, samanlığa tərəf addımlamağa başladı. Rey çox kövrək adam idi və indi onun gözləri dolmuşdu. Rey bilirdi ki, Helə cəmi bircə kəlmə söz demək lazımdır və bilirdi ki, onun bu sözü, əslində, elə hamının ürəyindən keçən sözdü. Amma Rey bu sözü özü üçün deyə bilməmişdi. Artıq çox gec idi və vaxtında da ona bu sözləri heç kim deməmişdi.

Axşamüstü saat beşin yarısında arvadı gəlib onu çağıranda Rey hələ də veyil-veyil dolaşırdı. Hellə söhbətdən sonra o, tarlaya qayıtmamışdı. Axşama nə işi vardısa, Rey hamısını görüb qurtarmışdı. Helin hərgünkü kef məclisi üçün tarladan çıxmağa hazırlaşdığını görəndə özü də yavaş-yavaş fermadan çıxıb, evinə tərəf üz tutdu. Arvadı qabaqda, o isə arxada gedirdi. Gedə-gedə düşünür, gözlərini yerdən ayırmırdı. Başa düşə bilmirdi ki, ona nə olub. Hər dəfə gözlərini qaldırıb günəşin öləziyən işığı altındakı kəndin gözəliyini görəndə əvvəllər etmədiyi bir şeyi etmək, qışqırmaq, ulamaq, arvadını döymək, ya da nəsə bu cür qəfil və dəhşətli bir şey etmək istəyirdi. Başını qaşıya-qaşıya düşünür, bu hissin nə olduğunu anlamağa çalışırdı. Hər şeyin qaydasında olduğunu bilmək üçün gözlərini qaldırıb bir də ətrafa baxdı. Uzaqda qalmış tarlanın da, yanlarından axan çayın da, hər gün gedib gəldiyi bu yolun da, arvadının çiyinlərinə tökülən saçların da, hər şeyin, hər şeyin əvvəlki kimi olduğunu, heç nəyin dəyişmədiyini gördü.

Arvadı bazarlıq eləməsi üçün Reyi şəhərə göndərmək istəyirdi. Təzəcə evə çatmışdılar ki, o, həmişəki kimi Reyi danlamağa başladı. “Nədi yenə boş-boş avaralanırsan? Tez ol, evdə yeməyə heç nə yoxdu, get nəsə al, özü də tez qayıt gəl.”

Rey içəri girib qapının ardındakı asılqandan pencəyini götürdü. Pencəyinin cibləri cırılmışdı və çox geyilməkdən yaxalığı parıldayırdı. Arvadı yataq otağından çıxıb bir əlində çirkli əski parçası, bir əlində də üç gümüş dollarla ona sarı gəldi. Həmin an evin harasındasa bir uşaq ağladı və sobanın yanında yatmaqda olan it oyanıb əsnəməyə başladı. Sonra Rey yenə də arvadının danlaqlarını bir-bir dinləməyə məcbur oldu:

- Uşaqlar ağlamasın, neynəsin? Neynəsin yazıqlar? Sən axı işini qurtarandan sonra niyə evə gəlmirsən, niyə veyillənirsən oralarda? Bilirsən ki, evdə yeməyə bir şey yoxdu.

Rey evdən çıxdı, hasarı aşıb, tarla tərəfə üz tutdu. Artıq hava qaralmışdı və Reyin gözləri önündəki mənzərə, həqiqətən də, valehedici idi. Balaca təpəciklərin üstünə sanki göydən nəsə sehrli rənglər çilənmişdi. Hətta hasarların dibindəki kol-kos da bu füsunkar mənzərəyə əlavə bir gözəllik qatırdı. Bütün dünya, bütün kənd indi Reyə elə doğma, elə əziz görünürdü ki, o, saatlar öncə tarlada üzbəüz dayanıb söhbət etdiyi Heli anladığı kimi bu otların da, bu torpağın da, qarşıdakı təpəciklərin də dilini anladığını hiss edirdi.

Amma o axşam Rey, Vaynzburqun gözəlliyinə çox davam gətirə bilmədi. Bu gözəlliyə baxdıqca ürəyində yaranan əzablı duyğulara daha dözə bilmədi və qəfildən kim olduğunu, nəçi olduğunu unudaraq hara getdiyini, nə etdiyini düşünmədən əynindəki pencəyi yerə atıb tarla boyunca qaçmağa başladı və qaçdıqca da içində vulkan kimi qaynayan sözlərlə öz həyatını, bütün dünyanı və onun ömrünü zəhərə çevirən hər şeyi qışqıra-qışqıra lənətləməyə başladı. “Heç kim verdiyi sözün üstündə durmur,” o, önündəki bomboş düzlərə səsləndi, “Mən Minniyə heç bir vəd verməmişdim. Hel də o qıza heç bir vəd verməyib. Bilirəm, bilirəm ki, Hel ona heç nə deməyib. Əgər o istəməsəydi, Hel ona toxunmazdı. O özü istədiyi üçün Helnən meşəyə gedib. Helin istədiyini o da istəyirdi. Bunun cəzasını niyə Hel çəkməlidi? Niyə bunun cəzasını mən çəkməliyəm? Niyə kimsə buna görə zülm çəkməlidi? Niyə? Yox, mən istəmirəm ki, Hel də mənim kimi bədbəxt olsun. Ona hər şeyi bir-bir deyəcəm. Onu evlənməyə qoymayacam. Şəhərə getməmiş Heli tapıb ona hər şeyi başa salacam”.

