Elektron ədəbiyyat və sənət portalı

Haramı düzündən başlanan dostluq yolu

Bölmə: Ədəbiyyat 01.10.2016

Soyuq dekabr ayının ikinci ongünlüyü yenicə başlanmışdı. Beyləqan-Füzuli istiqamətinə ezam olunmuşdum. Rayonun avtovağzalına günortaya yaxın gəlib çatdım. Küçələr adamla doluydu. Cəbhə bölgəsində yerləşən hərbi hissəyə getmək barədə əlimdə ezamiyyət vərəqim olsa da, postda dayananlar məni ön xəttə buraxmadılar. Əsgər və polislər məndən Füzuliyə  - döyüş bölgəsinə getmək üçün istiqamət üzrə komandanlığın xüsusi icazə vərəqini tələb etdilər. Bunsuz postdan keçmək mümkün deyildi. Burada ləngiməyib Beyləqana qayıtdım. Xeyli soraqlaşıb komandanlığın oturduğu məntəqəni tapdım. Qəbula gələnlər çox idi. Nəhayət, növbəm çatdı. Otağa daxil olub hərbi qaydada salam verdikdən sonra ezamiyyət vərəqəmi polkovnik Arif Salahova təqdim etdim. Otaqdakı telefonlar da bir tərəfdən susmaq bilmir, kəlmə kəsməyə imkan vermirdi. Zəng-zəngə, səs-səsə qarışmışdı. Tez-tez ön xətdən, hərbi hissə və birləşmələrdən, Müdafiə Nazirliyindən zənglər gəlirdi. Polkovnik qarşısındakı xəritəyə baxıb, şəraitə uyğun qərarlar qəbul edir, müvafiq əmr və göstərişlər verirdi. Polkovnik icazə vərəqəmi imzalayıb möhür vurandan sonra dedi ki, indi yola çıxmağın gec olar, ön xəttə sabah gedərsən.

Ertəsi gün - dekabr ayının 14-də səhər ertədən yüksək rütbəli artilleriyaçı zabitlərlə birlikdə ön xəttə - vuruşan döyüşçülərin yanına yola düşdük. Ucsuz-bucaqsız Haramı düzünü ilk dəfəydi görürdüm. Yollar, cığırlar, elə də hündür olmayan təpələr bir-birinə çox oxşayırdı. Sanki bütün bunlar bir rəssamın fırçasından çıxmış eyni tablolar idi. Yaxından bələd olmayan hər kəs tez bir zamanda burada azıb, yolları səhv sala bilərdi. Gəlişim ilk dəfə olsa da, bu yerlərin təbiəti, yolları mənə çox doğma və tanış gəlirdi. Çünki hələ kiçik yaşlarımdan ərazisinə görə heç də Haramı düzündən geri qalmayan Yazı düzündə çox olmuşdum. Belə çöllük və düzənlikləri çox görmüşdüm.

Hər addımda ağır müharibənin qanlı izləri var idi. Vurulub yandırılmış düşmən texnikası, dərin qazılmış səngərlər, ətrafa səpələnmiş müxtəlif ölçülü patron gilizləri burada gərgin döyüşlərin getdiyindən xəbər verirdi. Döyüşçülərdən öyrəndik ki, ötən gün gedən əməliyyatda bir neçə zirehli texnikası və xeyli canlı qüvvəsi məhv edilmiş düşmən geri çəkilib. Haramı düzünün xeyli hissəsi işğaldan azad edilib. Dünən, srağagün dişlərini qıcayıb Beyləqan üzərinə hücum etmək iştahasına düşən qəsbkarların burunları ovulmuş, ağızları qanla dolmuşdu. Artıq Qarabağ müharibəsində dönüş yaranmışdı.

Barıt qoxulu səngərlərə çatan kimi, vaxt itirmədən mövqeləri gəzib döyüşlərdə fərqlənən, igidliklə vuruşan zabit və əsgərlərlə görüşüb söhbət etdim. Gərgin əməliyyatların hər dəqiqəsini, hər anını ətraflı qələmə almağa çalışırdım ki, oxucuları ordumuzun Haramı düzündə apardıqları ağır döyüşlər barədə geniş və dəqiq məlumatlandıra bilim.

Ön mövqedə olarkən bölük komandirləri döyüşdə igidlik və qəhrəmanlıq göstərmiş əsgərləri növbə ilə bizə təqdim edirdilər. Yaxın məsafədən - 25 metrdən ermənilərin iki tankını vurub məhv etmiş Cəbrayılov Şamil Əhliman oğlu da bu cəsurlardan biri idi. Bədəncə arıq, boyca çox da hündür olmayan bu əsgər, hiss olunurdu ki, sinəsində igidliklə, qəhrəmanlıqla döyünən bir ürək gəzdirir. Əsgər Şamil Cəbrayılovun vurduğu tanklardan biri zədələndikdən sonra geri dönüb aradan çıxmaq, döyüş meydanından qaçmaq istəmişdi. Amma igid döyüşçü buna imkan verməmiş, növbəti mərmi ilə onu arxadan vurub partlatmışdı.

Şamilin döyüş yolu ilə qısaca tanış olduqdan sonra vurduğu zirehli texnikaların yanında şəklini çəkmək istədim. Amma mümkün olmadı. Səngərdən çıxıb bir az irəli getmişdik ki, arxadan əsgərlər həyəcanla bizə səslənərək “Düşmən hücuma hazırlaşır, texnika səsləri gəlir” – dedilər.

Ona görə də vurulmuş tankın yanına çata bilmədik.

