Elektron ədəbiyyat və sənət portalı

Dərbəndin keçmişi və bu günü

Bölmə: Tarix 01.10.2016

Biz də bir anlıq bu nəzəriyyənin doğruluğuna inanaq. Qədim dövrlərdən bu yana bir Şərq şəhərinin bətnində doğulan, hazırda Kainat Yaddaşında qorunan qılınc səslərinə, dünyanı lərzəyə gətirən ordulardan qopan ürpədici qışqırtılara, at ayaqlarının tappıltısına, sənətkar, misgər, zərgər dükanlarındakı alətlərin cingiltisinə qulaq asaq. Bu qədim şəhərin əhvalatını elə həmin səslərdən dinləyək. Dəmirqapı Dərbəndin kainatın “yaddaş dəftəri”nə yazdığı səslər çoxdur. Bəlkə də, tarix deyilən nəsnənin (hərdən ona elm də deyirlər) özü də bu səslərin toplusudur. Həmçinin hər bir xalq da kainatın yaddaş sistemində özünə aid səsləri bir yerə yığaraq öz tarixini formalaşdırır. Tariximizə Dərbəndin verdiyi SƏS həddindən artıq çoxdur.

 

Qapı-şəhər

 

Azərbaycana tarixin hansı mərhələsindən daxil olmaq istəsək, mütləq Dərbənddən bir qapı kimi istifadə etməli olacağıq. Tariximizin Dəmirqapısı olan bu şəhər Şimaldan, Qərbdən, Şərqdən gələn tacirlərlərdə, ordularda, zəmanə şahlarında Azərbaycan haqqında ilk təəssüratı yaradıb. Dərbənd şəhər darvazaları, qala divarları, bazarları ilə birlikdə orta əsrlərin Azərbaycanı üçün “pasport” rolunu oynayıb.

Hazırda Rusiyanın Dağıstan Respublikasının tərkibində olan Dərbənd Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Eyniadlı rayonun inzibati mərkəzi olan Dərbənd şəhəri Mahaçqala şəhərindən cənub-şərq istiqamətində 121 km uzaqlıqdadır. “Dərbənd” sözü türkcə “dar”, farsca “bənd” köklərindən törəyib - “dar keçid” mənasını verir. Şəhər tarixdə Bab əl-Əbvab (“böyük qapı”) və Dəmirqapı adlarıyla da tanınıb.

Tarixçilər antik dövrün hegemonları hesab edilən romalıların Şərqə hücumu zamanı Kaspi darvazasından istifadə etdiklərini qeyd edir. Antik dünya tarixçilərinin bu qeydi Dərbənd haqqında bilinən ilk tarixi faktdır. I əsrdə yaşayan Roma tarixçisi İosif Flavi də həmin yeri “Kaspi darvazası” adlandırıb. Ümumiyyətlə, I-III əsrlərdə yunan və latındilli müəlliflər Kaspi keçidindən danışarkən onu qapı, darvaza, şəhər qalası, keçid və çıxış sözləri ilə də əvəz ediblər ki, bu da şəhərin missiyasını özündə dəqiqliklə əks etdirib.

Türk dünyasının milli yaddaş kimliyi olan Dədə Qorqudun məzarının Dərbənddə olduğu deyilir. Yarıgerçək, yarıəfsanəvi şəxsiyyət sayılan, Haqq ozanı, türk dünyasının yerləşdiyi ərazidən dəfələrlə böyük olan mənəvi coğrafiyanın ağsaqqalı Dədə Qorqudun ömrünün sonlarında Dərbəndə getməsi və orada dünyasını dəyişərək dəfn edilməsi faktını məşhur səyyah Övliya Çələbi özünün mühüm tarixi qeydlərində əks etdirib. Həmin Çələbi ki, bütün Şərqi qarış-qarış gəzmişdi və bugün onun qeydləri Avropa şərqşünasları üçün istinad mənbəyidir.

