Elektron ədəbiyyat və sənət portalı

Din necə yaranıb?

Bölmə: Elm 26.08.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

İlk universitet harda və nə vaxt yaranıb?

 

Orta əsrlərdə universitet adını ümumi maraqların qorunması naminə toplanan istənilən birliyə verirdilər. Ona görə də ilk təhsil universitetləri sadəcə olaraq, müəllimlərin və tələbələrin müdafiəsi üçün təşkil olunan birliklər  demək idi. Bu birliklərin daimi binaları yox idi. Müəllimlər və tələbələr hansısa zalı, yaxud başqa bir tikilini kirayəyə götürürdülər.

Zaman keçdikcə bu birliklər də böyüyürdü, onlar üçün binalar tikilirdi. Universitetlər artıq müəyyən hüquq və güzəştlər qazanmışdılar və daimi fəaliyyət göstərirdilər. İlk belə universitet İtaliyanın Salerno şəhərində yarandı. Təxminən, IX əsrdən etibarən o, tibbi təhsil müəssisəsi kimi geniş şöhrət qazandı. Bu müəssisə 1231-ci ildə rəsmən universitet kimi tanındı.

XI əsrin axırlarında İtaliyanın Bolonya şəhərində çoxsahəli universitet fəaliyyət göstərməyə başladı. Burda hüquq, tibb, incəsənət və teologiyanı öyrənirdilər. Orta əsrlərin ən məşhur universiteti rəsmən XII əsrin ikinci yarısında təsis olunmuş Paris universiteti idi. Bu universitet sonralar Avropada yaranan bütün universitetlər üçün bir nümunə kimi tanındı. İngiltərənin iki ən qədim universiteti də Paris universiteti nümunəsində yaradıldı.

Oksford və Kembric rəsmən XIII əsrdə tanınmışdı. Biz bilirik ki, universitet bir çox kolleclərdən, yaxud fakültələrdən ibarət olur ki, bu da həmin təhsil müəssisəsində müxtəlif ixtisaslarda mütəxəssis yetişdirmək imkanı verir. Bir çox təhsil müəssisələri əvvəlcə kollec şəklində fəaliyyətə başlayaraq, sonradan universitetə çevrilib. Birləşmiş Ştatlarda ilk kollec Harvard olub. Bu təhsil müəssisəsi Massaçusets ştatının Kembric şəhərində 1636-cı ildə yaradılmışdı, bu gün isə artıq böyük bir universitetdir.

 

Riyaziyyat (matematika) necə yaranıb?

 

Riyaziyyata (arifmetika) rəqəmlər haqda elm də demək olar. Bu sözün özü, yəni  yunan dilində “arifmos” - “rəqəmlər” deməkdir. “Matematika” sözü də yunan dilində “bilgi” mənasında işlənib.

Əvvəllər adamlar öz inəklərini, qoyunlarını əl barmaqlarıyla sayırdılar. Sonralar ağac üzərində qoyduqları çapıqlarla saymağı öyrəndilər. Növbəti addım isə elə say sistemi oldu ki, onun hər rəqəmini işarələr vasitəsiylə yazmaq mümkün idi. Qədim yunanlar bu məqsədlə əlifbanın hərflərindən istifadə edirdilər. Romalılar isə daha uzağa getdilər. Onlar artıq hərfləri ataraq, bütün rəqəmləri cəmi yeddi hərflə ifadə etməyə başladılar. Bu sistem yazı üçün tətbiq olunurdu. Hesablamada isə “abak” adlanan xüsusi lövhədən istifadə olunurdu. 

Ərəblər hindlilərin qəbul etdiyi əsaslarda rəqəm sistemi yaratdılar ki, biz indiyədək ondan istifadə edirik. Mərtəbələrin göstərilməsi üçün onlar ilk dəfə sıfır rəqəmini tətbiq etdilər ki, bu da saymağı son dərəcə sadələşdirdi. Diqqət yetirin ki, məhz “sıfır” sözündən də dünya dillərində rəqəm anlamında işlənən “sifra” sözü yarandı. Ərəb say sistemindən istifadəni tövsiyə edən ilk riyaziyyat kitabı naməlum italyan alimi tərəfindən 1202-ci ildə qələmə alınıb.

