Elektron ədəbiyyat və sənət portalı

Təkəbbürün fəsadları

Bölmə: Ədəbiyyat 19.08.2016

Valeri SİNELNİKOV

 

Dağıdıcı fikirlər

 

Uğursuzluqlarımızın, çəkdiyimiz ağrı-acıların beynimizdə dolanan fikir və düşüncələrin, emosiyaların təzahürü olduğunu vurğulamaq istərdim. Enerjinin universal forması kimi qəbul etdiyimiz fikir, özündə yaradıcı güclə yanaşı, dağıdıcı qüvvə də daşıya bilər. Ağlımıza gələnlərin və düşündüklərimizin fiziki aləmdə müəyyən bir forma alıb maddiləşdiyini yaddan çıxarmaq olmaz. Bizə sonda başağrısı gətirən şəxsi problemləri məhz öz dağıdıcı fikirlərimiz (kimin isə yox) yaradır, təhtəl şüurumuz isə dərhal beynimizə özünüdağıdıcı mexanizmin hərəkətə keçdiyini təsdiqləyən siqnallar ötürür. Bizlərdən bir çoxunun ağlına belə gəlmir ki, dilimizə gətirdiyimiz sözlərdə və ya ağlımızdan keçirdiyimiz fikirlərdə necə böyük bir qüvvə gizlənir. Biz sözləri əksər hallarda qeyri-ixtiyari, düzülüşünə varmadan, deyilişinə diqqət etmədən tələffüz edirik. Nə vaxtsa işlədilmə qaydalarını öyrəndiyimiz sözlərlə daxili hiss və emosiyalarımızı ifadə edir, ağzımızdan çıxan sözlərin yaratdığı təsirin sonradan hansısa həyat təcrübəsi şəklində formalaşıb geriyə qayıda biləcəyini ağlımıza belə gətirmirik. Məşhur atalar sözündə deyildiyi kimi: - ”Nə əkərsən, onu da biçərsən”. “Enerji heçdən yaranmır və ya yox olmur; yalnız bir formadan başqa formaya keçir” kimi ifadə olunan təbiət qanununun olduğunu bilsək də, mənasını dərk etmir, dediklərimizin fərqinə varmırıq. Belə hesab edirik ki, əgər kiməsə lənət yağdırır, mənfi, yəni dağıdıcı enerji göndəririksə, o bunu qəbul etməlidir. Amma nəzərə almırıq ki, kimə isə düşünmədən ünvanladığımız kin-küdurət, qəzəb, nifrət son mərhələdə daha böyük qüvvə ilə geriyə, özümüzə də qayıda bilər (taylı tayını tapar).

Bəzən özümüzə qarşı ədalətsizlik kimi qəbul etdiyimiz, haqsızlıq, uğursuzluq heç də düşünüldüyü kimi bizə zərər vermək məqsədilə edilmir. İnsanın qada-qarğışın köməyilə şüurlu surətdə öz məqsədinə nail olmağa çalışması isə, əlbəttə ki, ağılsızlıqdır. İnciklik, kin-küdurət, qəzəb, xəbislik, paxıllıq və s. kimi mənfi emosiyalar yaradan vasitələrdən məqsədinə çatmaq üçün istifadə edənləri lənətləməklə dayandırmaq mümkün deyil. Müəyyən nəticə əldə etmək istəyənlər bəzən istifadə etdikləri vasitənin fərqinə varmır, kiminsə yolunu kəsib haqqını tapdadıqlarını nəzərə almırlar.

Ədalətsizliklə qarşılaşanda əziyyət çəksək də, yaradan qarşısında hamının bərabər olduğunu yadımızdan çıxarmamalıyıq. Həm də, bu gün bir şəxsin qəzəbli olub bu və ya digər səhvə yol verməsi, hələ onun başqalarından pis olması anlamına gəlmir.

Bəs, onda hansı emosiyalar, bizə ağrı-acı gətirə bilər?

 

Təkəbbür və eqoizm

 

“Sən hər şeyə həddindən artıq ciddi yanaşırsan, - don Xuan astadan dilləndi. Və özünü çox vacib, əvəzolunmaz adam sayırsan. Bu baxış bucağını dəyişməlisən! Özünə bu qədər yüksək dəyər versən, hər kiçik şeydən qıcıqlanmağa haqqın olduğunu və vəziyyət ürəyincə olmayanda istədiyin vaxt dönüb gedə biləcəyini düşünəcəksən. Bəlkə, sən elə bilirsən ki, bununla gücünü, xarakterini göstərirsən. Amma qətiyyən belə deyil! Əslində deyingən və özündənrazı birisən!” (K.Kastaneda: “İkstlana səfər”).

