Elektron ədəbiyyat və sənət portalı

Bataqlıq və hörümçək toru

Bölmə: Ədəbiyyat 01.10.2016

Akutaqava RÜNOSKE
(Yaponiya)

Bataqlıq

Bu əhvalat bir yağışlı gündə, nahardan sonra olmuşdu. Şəkil qalereyası zallarının birində yağlı boyayla işlənmiş bir şəkil tapdım. «Tapdım» - demək, bəlkə də, bir az böyük çıxır, çünki məhz belə deməyə əsas yoxdu; axı yarıqaranlıq küncdə ancaq bu şəkil asılmışdı, yalnız o idi dəhşətli dərəcədə kasıb çərçivəyə salınan; elə bil asan kimi də unutmuşdular. Şəkil «Bataqlıq» adlanırdı, müəllifi tanınmış adam deyildi. Şəkildə vur-tut lilli su, nəm torpaq, bir də bu torpaqda sıx bitmiş ot və ağaclar təsvir olunmuşdu; burada adi tamaşaçının nəzərini cəlb edəsi, demək olar, heç bir şey yox idi.

- Siz, deyəsən, mat qalıbsınız? – kimsə əlini çiynimə şappıldatdı, elə bil məni qanacaqsızcasına yuxudan oyatdılar, həmin hisslə çevrildim. – Hə, buna necə baxırsan?Qəribəydi, belə ağaclıq çəkmiş rəssam qətiyyən yaşıl rənglərdən istifadə eləməmişdi. Qamışlıq, qovaqlar, əncir ağacları – hamısı bulanıq sarı rəngdəydi. Adamı əzən sarı rəngdə, çiy gil rəngində. Doğrudanmı rəssam yaşıllığı bu rəngdə görmüşdü? Yoxsa nə üçünsə bu rəng onun xoşuna gəlirmiş və qəsdən onu gözə çarpdırmaq istəmişdi? Sarsılmış halda şəklin qarşısında dayanmışdım, bu sual mənə əzab verirdi və nə qədər çox baxdıqca, şəklin özündə necə böyük məna gizlətdiyini o qədər aydın başa düşürdüm. Xüsusilə də ön plandakı torpaq, - torpaq o qədər inandırıcı çəkilmişdi ki, addımını ona necə qoyduğunu, topuğunadək hamar, titrək lehməyə necə batdığını aydınca hiss eləyirdin. Yağlı boyayla çəkilmiş çox da iri olmayan bu şəkildə, təbiətin məğzini mümkün qədər kəskin verməyə çalışan bədbəxt rəssamı görürdüm. Bu sarı bataqlıq mənə hər bir sənət incisi qədər sarsıdıcı, dərin təsir edirdi. Qalereyanı dolduran irili-xırdalı şəkillərin arasında öz gücünə görə bu əsərə bərabər ikinci bir şəkil tapılmazdı.

O, təzəcə qırxılmış çənəsini saymazyana şəklə tərəf uzatdı. Modalı qəhvəyi pencək, qıvraq bədən, özündənrazı görünüş – qəzetlərin birinin ədəbi tənqidçisiydi. Yadıma düşdü ki, artıq ilk dəfə deyil, məhz bu tənqidçi məndə xoşagəlməz hisslər oyadır və çox könülsüz cavab verdim:

- Şedevrdi!

- Şedevr?! Qəribədi! – Tənqidçi qarnı atıla-atıla güldü.

Yaxında dayanmış bir neçə tamaşaçı, sözləşiblərmiş kimi, onun gülüşünə eyni vaxtda dönüb bizə sarı baxdılar. Mən özümü lap naqolay hiss elədim.

- Qəribədi! Yeri gəlmişkən, bilirsinizmi ki, rəssam heç də sərgini təşkil eləyənlərdən deyil, di gəl, həmişə bu rəsmi göstərməyə can atmışdı deyə, mərhumun ailəsi münsiflər heyətini yalvar-yaxarla razı saldı, axır ki, onu götürüb bu küncə dürtdülər.

- Mərhumun ailəsi? Deməli, şəklin müəllifi ölüb?

- Hə, ölüb. Ancaq elə sağlığında da ölüydü.

- Bunu necə başa düşək?

- Artıq çoxdandı özünü bilmirdi.

- Bunu da o vaxt çəkib?

- Əlbəttə! Hansı ağıllı adam bu rəngdə şəkil çəkər. Sizsə hələ heyran da olubsunuz, qəribə deyilmi!

Tənqidçi yenə razı-razı güldü. O, şübhəsiz, mənim öz nadanlığımdan utanacağımı yəqinləşdirmişdi, həm də, görünür, öz üstünlüyünü hiss elətdirmək istəyirdi.