Ezamiyyətdən qayıtdıqdan sonra vaxt itirmədən əsgərlərin hünərindən, erməni qəsbkarlarının geri oturdulmasından müxtəlif səpkili materiallar hazırlayıb məsul katibə təqdim etdim. Əsgər Şamil Cəbrayılov haqqında məqalə çapa gedən nömrənin növbətçisi təsadüfən mən düşmüşdüm. Həmin axşam Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə döyüşlərdə göstərdiyi igidliyə görə əsgər Şamil Cəbrayılov “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü.

Əsgər Cəbrayılovun döyüşlərdə göstərdiyi igidliyə görə “Azərbaycan Bayrağı” ordeninə layiq görülməsi haqqında Prezident fərmanı ilə, mənim Şamil haqqında yazdığım məqalə və çəkdiyim şəkil eyni nömrədə çap olundu. Necə deyərlər, hər şey yerinə düşüb bir-birini tamamladı.

Haramı düzündə əsgərlərlə görüşərkən ev ünvanlarını da götürürdük ki, onlar haqqında olan yazıları qəzet çap olunandan sonra valideynlərinə göndərək. Bunu bizə rəhbərlikdən tapşırmışdılar. Şamil İmişli rayonunun Otuzikilər kəndindən idi. Elə həmin gün poçta gedib qəzeti bu cəsur döyüşçünün valideynlərinə yola saldım.

Aradan bir neçə ay keçəndən sonra şəhid ailəsinin redaksiyaya ünvanladığı bir şikayət məktubunu araşdırmaq üçün İmişli rayonuna ezamiyyətə getmişdim. Rayon İcra Hakimiyyətinin binasına daxil olarkən səliqə ilə şüşənin arxasına yapışdırılmış “Haramı düzünün qartalı” adlı döyüş vərəqini görəndə  ayaq saxladım. Həm şəkil, həm də bu şəkildən boylanan əsgərin sir-sifəti mənə tanış gəldi. Döyüş vərəqəsinə diqqətlə baxdım. Baxan kimi də xatırladım ki, bu şəkli mən ötən ilin dekabr ayında Haramı düzündə çəkmişəm. Burada öyrəndim ki, Şamil  döyüşdə ağır yaralanıb, Sumqayıtdakı xəstəxanada müalicə olunur.

Şəhərə qayıdan kimi, Şamilə baş çəkmək üçün Sumqayıta üz tutdum. Soraqlayıb onun müalicə olunduğu xəstəxananı tapdım. Dəhlizdə qarşılaşdığım tibb bacısından Şamilin hansı palatada yatdığını xəbər aldım. O, qəhrəmanın ad və soyadını eşidən kimi çox fikirləşmədən «Onu dünən 2 nömrəli xəstəxanaya köçürtdülər», - dedi.

Geri dönmək istəyəndə tibb bacısı dəhlizdə dayanmış ortaboylu ağsaqqal kişini mənimlə tanış edib:

- Tanış olun, bu, Əhliman dayıdır. Siz axtardığınız əsgərin atasıdır. Palatada qalmış elektrik peçini aparmağa gəlib. Onunla birlikdə getsəniz, sizin üçün rahat olar, - dedi.

Əl verib Şamilin atası ilə görüşdüm. Sonra birlikdə pilləkənləri aşağı düşdük. Xəstəxanalar arasında məsafə uzaq olmadığından, əsgərin müalicə olunduğu şəfa ocağına tez çatdıq. Şamillə mehribancasına görüşüb hal-əhval tutdum. O, son döyüşündən danışdı:

- Ermənilər dekabrın son günlərində gözlənilmədən əks-hücuma keçdilər. Əvvəlcə səngərlərimiz toplardan aramsız atəşə tutuldu. Çox keçmədi ki, artilleriya atəşini dayandıran düşmən piyadaları hücuma keçdi. Qəflətən yaxınlığımızda peyda olan qəsbkarlar bizi pulemyot atəşinə tutdular. Cəld hərəkətlə yerə uzananda çiynimdə güclü ağrı hiss etdim. Güllə yerindən qan axırdı. Əsgər yoldaşlarım köməkləşib məni hospitala çatdırdılar. İndi özümü yaxşı hiss edirəm. Yəqin ki, yaxın günlərdə döyüşçü dostlarımın yanına qayıdacam.

Xəstəxanada çox ləngiməyib əsgər Şamillə, onun atası ilə sağollaşaraq iş yerinə qayıtmağa hazırlaşdım. Əhliman dayı məni şəfa ocağının çöl qapısına qədər ötürdü. Ayrılarkən məni kəndlərinə, evlərinə qonaq dəvət edən ağsaqqal dedi ki, havalar bir az isinəndən sonra biz tərəflərə, Otuzikilərə gəlin, yolunuzu gözləyəcəyik.

- Allah qoysa, gələrəm - dedim.

Əhliman dayı ilə olan bu söhbətin üstündən xeyli vaxt keçirdi. Ona verdiyim sözü bir gün də olsun yaddan çıxarmırdım. Artıq havalar da xeyli isinmişdi. Yola çıxmaq olardı. İsti yay günlərinin birində yola çıxdım. İmişli rayonuna çatandan sonra axtarıb-arayıb onları tapıb görüşdük. Ötən günlərdən danışdıq, asta-asta ömür kitabımızın qəhrəmanlıq səhifələrini vərəqlədik...

Neçə illər əvvəl soyuq dekabr günlərində bünövrəsi qoyulan dostluğumuz, yaxınlığımız hər birimizin ürəyincədir. Haramı düzündən başlanan bu dostluq davam edir. Bu yolun yolçuları bir-birinə çox sədaqətli və etibarlıdırlar. Bizi bir-birimizə qovuşduran körpülərin dayaqları və təməli çox möhkəmdir. Ona görə də heç vaxt uçub-dağılmayacaq.

Vahid MƏHƏRRƏMOV