Xristian dinində bu hiss ölümcül günahlardan biri sayılır. Və demək olar ki, əbəs yerə yox. Məhz təkəbbür və özündənrazılıq insanın çəkdiyi ağrı-acı və sağalmaz xəstəliklərin, eləcə də vaxtsız ölümün başlıca səbəblərindəndir. Bütün zərərli fikir və düşüncələrin, emosiyaların mənbəyi, məhz təkəbbürdən qaynaqlanır. İnsan özünü kimdənsə və ya nədənsə yuxarı tutanda başqalarına həqarət edib onları mühakimə etməyə haqlı olduğunu düşünməyə başlayır. Toplum qarşısında öz üstünlüyünü düşünüb qəbul etmək yekəxanalıq və digərlərini aşağılamaq (söz, fikir və ya hərəkətlə) istəyi yaradır. Əvəzolunmazlıq hissinin təhtəlşüurumuzda yaratdığı aqressiya, sonradan özümüzə qarşı da çevrilmiş olur. Bu duyğu insanın allahlıq iddiasına düşməsinə aparıb çıxarır, özünü, öz ağıl imkanlarını, müdrikliyini digərlərindən yuxarıda qoymağa cəhd etməyə sürükləyir. Təkəbbürlü insan həyatında baş verən gözlənilməz ağrı-acılı vəziyyətləri çətinliklə qəbul edir, onlarla barışa bilmir.

O, ətraf aləmi öz anladığı kimi qəbul etdiyindən, məhz öz dünyabaxışının ən düzgün və məntiqli olduğu qənaətinə gəlir. Belə hallarda nə etdiyinin fərqinə varmadan başqalarına zülm etməyə, əzab verməyə başlayır, ətraf aləmi zorla özünə tabe etdirməyə çalışır. Əhatə olunduğu aləmlə özü arasında bir araya sığıb uzlaşmayan nə varsa onu narazı salır, qəlbində ətrafdakılara qarşı qəzəb, kin-küdurət, həqarət, xəbislik və s. kimi aqressiv emosiyalar doğurur. Bu da öz növbəsində müxtəlif xəstəliklərə zəmin yaradır, bəzən, hətta ölümə qədər aparıb çıxarır. Təkəbbürlük – başqaları üzərində öz üstünlüyünü iddia etmək və ya əksinə, onları özündən aşağıda görməkdir.

İndi bir anlıq təsəvvür edin ki, hüceyrə bütöv orqanizmin maraqlarını nəzərə almadan onunla şəxsi məqsədinə çatmaq üçün mübarizə aparır. Belə hüceyrə orqanizmə lazımdırmı? Hansısa hüceyrə orqanizmə öz şərtlərini diqtə edə bilərmi? Yox. Orqanizm, əlbəttə ki, gec-tez xərçəng yaradacaq bu hüceyrədən can qurtarmağa çalışacaq. Bibliyada da təkəbbürlə bağlı çox düzgün hesab etdiyim sətirlər var: “Aşağılanan insan əvvəl ruhən əzilsə də, sonda taleyilə barışmaq ona şan-şöhrət gətirər”; “Dinsizləri digərlərindən lovğalıq və təkəbbürlük fərqləndirir. Bu isə günahdır”; “Alın yazısı ilə barışanların qəlbində yaranan Allah xofu sonda bol ruzi-bərəkət, zənginlik və şan-şöhrət gətirər”; “Təkəbbürün alçaltdığı insan, taleyilə barışsa ləyaqəti ancaq bundan qazanmış olar” və s.

Bəs, bu məhvedici hissdən necə qurtulmaq olar? Təkəbbürlü hərəkət də bəzən xoş niyyətlə – öz dəyərini, bənzərsizliyini və üstünlüyünü dünyaya göstərmək məqsədilə edilir. Axı, istənilən şəxs bu dünyaya əbəs yerə gəlmədiyinə, yaşamının hər hansı bir məqsədə xidmət etdiyinə inanmaq istəyir. Amma öz dəyərini və bənzərsizliyini başqalarından üstün olduğunu düşünüb qabartmaqla çatdırmaq – bu təhtəl şüurda digərlərinin məhvini proqramlaşdırmaq deməkdir. Yəni, əgər mən başqalarından ali və üstünəmsə, onda demək o biriləri pis, nadan və acizdir.

Əslində isə, yüksək anlamda biz hamımız bərabərik. Birdəfəlik dərk etməliyik ki, pis və ya yaxşı, lap yaxşı və ya lap pis insan yoxdur. Sadəcə biz onlarda görmək istədiyimizi görürük. İnsan özünü nə qədər yuxarıda hiss edirsə o qədər aşağılanır. Başqalarının gözündə nə qədər yaxşı görünmək istəyiriksə, o qədər pis görünürük. Təkəbbürlü insan – qapalı insandır. Digər insanı başa düşməkdən imtina etmək öz mənəvi aləmini yoxsullaşdırıb miskinləşdirməkdir. Bu da son mərhələdə bizi tənhalığa aparıb çıxarar, özümüzə qapanıb məhv olmağımıza səbəb olar. Həkimlik təcrübəmdən bilirəm ki, təkəbbürdən necə ağır xəstəliklər doğa bilər və bu hissdən qaçıb qurtulmaq necə vacibdir. Bir dəfə qəbuluma depressiyada olan ortayaşlı qadın gəldi. Xəstəlik güclü baş ağrısı, xoşagəlməz ürəkbulanma ilə müşayiət olunurdu. Qadın sağalmaq üçün artıq bütün üsullardan (ekstrasens, “nənəmin dərmanı” və c. kimi) istifadə etsə də, bir nəticə hasil olmamışdı. Xəstəliyin səbəbini müəyyənləşdirmək üçün trans halına saldığımız qadının təhtəlşüuruna müraciət etdik. Seans vaxtı aldığımız cavab tək bizim yox, xəstənin özü üçün də gözlənilməz oldu. Şüur, “xəstəliyi mən çağırmışam ki, sənə əzab versin”, - deyir - istəyirəm əzab-əziyyətdən keçib təkəbbür və lovğalıqdan, yekəxanalıq və başqalarını aşağılamaqdan, özünəvurğunluqdan əl çəkəsən”.

