Cadugərlər və qara pişik

Elm 02.09.2016 138

Eskimoslar harada yaranıb?

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Başdaşıları nəyə lazımdır?

 

Min illər qabaq qədim insan bir ənənənin əsasını qoydu – qəbrin yerini işarə etmək üçün onun üzərinə itiuclu daş qoymaq. Qədim insanlar, görünür, bunu qəbirdən şər ruhların çıxmasına mane olmaq üçün edirdilər. Qəbirüstü daşlar həm də insanları şər ruhların yaşadığı yerlərdən xəbərdar etmək məqsədi daşıyırdı.

Təbii ki, uzun əsrlər ərzində qəbirüstü daşların mənası da dəyişdi. Yunanlar, yəhudilər öz qəbirlərini daş sütunlarla işarələyirdilər. Misirlilər isə qəbrin yerini göstərmək üçün məqbərələr, sərdabələr, piramidalar tikirdilər. 

Xristianlıq yarananda qəbirlərin işarələnməsi hamının qəbul etdiyi bir ənənəyə çevrildi. Xristianlar bunun üçün bir rəmz olaraq xaç və çevrəni seçdilər. Çevrə ilk xristianlar üçün günəşin rəmzi sayılırdı. Sonralar bu rəmz sadə xaçla əvəz olundu və həmin xaç elə bu gün də qəbirlərdə başdaşı yerinə qoyulur.

 

İnsanlar cadugərlərin varlığına niyə inanırdılar?

 

İnsan çox şeydən qorxur. Əgər olanları başa düşə bilmirsə, xüsusilə əgər onlardan qorxursa, yaxud baş verənlərin adama ziyan gətirmək ehtimalı varsa, hadisəni mütləq sirli bir tərzdə izah etməyə çalışacaq, onu bir tilsim sayacaq. Cadugərliyə inam quraqlıq, göy gurultusu, şimşək, ruhi və fiziki xəstəliklərin izahı üçün yeganə üsul idi. Belə güman edilirdi ki, cadugər böyük güc və imkanlara malik olan fövqəladə şəxsdir. O, öz qüvvəsindən şər işlər törətmək naminə istifadə edir. Bəzi insanlar inanırdı ki, iblis cadugərlərə daim kömək edir.

Adətən cadugərlər qadın olurdu. Adamlar elə bilirdi ki, gecələr cadugər süpürgəyə minib göydə uça bilir. Əgər cadu ilə kişi məşğul olurdusa, ona “maq” da deyirdilər.

Cadugərliyə inam yüz illər qabaq yaranıb və cahil adamların təxəyyülünə əsaslanır. Ona görə də gözlənilməz təbii fəlakətləri belə adamlara izah etmək də asan idi. Xristianlığın ilk dövründə belə hesab olunurdu ki, cadugərlər öz ruhlarını şər qüvvələrə satır, əvəzində onlardan nəhayətsiz güc alırlar.

1484-cü ildə Papa VIII İnnokenti cadugərliyi rəsmən pisləyən xüsusi sənəd yaydı. Bu sənəddə Avropanı bürüyən dəhşətli  taun epidemiyasının günahı cadugərlərin üzərinə yıxılırdı. On yeddinci əsrdə həm Roma katolikləri, həm də protestantlar cadugər ovuna başladılar və bu, minlərlə insanın ölümünə səbəb oldu.

İngiltərədə peşəkar cadugər ovçuları vardı. Onlar ölkəni gəzir, insanların bədənlərində cadugərlik, sehrbazlıq nişanları axtarırdılar.

1647-1663-cü illər arasında Amerikanın yalnız Massaçusets və Konnektikut ştatlarında yüzlərlə şəxs cadugərlikdə ittiham olunmuşdu.

Bu gün isə həkimlər elə hesab edir ki, səbəbi bir zamanlar cadugərlik sayılan bir çox yuxular və qarabasmalar, əslində insanın öz əsəb pozğunluğu və ruhi sarsıntısının nəticəsidir.