Bir az da qaçdıqdan sonra səndələyib yerə yıxıldı. “Heli tapıb mütləq onnan danışmalıyam,” Rey düşündü və ayağa qalxıb nəfəsi kəsilə-kəsilə yenə qaçmağa başladı.

Yenidən qaçmağa başlayanda illər boyu heç vaxt düşünmədiyi şeyləri bir-bir xatırladı: Evlənməzdən əvvəl o, nə xəyallar qurmuşdu?! Qərbə köçüb, Portlənddəki əmisi ilə birgə yaşamağı necə də arzulayırdı! Fermada nə vaxtsa fəhlə işləyəcəyi Reyin ağlına da gəlmirdi. Rey heç vaxt fermada fəhlə işləmək istəməzdi. O Qərbə köçdükdən sonra dənizə gedəcəyini, dənizçi olacağını, ya da hardasa Oraqondakı heyvandarlıq fermalarının birində iş tapacağını, gecələr ağ atına minib kəndin küçələrində qayğısız-qayğısız, gülə-gülə evlərdəki insanları yuxudan oyadaraq gəzəcəyini necə böyük ümidlə xəyal edirdi! Sonra o, indiki həyatını və uşaqlarını xatırladı. Qəfildən ona elə gəldi ki, uşaqlarının balaca əlləri onun qolundan möhkəm-möhkəm yapışıb. Sonra hiss etdi ki, o əllər bayaqdan bəri haqqında düşündüyü Helin də qollarından tutub. “Yox, onlar həyatın bədbəxt təsadüfləridi,” Rey qışqırdı, “onlar mənim deyil, onlar sənin deyil. Onlara görə mən günahkar deyiləm”.

Rey Piersonun qaçdığı bomboş tarla indi yavaş-yavaş qaranlığa qərq olurdu. Hıçqıra-hıçqıra hasar tərəfə gəlib nəfəsini dərdi. Siqaret çəkə-çəkə ona tərəf yaxınlaşan şıq paltarlı Heli görəndə hiss etdi ki, bayaqdan bəri demək istədiyi sözlərin birini də ona deyə bilməyəcək.

Rey özünü itirdi və sanki bayaqdan bəri keçirdiyi hisslər Heli görən kimi sona yetdi. Əlini hasara dayayıb, gözünü qarşıdan gələn Helə zilləyəndə artıq hər tərəf, demək olar ki, tamam qaralmışdı. Hel Vinterz arxı adladı. Reyə yaxınlaşaraq əlini cibinə qoyub təbəssümlə onun üzünə baxdı. O, elə bil tarlada Reydən məsləhət almaq istəyən bayaqkı narahat adam deyildi. Sonra Hel güclü əllərini Reyin çiyninə qoyub, sanki onu yuxudan ayıltmağa çalışırmış kimi möhkəmcə silkələdi.

- Mənə nəsə deyəcəkdin, Rey? - o soruşdu, yaxşı istəyirsən heç özünü yorma. Mən qorxaq deyiləm. Nə edəcəyimi artıq özüm bilirəm.

Hel yenidən gülümsədi və bayaqkı arxı geriyə adlayaraq sözünü tamamladı. Bilirsən, Nel, əslində, çox ağıllı qızdı. O, mənə evlənməklə bağlı heç nə deməyib. Məndən heç nə ummur. Amma mən onunla evlənmək istəyirəm. Hə, düz eşitdin, mən də istəyirəm evlənim, qəşəng bir evim olsun, bir ailəm olsun. Hə, bir də çoxlu uşaqlarımız olsun.

Rey də gülümsədi. Və hiss etdi ki, o, əslində, öz həyatına və bütün dünyaya gülür.

Hel Vinterzin qara kölgəsi Vaynzburqun qaranlığında gözdən itəndən sonra Rey geri çevrilib, bayaq köhnə pencəyini tulladığı yerə tərəf yorğun-yorğun getməyə başladı və yorğun addımlarını bir-bir atdıqca çayın qırağındakı kasıb daxmasında arıq, çəlimsiz uşaqları ilə keçirdiyi xoş günləri yadına saldı. “Yaxşı ki, ona heç nə demədim. Onsuzda o sözləri desəydim, yalan demiş olacaqdım,” Rey yazıq-yazıq, sakit-sakit mızıldandı və sonra o da zülmətli tarlanın səssiz və tənha qaranlığına qarışıb gözdən itdi.

Tərcümə etdi: Təvəkgül ZEYNALLI