Çap üsulu ilə hazırlanmış ilk riyaziyyat dərsliyi latın dilində yazılmış və İtaliyada 1478-ci ildə işıq üzü görmüşdü. Digər dərsliklər isə 1484-1496-cı illər arasında çıxmışdı. Onlarda söhbət toplama, çıxma və vurmadan gedirdi. Bəzi latın məktəblərində riyaziyyatı yalnız təhsilin beşinci, altıncı ilində öyrədirdilər və buna həftədə bir saat ayırırdılar.

Yadda saxlamaq lazımdır ki, riyaziyyat üzrə bu qədim kitablar müasir metodların müəyyən bir hissəsini özündə əks etdirirdi və biz buna görə hind və ərəb alimlərini minnətdarlıqla xatırlamalıyıq.

 

Məktəblər yaratmaq insanların nəyinə lazım idi?

 

İnsanlar qədim zamanlardan qruplar şəklində yaşayırlar. Hər qrup, nəsil birlikdə qalmağa, hətta ayrı-ayrı nümayəndələrinin ölməsindən sonra belə, bu birliyi qorumağa çalışırdı. Nəsli, onun dəyərlərini qorumaq üçün yaşlılar uşaqlara bildiklərinin hamısını öyrətməli idilər ki, onlar da gələcəkdə öz problemlərinin öhdəsindən gələ bilsinlər. Gənclər isə öyrənməliydilər ki, ənənələri, bilikləri və qrup şəklində qazanılmış təcrübəni saxlaya bilsinlər. Beləliklə, “təhsil” ideyası məktəblərin özündən xeyli qədimdir. Lakin yazının kəşfindən sonra məktəblərin yaranması artıq zərurətə çevrildi. Hərfləri mənimsəmək üçün xüsusi təhsil lazım idi. Yazının mövcudluğu isə biliklərin əvvəllər olmayan bir şəkildə effektiv ötürülməsini təmin edirdi.

Ailə belə təhsili təmin edə bilməzdi. Ona görə də bununla məşğul olan xüsusi müəssisə lazım idi. Məktəb də belə bir müəssisə olaraq yarandı. İlk məktəbin harda və nə vaxt yarandığını kimsə bilmir. Bizə bəlli olan bircə budur ki, 5-6 min il qabaq artıq Misirdə, Çində, bəlkə, hələ başqa ölkələrdə də məktəblər var idi. Lakin yalnız XVIII əsrdə təhsilin insanın və cəmiyyətin həyatında necə mühüm rol oynaya biləcəyi tam bəlli oldu. Və yalnız 100 il əvvəl oxumaq hər bir uşağın təməl hüquqlarından sayılmağa başladı.

 

Andlılar məhkəməsi necə yarandı?

 

Bizim üçün andlılar məhkəməsi tələb etmək insanın ən təbii və müqəddəs hüquqlarından biridir. Lakin insanın bu haqqının tanınmasınadək çox zaman lazım oldu. 1066-cı ildə normandlar İngiltərəni işğal edəndə, məxsusi andlılar zümrəsi yaratdılar. Onların vəzifəsi faktlardan şəxsən xəbərdar olmalarına əsaslanaraq, məhkəmə işlərini həll etmək idi. Belə üsul on ikinci yüzillikdə II Henrixin hakimiyyəti dövrünədək qüvvədə oldu, kral Henrix isə bu qaydalara böyük dəyişikliklər etdi.

Qərarlardan biri bu oldu ki, andlılar xidməti vəzifələrini yalnız məhkəmədə çıxış edən şahidlərin ifadələrinə əsaslanaraq yerinə yetirməliydilər. Bu, təbii ki, müasir andlılar məhkəməsinin də əsas fəaliyyət prinsipidir. On iki nəfərdən ibarət andlılar məhkəməsi şahid ifadələrini, vəkillərin arqumentlərini və hakimin tapşırıqlarını diqqətlə dinləyir və sonra öz qərarlarını vermək üçün başqa otağa keçirlər. Görünür, andlıların məhz on iki nəfərdən ibarət olmasının konkret əsası yoxdur. Sadəcə olaraq, 1166-cı ildə II Henrix qərarını belə vermişdi və həmin zamandan etibarən bu, dəyişməz qalır.