Təəssüf ki, onun ümidini qırdım. Onu dinlədikcə, məğrurluğa bənzər bir hiss get-gedə məni həyəcanlandırırdı. Həmin həyəcanla təkrar-təkrar şəklin seyrinə daldım. Və bu balaca kətana baxdıqca mən yenə dəhşətli səbirsizlikdən, həyəcandan iztirab çəkən bədbəxt rəssamı gördüm.

- Hə, görünür, istədiyi heç cür alınmayıb, alınmayıb deyə, başına hava gəlib. Bütün məsələ bundadı!

Və eyni açılmış tənqidçi, demək olar ki, sevincək gülümsədi. Öz həyatını qurban verən adsız-sansız sənətkarın adamlardan, cəmiyyətdən aldığı yeganə mükafat, bax bu idi.

Bədənimdən güclü bir titrəyiş keçdi; mən yenə, artıq üçüncü dəfə baxışlarımı kədərli kətana zillədim. Orada qəmli səmayla qəmli su arasında son dərəcə böyük qüvvə bahasına – təbiət biz özümüzük – çiy gil rəngində qamışlar, qovaq, əncir ağacı yaşayırdı.

- Şedevrdi!

Mən bu sözü qürurla, inamla tənqidçinin düz gözünün içinə baxa-baxa təkrar elədim.

 

Hörümçək toru

 

Bir dəfə Budda cənnət gölünün sahilində tək-tənha gəzişirdi.

Gölün üzünü mirvari kimi ağappaq şanagüllələr örtmüşdü, onların qızılı özəyi ətrafa məstedici şirin ətir saçırdı.

O vaxt cənnətdə səhər idi.

Budda fikirli-fikirli dayandı və birdən şanagüllələrin iri yarpaqları arasından bərq vuran suda Şanagüllələr gölünün dərinliyində nələr baş verdiyini gördü.

Cənnət gölü cəhənnəmin dibinə qədər uzanıb gedirdi.

Onun büllur suları içindən İynəli dağ, Sandzu çayı elə aydın görünürdü ki, sanki əlini uzatsan çatardı.

Cəhənnəmin dərinliklərində saysız-hesabsız günahkar qaynaşırdı. Və iş elə gətirdi ki, Buddanın nəzərini Kandata adlı bir günahkar cəlb elədi.

Kandata qaniçən bir quldur idi. Çoxlu cinayətlər etmişdi: öldürmüşdü, soymuşdu, yandırmışdı, ancaq onun da hesabında bir xeyirxah iş tapıldı.

Bir dəfə sıx meşəliklə gedəndə cığırın kənarıyla bapbalaca hörümçəyin qaçdığını görür. Kandata az qala, ayağıyla onu basıb əzəcəkdi ki, öz-özünə deyir: «Yox, o, çox balaca olsa da, hər halda, canlı məxluqdu. Heyifdi onu nahaq yerə öldürmək».

Və hörümçəyə rəhm eləyir.

Budda cəhənnəmi seyr eləyəndə quldur Kandatanın bir dəfə hörümçəyə həyat bağışladığını xatırladı və ürəyindən keçdi ki, bircə xeyirxah işin əvəzində bu qulduru cəhənnəmin dərinliyindən xilas eləsin. Xoşbəxtlikdən Buddanın gözünə bir cənnət hörümçəyi sataşdı. O, gümüşü qəşəng lifi bir şanagüllənin nefritə oxşayan yaşıl yarpağından asdı.

Budda bu incə hörümçək lifini ehtiyatla əlinə götürüb, onun ucunu mirvari kimi ağ şanagüllələrin arasından suya salladı. Hörümçək lifi cəhənnəmin uzaq dərinliklərinə çatınca dümdüz aşağı endi.

2

Kandata cəhənnəmin dibində başqa günahkarlarla bir yerdə Qan gölünün burulğanında gah batıb, gah çıxaraq it əzabı çəkirdi.

Hər yanda zülmət hökm sürürdü. Yalnız arabir nəsə tutqun-tutqun işıldayırdı. Qanqaraldan dəhşətli mənzərəni təsvir etməyə söz də acizdi. Ətraf məzar kimi sakitlik idi. Hərdən günahkarların boğuq ahı eşidilirdi. Cəhənnəmin lap dibinə atılmış günahkarların çəkdikləri əzablardan sonra ağlamağa belə heyləri qalmamışdı.

Elə buna görə, hətta quldur Kandata belə, Qan gölündə qan uda-uda can verən qurbağa kimi qıvrılırdı.

Birdən Kandata başını qaldırıb Qan gölünün üstünü tutmuş qaranlığa baxmağa başladı. Bu boş qaranlıqdan, lap uzaq səmadan şüa kimi parıldayaraq yavaş-yavaş, elə bil başqa günahkarların gözünə görünəcəyindən qorxa-qorxa gümüşü hörümçək lifi düz ona tərəf enirdi.

Kandata sevincdən çəpik çaldı. Ona yalnız bu lifdən yapışıb yuxarı dartınmaq qalırdı. Onda, bəlkə, cəhənnəmdən sivişib çıxardı.

