Elektron ədəbiyyat və sənət portalı

Səssizlikdən səsə

Bölmə: Mədəniyyət 09.09.2016

Filmin çəkiliş prosesi haqqında məlumat verən mətbuat materiallarında da mövzudan gələn başlıca vəzifələr aydın görünür. Müəlliflər A.Quliyev və Q.Braginskinin pavilyon çəkilişlərindən, onların rəhbərliyi altında Dədəgünəşə gələn ekspedisiyanın fəaliyyətindən, “Almas” filminin əsasının Şamaxı kolxozçularının sosializm kəndi uğrunda mübarizəsi əsasları ilə uyğunlaşdırılmasından (“Kommunist”, 1935, 22 avqust, №193 (4519)) yazırlar. “Azərfilm” trestinin direktoru İ.Dublinski “Filmi necə hazırladıq” məqaləsində “C.Cabbarlının ölümü ilə filmin müvəqqəti dayandırılmasından sonra istehsalata buraxıldığından, filmin rejissorları, operatorları Frolov və İsmayılov, rəssam Aden, aktyorlar və yardımçı heyətin böyük bir kino əsəri yaratmaq üzərində çalışan vahid bir kollektiv olduğunu” qeyd edir. Film qurtarandan sonra “Azərfilm” tresti bu ekran əsərinin səsləndirilməsilə bağlı SSRİ XKS yanında Baş Kinematoqrafiya İdarəsinə müraciət etdi. Moskvadan icazə alınsa da, filmi tamamilə səsləndirmək texniki bazanın zəifliyi üzündən mümkün olmadı, ona görə də yalnız musiqinin yazılması ilə kifayətlənməli oldular. Bəstəkarlar Niyazi və Z.Hacıbəyovun yazdığı Azərbaycanın zəngin musiqi folkloru əsasında qurulmuş musiqi, plyonkaya səs operatoru İ.Ozerski tərəfindən yüksək səviyyədə köçürüldü. “Sinfi düşmənlə ağır mübarizədə özü üçün yaxşı həyat hüququ qazanan Azərbaycan kəndlilərinin ilk kollektivləşmə illərindəki həyatını” əks etdirən “Almas” filmi (“Kommunist”, 1936, 24 dekabr, № 296 (4992)) öz missiyasına görə 30-cu illərin tipik ekran əsəri idi.

Araşdırıcı N.Mehdiyeva “Almas” filmini ilk Azərbaycan səsli kinosu hesab edir. Amma kinoşünas A.Kazımzadənin haqlı olaraq yazdığı kimi, bu ekran əsərini səsli saymaq olmaz. Çünki film iki variantda hazırlanmışdı: birinci variant tam səssiz idi, ikinci variantda isə Niyazi və Z.Hacıbəyovun musiqisindən istifadə edilmişdi. İkinci variantda da aktyorlar danışmırlar. Ona görə də bu lenti səsli saymaq düzgün deyil.

Azərbaycan səssiz kinosunun 1935-ci ildə istehsalata buraxılmış son ekran işi “Məhəbbət oyunu” filmi oldu. Görkəmli sənətkarımız A.M.Şərifzadənin V.Koçetovun iştirakı ilə quruluş verdiyi bu lent də təbliğat-təşviqat xarakteri daşıyır, insanın əməyə münasibətini, məhəbbətin adamı dəyişdirdiyini ifadə edirdi. Amma A.Popov və R.Xaçumyanın qurduğu süjetin bayağılığı, sxematikliyi və bəsitliyi, hətta bu ifadəni də gerçəkləşdirməyə imkan verməmişdi. Quruluşçu-operator B.Pumpyanskinin, quruluşçu-rəssamlar V.Aden və G.Əliyevin, qrim rəssamı G.Parisaşvilinin peşəkar işi ekranda duyulmurdu.

Aktyorların – İ.Əfəndiyevin (Səttar), M.Şamxalovun (Kərim), L.Raytsixin (Onegin), A.Lodzinin (Şinkin), M.Əliyevin (VVAQ müdiri), M.Şərifova, İ.Oruczadə, T.Qornikin, V.Koçetovun (Petka), Ş.Şərifzadənin (Leyla) ifası obraz yaratmaqdan çox, oyunbazlığı xatırladırdı.

