Elektron ədəbiyyat və sənət portalı

Azadlığın dadı

Bölmə: Ədəbiyyat 09.09.2016

(Hekayə)

 

Barbara ROQOFF
(ABŞ)

Bu xalis şok idi: məni Kaliforniyadakı “Plizanton federal islah müəssisəsi”ndən Kentukkidəki “Leksinqton qadın islah müəssisəsi”nə – daim ağzınadək dustaqlarla dolu olan və öz qəddar mühiti ilə pis ad çıxartmış məşhur həbsxanaya keçirtdilər. Səkkiz ay qabaq məni atamın biznesinə aid iş üzrə mühakimə edib, dəmir barmaqlıqlar arxasına göndərmişdilər.

Lap uşaq çağlarımdan atam məni həmişə qorxu-hürkü içində saxlayır, başıma yüz hoqqa açıb hər cür ələ salırdı – həm fiziki, həm mənəvi, həm də seksual baxımdan… və bir dəfə mənə ailə biznesində anamın yerini tutmağı təklif edəndə, az qala beşyaşlı qızcığazın sadəlövh gözləri ilə ona acizanə itaətkarlıqla baxdım və əmin oldum ki, müqavimət göstərmək üçün heç bir gücüm və kömək ummağa heç bir yerim yoxdur.

Atamın iradəsinə zidd getməyi ağlıma belə gətirmirdim. Və bir neçə aydan sonra FTB-dən bizə adamlar gəlib filan-filan sənədlərdəki imzalar mənə məxsus olub-olmadığını soruşanda belə cavab verdim: “Bəli, bunlar mənim imzamdır, atamın imzası deyil”. Başqa sözlə, atamın hansısa cinayətinə görə məsuliyyəti öz üzərimə götürdüm və nəticədə ciddi rejimli həbsxanaya düşdüm.

Amma həbsxanaya qədər imkan tapıb uğursuz ailələr üçün olan terapevt qrupuna yazıla bilmişdim və burada öz psixoloji uşaqlıq zədəmin müalicəsinə başlamışdım. Daimi hoqqaların, ələsalmaların uşaq psixologiyasına necə təsir etdiyini mənə başa salmışdılar və demişdilər ki, bu hallarda baş vermiş mənəvi zədələrin bəzilərini sağaltmaq mümkündür. Terapevt qrupundakı işin sayəsində yavaş-yavaş anlamağa başladım ki, əhatə olunduğum mühitdəki hərc-mərclik mənim şüurumdakı hərc-mərcliyin inikasıdır. Ona görə də özümü dəyişdirmək qərarına gəldim – həqiqət və müdriklik dolu kitablar oxumağa, əslində kim olduğumu özümə xatırlatmaq üçün affirmasiyalar1 yazmağa başladım.  Və hər dəfə beynimdə atamın səsi uğuldayanda ki: “Sən heç zadsan, sən cılız və miskinsən!” - mən dərhal Tanrının səsi ilə batırırdım: “Sən Mənim istəkli körpəmsən”.

Həbsxanada peyda olandan sonra fikrin gücü, düşüncənin təlqini ilə öz həyatımı günbəgün, addımbaaddım dəyişdirməkdə davam edirdim. Belə ki, mənə “şey-şüylərimi yığışdırmaq” əmri veriləndə, ağlıma gələn birinci o olmuşdu ki, yəqin, məni nisbətən mülayim rejimli həbsxanaya keçirirlər.

Həbsxanadan qaçışın qarşısını almaq üçün adətən mühafizəçilər dustaqlara onları nə zaman və hara köçürməyə hazırlaşdıqlarını demirlər. Amma nəyə görəsə əmin idim ki, şəxsən mən sərt rejimli həbsxanadan daha yumşaq şəraitli həbsxanaya keçirilməyə layiqəm, ona görə də qəfildən Leksinqton kimi bir həbsxanaya düşməyim məni əməlli-başlı şoka saldı.

Əvvəlcə mənə çox dəhşətli və qorxunc oldu, amma bunun ardınca həmin o xoşbəxt məqamlardan biri baş verdi – o məqam ki, sən Tanrının ovcunun içində olduğunu dərk edirsən. Belə ki, məni yaşayış bölməsinə gətirdilər. Bu həbsxananın yaşayış bölmələrinə Kentukki ştatının koloritini əks etdirən məzəli adlar verilmişdi, – məsələn, “Blyuqrass”2. Lakin məni yerləşdirdikləri yer “Renessans” adlanırdı, bunun da mənası “Dirçəliş” idi. Və mən bunun Tanrı tərəfindən göndərilmiş xoş bir əlamət olduğuna inandım; əmin idim ki, məhz belədir. Yəni, ona eyham vurulurdu ki, həqiqi ruhi dirçəliş üçün hələ çox dərslər almalıyam.