Əgər bəxti gətirsə, lap yaxşı, düşər cənnətə. Daha onu İynəli dağın zirvəsinə qovub, oradan bir də Qan gölünə tullamazlar.

Kandata bu ümiddən ruhlanaraq hörümçək torundan ikiəlli bərk-bərk yapışıb, bütün gücüylə yuxarı dırmaşmağa başladı.

Əlbəttə, təcrübəli oğru üçün bu adi işiydi.

Ancaq cəhənnəmdən cənnət iqamətgahına kimi on minlərlə ri1 məsafə var idi. Nə qədər çalışsa da, dağın zirvəsinə qalxmaq elə də asan deyildi. Kandata yuxarı dırmaşdı, dırmaşdı, ancaq onun kimi güclü adama da, nəhayət, yorğunluq üstün gəldi. Səmaya birnəfəsə çata bilmədi.

Çarə yox idi, gərək dayanıb nəfəs alaydı. Yarıyolda dayanıb hörümçək torundan sallana-sallana dincəldiyi yerdə qəfil aşağı, dərin uçuruma baxdı.

Kandata bu nazik liflə nahaq yerə belə inadla yuxarı dırmaşmamışdı. Bir az əvvəl min əzab çəkdiyi Qan gölü zülmətdə itmişdi. Cəhənnəm zülmətində tutqun-tutqun işaran qorxunc İynəli dağın zirvəsi isə artıq onun bir addımlığında idi. Əgər yenə belə cəld dırmaşsa, çox güman cəhənnəmdən əkilə biləcəkdi.

Kandata hörümçək lifindən möhkəm yapışıb, uzun illərdən sonra insan səsiylə qəhqəhə çəkib qışqırdı:

- Qurtuldum! Qurtuldum!

Ancaq bu zaman birdən gördü ki, saysız-hesabsız başqa günahkarlar da lifdən yapışıb, qarışqa dəstəsi kimi onun ardınca yuxarı dırmaşırlar.

Kandata qorxudan və heyrətdən səfeh-səfeh ağzını açıb bir müddət gözlərini döydü.

Bu nazik hörümçək lifi tək onun özünü güclə saxlayır, bəs bu qədər adama necə tab gətirsin!

Əgər lif qırılsa onun özü də, - gör ha, o da! – bu qədər yuxarı qalxdığı yerdən kəlləmayallaq cəhənnəmə uçacaq. Əlvida, azadlıq ümidi!

Bunları fikirləşdiyi vaxt günahkarlar dəstəylə Qan gölünün qaranlıq dərinliyindən sürünüb çıxırdılar. Yüzlərlə, minlərlə günahkar zəncir kimi düzülüb tələsə-tələsə, şüa təki parıldayan nazik hörümçək lifiylə yuxarı dırmaşırdı. Təcili nəsə eləmək lazımıydı, yoxsa lif hökmən qırılacaq, o da uçuruma yuvarlanacaq.

Kandata var gücüylə çığırdı:

- Ey, günahkarlar! Bu, mənim lifimdi! Kim sizə ixtiyar verib ona dırmaşmağa? Di tez düşün. Düşün aşağı!

Elə bu vaxt gör bir nə baş verdi!

Bu vaxta qədər bütöv olan lif birdən Kandatanın tutduğu yerdən qırıldı.

Ah çəkməyə də macal tapmadı, fırlana-fırlana, küləkləri vıyıltıyla yara-yara kəlləmayallaq aşağıya, zülmətin lap dərinliyinə düşdü.

Təkcə qırıq hörümçək lifi cəhənnəmin aysız, ulduzsuz göyündə şüa kimi parıldayaraq hələ də sallanıb qalırdı…

3

Şanagüllə gölünün sahilində dayanmış Budda əvvəldən-axıra qədər hər şeyi görmüşdü. Və Kandata atılmış daş kimi Qan gölünün dibinə batanda, Budda kədərli-kədərli yenə gəzişməyə başladı.

Kandatanın ürəyi mərhəmətdən, rəhmdən uzaq idi, yalnız fikirləşirdi ki, nə yolla özünü cəhənnəmdən qurtarsın və buna görə də haqlı cəzasını almışdı: yenidən cəhənnəmin girdabına atılmışdı. Buddanın nəzərində bu, rüsvayçı və miskin bir tamaşaydı!

Ancaq cənnətin Şanagüllə gölündəki şanagüllələr buna biganə qalmışdılar.

Onların mirvari kimi ağ gülləri Buddanın ayaqları yanında asta-asta yırğalanırdı.

Və onun hər addımında şanagüllələrin qızılı özəkləri ətrafa məstedici şirin ətir saçırdı.

Cənnətdə günortaya az qalırdı.

                                              

1 Ri – uzunluq ölçüsü, 654 metr

Tərcümə edən: Saday BUDAQLI