 

Niyə qara pişiklə rastlaşmaq nəhs əlamət sayılır?

 

Bu gün yer üzündə milyonlarla adam inanır ki, əgər qara pişik qarşısından keçsə, tezliklə başına pis işlər gələcək. Bu dini inanc min illər qabaq yaranıb. Qədim misirlilər pişiyə sitayiş edir, onu müqəddəs sayırdılar. Onların hələ Paşt adlı pişik başlı tanrıları da vardı. Misirlilər inanırdı ki, ilahə Paştın doqquz həyatı var. Qədim Misirdə pişik ölürdüsə, onun mumiyasını düzəldirdilər.

Arxeoloqlar ölkə ərazisində qədim bir məzarlıq aşkar etmişdilər. Orada minlərlə pişik basdırılmışdı!

İnsanlar cadugərlərin varlığına inanan zamanlarda qara pişikləri cadugər qadınlarla assosiasiya edirdilər. Onlar inanırdılar ki, qara pişiklərin cildinə girən, əslində cadugərlərdir. Pişiyi öldürmək cadugəri öldürmək sayılmırdı, çünki cadugər dalbadal doqquz pişiyin vücuduna girə bilərdi.

Orta əsrlərdə belə bir inanc vardı ki, cadugərlər və sehrbazlar həmişə özlərinin tilsimli məlhəmlərini hazırlamaq üçün qara pişiyin beynindən istifadə edirlər. Bütün bu assosiasiyaların nəticəsi olaraq, qara pişik nəhs rəmzə çevrildi.

 

Bəzi insanlar niyə baş ovuna çıxırdılar?

 

Baş ovu daş dövründə, bəlkə, hələ ondan da qabaqlar başlanıb. Ona bu, yaxud başqa şəkildə, hər yanda rast gəlmək mümkündür. Faktiki olaraq, bu ov Balkan yarımadasında lap XX əsrin əvvəllərinədək mövcud olub! Lakin bu əməlin səbəblərinin müxtəlif yerlərdə və zamanlarda müxtəlif olmasına baxmayaraq, onun bir əsas mənası vardı. Bu, ruhun da materiyadan yarandığı və bütün həyatın ondan asılı olduğu haqda inancla əlaqədar idi.

İnanırdılar ki, adamlarda bu ruhi materiya əsas etibariylə başda yerləşir. İcma, yaxud qəbilə bir neçə baş ələ keçirəndə, adamlar inanırdılar ki, bu başlarla bir yerdə onların ruhunu da əsir götürüblər. Beləliklə, onlarda belə bir hiss yaranırdı ki, onlar ruhi enerjilərini gücləndirir, icmanın rifah halını yaxşılaşdırırlar.

Əksəriyyət elə fikirləşir ki, baş ovu yalnız Afrikada olub. Amma belə deyil. Həqiqətən də orada, xüsusilə də, Nigeriyada baş ovuna çıxırdılar. Lakin Britaniya muzeyində eramızdan əvvəl VII əsrdə baş verən bir döyüşü təsvir edən barelyef var. Həmin barelyefdə assuriyalıların düşmənlərin boynunu vuraraq kəllələrini özləriylə aparması prosesi göstərilir.

Baş ovu Hindistanın da bir çox yerlərində adi bir hal idi. Şimali Amerikada isə hindular düşmənlərinin başlarını deyil, skalplarını yığırdılar. Ola bilər ki, onlar ruhun başın tükündə qərar tutmasına sidqi-ürəkdən inanırdılar. Cənubi Amerikada isə nəinki baş ovuna çıxmaq, həm də kəsik başları qurudaraq onları hərbi qənimət kimi saxlamaq adəti vardı.

 

Reklam nə vaxt yaranıb?

