Elektron ədəbiyyat və sənət portalı

Məşhur qadınların həyat tarixçələri

Bölmə: Tarix 02.09.2016

 Şahzadə Militsa (1335-1405)

 

Mənəvi dəyərlər hər bir xalqın and yeri, qürur yeridir. Məhz buna görə də bu  dəyərlərin əks olunduğu mənbələr öyrənilməli, qorunmalı, gələcək nəslə çatdırılmalıdır. O şəxslər mənəvi dəyər kimi qorunur ki, onlar adlarını öz xalqının tarixinə əvəzsiz xidmətləri ilə yaza biliblər.

Dünya yarandığı gündən bəşər övladı müxtəlif vasitələrlə təbiətə və üzləşdiyi çətinliklərə qarşı mübarizə apararaq öz mövcudluğunu qorumağa çalışmış, müxtəlif zaman kəsiklərində ölümün gözünə dik baxmaqla müstəqilliyə, azadlığa doğru can atmışdır. Məhz bu baxımdan Serbiya tarixini vərəqlədikcə, tanınmış serb qadınlarının həyatına, yaşam tərzinə nəzər saldıqca, bu xanımların yaddaqalan obrazları, unudulmaz surətləri, onların haqqında olan maraqlı tarixi faktlar göz önündə canlanır.

Bəşər tarixində silinməz iz buraxmış güclü, nüfuzlu insanların həyatına, keçdikləri çətin, keşməkeşli yollara daha dərindən nəzər yetirdikdə, belə şəxsiyyətlərlə bağlı suallar, müəmmalar çoxlarının bilmədiyi həqiqətlərlə əvəzlənir. Bu baxımdan, serb xalqının tarixində müstəsna yer tutan kişi tarixi şəxsiyyətlərlə yanaşı, özünəməxsus bir həyat yaşamış hökmdar qadın – Şahzadə Militsa diqqəti cəlb edir.

Zadəgan ailəsində dünyaya göz açmış Militsa 1353-cü ildə serb şahzadəsi Lazar Xreblyaviçlə ailə qurmuş, bu izdivacdan səkkiz övlad dünyaya gətirmiş, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana olmuşdur. XIV əsrin sonlarında serb xalqının çətin tarixi dövrləri başlayır. Münbit torpağa, gözəl təbiətə, əlverişli coğrafi məkana malik olması səbəbindən daim diqqət mərkəzində olmuş və zaman-zaman müxtəlif qüvvələrin hücumuna məruz qalmış Serbiyada baş verən tarixi hadisələr Şahzadə Militsanın da həyatından yan ötməyib. 1389-cu ildə şahzadənin əri Çar Lazar Kosovonun müdafiəsi uğrunda gedən döyüşlərin birində həlak olur, ölkə hökmdarsız qalır. Əsl təhlükə və çətinliklər də məhz bundan sonra başlayır. Şəxsi həyatında baş verən itki nə qədər dəhşətli, nə qədər gözlənilməz olsa da, Şahzadə Militsa sarsılmır və müharibədən əziyyət çəkən, çətin anlar yaşayan serb xalqının məşəqqətli günündə bu ağır yükü onunla birlikdə qaldırmağa qərar verir –  oğulları yetkinlik yaşına çatana qədər dövlətin idarəçiliyini öz üzərinə götürür.

Uzaqgörən, ağıllı, müdrik siyasəti sayəsində o, ölkəsinin və xalqının bir daha müharibə acıları yaşamaması üçün, eyni zamanda gələcək itkilərin qarşısını almaqdan ötrü məqsədli şəkildə Osmanlı İmperiyası ilə ittifaqa girmək qərarına gəlir. Serb torpaqlarını zəbt etməyə hazırlaşan macar kralı Singidunumun fürsət gözlədiyini eşidincə, Şahzadə Militsa Osmanlı İmperiyası ilə diplomatik danışıqlar aparmaq üçün 1389-cu ildə Sultan I Bəyazidin görüşünə gedir və verdiyi düzgün qərarın, atdığı düşünülmüş addımın bəhrəsini görür: türk ordusunun köməyi ilə nəinki təcavüzkarın hücumunun qarşısını almağa müvəffəq olur, üstəlik, müxtəlif dövrlərdə işğala məruz qalmış doğma serb torpaqlarını da azad etməyi bacarır. Məhz yeni qadın hökmdarın tədbirli siyasəti sayəsində serb xalqı uzun müddət gözlədiyi sülh və əmin-amanlığa qovuşur.

Oğlu Stefan yetkinlik yaşına çatdıqdan sonra Şahzadə Militsa hakimiyyəti övladına təhvil verib, özü monastıra yollanır və ömrünün sonuna qədər rahibə həyatı yaşayır. 1405-ci ildə vəfat edən Şahzadə Militsa ölümündən sonra serb pravoslav kilsəsi tərəfindən Müqəddəslər sırasına daxil edilib.