Filmin ssenarisi yetərincə naşı süjet əsasında yazılmışdı: tənbəl, səliqəsiz və bacarıqsız Səttar çilingər Leylanı sevir. Leyla isə Kərimə meyil göstərir. Kərim Leyladan xahiş edir ki, Səttara meyil göstərsin, onun qayğıya daha çox ehtiyacı var, bəlkə, bununla onda əməyə məhəbbət hissini artıra bilər. Leyla bunu oyun hesab edib razı olur və “məhəbbət oyununa” girişir. Nəticədə Səttar dəyişir, işgüzar və səliqəli olur, Leylanın tələbi ilə sürücülüyü öyrənir, yoldaşlarının rəğbətini qazanır. Kərimlə Səttar imtahan verib, məktəbə daxil olurlar. Kərim Leyla ilə evlənmək üçün Səttarla birgə VVAQ şöbəsinə gedir. Burada Leyla Kərimə yox, Səttara ərə getmək fikrində olduğunu bildirir.

A.M.Şərifzadə ssenaridən gələn bayağılığı, sxematikliyi və bəsitliyi ayrı-ayrı epizodlarda tapdığı kadrlarla aradan qaldırmağa çalışsa da, buna müvəffəq olmamışdı. Nəticədə səssiz kinomuzun və A.M.Şərifzadənin son ekran əsəri uğursuzluqdan yaxa qurtara bilmədi.

Ekranlara buraxılan film mətbuatın və tamaşaçıların mənfi rəyini aldı. Həmin rəylərdən biri belə idi: “Mayın 20-dən “Azərfilm”in “Məhəbbəti oyunu” filminin Leninqrad kinoteatrlarında göstərilməsi başlamışdır. Leninqrad mətbuatı film haqqında ictimaiyyətin fikrini ifadə edib, haqlı olaraq filmi tənqid etmiş və ona mənfi rəy vermişdir. “Krasnaya qəzeta” film haqqında belə yazmışdı: ““Məhəbbət oyunu” komediya adlandırılmışdır. Lakin burada gülməli heç bir şey yoxdur. Bu “Məhəbbət oyunu”nda mənalı bir şey tapmaq çətindir. Bu filmdəki qəhrəmanların boş-boşuna veyillənməsi şura tamaşaçısında təəccübdən başqa bir şey oyada bilməz.

Leninqrad vilayət həmkarlar şurasının filmlərə baxan plenumu bu filmi müzakirə edərək, “Azərfilm”ə məktub göndərməyi qərara almışdır” (“Ədəbiyyat qəzeti”, 1936, 18 iyun).

Bütün bunlarla yanaşı, Azərbaycan kinosu son ekran əsərlərindən biri kimi, tamamilə yeni bir janr olan multiplikasiya sahəsində də öz imkanlarını sınaqdan keçirmişdi. 1935-ci ildə görkəmli yazıçı Abdulla Şaiqin yazdığı nağılın süjeti üzrə “Oyunçu bağalar” (“Rəqs edən bağa”) adlı qısametrajlı film çəkilmişdi.

Rejissorlar A.Popov və Q.Salamzadənin, operator M.Dadaşovun lentə aldıqları bu ekran əsəri quraşdırılmış səhnələrdən, multiplikasiya kadrlarından ibarət idi.

Azərbaycan multiplikasiyasının başlanğıcı hesab edilən “Oyunçu bağalar” lenti “Azərfilm” üçün də texnoloji cəhətdən yeni idi. Filmin nüsxəsi arxivdə saxlanmadığından, mövzunun ekran həllinin səviyyəsi haqqında fikir yürütmək mümkün deyil.

Beləliklə, Azərbaycan səssiz kinosunun son filmləri ölkənin və respublikanın siyasi-ideoloji rəhbərliyinin həyata keçirdiyi xəttə uyğun olaraq, təbliğat-təşviqat funksiyasını həyata keçirirdi. Bu dövrdə istehsal olunmuş “Lətif”, “İsmət” və “Almas” filmləri ideoloji-siyasi məqsədindən əlavə, milli kino kadrlarının sınaqdan çıxarılması, “26 komissar” lenti isə yaradıcı əməkdaşlıq cəhətdən daha çox diqqəti çəkir.

Nəriman ƏBDÜLRƏHMANLI