Elektron ədəbiyyat və sənət portalı

Olum və ölüm rəqsi

Bölmə: Tarix 26.08.2016

...1885-ci ilin payız axşamı San-Fransiskoda kef axtarışına çıxmısan? Əlbəttə, əgər cibin doludursa, ver özünü saysız-hesabsız “Salon”lardan birinə. Romdan, viskidən içib keflən, sonra da siqardan sümürə-sümürə qısa ətəkli gözəlçələrin mənasız rəqsinə tamaşa elə. Az keçmiş sərxoş kovboyların atışması səni mürgüdən oyadır, salon sahibi də hamını küçəyə atıb qapıları bağlayır. Vəssalam. Pulun batdı, kefinə də soğan doğrandı.

Amma bəs cibində siçan oynayan kasıb harada dincəlsin? Salon nədi, adicə pivə içməyə pulu olmayanlar San-Fransiskonun payız axşamı küçələrdə ac-yalavac sülənməyə məhkumdur. Vaxt öldürməyə isə həmişə bir şey tapılar. Budur, köhnə məhəllənin girəcəyində qələbəlikdir - adamlar yenə dövrə vurub, iynə atsan yerə düşməz. Mandalina və zərb alətlərində ifa olunan şən musiqi sədaları dalğa-dalğa ətrafa yayılır. Alabəzək paltar geymiş 6-7 yaşlı bir qızcığaz ortalığa düşüb təkbaşına rəqs edir. Hərəkətləri çox cəld və elastikdir. Əslində rəqs etmir, havada süzür, nəhayət, ifa başa çatır, gurultulu alqış sədaları məhəlləni bürüyür.

- Afərin, Dora!

- Dora, əla oynadın!

- Xəsislik eləmə, qız, birini də oyna!

Rəqqasə qızcığaz sanki böyük səhnədə çıxış edirmiş kimi, hamıya təzim edir, yox, o, pula görə oynamır, onsuz da pul verən yoxdur, sadəcə, bu istək daxilindən gəlir, heç özü də bilmir hardan... Amma qonşulardan hər gün eşitdiyi bir söz var: “Bu qızcığaz Allah vergisidir!” 

Tanrı niyə onu seçib? Məhəllədə hamının nəvazişlı “Dora” çağırdığı  Aysedora Dunkan ağlı kəsəndən rəqs edib, saatlarla, günlərlə... O, sonralar xatirələrində yazırdı ki, “sanki dünyaya rəqqasə olmaqdan ötrü gəlmişdim”. 

Aysedora 1878-ci ildə Amerikada doğulmuşdu. Atası müflisləşdiyi üçün arvadını və 4 uşağını evdə ac-yalavac buraxıb onları tərk etmişdi.

Aysedora nağıllardakı kimi, göz qırpımında böyüdü və gözəgəlimli bir qız oldu. 13 yaşında məktəbdən uzaqlaşan Dora yalnız musiqi və rəqslə məşğul olmaq qərarına gəldi. 5 ildən sonra isə əksər yaşıdları kimi  böyük pullar qazanmaq məqsədi ilə Çikaqoya yollandı.

İlk məhəbbəti - sarışın polyak İvan Miroskiy peşəkar rəqsdə ilk kövrək addımlar atan Aysedoraya dəstək oldu. Lakin İvan başqa qadınla evli idi və Dunkandan 25 yaş böyük olduğundan rəsmi izdivacdan söhbət gedə bilməzdi.

Aysedora tezliklə Çikaqodakı kübar salonların ulduzuna çevrildi. Müasirlərinin yazdığına görə, ecazkar rəqslər musiqi ilə bir-birini əla tamamlayırdı. Bəli, Aysedora adi rəqs hərəkətlərinə yeni nəfəs və məna vermişdi.

Rəqqasə xeyli varlandıqdan sonra Avropanı fəth etmək qərarına gəldi.

O, Yunanıstanda antik sənət növləri ilə yaxından tanış olur və yaradıcılığını qədim yunan rəqslərindən əxz etdiyi hərəkətlərlə zənginləşdirdi. Lakin buna qədər Aysedoranın adı yeni məhəbbət macəralarında hallanırdı. Belə ki, Avstriya taxt-tacının vəlihədi hersoq Ferdinand okeanın o tayından gəlmiş rəqqasənin gözəlliyinə və sənətinə dəlicəsinə vurulmuşdu.

