Elektron ədəbiyyat və sənət portalı

“Bir evdə yaşasaq da, bir-birimizi görməyə həsrət idik”

Bölmə: Müsahibə 02.09.2016

- Akademik Rafael Hüseynov atamın köhnə dostlarından olub. Bir neçə həftə bundan əvvəl məni iş yerinə dəvət etdi. Dedi ki, rəhbəri olduğu Nizami adına Ədəbiyyat Muzeyində Tofiq Abdin üçün də guşə hazırlanacaq. Bu məqsədlə də atamın hər kitabından bir nüsxəni və bəzi aksesuarları gətirməyimizi xahiş etdi. Həmçinin qeyd etdi ki, bu yaxınlarda 40 ildən çox apardığı radioproqramda Tofiq Abdinə iki veriliş həsr edəcək. Amma ən sevindirici məqam o oldu ki, Rafael müəllim mənə elə muzeydə atamın 75 illik yubileyini keçirəcəyini dedi. Oktyabr ayında keçiriləcək yubileyə ailə üzvləri ilə yanaşı ziyalı dostları da dəvət olunacaq.

 

- İki ildən artıqdır ki, Tofiq Abdin dünyasını dəyişib. Atanız vəfat edəndən sonra geniş publika, ədəbiyyat cameəsi tərəfindən nə dərəcədə xatırlanıb?

- Elə Rafael müəllimlə görüş zamanı onun otağına bir nəfər girib salam verdi, soruşdu ki, “Mətin, necəsən? Tanımırdım, amma hiss etdim ki, atamın köhnə dostlarındandır. Mən ona da dedim ki, atam iki ildən artıqdır rəhmətə gedib, ətrafında olan əksər adamları, dostlarını axırıncı dəfə ilində də yox, qırx mərasimində görmüşəm. Daha çox Rafael müəllim yad etdi, sağ olsun. Ola bilər ki, mətbuatda kimsə onun haqqında nəsə yazsın və biz onu gözdən qaçıraq. Bu mümkündür, çünki mətbu orqanlar və saytlar çoxdur, bizim xəbərimiz olmaya bilər. Elə həmin otağa girən adam da dedi ki, ötən ildönümündə Tofiq Abdin haqqında nəsə yazıb.

 

- Bu gün hansı məqamlarda Tofiq Abdinin yoxluğunu daha çox hiss edirsiniz?

- Sağlığında atamla çox ünsiyyətimiz olmurdu. Yazı-pozu adamı idi, öz qrafiki vardı. Biz yatanda o, oyaq olurdu, o oyaq olanda biz yatırdıq. Özünün ayrıca otağına qapanardı. Başının üstündə bir radio da asılmışdı, hərdən zarafatla deyirdim ki, sənin üçün ora bir televizor da qoyacam. Hər gün biz yatanda – səhər beşdə-altıda durar, yeməyini özü hazırlayar və yeyərdi. Ondan sonra da yazı-pozu, yaxud mütaliə ilə məşğul olardı. Sonra işə gedib, axşam evə qayıdardı. Yenə də otağına sığınıb qəzetini, jurnalını oxuyardı. Amma, ümumən, atam çox ünsiyyətcil adam olub. Bu gün onun yeri görünür. Məsələn, əgər o, bir dəfə maşını ustaya aparırdısa, gələn dəfə mənim yolum ora düşəndə usta mütləq atamı soruşar, azı yarım saat ondan danışardı. Elə indi də, tutaq ki, dərziyə gedəndə, o, həmin atamı xatırlayır. Bu gün onunla cəmi bir dəfə ünsiyyətdə olanlar da atamın yoxluğunu hiss edir.

 

- Maraqlıdır, Tofiq Abdin kimi enerjili, dinamik adam yalnız ömrünün son illərində iş otağına qapandı, yoxsa hər zaman belə olub?

- Hər insanın özünün iş qrafiki var. Məsələn, mən işdən sonra dərhal harasa gedirəm, evdə qala bilmirəm. Atam da o cür idi: işdən qayıdan kimi, öz otağına çəkilərdi. Yəni, öz boş vaxtını qonaq otağında televizorun qabağında yox, elə orada keçirərdi. Bu, onda hər zaman belə olub. Uşaq vaxtından belə görmüşük. Sonra biz Türkiyəyə gedəsi olduq, 8 il orada qaldıq. Ailəmiz bir şəhərdə yaşayırdı, mən isə bir şəhərdə oxuyurdum. Buna görə də Türkiyədəki iş rejimini izləyə bilmirdim. Təhsilimi bitirən kimi də Bakıya qayıtdıq. Ailə qurandan sonra bir neçə il birlikdə yaşadıq. Bəlkə də, bu səbəbdən öz otağından çox çıxmırdı ki, birdən narahat edərəm. Necə deyərlər, bir evdə yaşasaq da, bütün günü bir-birimizi görməyə həsrət idik.