Ertəsi gün təmir-inşaat briqadasındakı iş yerinə təyinat aldım. Biz döşəmələri sürtüb parıldadır, divar kağızları yapışdırır, yerə plitə düzür, cürbəcür işlər görür, bir sözlə, azadlığa çıxandan sonra karımıza gələ biləcək vərdişlərə yiyələnirdik. Həbsxana nəzarətçimiz mister Lir3 bizə inşaat peşələri öyrədirdi. O, şən və xeyirxah adam idi və bu cəhətləriylə digər həbsxana xidmətçilərindən kəskin fərqlənirdi.

Adətən həbsxana sakinləri ilə personal arasındakı qarşılıqlı anlaşma yalnız iki qayda əsasında tənzimlənir: dustaqlar həbsxana nəzarətçisinə etibar eləmir, həbsxana nəzarətçisi isə dustağın bircə sözünə də inanmır. Amma mister Lir başqa cür adam olduğundan, ona münasibət də tamam ayrı cür idi. O istəyirdi ki, bizim günlərimiz təkcə səmərəli deyil, həm də şən keçsin. Yox, heç bir təlimatı pozmurdu, amma həyatımızı təhqir və qərəzlə zəhərləməyə də çalışmırdı.

Mister Lirə fikir verəndə bir neçə dəfə görmüşdüm ki, o, mənə sanki müəyyən anlaşılmazlıqla baxır. Məsələ orasında idi ki, mən Kanzasdan olan adi evdar qadına oxşayırdım, – əslində elə belə də vardı, – nəsə həbsxanaya uyuşmurdum, bura mənim yerim deyildi. Bir dəfə, yaxınlıqda dustaqlar olmayan vaxt mister Lir qəfildən soruşdu:

- Qulaq as görüm, sənin həbsxanada nə işin var, bura necə düşmüsən?

Ona hər şeyi olduğu kimi danışdım. Mister Lir məni axıracan dinlədi və soruşdu ki, atam da dəmir barmaqlıqlar arxasındadırmı? Cavab verdim ki, yox. Çünki atamın əleyhinə heç bir dəlil yox idi. Bundan başqa, mən düzgün ifadə verəndə qardaşlarım və bacılarım atamın tərəfini saxladılar, qəti surətdə bildirdilər ki, guya atama şər atıram.

Mister Lirin gözlərində qəzəb parıldadı. Soruşdu ki, bütün bu haqsızlıqlardan sonra sən özünü burada necə xoşbəxt hiss edə bilərsən? Və mən ona son vaxtlar dərk etməyə başladığım sadə həqiqətlərdən danışdım, düşüncələrimi bölüşdüm… məsələn, dedim ki, xoşbəxtlik və dinclik – bizim daxilimizdədir.

Mən mister Lirə “azadlıq” sözünün dərin mənasını izah etdim və başa salmağa çalışdım ki, hər bir insan həyatda nəyə inanırsa, onu da alır, məhz inandığı şeyi əldə edir, – sadəcə, bunun üçün ürəkdən inanmalısan.

Sonra bir neçə sual verdim. Soruşdum ki, belə bir iş – hər gün dustaqlara nəsə öyrətmək və dustaqlar nə işləmək, nə də oxumaq istəyəndə çalışıb onları işə cəlb etmək onu yormurmu? Qəzəb və məyusluq dolu bu cür yerdən uzaqlarda olmağı ürəkdən arzu edən adamlarla işləyə-işləyə, eyni zamanda şən və xeyirxah qalmaq ona necə müyəssər olur?

Mister Lir etiraf etdi ki, bu, həqiqətən də asan iş deyil və o, əlbəttə ki, başqa bir işə üstünlük verərdi. Heç demə, vaxtilə mister Lir hərbi xidmətçi olmaq istəyirmiş, amma öz arzusuna doğru addım atmağa qəti qarar verə bilməyib, çünki həbsxanada nəzarətçi işi sabitlik vəd edirdi, ona isə arvadını və uşaqlarını təmin etmək lazım imiş.

