Elektron ədəbiyyat və sənət portalı

Məhəbbət və nifrətin vəhdəti

Bölmə: Tarix 23.09.2016

 

Rejissor köməkçisi Canluka bilir ki, Siciliyanın düz göbəyində, çəkilişin son kadrlarına hazırlıq məqamında maestro ilə söz güləşdirmək əbəsdir. Final epizodu ən ağır səhnədir. İşıqçılar, əlbisəçilər, qrim ustaları ora-bura vurnuxurlar. Rejissor Cüzeppe Tornatore diqqətsizliyi və səhlənkarlığı sevmir. O, həmişəki kimi baş operator Layoş Koltai ilə qızğın mübahisə edir. Senyor Cüzeppenin sözlərinə görə, macar Layoş korridadakı öküzdən də tərsdir. Fikrindən dönən deyil! Elə buna görə də Tornatore onu çox sevir, çəkdiyi kadrlara baxanda qürrələnir. Cüzeppenin əsas dərd-səri Monikadır. “Malena” filmində baş rolun ifaçısı, gözəllər gözəli, adamın ağlını başdan çıxaran Monika Belluçi!

- Moni, Moni, əzizim, yenə? Dedim axı sənə, gözlərinin ağı qızaracaq, montajda qrafika ustaları onu necə ağartsınlar? Bəsdir, ağlama. İlahi, gör bir özünü nə günə qoymusan...

Cüzeppe Monikanı qucaqlayır. Aktrisa başını onun çiyninə qoyub hönkürür. Tornatore onun göz yaşlarını silir. Monika içini çəkə-çəkə ürəyini Cüzeppeyə boşaldır.

- Onun günahı yoxdur, Malena kimsəyə pislik eləməyib. O, safdır, köməksizdir, Malena fahişə deyil, qurbandır, zamanın, eybəcərliklərin... Görüm lənətə gəlsin bu müharibə...

Tornatore hələ də sakitləşmək bilməyən Monikanı qucaqlayıb dənizə baxır. Susur. Peşəkar rejissor başa düşür ki, indi Monikanı ovundurmağın mənası yoxdur...

 “Malena” filminin çəkilişlərində dünənəcən hər şey qaydasında gedirdi. Bir müddət əvvəl Siciliyanın bu şəhərciyinə çəkiliş qrupunun gəlməsi sanki yadplanetlilərin gözlənilməz müdaxiləsini xatırladırdı. Həmin vaxtdan mərkəzdəki yay kafesində mafiya barədə söhbətləri Monika Belluçi barədə dedi-qodular əvəzləmişdi. Sakinlər dəstə-dəstə dünya gözəlinə baxmağa gəlirdi. Monika da heç kimin xətrinə dəymirdi. Köhnə mehmanxananın yuxarı qatındakı eyvana çıxır, yerli pərəstişkarlarına hava öpüşü göndərir, onlarla şəkil çəkdirirdi.

Kişilər son günlər evdə tapılmır, vaxtlarının çox hissəsini Monikanı yaxından görmək üçün mehmanxananın qarşısında keçirir, kütləvi səhnələrə çəkilmək üçün bir-birlərini itələyib adlarını yazdırırdılar. Şübhəsiz, bütün bunlar abır-həyanı hər şeydən üstün tutan, ailə ənənələrinə sadiq qalan, başlarına yaylıq bağlayaraq, ayaqlarına uzun qara yun corab geymiş siciliyalı deyingən evdar qadınların heç də xoşuna gəlmirdi...

...Monika İtaliyanın Çitta di Kastello şəhərində zəhmətkeş bir kəndli ailəsində doğulmuşdu, anası Brünella yaxşı rəssam idi. Yeniyetmə qız hüquqşünas olmağı arzulayırdı. Elə bu səbəbdən də Peruci Universitetinə daxil olmuş, ingilis, fransız və ispan dillərini mükəmməl öyrənmişdi.

Monika təhsil haqqını ödəmək üçün əvvəlcə kafedə xörəkpaylayan, sonra isə model agentliyində işləmiş və tezliklə “Dolce & Gabbana”nın rəsmi siması seçilmişdi.

Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı onu moda jurnallarından birində görüb “Brem Stokerin Drakulası” filmində epizodik rola dəvət etmişdi. Bundan sonra Belluçi “Mənzilcik”, “Doberman” və “Qurd qardaşlığı” kimi məşhur ekran əsərlərində çəkilmiş, aktyor Vensan Kassel ilə ailə qurmuşdu...

Atası Luçano Vintsenzoninin “Malena” hekayəsinin motivləri əsasında eyni adlı filmə ssenari yazaraq, ekranlaşdıran Cüzeppe Tornatore hadisələrin real həyatdan götürüldüyünü yaxşı bilirdi. Bəlkə də, kim bilir, velosipedi ilə küçələri dolaşan yeniyetmə Renato elə Luçanonun öz prototipidir. Ancaq filmdə faşizmin dəhşətlərindən əziyyət çəkən şəhərdə hamı Malenanın gözəlliyinə və qadın təkəbbürünə paxıllıq edir, ərinin ölüm kağızını aldıqdan sonra onun əxlaqsız qadına çevrilməsi xəbəri yayılanda isə adamlar sakitləşir. Malena əslində tənələrdən bezdiyi üçün əxlaqsız qadın görüntüsü yaradır. Bu dəfə kütlə onu daş-qalaq edib şəhərdən qovur. Malena anlayır ki, günahsızlığını və ərinə sadiqliyini müharibənin acılarından təngə gəlmiş bu qəzəbli adamlara sübut edə bilməyəcək...

Tarix hansısa şəkildə təkrar olunur, deyənlər yanılmırlar. Bax, elə dünən, Malenanın döyülmə səhnəsi çəkiləndə siciliyalı qadınlar aktrisanı görən gündən ağlını itirmiş ərlərinə görə ondan əvəz çıxmışdılar. Bir qadın kimi Monika bunu dərhal anlamışdı, lakin həmin an günahsız olduğunu sübut etməyin mənası yox idi. Onsuz da heç kim onu dinləməyəcəkdi. Monika etiraz əvəzinə və bir də sənət naminə itaətkarcasına bu nifrətlərə dözmüşdü və dünəndən tənhalığa çəkilib uşaq kimi ağlayırdı.

...Sahildə Monikanı qucaqlayıb dayanmış rejissor Tornatore sadə çıxış yolu tapdı.

- Moni, istəyirsən sənə pendirli pitsa alım?

- Hə, Cüzeppe, amma yanında dondurması da olsun. Özü də çiyələkli.

- Moni, nədir, məni müflis eləmək fikrin var?

Hər ikisi güldü.

... “Malena”dakı final səhnəsini xatırlayırsız? Bir neçə dəqiqəlik kadrlarda nələr yoxdur? Qadın sevgisi və səadəti, gözəlliyi və möhtəşəmliyi, zərifliyi və dəyanəti. Monika Belluçi filmin son kadrlarındakı oyunu ilə özünü bütün dünyaya, ən əsası isə həmin ev qadınlarına sevdirib onların da rəğbətini qazanmağı bacardı.

Fərhad SABİROĞLU