 

Reklam deyərkən əgər informasiyanın biznes naminə yayılmasını nəzərdə tuturuqsa, söyləməliyik ki, bu proses lap çoxdan başlanıb. Lap qədimdən insan öz malını bazara çıxaranda, mütləq ucadan çığıraraq alıcı cəlb etməyə başlayır. Məgər bu, reklam deyil? Çap maşını ixtira olunmamışdan, ticarətçilər öz mallarına diqqəti cəlb etmək üçün divarlarda cürbəcür nişanlar çəkirdilər. Tacirlər çəkmə, əlcək, yaxud satdıqları başqa malların şəklini özünəməxsus reklam üsulu kimi dükanlarının qarşısından asırdılar. Qədim zamanlarda şəhər carçılarından da reklam vasitəsi kimi istifadə edirdilər.

Bizim bu gün gördüyümüz müasir reklam yalnız çapın ixtirasıyla yarandı. 1480-ci ildə Uilyam Kakston bir dini kitabın nəşri ilə əlaqədar kiçicik bir elan verdi. Çapın, xüsusilə də qəzetin yaranması ilə reklam sadəcə məlumatdan çox, adamları bu, yaxud başqa malı almağa həvəsləndirmək, təşviq etmək məqsədi daşımağa başladı. Həftəlik ingilis qəzetləri hələ 1650-ci ildə qəhvə, şokolad, çay reklamları verirdilər.

1666-cı ilin iyununda London qəzetinin reklam əlavəsi çıxmağa başladı! Bu gün isə reksam həm də bir elmdir. Bu sahədə geniş təqdiqatlar aparılır, istehlakçının zövqü öyrənilir, müxtəlif xarakterli reklam elanları sınaqdan keçirilir.

 

İlk elanlar nə vaxt yaranıb?

 

Elanın adı ona görə elandır ki, onda insanların diqqətinə çatdırmaq istədiyiniz məlumatlar olur. Elanı adətən, adamların çox olduğu yerlərdən asırlar. Beləliklə, elan əslində reklamın ilk növüdür. Belə elanlara Qədim Misir xarabalıqlarında da rast gəliblər. Təbii ki, onlar yazı deyil, divarlara çəkilmiş şəkillərdən ibarət idi, amma eyni məqsəd daşıyırdılar. Bu, elm aləminə bəlli olan ilk elanlardır. 

Qədim Roma Kolizeyində müəyyən tədbirlər keçiriləndə, bu barədə elanlar bütün şəhər boyu asılardı. XV əsrdə çap işinin inkişafı ilə məlumatları və reklamı yaymaq xeyli asanlaşdı. Onlardan bəziləri əllə yazılır, bəziləri isə çapdan çıxmış olurdu.

İndi bizim qəbul etdiyimiz müasir elanlar 1796-cı ildə litoqrafiyanın ixtirası ilə əlaqədar yarandı. Bu, elanlara rəngli şəkillər əlavə etmək imkanı verdi.

Bəzən yolların kənarında xüsusi lövhələr asılırdı. Adamların əksəriyyəti elanların yanından sürətlə ötdüyü üçün onları oxuya bilmirdilər. Beləliklə, aydın oldu ki, elanlar müəyyən tələblərə cavab verməlidir. Elan elə tərtib olunmalıdır ki, onu tez oxumaq mümkün olsun. Elan, yaxşı olardı ki, diqqət cəlb etmək üçün rəngli, yığcam və sadə hazırlansın.

 

Müasir tatunun neçə yaşı var?

 

Qollarını çırmayıb əllərindəki döymələrini – lövbərləri, ürəkləri, yazıları həvəslə nümayiş etdirən dənizçilər, əslində çox qədim bir ənənənin - bədənə döymə üsuluyla bəzək-düzək, yəni, tatu vurmanın davamçılarıdırlar. Belə şəkillərə ibtidai insanların bədənlərində də rast gəlmək olardı.