Çələbinin yazdığı “Dərbəndnamə” əsəri vasitəsilə qədim şəhərimizə virtual səyahət etmək olar.

1300 ildən çox tarixə malik olan “Kitabi Dədə Qorqud” dastanında adı çəkilən Dərbəndə və onun strateji əhəmiyyətinə Sasani şahları öz imperiyalarını köçəri hunlardan, sonrakı dövrlərdə isə xəzərlərdən qorumaq üçün xüsusi diqqət yetirirdilər. Onlar üçün Dərbənd keçidinin möhkəmləndirilməsi ən vacib və təxirəsalınmaz məsələ hesab edilirdi. Odur ki, Sasanilər hələ II Yezdəgərdin dövründə Beşbarmaq və Gilgilçay sədlərindən sonra strateji faydası daha çox olan Dərbənd səddinin də inşasına başladılar. Dərbənd səddi vasitəsilə yalnız Dərbənd keçidinin mühafizəsi deyil, eyni zamanda Şimal-Şərqdə olan dağ yollarının da qorunması təmin edilirdi. Həmçinin Dərbənd qalasının yaradılması bu ərazidə sərhəd keşikçilərinin sayının bir neçə dəfə azaldılmasına imkan verirdi. İlk dəfə Firuzun oğlu Qubad çiy kərpiclə səddin bünövrəsini qoymuş, onun oğlu Xosrov isə həmin səddi yenidən daşla tikmişdi.

 

Dərbənd qalası və Cümə məscidi

 

Dərbəndə etdiyimiz səyahətdə şəhərin bu iki tarixi abidəsindən danışmasaq, düz olmaz. Bəzi tarixçilərin sözlərinə görə, Dərbənd qalasının əsasını böyük fateh İsgəndər Zülqərneyn qoyub. Qala tikilən zaman İsgəndərin əmri ilə saysız-hesabsız döyüşçülər gözətçi qismində tikilinin önündə növbə çəkiblər. Dəmir libaslı, dəmir dəbilqəli bu gözətçilərin şərəfinə qala uzun müddət Dəmirqapı adı ilə məşhurlaşıb. Həmin qala kompleksinə aid olan dəmir qapılar Sasanilər dövrünə qədər salamat qalıb. Qalanın dəmir qapıları tarixin ayrı-ayrı çağlarında yaşayan bir neçə hökmdar - Ənuşirəvan, Yəzdəgərd, Şah İsmayıl və Özdəmir oğlu Osman Paşa tərəfindən bərpa edilib. Qalanın qərb tərəfi Xəzər dənizinə baxır, onun əsas divarlarını dalğalar döyəcləyir. Tikilinin dənizə açılan liman darvazaları üzərində fars dilində şeirlər və divarların Yəzdəgirddən sonra Xəzər şah tərəfindən tikilib başa çatdırıldığı barədə məlumat həkk edilib. Dəniz tərəfdən baxdıqda İsgəndərin tikdirdiyi divarlar yaxşı görünür. Denonun Misirin Firon ehramlarından bəhs edərkən qeyd etdiyi vacib bir məsələ - Misir ehramları kimi, burada da giriş-çıxışın olmaması qalanın qədimliyinə sübutdur.

Övliya Çələbinin Dərbənd qalası haqqındakı qeydlərindən sitat: “Qalanın dörd divarına hörülən daşlar fil bədəni böyüklükdədir. Onların birini heç əlli adam da qaldıra bilməz. Qalanın içində gillə örtülən 1200-ə qədər ev var. Cənub tərəfdə divarın lap yaxınlığında böyük bir saray tikilib, həmin saraya böyük bir məscid söykənir. Minarəsi sınıq bu məscidin yanında isə Osmanlı memarlığı üslubunda gözəl bir hamam inşa olunub. Şərqə açılan Qayıq darvazası yanında Osman paşa məscidi, karvansaralar, dükanlar, yerləşir”.