Andlılar məhkəməsi yarananadək məhkəmə prosesləri müxtəlif üsullarla aparılırdı. Birinci üsul “zamin durmaq” idi. Yəni müttəhim məhkəməyə bir neçə qonşusunu gətirir və onlar da and içirdilər ki, müttəhim günahkar deyil. İkinci üsul “Tanrı məhkəməsi” adlanırdı. Müttəhim çoxlu işgəncələrə məruz qalırdı. O, əlini qaynar yağın içinə salır, yaxud əlinə közərmiş dəmir götürürdü. Əgər o işgəncəyə dözürdüsə, onu günahsız elan edirdilər. Üçüncü üsul “Məhkəmə qarşılaşması” adlanırdı. İnsan öz günahsızlığını isbat etmək üçün düşməni ilə döyüşməli idi. Əgər qələbə çalırdısa, onu günahsız elan edirdilər.

 

Qırmızı Xaç Cəmiyyəti nə vaxtdan fəaliyyətə başlayıb?

 

1859-cu ilin isti bir iyun günü İtaliyada, Solferino yaxınlığındakı döyüşdən sonra meydanda on beş min ölü və ağır yaralı qaldı. Həkimlər az idi və bir çox yaralılar həkim yardımına macal tapmamış öldülər. Həmin gün döyüş meydanından keçən isveçrəli bir gənc – Hentix Dünant gördüyü ağır mənzərədən, qırğınların miqyasından, yaralıların ah-naləsindən sarsıldı. O, yaxınlıqdakı italyan kəndindən qadın könüllülər topladı. Onun rəhbərliyi altında bu qadınlar yaralılara yardım göstərirdilər.

Henrix Dünant şahidi olduğu dəhşətli səhnələr haqda bir məqalə yazdı. Məqalənin məğzi bu idi ki, əgər milli mənsubiyyətindən asılı olmayaraq bütün yaralıların qayğısını çəkmək üçün bir təşkilat yaransaydı, ölümlərin sayı qat-qat az olardı. Dünantın humanist səyləri nəticəsində on dörd millət Qırmızı Xaç Cəmiyyətinin yaradılması barədə müqavilə imzaladı. Müqavilənin imzalanma mərasimi 1864-cü ildə, Cenevrə konfransında baş tutdu və 1906-cı ildə həmin sənədə bəzi düzəlişlər edildi.

Sənədə əsasən, müharibə zamanı cəmiyyətin əzab-əziyyətini azaltmaq üçün müxtəlif ölkələrdə tədbirlərin keçirilməsi nəzərdə tutulurdu. Qırmızı Xaçın emblemi kimi İsveçrə bayrağının rəng sırasının tərsi əsasında yaranan bir nişan qəbul olundu.

Bu gün müharibə, yaxud milli fəlakət baş verərsə, bir çox millətlərdən olan insanların qəlbi bəşəriyyətə xidmət naminə həmin o bayrağın altında birləşir. İstənilən müharibədə bu mərhəmət bayrağına həm dostlar, həm də düşmənlər hörmət göstərirlər.

Qırmızı Xaçın Britaniya şöbəsinin əsası 1908-ci ildə qoyulub. Britaniya silahlı qüvvələrinin özünün tibbi xidməti olsa da, müharibə zamanı Qırmızı Xaç belə qurumlara yardım da göstərir.

Rusiyada Qırmızı Xaç Cəmiyyəti 1918-ci ildə yaradıldı və 1923-cü ildə ölkə ərazisindəki müsəlman əhali nəzərdə tutularaq, cəmiyyətin adını dəyişdilər. Həmin andan etibarən təşkilatın adı “Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin İttifaqı” oldu.

 

Din necə yaranıb?