Tatunun tarixi çox qədimlərdən gəlir. Misirlilər, çinlilər, hindular və bir çox başqa xalqlar qədim zamanlardan bununla məşğuldurlar. O zamanlar tatu mühüm bir ritual idi deyə, bu mərasimin dəqiq işlənmiş ənənələri vardı. Yeni Zelandiyadakı maori qəbiləsinin əhalisi üzlərinə çox mürəkkəb şəkillər, ornamentlər döydürürdülər və bu ənənə orada indi də yaşayır.

Yaponiyada xrizantem, əjdaha üzü və müxtəlif bitkilərin şəklini döydürmək yüzillər bundan qabaq dəb olub. Bəzi yaponlar tatu şəkillərindən paltarlarının bəzədilməsi üçün də istifadə edirlər.

Amerika hinduları isə tatudan qəbilənin xüsusi nişanı kimi istifadə edirdilər. Bədənə döydürülən bu nişanlar onlarda döyüşçünün hansı qəbiləyə mənsub olduğunu göstərirdi. Dünyanın bir çox yerlərində tatunun böyük dini və sosial mənası olub. Bəzi xalqlar arasında qızların bədəni qəribə tatularla bəzənməyənədək onların ailə qurmağa hazır olmadığı barədə qəribə bir inanc da var. Bəzi qəbilələrdə tatu həlak olanların xatirəsini yaşatmaq üçün döydürülür. Qədim döyüşçülər tatulardan həm də öz düşmənlərini qorxutmaq üçün istifadə edirdilər.

Bu gün döymə şəkillər ya iynə ilə, ya da dərilərdə açılan çapıqlarla edilir. Əvvəlcə təsvirin konturları açılır, sonra da yaraya müxtəlif rəngli maddələr doldurulur. Lakin bəzən tatuirovkanın “tikmə” üsuluna da rast gəlmək mümkündür. Bu zaman dərinin altına iynə yeridilir, həmin iynənin sapı isə lazımi rəngə batırılmış olur. İynəni çəkib digər deşikdən çıxaranda, dərinin altında rəngli iz qalır...

 

Eskimoslar harada yaranıb?

 

Eskimoslar Şimali Amerika hindularına qohum olan bir etnosdur. Onlar da monqollara Şimali və Cənubi Amerikanın bəzi başqa aborigenlərindən heç də az oxşamırlar. Eskimoslar da hindular kimi, Amerikaya Asiyadan gəliblər. Belə bir fikir var ki, ilk eskimoslar Şimali Amerikaya 2000-3000 il qabaq Berinq boğazı və Alyaskadan keçiblər. Sonra onların bəziləri Alyaskanın şərq və cənub sahilləri boyunca hərəkət edərək müasir Ankoricin yerləşdiyi məkana gəlib çıxıblar. Eskimosların digər qismi isə Aleut adalarında məskunlaşıb. Lakin əsas hissə Alyaska və Kanada sahilləri boyu qərbə yollanıb.

Eskimoslarla avropalıların ilk görüşü bizim eranın təxminən mininci ilində - Skandinaviya səyyahları onlarla Labradorda, yaxud Nyufaundlenddə rastlaşanda baş tutub. Sonralar Qrenlandiyadakı eskimoslar da ilk məhz skandinaviyalı sayılan dəfə norveçlilərlə rastlaşıblar. XII-XIII əsrlərdə Qrenlandiyada avropalılarla eskimoslar arasında çoxlu qarışıq nikahlar qeydə alınıb. Odur ki, bu gün oradakı eskimosların çoxu elə avropalılara bənzəyir.

Eskimoslar da bir-birindən elə avropalıların əksəriyyəti kimi fərqlənirlər. Onların bəziləri dərisi ağ olan skandinavlara, yaxud almanlara, digərləri qarasaç italyanlara bənzəyir. Görünür, eskimosların şimalda yaşamasının səbəbi budur ki, onlar ovçudurlar və məskunlaşdıqları ərazi Şimali Amerikada ov üçün ən əlverişli yerdir.