Cümə məscidi: Dərbənddəki Cümə məscidi müsəlman dünyasının ən qədim ibadət ocaqlarından biridir. Qafqaz tarixində isə birinci məsciddir. VIII əsrdə Dərbənddə 20 min ərəb döyüşçüsü yerləşdirildi və şəhər 4 məhəlləyə bölündü - Dəməşq, Kufə, Həmas və Cəzair məhəllələrinə. X-XI əsrlərdə şəhərdə yerli türk və iranlı əhalidən digər, ərəblər, ləzgilər, avarlar və başqa xalqlar da yaşayırdı. Bu say öz-özlüyündə Dərbənddə dövrün ən böyük tikilisinin - Cümə məscidinin nə səbəbdən tikilməsinə dəqiq cavab verə bilər. VIII əsrdə - 743-cü ildə inşa edilən məscid şəhərin köhnə hissəsinin mərkəzində yerləşərək, mədrəsə və ruhanilər üçün yaşayış otaqları kompleksindən ibarətdir.

Cümə məscidi dəfələrlə rekonstruksiyaya məruz qalıb. Məscidin girişində zəlzələdən sonra - 1368-1369-cu illərdə Bakıdan olan Tacəddin tərəfindən bərpa edildiyi barədə yazı var.

Məscidin yanındakı mədrəsənin inşasına 1474-1475-ci illərdə başlanılıb. Lakin onun genişləndirilməsi və bütün kompleksin formalaşdırılması 1815-ci ildə bitib. Dərbənddəki Cümə məscidi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Qafqazın ən qədim məscidi olmasına baxmayaraq, bu gün də yaxşı vəziyyətdədir.

Geniş bir meydanda Şərqdən Qərbə doğru istiqamətlənərək düzbucaqlı daş hasarla əhatə olunur. Cümə məscidi şimaldan cənuba doğru istiqamətlənən daş günbəzlə örtülən kvadrat formalı zalla tamamlanır. Burada interyer boyunca meşəsayağı düzülmüş daş sütunlar və onların sonluğunu tamamlayan oxvari taxtavanlar dini tikilinin monumental obrazını bir az da artırır.

 

Unudulmayan Dərbənd

 

Azərbaycan öz tarixinin ayrılmaz hissəsi olan Dərbəndi unutmur. Hazırda başqa dövlətin ərazisi hesab edilməsinə baxmayaraq, Azərbaycan hökuməti Dərbəndi və orada yaşayan həmvətənlərimizi unutmur. Azərbaycana Mirzə Kazım bəy, bəstəkar Asəf Zeynallı, eləcə də Hacı Xanməmmədov, Yusif Vəliyev, Şəfiqə Məmmədova, Ömər Eldarov kimi şəxsiyyətlər bəxş edən Dərbənddə Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə il bundan əvvəl 1926-cı ildə inşa edilən orta məktəb binası yenidən əsaslı təmir edilərək şagirdlərin ixtiyarına verildi. Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyan 4 nömrəli orta ümumtəhsil məktəbinin fond tərəfindən təmiri Dərbəndin Azərbaycanla olan bağlılığının bariz nümunəsidir.

Həmçinin ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Dərbənddə yerləşən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması üçün 5 milyon manat vəsait ayrıldı. Belə yardımların, dəstəyin sayı çoxdur və mütəmadi olaraq həyata keçirilir. Hazırda 170 mindən çox soydaşımızın yaşadığı Dərbənddə 1934-cü ildən bəri fəaliyyət göstərən teatrın bərpası oradakı azərbaycanlılara və tarixə, mədəniyyətə böyük diqqətin göstəricisidir.

Yazıya Kainat Yaddaşında mühafizə edilən SƏS məfhumu ilə başlamışdıq. Bu gün Dərbənd Azərbaycan ərazisinə daxil olmasa da, ona aid olan səslər bizim mənəvi ərazimizin tərkibindədir...

Həmişə SƏSin gəlsin, Dərbənd!!!

Təranə MUSAQIZI