 

Dünyanın əsas dinləri induizm, buddizm, konfutsianlıq, taoizm, sintoizm, zərdüştilik, islam, iudaizm və xristianlıqdır. İnduizm Hindistanda, təxminən 3000 il bundan qabaq yaranıb. Bu dinin yaradıcıları belə hesab edirdilər ki, ilk böyük Allah olan Brama bütün həyat formalarının və çoxlu kiçik allahların yaradıcısıdır. Budda isə təxminən 3000 il əvvəl yaşayan böyük dini müəllim idi. Buddizm özünün ilkin formasında hansısa Allaha, yaxud allahlara bağlı deyildi. Buddizm  öyrədirdi ki, insanlar bütün arzularından xilas olmaqla şərə qalib gələ bilər, rahatlıq tapar.

Buddizmin müxtəlif təriqət və istiqamətləri var.

Konfutsianlıq isə eramızdan əvvəl VI əsrdə yaşayan Konfutsi adlı bir filosofun təlimidir və insanın öz yaxınları ilə düzgün davranışı problemləri ilə bağlıdır.

Taoizm eramızdan qabaq VI əsrdə yazılmış, müəllifi Lao Şe olan kiçik bir kitabdan yaranıb. Bu inanc öz davamçılarından təbii həyat tərzinə sadiq qalmağı tələb edirdi.

Sintoizm isə yaponların ibtidai dinidir. Onun əsasında daha çox çinlilərin yaratdığı müxtəlif  təlimlər durur.

Zərdüştilik Zaratustra, Zaroastra, yaxud Zərdüşt adlanan İran mənşəli, bəzi mənbələrdə azərbaycanlı kimi göstərilən peyğəmbərin təlimindən yaranıb. Zərdüşt eramızdan əvvəl VII əsrdə yaşayıb.

İslam eramızın VI əsrində ərəb əsilli Məhəmməd Peyğəmbərin təlimləri əsasında formalaşıb.

İudaizm qədim yəhudilərin vətəni olan Fələstində yaranıb və yəhudi xalqı tərəfindən ən müqəddəs din sayılıb.

Xristianlıq isə eramızdan qabaq 8-4-cü illərdə, Fələstində anadan olmuş İsa Məsihin təlimləri əsasında yaranıb.

 

İlk rahiblər kim idi?

 

Rahiblik dinə həsr olunmuş həyat tərzi keçirməkdir. Kişi monastırı dini and içmiş kişilərin yaşadığı yerdir. Bu kişilər bir qayda olaraq, rahib olur. Amma monastırlarda ruhanilər də yaşaya bilər, hansısa dini qardaşlığın üzvləri də. Qadın monastırı isə dini and içmiş qadınların yaşadığı yerdir. Bu qadınlara rahibə deyilir.

Rahiblik hələ xristianlıqdan əvvəl də geniş yayılmışdı. Yəhudilər müxtəlif icmalarda birləşərək, öz təsərrüfatlarını idarə edirdilər. Xristian rahibliyinin əsası isə bizim eranın üçüncü əsrində Misirdə qoyuldu. Kişilərdən ibarət bir qrup ibadət etmək üçün tərki-dünya olub xəlvətə çəkildi. Qadınlardan ibarət belə qruplar da çox qədim zamanlardan mövcuddur. Hətta bəziləri bu fikirdədir ki, qadın monastırları kişilərinkindən də əvvəl yaranıb. Xristianlığın tarixi boyu rahiblər ordeni yaranan kimi onun tərkibində qadın cəmiyyətləri də yaranırdı.

Qadın dini icmalarının əksəriyyəti Müqəddəs Avqustin və Müqəddəs Fransiskin nizamnamələrinə əsasən fəaliyyət göstərir. Rahibələr də rahiblər kimi and içirlər. Onlar qadın monastırlarında yaşayırlar və hər belə monastırın özünün geyim forması olur.

XVII yüzilliyədək rahibələr adətən monastırda qalır, həyatlarını sırf ibadətlə keçirirdilər. Lakin o vaxtdan etibarən bir çox rahibə cəmiyyətləri məktəblərdə, xəstəxanalarda, yetimlər və qocalar evində fəaliyyət göstərməyə başladılar.