Özünüz üçün təkəbbür hissindən azad olunma proqramı tərtib edin. Bunun üçün ilk növbədə taleyinizlə, həyatınızda baş verənlərlə bağlı məsuliyyəti məhz öz üzərinizə götürməyi öyrənin. Onda özünüz də daxil olmaqla kimisəni nədəsə təqsirləndirməyə lüzum qalmaz. İstənilən vəziyyətin pozitiv tərəflərini görmək lazımdır. Mən orta məktəbi qurtarandan dərhal sonra Leninqrada (indi Sankt-Peterburq) gedib Hərbi-tibbi akademiyaya qəbul olunmaq üçün sənəd verdim.

Valideyinlərim məni hərbi həkim - zabit kimi görməyi arzulayırdılar, elə özüm də hərbi forma geyinməyin əleyhinə deyildim. Amma hərbi həkim olmaq arzumdan imtina etməli oldum. Belə ki, tibbi komissiyadan keçə bilmədim. Ancaq ruhdan düşüb təəssüf hissi də keçirmədim və həmin il imtahan verib tibb institutuna daxil oldum. Bir neçə il keçdikdən sonra isə artıq tibbi komissiyadan keçməyimə əngəl olan həkimləri (akademiya) minnətdarlıq hissi ilə yad etməli oldum. Unutmaq olmaz ki, hər insan özü yaratdığı bənzərsiz aləmdə yaşayır. Hər hansı varlığın təkrarsızlığı da bununla şərtlənir. Təsəvvürünüzə trilyon sayda müxtəlif hüceyrədən ibarət insan orqanizmi gətirin. Onları nə birləşdirir? Həyat! Vəhdətə can atırıqsa, vahid orqanizmə uyğunlaşmalıyıq. İlk baxışdan bütün hüceyrələr eyni görünür: pisi və ya yaxşısı yoxdur. Ürək və ya beyin hüceyrəsi düz bağırsağın hüceyrəsindən heç nə ilə fərqlənmir, onların biri digəri olmadan yaşaya bilməz. İstənilən orqanizm – hüceyrələri bir-biri ilə qarşılıqlı əlaqədə olan balanslaşdırılmış bir sistemdir. Amma bununla yanaşı, onlardan hər biri həm də orqanizmə bütövlükdə fayda verə biləcək spesifik funksiyaları həyata keçirir və özünəxas şəkildə bənzərsizdir. Hüceyrə yalnız o vaxt orqanizmdən özünə lazım olanı ala bilir ki, vəzifəsinin öhdəsindən gələ bilsin. Şüuraltı səviyyədə hər insan kainatın bir parçasıdır. Həm də, tək insan yox, istənilən canlı məxluq, istənilən əşya və s. Və burada biz hamımız Yaradan qarşısında bərabərik. Bizi yalnız bir ümumi məqsəd birləşdirir – vəhdətə can atmaq, yəni ali şüur olan Allaha yaxın olmaq. Və yüksək anlamda hər kəs kainatın ümumi inkişafına öz töhfəsini verir.

Bir yaxşı təlim var. Mən sizə onu vaxtaşırı yerinə yetirməyi məsləhət görərdim! Rahatca əyləşib sakitləşin. Ürəyinizdə danışmağı dayandırın. Fikrinizə gətirin ki, gözləriniz qarşısında ətrafa işıq şüaları yayan açıq mavi rəngli parlaq sahə var. İndi də təsəvvür edin ki, sizi daxildən bax belə açıq mavi, get-gedə daha parlaq olan işıq seli bürüyür. Və elə bu an ürəyinizdə ali şüur olan Allaha müraciət edin. Fərqi yoxdur siz Allaha inanırsınız, yoxsa Kosmik şüura. Kainatın şüurlu başlanğıcı ilə bağlı istənilən təsəvvür bu müraciət ücün yetərlidir. Və bu ali güclərdən birinə qeyri-adi bir xahişlə müraciət edin. Bu gücdən özünüz üçün hər hansı maddi və ya mənəvi sərvət yox, sadəcə daxilinizi doldurub, sizi kainatın harmoniyasına kökləməsini, yönləndirməsini xahiş edin.

Tərcümə edən İradə ƏLƏSGƏROVA