 

- Tofiq Abdinin sığındığı iş otağında onunla ata-oğul kimi etdiyiniz hansı söhbəti, hansı xatirəni indi də unutmursunuz?

- Demək, məsələnin bu tərəfini evdə hər zaman deyirəm. Bu gün mən övladlarımla hər mövzudan danışıram. Yaşlarına uyğun olmasa da belə. Məsələn, dindən və ya başqa mövzudan danışırıq. Onları həvəsləri var deyə idmana, şahmata qoymuşam. İngilis dilini öyrənirlər. Amma özüm həyatımın hansısa bir çağını xatırlamıram ki, o zaman atam məni qarşısına oturdub, nəsə məsləhət versin. Bəlkə də, mənə çox inandığından, buna gərək görməyib. Amma düşünürəm ki, mənim övladlarımla etdiyimi ancaq dost ata edər. Biz isə rəhmətliklə yalnız ata-oğul idik. Təəssüf ki , dost ola bilmədik...

 

- Və bu fakt-atanızla dost ola bilməmək sizin gələcəyinizdən nəyi aldı?

- (fikirləşir). Düşünürəm ki, vaxtında dil öyrətməyə məcbur etsəydi, indi mənim üçün asan olardı, 40 yaşımda durub dil öyrənməzdim. Atamdan dost kimi məsləhət ala bilməməyimin həyatımda o qədər də fəsadları olmayıb. Amma elə şeylər var idi ki, onlar vaxtında deyilsəydi, hər şey indikindən də yaxşı olardı. Məsələn, mənim idmana çox həvəsim olub. Vaxtında atam idmana getməyimə təkan versəydi, indi yüksək nailiyyət əldə edən idmançılardan olardım. Türkiyədə təhsilimi bitirəndən sonra orada qalmağımı tövsiyə edə bilərdi ki, bu olsaydı, indi tamam fərqli düzənə malik idim. Amma bir məsələni də nəzərə alaq ki, nəyisə məsləhət görməkdə şəraitin, zamanın da hökmü olur. Bu gün mən ingilis dilinin nə qədər vacib olduğunu görüb, onu övladlarıma öyrədirəm. Atamın vaxtında belə deyildi axı. Həm də, görünür, mənə çox inanıb, təkbaşıma düzgün qərar vermək bacarığıma çox güvənib.

 

- Amma yazıçı, şair nəyi də olmasa, kimisə mütaliə etməyi mütləq başqasına, xüsusən də yaxınlarına tövsiyə edir...

- ...Yox, mənim heç vaxt ədəbiyyata marağım olmayıb. Böyük maraq göstərdiyim sahə idman olub, bir də son 10 ildə dinə meylim artıb. Ədəbiyyata həmişə həvəssiz olmuşam. Amma atam şair-publisist olduğu üçün uşaqlıqdan onun yazar dostlarını – İsa İsmayılzadəni, Eldar Baxışı, Abbas Abdullanı, ad və soyadlarını unutduğum bir çox ziyalıları görə-görə böyümüşəm. Ədəbi proses bir növ özü bizə yaxın olub. Publisist ailəsində böyüdüyüm üçün evimizdəki ədəbi auranı yaxşı bilirdim. Bilirdim ki, atam Nazim Hikməti çox sevib, Əli bəy Hüseynzadə haqqında kitab yazıb və s.

 

- Evinizə yazı-pozu adamları çox gəlib. Onlarla bağlı hansı maraqlı xatirələr yadınızda qalıb?

- Atamın cavan vaxtları, yəni, evdə qonaqların, yazı-pozu adamlarının çox olduğu dönəmlər bizim uşaqlıq çağımıza düşüb. O zaman, əlbəttə, tez-tez ədəbiyyat adamları qonaq gəlirdilər. Biz də uşaq idik, onlara yaxın durmazdıq. Mənim böyüdüyüm zamanlarda isə artıq bu ənənə zəiflədi; görüşlər səngidi, əsasən görüşlər evdə yox, başqa yerlərdə baş tutdu. Ona görə də indi onlarla bağlı çox az xatirə yadıma düşür. Amma onu deyə bilərəm ki, Abbas Abdulla Türkiyədə bizimlə qonşu idi. Bir gün şam yeməyində mənə dedi ki, sən Bursada filan fakültəyə qəbul olacaqsan. Bacıma da dedi ki, sən Konyada oxuyacaqsan. Necə demişdisə, elə də oldu. Bu, heç vaxt yadımdan çıxmır.