Elə buradaca, Dunay sahillərində Dunkan növbəti məhəbbəti ilə rastlaşdı. Rəqqasənin bu dəfəki seçimi gənc macar aktyoru Oskar Bereji idi. Lakin bu izdivac da uzun sürmədi.

Şəxsi həyatdakı uğursuzluqları unutmaq məqsədi ilə Dunkan Almaniyaya gəldi və burada dahi bəstəkar Vaqnerin əsərləri ilə tanış oldu. Rəqqasə öz plastik improvizələri ilə bu melodiyaları rəqs dilinə çevirdi. Amma məhəbbət adlı kabus onu Almaniyada da rahat buraxmırdı. Yerli sənətşünas Henri Tode ilə platonik sevgi romanının da ömrü qısa oldu.

Aysedora Berlində ingilis rejissor Qordon Kreqlə tanış oldu. Dunkanın fantastik rəqsləri rejissoru ilk andan ovsunlamışdı. Cütlük çox xoşbəxt yaşasa da, az sonra hər şey dəyişdi. Kreq yeni sevgilisinə hər addımbaşı eyham vururdu ki, onu məşhur rəqqasə kimi yox, sadəcə evdar qadın, uşaqlarının anası kimi görmək istəyir. Bu, Aysedora üçün ölümdən betər idi. Yeni doğulmuş qız övladı - Didre də ailəni dağılmaqdan xilas edə bilmədi.

Ayserora Dunkanın şöhrəti gündən-günə artırdı. Onu “ilahi rəqqasə” adlandırır, bənzərsiz bir sənətçi olduğunu yazırdılar. Avropanın ən iri şəhərlərində, tanınmış mədəniyyət mərkəzlərində Dunkanın möhtəşəm rəqs üslubu artıq dövrün dəbinə çevrilmişdi.

Ömründə ilk dəfə analıq hisslərini yaşayan Aysedora öz sonsuz məhəbbətini digər uşaqlara da aşılamaq qərarına gəldi. O, Parisdə rəqs məktəbi açdı. Təhsil ocağının xərclərini ödəmək çox çətin idi. Bu xeyirxah işə sərmayəçi cəlb etmək məqsədi ilə Dunkan Avropanın ən varlı adamlarından biri ilə tanış oldu. Bu şəxs məşhur tikiş maşınlarının ixtiraçısı və istehsalçısının oğlu Yucin Zinger idi. İş adamı böyük həvəslə məktəbin xərclərini ödəməyə razılıq verdi. Onların tanışlığı əvvəlcə dostluğa, sonra isə ehtiraslı məhəbbətə çevrildi.

Amerikanın kasıb əyalətindən çıxmış rəqqasənı indi yalnız kübar məclislərdə, dəbdəbəli qəbullarda görmək olardı. Tezliklə Aysedoranın ikinci övladı Patrik doğuldu. Ancaq kübar məclislərin birində Yucin Aysedoranı dəlicəsinə qısqandı, onlar qızğın mübahisə etdilər və Zinger küsərək Misirə yollandı. Uşaqlar Parisdə qaldı və Dunkan da hirsini soyutmaq üçün Rusiyaya qastrol səfərinə getdi. Rusiyada Aysedoranı qarabasmalar rahat buraxmırdı. Rəqqasə yaxınlarına bildirmişdi ki, onun gözlərinə qar təpəciklərinin üstündə iki tabut görünür, gecələr isə qulaqlarında Şopenin “Matəm marşı” səslənir.

Qarabasmalardan dəhşətə gəlmiş Aysedora tezliklə Parisə döndü və uşaqlarını da götürüb Fransa paytaxtı yaxınlığındakı Versal şəhərinə istirahətə yollandı. Ayrılığa dözməyən Zinger də Misirdən qayıtdı və cütlük barışdı. Sanki hər şey artıq yoluna düşmüşdü...

Fərhad SABİROĞLU