Elektron ədəbiyyat və sənət portalı

Qaranquş xisləti

Bölmə: Ədəbiyyat 23.09.2016

Yazıçı Şərif Ağayarın “Gülüstan” romanını ikinci dəfə oxuyası oldum. Bunu heç də əsərin üslubuna, dilinə, mövzusuna görə deyil, sadəcə özümün bu maraqlı mətn haqda gəldiyim qənaətimə, fikirlərimə bir daha dəstək olmaq üçün etdim  və bir daha əmin oldum ki,  “Gülüstan”ın  bütün motivasiyası, estetikası, özündə ehtiva etdiyi şüurüstü, şüuraltı yükü günümüzün gerçəkliyindən qaynaqlanır.

Düzdü, Hacı Süleyman düzünün timsalında əsər bizi həyatın girdablarına tuş gəlmiş insanların talelərində labirintlərə salıb içimizdə baş qaldıran ağrı-acıya qəhqəhə çəksə də, mətn sırf realist üslubda yazılmayıb. Əsərdə real surətlər arxetiplər kimi də verilmir.

Əslində, diqqətcil oxucu üçün modern və ya posmodern təfəkkürlə meydana gəlmiş əsərdə realizm sanki alnından güllə dəymiş yağı düşmən ölüsünə oxşayır,  amma müəllif onun yanından qalib bir snayper kimi keçmir...

Əsərdəki Adəmin mifik, başlanğıc olmaqdan uzaq surəti əslində, Hacı Süleyman düzündəki gerçəklərin sinəsində çarpaz bir dağa oxşayır. Çox şeylər bu surətin simasında kəsişir. Çölün metafizik aurası içində baş verənləri, qaçqın həyatının qələməgəlməz həqiqətlərini, deyək ki, təkcə Adəmin timsalında  çatdırmaqdan ötrü müəllif heç də ora-bura baş vurmağa, özündən Amerika açmağa cəhd göstərməyib, hər şeyi ustalıqla oxucunun ixtiyarına buraxıb. Zaman, Gerçəklik, Ümid... – bu müstəvidə haraya baş vursaq,  cəmi bircə qalib görərik: İnsan.

Amma o, qalib olduğu qədər də məğlubdu, yenikdi, miskindi... Elə əsl məsələ də bundadı. Bəs Zamanla, Gerçəkliklə, Ümidlə – şərti sadaladığım bu üç dayaq nöqtələri ilə İnsanın yerini dəyişsək necə? Bu zaman qalib tapılacaqmı? Müəllif bunu da oxucunun ixtiyarına buraxır və qətiyyən prosesə müdaxilə etmir, onların arasında şahmat gedişinə yol vermir, yəni demək istəyir ki, özünüz baxın, Gülüstanın gerçəklikdən puç olmuş necə bir xülyaya çevrildiyini özünüz görün.

Təbii ki, mən araşdırmaçı deyiləm və öz düşüncələrimi yazıram. Belə götürəndə, əsərdə ümid bəsləyən bütün obrazlar kimi mən də Gülüstanın puç bir xülya olmamasını çox istərdim. Amma əfsus! Gerçəklik gerçəklikdi, Zaman zamandı, Ümid də Ümid... Və İnsanın üstündən xətt çəkən, onu  məhv edən bir Qüvvə də var ki, “Gülüstan”dakı Gülüstan sevgisi toz kimi, qovut kimi, Hacı Süleyman düzünün çiskinləri kimi sovrulub faniliyə qovuşsa belə, yazıçı qələmi ona təslim olmur... Bəs o Qüvvə nədir? Hə, bax bu, ayrı məsələdi. Kiməsə xoş gələr, ya gəlməz – deyə bilmərəm, amma Şərif Ağayar bunu ustalıqla göstərib. Oxuyana, oxuyub gözlərini yumana, yumub da o Qüvvəni görənə minnət. Mənə elə gəlir ki, əsl yazıçıyla o Qüvvə arasında döyüş heç vaxt bitməməlidi. Lap son nəfəsə qədər.

Amma  deyəsən, yazıçı bu romanında dil imkanlarına bir qədər xəsislik edib. Hər halda, Şərif Ağayar dilin şəhdi-şəkərini, cilasını duyan, bilən bir yazıçıdı. Tələskənlik də var: əsərdəki istənilən təmkinli obraz bir qədər təngnəfəs kimi gəldi mənə.

Bir də onu deməliyəm ki, bu mətni Şəhər-Kənd prizmasından müzakirə müstəvisinə çıxarmaq, bu baxımdan müəllifə irad tutmaq yanlışdı. Yazıçının ömür yoluna, psixoloji yaşantılarına diqqət edilsə, buna ehtiyac olmaz. 

Bir də ki, Şərif Ağayar nə qədər kəndli balası olsa da, bir o qədər də qaranquş xislətli yazıçıdı. Nəyə görə qaranquş? Çünki qaranquş heç vaxt yerə düşüb dənlənmir, həmişə ovunu göydə tutur...

Zahid SARITORPAQ