 

- Türkiyə həyatı Tofiq Abdini dəyişdirdimi?

- Bizim ailə çox zaman bir-birindən ayrı qalıb. Türkiyədə isə bu “ənənə” daha da dərinləşdi. Çünki qeyd etdiyim kimi, mən və bacım ayrı-ayrı şəhərlərdə oxuyurduq, atamla anam isə ayrı şəhərdə qalırdılar. Atam Türkiyədən küskün ayrıldı. Ola bilsin, görmək istədiyi Türkiyəni orada tapmamışdı, orada bizdə olan bəzi keyfiyyətləri görməmişdi. Məsələn, biz 8 il qapıqonşumuzu tanımadıq. İnsanlar bir-biriylə qaynayıb-qarışmırdılar. Qonşuluq münasibətləri yox idi. Amma orada da yazı-pozudan ayrılmadı. Bir neçə qəzetdə işlədi. Tanınmayan istedadlı söz adamlarını tapıb üzə çıxardı, burada da o, işini davam etdirdi. Bura gələndən sonra da həmin silsiləni “525-ci qəzet” və “Ədalət” qəzetlərində davam etdirdi.

 

- Bildiyimizə görə, Türkiyədən qayıdandan sonra da Bakıda biganəlikdən gileyli olub. Bunun səbəbi işlə bağlı idi?

- Xeyr, işlə bağlı deyildi. Hətta bildiyimə görə, Türkiyədən qayıdandan sonra ona bir-iki yerdən vəzifə də təklif olundu. Amma getmədi. Çörək kəsdiyi hansısa köhnə dostu həmin vəzifəyə gedəsiydi deyə, atam boyun qaçırdı. Sadəcə oradan qayıtdığı ilk illərdə ona görə küskün idi ki, qoyub getdiyi dostların çoxu yerində deyildi; bəziləri dünyalarını dəyişmişdilər, sağ qalanlardan bəziləri isə vəfasız çıxmışdı. Bir qisim də vəzifəyə keçib mövqe sahibi olmuşdular. Atam da evində yeyib-içdiyi insanlarda bu laqeydliyi görəndə pis olurdu.

 

- Bəs heç Türkiyədən Azərbaycana qayıtdığına görə peşmanlıq keçirirdi?

- Özünə görə yox, bizə görə peşman idi. Etiraf edirdi ki, sizin bura gəlməyinizə nahaq razı oldum. Doğrudur, mənim və bacımın burada da hər zaman işimiz olub. Amma ümumi perspektivi müqayisə edirdi. Bizim orada qalmaq, institutu bitirən kimi, işlə təmin olunmaq imkanlarımız da var idi. Çünki ailəmizin çevrəsi geniş idi. Amma atamın istəyi ilə bura gəldik. Onun üçün Vətən, dost-aşna özləmi var idi. Hər zaman Vətənə dönməyə can atırdı. Bizim oxuyub bitirməyimizi gün-gün gözləyirdi. Elə ondan sonra da bura qayıtdıq.

 

- Bəs siz Tofiq Abdinin bir şair kimi bura qayıtmağına təəssüf edirsinizmi? Bəlkə, Türkiyədə daha uğurlu bir yazıçı kimi tanınacaqdı?

- Çətin. Çünki atam oranın vətəndaşı deyildi. Miqrant kimi yaşamağın da öz çətinliyi var. Lazımi işdə çalışa bilməyəcəkdi, ev almaq mümkün olmayacaqdı və s. O, həmişə bura can atıb.

 

Son söz əvəzi

 

Mətin müəllim danışan zaman gözlərimin önünə mərhum Tofiq Abdinin üz cizgilərini gətirirdim. Üz cizgiləri ilə də danışmaq, onlardan nəsə soruşmaq olar. Üz cizgiləri bir ömrün videoarxivini özündə qoruyub saxlayır. Tofiq Abdinin ömrü o cizgilərdə gizlənib. Cizgilər uzun müddət hamıdan incisə də, hamıya gülümsəyən bir insanı sirr kimi də özündə saxlayıb. Biz sizi bu cizgilərdən oxumaq istədik, Tofiq abi! Amma oxuya bildikmi?!...

Elmin NURİ