Elektron ədəbiyyat və sənət portalı

Olum və ölüm rəqsi

Bölmə: Tarix 02.09.2016

Elə adamlar var ki, həyatda heç bir vəchlə dinclik, rahatlıq tapa bilmirlər. Baxırsan ki, xoşbəxt ömür sürmək üçün hər şeyi var – ad-sanı, var-dövləti, zəngin çevrəsi, ancaq çidarını qırmış at kimi dayanmadan çapır, ora-bura vurnuxmaqdan yorulmur. Elə bil harasa tələsir, düşünür ki, bax, bu zirvəni də fəth eləsə, bütün istəklərinə çatacaq. Amma sən saydığını say...

1921-ci ilin sərin payız günü Parisin küçələrini gəzməyə çıxan bu kabrioletdəki ailəyə kənardan baxsan, yalnız bir şey düşünərsən: xoşbəxt ailə nümunəsi! Məzəli söhbətlər, qəhqəhələr, sevgi dolu baxışlar, şampan şərabı... Zəngin bir ailənin xoş istirahəti üçün daha nə lazımdır? Nəinki Parisdə, hətta bütün Avropada, Amerikada bu ailənin başçılarını yaxşı tanıyırlar. Qəzetlər gecə-gündüz Yucin Zingerdən və sevgi qalmaqalları ilə gündəmi zəbt etmiş məşhur rəqqasə Aysedora Dunkandan yazır. Jurnalistlər elə əfsanələr uydururlar ki, artıq reallıqla fantaziyanı bir-birindən ayırmaq mümkün deyil...

Kabrioletdə dörd nəfər var – Aysedora, həyat yoldaşı Zinger, övladları Didre və Patrik. Sonra Aysedora rəqs məktəbinə baş çəkmək üçün yaxınlarından ayrılır. Zinger də deyir ki, şəhərdə bir iş adamı ilə görüşməlidir. Qərara alınır ki, sürücü uşaqları evə aparsın. Versala dönərkən yolda maşının mühərrikində nasazlıq yaranır. Sürücü maşını yol kənarında saxlayıb mühərrikə baxmaq üçün düşür. Əl əyləcini çəkməyi unutduğundan, maşın göz qırpımında Sena çayına yuvarlanır. 6 yaşlı Didre və 3 yaşlı Patriki xilas etmək mümkün olmur, uşaqlar suda boğulurlar. Bu dəhşətli ölüm Dunkanı elə sarsıtdı ki, hətta ağlaya da bilmirdi. Amma polisdən rica etdi ki, sürücünü cəzalandırmasınlar, axı onun azyaşlı uşaqları var...

Aysedora hər səhər canına qəsd etmək barədə fikirləşirdi. Lakin rəqs məktəbində yolunu gözləyən balaca yetirmələrini ümidsiz qoya bilməzdi. Vaxtını bu uşaqların əhatəsində keçirirdi, həlak olmuş övladlarının qoxusunu onlardan alırdı. Yox, artıq Parisdə qala bilmirdi, tezliklə Aralıq dənizinə səyahətə çıxdı.

Budur, sahildə büsbütün qara geyinmiş bir qadın dayanıb. Əvvəllər olduğu kimi, yenə də qarabasmalar onu addım-addım izləyir. Gözünə görünür ki, övladları dalğaların üzərində rəqs edir və birdən dəniz onları ağuşuna alır. Aysedora ləpədöyəndə huşunu itirib yıxıldı. Özünə gələndə başının üstündə bir cavanın dayandığını gördü.

- Madam, kömək lazımdır?

- Bəli, mənə uşaqlarımı qaytarın.

...Onun italiyalı bu gənclə sevgi macərası qısa sürdü. Dunkanın yeni məşuqu bildirdi ki, nişanlanıb və toy mərasimi ləğv oluna bilməz. Tezliklə Dunkanın oğlu dünyaya gəldi və doğuşdan bir neçə saat sonra öldü.

