Elektron ədəbiyyat və sənət portalı

Kamal Abdullanın trilogiyası Rusiyada nəşr olunub

Bölmə: Beynəlxalq 17.09.2016

Müxtəlif vaxtlarda dünyanın aparıcı dillərində 20-dən çox ölkədə dərc olunan bu romanlar müxtəlif süjet xəttinə, müxtəlif zamanlarda baş verən hadisələrdən və müxtəlif qəhrəmanlardan bəhs etdiyinə baxmayaraq, ilk dəfə bir ədəbi çevrəni qapayan və bir-birinə dərin ədəbi lağımlarla bağlanan trilogiya halında nəşr olunub.

“Qarağacın kölgəsində” kitabı müəllifin rus oxucusuna müraciəti ilə başlayır. Müəllif burada oxucu ilə romanları barədə fikir mübadiləsi aparır, bir növ əsərlərdə gizlənən mətləblərdən oxucunun xəbərdar olması üçün yardımçı olur.

Kitabdakı ilk roman “Yarımçıq əlyazma” mərhum sənətkarımız Vaqif İbrahimoğlunun, digər iki roman - “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox...” isə rus yazarı Lüdmila Lavrovanın tərcüməsində təqdim olunur. “Qarağacın kölgəsində” kitabına son sözü “Художественная литература” nəşriyyatının direktoru, rus yazıçısı, akademik Georgi Pryaxin yazıb.

Ürək genişliyi ilə yazılan bu son sözdə Azərbaycan yazıçısının əsərlərinə yüksək qiymət verilir və onun mətnləri dünya ədəbiyyatının korifey yazarlarının əsərləri ilə müqayisə edilir.