Elektron ədəbiyyat və sənət portalı

Mikayıl Mikayılovun zamana üsyan edən qadını

Bölmə: Mədəniyyət 05.09.2016

Yaxşı əsərləri mükafatlandırmaq üçün ilk 3 yerin sahiblərinə müvafiq olaraq, ssenariyə görə 10.000, 5.000 və 3.000, librettoya görə 4.000, 2000, və 1000, mövzu-süjetə görə 1500, 1000 və 500 manat ayrılmışdı. Həm də çəkilmək üçün qəbul edilən ssenari, işlənmək məqsədilə qəbul edilən libretto və mövzulara artırılmış qonorar verilməsi nəzərdə tutulmuşdu. Ssenarilər sentyabrın 1-nə, libretto və mövzular isə iyulun 1-nə kimi təqdim edilməli idi (“Kommunist”, 1934, 9 may, №107 (4131)).

Bununla yanaşı, Azərbaycan Şura Yazıçılar İttifaqı “Azdövkinosənaye” ilə birlikdə “Azərbaycan varlığını təsvir edən bir sıra ssenarilərin yaradılması haqqında” qərar qəbul etmişdi. Bu vəzifə yazıçılardan Seyid Hüseyn, Cahanbaxış (Cavadzadə), Qantəmir, (Əbdülbaqi) Fövzi, Hüseyn Cavid, Səməd Vurğun, Abdulla Şaiq, Yusif Vəzir (Çəmənzəminli), Hacıbaba Nəzərli, (Mirmehdi) Seyidzadə və başqalarına tapşırılmışdı. “Azdövkinosənaye” tresti yazıçılar üçün Moskvadan dəvət olunmuş mütəxəssislərin rəhbərliyi altında xüsusi seminar təşkil etmişdi. Həmçinin, “çocuq ədəbiyyatı üzrə dramaturgiya sahəsində çalışmaq arzusunda olan yazıçıların bir sırasının təhkim olunması qərara alınmış, çocuq ssenariləri yazmaq üçün Abdulla Şaiq və Seyidzadə kinofabrikaya göndərilmişdilər”. (“Kommunist”, 1934, 21 noyabr, №270 (4293)). Lakin A.Şaiqin əsəri üzrə çəkilmiş qısametrajlı multiplikasiya filmindən başqa, bu görülən tədbirlərin nəzərəçarpacaq faydası olmamışdı.

30-cu illərin ortalarında Azərbaycan kinosu “Sevil”lə başladığı bir mövzuya – “qadın azadlığı və yeni həyat quruculuğunda qadının rolu” mövzusuna qayıtdı. Artıq bu mövzunun həvalə olunduğu, “Lətif” filmilə öz yaradıcılıq imkanlarını müəyyənləşdirmiş rejissor M.Mikayılov növbəti ekran işini də “sosializm quruculuğunda fəal iştirak edən azərbaycanlı qadına” həsr etdi. Filmin mövzusu 1933-cü ildə qadınlar arasında fəal iş apardığına görə, atası və qardaşı tərəfindən qətlə yetirilmiş Səriyyə Xəlilovanın taleyindən götürülmüşdü. Həmin hadisənin şahidi olan M.Mikayılov gördüklərini ekranda canlandırmaq, “simvolik mənada yüksəklərə ucalmağa səy edən Azərbaycan qadınının” obrazını yaratmaq üçün o dövrdə əlverişli olan fürsətdən istifadə etdi.

1934-cü il, aprelin 24-də ekranlara çıxan “İsmət” filminin ilk ssenari variantı “Adətin məhvi” adlanır və yalnız S.Xəlilovanın taleyindəki faktları əks etdirirdi. Sonra ilk azərbaycanlı təyyarəçi qadın Leyla Məmmədbəyovanın sənət yolunu mövzu ilə birləşdirməyi qərara alan M.Mikayılov ssenari üzərində işə Q.Braginskini də cəlb etdi.