1921-ci ildə Aysedora Dunkan xalq maarif komissarı Lunaçarskinin dəvəti ilə Rusiyaya gəldi. Qəzetə müsahibəsində rəqqasə dedi:

- Arzum budur ki, fəhlə sinfi çəkdiyi zillətin müqabilində övladlarının gözəl həyatı ilə fəxr edə bilsin!

Aysedora Moskvada uşaqlar üçün rəqs məktəbi açdı.

2 yaşı olanda onların evində yanğın baş vermişdi. Yanğınsöndürənlərdən biri son anda körpəni ölümdən xilas edərək pəncərədən həyətə atmışdı. Dunkan bu hadisəni xatırlamasa da, şölələnən alov dilimləri onun üçün bir növ olum və ölüm rəmzinə çevrilmişdi. Buna görə də Aysedora səhnəyə çox vaxt ağ uzun şərflə çıxır, rəqsi ilə sayrışan alov dilimlərini canlandırırdı. Bu şərf sovet Rusiyasında inqilabın rəmzinə çevrilmişdi. Dunkan Bolşoy Teatrın səhnəsində “Beynəlmiləl” sədaları altında rəqs edir, vaxtilə çarın əyləşdiyi lojadan isə bu dəfə şəxsən V.İ.Lenin onu alqışlayırdı.

Rəqqasə Moskvada çox gənc və məşhur rus şairi Sergey Yeseninlə tanış oldu. Dili bilmədikləri üçün onlar tərcüməçi vasitəsi ilə ünsiyyət qururdu. Buna baxmayaraq, məhəbbət alovu hər ikisini şölələndirdi. 1922-ci ilin 2 mayında Yesenin özündən 17 yaş böyük olan amerikalı rəqqasə Aysedora Dunkan ilə evləndi. Onlar birlikdə Avropa səfərinə çıxdılar. Təxminən 15 aylıq səfərdən sonra, 1923-cü ilin 3 avqustunda Yesenin Moskvaya qayıtdı. İzdivac uzun sürmədi. Yesenin içkiyə alüdə olmuşdu, onlar tez-tez mübahisə edirdilər. Nəhayət, şair əcnəbi arvadına teleqram vurdu: “Mən başqasını sevirəm. Onunla ailə qurmuşam. Xoşbəxtəm.”

İki ildən sonra Yeseninin intihar xəbərini eşidəndə  Dunkan jurnalistlərə demişdi: “Mən o qədər iztirablar yaşamışam ki, indi nəyəsə üzülmək üçün taqətim qalmayıb!”

Aysedora humanist addım atdı, şairin dul arvadı kimi, Yeseninin əsərlərinin çapından gələcək qonorarları almaq hüququnu ərinin anasına və bacılarına verdi.

Dunkan artıq 50 yaşı haqlamışdı, maddi durumu o qədər də ürəkaçan deyildi. Rəqsləri əvvəlki parlaqlığını itirmişdi. Bundan başqa, Dunkan müxtəlif şəhərlərdə rəqs məktəbləri açmışdı və bu təhsil ocaqları böyük vəsait tələb etdiyindən bağlanırdı. Yalnız Moskvadakı rəqs məktəbi dövlət tərəfindən yardım aldığı üçün 20 ildən çox fəaliyyət göstərdi. Məktəbə Aysedoranın qızlığa götürdüyü İrma Dunkan rəhbərlik edirdi.

Dahi rəqqasə ömrünün son illərini rus mühacir, pianoçu Viktor Serov ilə yaşadı. Deyilənə görə, Aysedora ərindən yaşca iki dəfə böyük idi. Cavan ərini dəhşətli dərəcədə qısqanan Dunkan hətta bir dəfə canına qəsd eləmək istəmişdi. Amma Ulu Tanrı onun taleyinə başqa ölüm yazmışdı.

İntihar cəhdindən bir neçə gün sonra Aysedora kabrioletə mindi. Sevimli talismanı - şərfi də boynunda idi. Maşın yola düşəndə uzun şərf təkərə ilişib dolaşdı və Dunkan boğuldu.

1927-ci ilin 14 sentyabrı idi...

Fərhad SABİROĞLU