Şahzadə Militsa təkcə hökmdar kimi deyil, həm də yazıçı kimi tanınıb, serb ədəbiyyatı xəzinəsinə bir sıra qiymətli ədəbi incilər bəxş  edib. Onun qələmindən çıxmış “Ananın duası” kitabı klassik serb ədəbiyyatının şah əsərləri siyahısına daxil edilib.

Olivera Lazareviç

 

(Olivera Despina Xatun) (1372-1444)

 

Müharibə bəşəriyyət üçün dəhşətli faciə, düşmənçilik, nifaq, ədavət, minlərlə günahsız insanın qətli, fəlakət deməkdir. Lakin bütün bunlara baxmayaraq, tarix boyu savaşlar heç zaman səngiməmiş, müharibələrin özündən sonra qoyduğu izlər isə qarətlər, talanlar, işğallar, xarabalıqlar, dul qadın və atasız uşaqlar olub.

Serbiya ərazisində baş vermiş döyüşlər də serb xalqının yaddaşında silinməz izlər qoyub. Bu baxımdan, Serbiyanın müharibə tarixində 1389-cu ildə Kosovo uğrunda gedən qanlı savaşlar xüsusi yer tutur. Bu müharibə Çar Lazarın ailəsinə də fəlakət gətirdi.

Türk ordusu ilə döyüşdə həlak olandan sonra onun həyat yoldaşı Şahzadə Militsa hakimiyyəti ələ alaraq serb xalqına rəhbərlik etməyə başlayır və  ölkənin ərazi bütövlüyünü qorumaq üçün yollar axtarır. Qadın hökmdar nicat yolunu ən güclü dövlətin – Osmanlı İmperiyasının dəstəyinə güvənməkdə görür və hələ yetkinlik yaşına çatmayan oğlu ilə birgə Osmanlı İmperiyasının paytaxtına – Ədirnəyə gələrək, Sultan I Bəyazidlə danışıqlar aparır, onunla ittifaqa daxil olur. Kifayət qədər ağıllı və tədbirli siyasət yürüdən Şahzadə Militsa münasibətləri daha da möhkəmlətmək məqsədilə həmçinin öz 16 yaşlı qızı Oliveranı Sultan Bəyazidlə ailə qurmağa razı salır.

Serb xalqının tarixində xüsusi rolu olmuş Çar Lazar və Şahzadə Militsanın sonbeşik qız övladı olan Olivera da digər bacıları kimi mükəmməl təhsil almışdı. Hökmdar ailəsində təhsilə böyük önəm verildiyindən, Olivera da xüsusi rühanilərin  və xarici ölkələrdən dəvət edilən müəllimlərin təlim-tərbiyəsini görmüşdü. Həmin dövrdə riyazi hesablama və bəlağət elminin sirlərinə yiyələnmək, fəlsəfi biliklərə malik olmaq, latın və yunan dillərində sərbəst danışa bilmək bacarığı zadəgan övladlarının üzərinə düşən mühüm vəzifə idi.

Səlis nitqə, gözəl əxlaq və ədəb-ərkana malik olan Şahzadə Olivera bütün bu tələblərin öhdəsindən məharətlə gəlməkdə digərlərindən seçilirdi. Hərtərəfli biliyə, zəngin dünyagörüşə malik olması qısa müddətdə onu sultanın ən sevimli zövcəsinə çevirir. Öz üstünlüklərindən yeri gəldikcə lazımınca istifadə edən şahzadə Serbiyanın siyasi və strateji baxımdan  möhkəmlənməsi üçün əlindən gələni etməyə çalışır.

Maraqlı (və bəlkə də, müstəsna!) haldır ki, sarayda yaşamasına baxmayaraq, Olivera Despina Xatun islamı qəbul etməmiş, mənsub olduğu xristian dininin pravoslav təriqətinə etiqadını qoruyub saxlaya bilmişdi. Bununla belə, islamda zor və məcburiyyətin olmaması şahzadə xanımın qəlbində bu dinə xüsusi rəğbət hissi oyatmışdı.

1402-ci ildə Osmanlı İmperiyası Teymurilər dövləti ilə müharibə aparmalı olur. Döyüşlərin birində Sultan I Bəyazid və Olivera Despina Xatun Əmir Teymurun qoşunları tərəfindən əsir götürülür. Əsirlikdə dünyasını dəyişmiş Sultan I Bəyazidin sevimli zövcəsinin – Olivera Despina Xatunun azad edilməsi üçün şahzadənin qardaşı, Serbiya hökmdarı Çar Stefan Əmir Teymurun hüzuruna gələrək, bacısını azad etməyə müvəffəq ola bilir. Bundan sonra Olivera Despina Xatun qardaşının Belqraddakı sarayına köçür və dövlət işlərində onun məsləhətçisi olur.

Serb xalqının tarixində xüsusi xidmətlər göstərmiş Olivera Despina Xatun 1444-cü ildə Smederevo şəhərində vəfat edərək, orada da dəfn olunur.

Hazırlayanı və çevirəni: Lalə MƏCİDOVA