Filmin quruluşçu-operatoru F.Novitski, quruluşçu-rəssamı V.Aden idi, rollara J.Mixelson (İsmət), İ.Daşdəmirov (Yunis, İsmətin atası), X.Əmirzadə (Səməd, İsmətin əri), Ə.Məmmədova (İsmətin anası), P.Tanailidi (türkəçarəçi), M.Sənani (Qulu), Ə.Məlikov (təyyarəçi), P.Murza (toxucu Fatma) H.Rzayeva (Həqiqət), Mirzə Əli (Molla Hacı), Ə.Qurbanov (Qoçu), İ.Oruczadə, Ə.Qəmərlinski, L.Məmmədbəyova (Leyla) dəvət olunmuşdular. Filmdə rejissor və operator assistentləri kimi M.Babayev, H.Vəzirov, M.Mustafayev işləyirdilər. “Feodalizm qalıqlarının və köhnəlmiş ənənələrin yolunu kəsdiyi Azərbaycan qadınlarının mübarizəsi” haqqında olan bu film o zaman maraqla qarşılandı.

Filmin süjetinə görə, artıq ailəli olan papaqçı Səməd  hamamçı Yunis kişinin qızı İsmətlə evlənir. Səmədin birinci arvadı bunu eşidəndə özünü yandırır. Hamamın yerində tikilmiş toxuculuq kombinatında ocaqçı işinə düzələn Yunis kişi təzə yerinə alışa bilmir. Ağır ev işlərindən, ərinin zülmlərindən xəstəxanaya düşən İsmət daha  bir fəlakətlə üz-üzə gəlir: o, ana ola bilməz!

Təzə sevdaya düşən Səməd mollaların təhriki ilə boşanmağı qərara alır, yeni toya hazırlaşır. Evdən gedən İsmət “yeni həyata, yeni istehsalata, yeni dövrün adamlarına” can atır. Onun bu hərəkətindən qəzəblənən Yunis kişi və Səməd İsməti axtarmağa başlayırlar. Toxuculuq fabrikində işləyən İsmətin öz hamiləri olan təyyarəçilərlə ünsiyyəti atanı və əri daha da qəzəbləndirir. Onun təyyarəçilər məktəbində oxuduğunu eşidəndə isə Yunis kişinin xəstələnməsi bəhanəsilə İsməti evə çağırırlar. Məqam gözləyən Səməd öz dostu ilə İsmətə hücum edir. Qızını xilas etməyə çalışan Yunis kişi yaralanır. Sonda o, öz səhvini başa düşüb, təyyarəçi qızının uğurlarına sevinir...

M.Mikayılov filmi 20-30-cu illərin başlıca üslubu olan “paralel montaj” üzərində qurmuşdu.

İsmət mənəvi cəhətdən nə qədər yüksəklərə qalxırsa, əri Səməd o qədər əyyaşlıq girdabına yuvarlanır; İsmət təyyarçilər məktəbində, Səməd isə meyxanadadır; İsmət epizoddan-epizoda daxilən nə qədər təmizlənirsə, Səməd də o qədər eybəcərləşir. Filmin finalında İsmət köhnəliyə qalib gəlib, daha da yüksəlir. Bütün bunlar ekran sənətinin zamanın ruhuna uyğun təbliğatçılıq məqsədinə xidmətindən doğurdu. M.Mikayılov yaradıcılığını və filmi araşdıran tədqiqatçı N.Sadıxov haqlı olaraq qeyd edir ki, “İsmət”də dərin və orijinal bir ideya yox idi, ...ekranda sovet həyatı, onun təntənəsi, insanların irəliyə səyi göstərilmişdi. İctimai-siyasi mahiyyəti zamanın tələblərindən irəli gələn bu ekran əsərində “...sxematizmdən doğan bəzi zəifliklərinə baxmayaraq, rejissor öz qarşısına qoyduğu məqsədə çatmış, bir çox real epizodlar və təsirli obrazlar yarada bilmişdi”.

“İsmət” filminin təbliğat-təşviqat xarakteri haqqında aşağıdakı fakt da aydın şəhadət verir: “Film ekrana çıxandan sonra kino qəhrəmanının taleyini həyat özü daha da dolğunlaşdırdı. U-2 təyyarəsində Azərbaycanın ən ucqar rayonlarına gələn L.Məmmədbəyova çox vaxt özü ilə “İsmət” filmini də aparır, kənd camaatı arasında aviasiyanı təbliğ edirdi”. Hər halda bu lent Azərbaycan kinosunda mövzu axtarışlarının bariz nümunəsidir.

Nəriman ƏBDÜLRƏHMANLI