Cavab verdim ki, əgər bu arzunun gerçəkləşməsi mümkün olmasaydı, onun qəlbində hərbi xidmətçilik arzusu heç əzəldən doğulmazdı; bir halda ki, onun içində bu istək doğulmuşdu, deməli, onun gerçəkləşməsi də mümkün ola bilərdi. Dedim ki, o, öz arzusuna çata bilər və əlavə etdim ki, biz hamımız bu və ya digər şəkildə dustaqlarıq. Hərə öz həbsxanasında.

Bizim aramızda bu cür söhbətlər bir neçə həftə davam elədi. Mister Lirə etibarım artmışdı. İnanırdım ki, bu nəzarətçidən qorxmaya bilərəm – o, məni söz eşitməməkdə günahlandırıb həyatdakı uğursuzluğunun acığını çıxmaz, kefinə düşəndə heç bir səbəb olmadan məni əlavə işlərlə yükləməz, yaxud səbəbsiz yerə karserə salmaz, necə ki, həbsxanalarda belə hallar tez-tez baş verir, xüsusən də qadın məhbəslərində.

Ona görə də siz mənim halımı təsəvvür etməyə çalışın ki, bir dəfə mister Lir heç bir səbəb olmadan mənə yaxınlaşıb qəzəblə üstümə çığıranda necə acılar və iztirablar keçirdim: “Missis Roqoff, tələb edirəm ki, mənim kabinetimə gedib orda səliqə-sahman yaradasınız. Stellajların hamısı bircə-bircə boşaldılmalı və təmizlənməlidir, özünüz də rəflərdəki bütün əşyaları yığışdırmamış oradan çıxmağa cəsarət etməyin!”

Bilmirdim ki, mister Liri hansı hərəkətimlə acıqlandırmışam, amma, əlbəttə ki, əmrə tabe olmağa məcbur idim. Odur ki, “Baş üstə, ser”, - deyib, xəcalət və təhqirdən qovrula-qovrula onun kabinetinə yollandım. Onun bu hərəkəti mənə bərk toxunmuşdu. Axı mən fikirləşmişdim ki, o, heç də başqaları kimi deyil; fikirləşmişdim ki, bu vaxtacan biz səmimi söhbət edirik, ürəkdən danışırıq, əslində isə, heç demə, mən ondan ötrü hamı kimi adi məhbuslardan biriyəm.

Mister Lir qapını arxamca bağlayıb, dəhlizlə kiminsə gəlib-gəlmədiyinə baxmaq üçün bayır tərəfdə qaldı. Gözümün yaşını silib stellajlara nəzər saldım və… dərhal da üzümdə təbəssüm peyda oldu. Bütün rəflər boş və təmiz idi, yalnız onların birində dəymiş qıpqırmızı pomidor və duzqabı vardı. Mister Lir bilirdi ki, mən təxminən bir ildir məhbəsdəyəm və bütün bu müddətdə bir dəfə də olsun təzə pomidor yeməmişəm. O, öz bağından pomidor dərmişdi və mənə “intizam naryadı” vermişdi ki, pomidordan dadıb ləzzət ala bilim. Beləcə, mən öz həyatımın ən dadlı pomidorunu yedim.

Bu sadə xeyirxahlıq təzahürünün – nəzarətçinin mənə “filan nömrəli məhbus” kimi deyil, canlı insan kimi yanaşması – mənəvi sağlamlığım yolunda çox köməyi oldu. Artıq dəqiq bilirdim ki, həbsxanaya düşməyim qətiyyən təsadüfi deyil, - məhbəs imkan vermişdi ki, ən dərinlikdəki uşaqlıq zədəmi sağaltmaqla o biri zədələrin sağalmasına təkan verə bilim.

Azadlığa çıxandan mister Liri görməmişəm, amma hər dəfə öz bostanımdan pomidor dərərkən onu xatırlayıram. Ümid edirəm ki, hazırda eynən mənim kimi mister Lir də azaddır.

1 Affirmasiya – təsdiq kəlamı; onun köməyi ilə insan özünü gerçəkliyin qəbulna kökləyir. 

2 Blyuqrass – ayrıqotu;

3 Şekspirin məşhur personajlarından olan kral Lirin adından götürülmüş bu ad məcazi mənada “nankor övladların atası” mənasını daşıyır.

Tərcümə edən: Mahir N.QARAYEV