Elektron ədəbiyyat və sənət portalı

Repressiyalar dövrünün kinosu

Bölmə: Mədəniyyət 01.10.2016

(Əvvəli ötən sayımızda)

Bu dövrdə ölkəni bürüyən Staxanov hərəkatı kinematoqrafiyaya da sirayət etmişdi. İdeoloji-inzibati rəhbərlik kino istehsalını texniki-iqtisadi istehsaldan ayırmır, “plan və öhdəliklərin vaxtından qabaq və artıqlaması ilə yerinə yetirilməsini” tələb edirdi. Məsələn, aktyor Xeyri Əmirzadə mətbuatda yazırdı: “Staxanov metodunun quruluşumuzun hər sahəsində göstərmiş olduğu canlı nümunələr biz kino işçilərini də az düşündürməyir. Bu canlı faktların qarşısında biz işimizi yenidən qurmağa və sürət məsələsində əldə edilmiş köhnə iş metodlarını yenidən nəzərdən keçirməyə məcbur oluruq. Film çəkilişində sürəti artırmaq ətrafında bizdə ayrı-ayrı qruppalar və şəxslər tərəfindən bir sıra təcrübə yapılmışdır. Məsələn, bir gündə 10 kadr əvəzinə 30 kadr çəkən qruppalar olmuşdur...” (“Ədəbiyyat” qəzeti, 1936, 18 fevral). Bu “metodla” çəkilən lentlərin bədii və peşəkarlıq səviyyəsisə film ekranlara çıxarılandan sonra məlum olurdu.

1936-cı ildə “Azərfilm”də lentlərin səsləndirilməsi və dublyaj edilməsi üçün texniki yenidənqurma başa çatdırılmışdı. Artıq həmin il “Çapayev” lentinin Azərbaycan dilinə çevrilməsi məqsədilə qrup yaradılmışdı. Qrupun rejissorları Ş.Şeyxov və Konstantinov, direktoru Tarxanov, səs operatoru Pavlov, səs tərtibatçısı Pekxer, rejissor köməkçisi L.Səfərov təyin edilmişdi. Mətbuat xəbər verirdi ki, ““Azərfilm” studiyası qısa müddət ərzində “Çapayev” filminin türkcə dublyajını bitirib. Yanvarın 25-də fabrikada Azərbaycan sovet yazıçılarının iştirakı ilə keçirilmiş baxışda studiyanın bu işi olduqca müsbət təsir bağışlamışdır. Filmin sözləri (danışıqlar) sovet yazıçısı Yusif Vəzir (Çəmənzəminli) tərəfindən olduqca düzgün və müvafiq surətdə təsvir edilmişdir. Bu, ssenariçinin bacarığından, əsas əhəmiyyətli fikrin, mənanın düzgün verilməsilə bərabər, söz hecalarının, söz ahənginin düzgün olması və ağız-dodaq hərəkətinin (jestikulyasiyasının) deyilən sözə müvafiq olmasından ibarətdir. Filmin türkcə variantının müvəffəqiyyətini təmin edən əsas səbəblərdən biri də qüvvətli aktyorların – A.M.Şərifzadə (respublikanın Xalq artisti), M.A.Əliyev (respublikanın Xalq artisti), M.Mərdanov (respublikanın Xalq artisti),  Ə. Ələkbərov, R.Əfqanlı, M.Şamxalov, H.Qafqazlı, İ.Osmanlı və s. dublyaj işinə cəlb edilməsidir. Aktyorlar burada öz sənətkarlıqlarını böyük məharətlə nümayiş etdirə bilmişdir”. (“Ədəbiyyat” qəzeti, 1937, 31 dekabr). Sonrakı illərdə studiyada “Biz Kronştadtdanıq”, “Son gecə”, “Bakılılar” filmlərinin dublyajı həyata keçirilmişdi.

1937-ci il avqustun 11-də respublika Xalq Komissarları Soveti (XKS) “Azərbaycan SSR-in 29 rayonunda klubların kinolaşdırılması və radiolaşdırılması haqqında” qərar qəbul etdi. Qərardan irəli gələn vəzifələrin həmin il dekabrın 28-nə qədər həyata keçirilməsi “Azərkino” trestinə tapşırıldı. Lakin qərarın icrasına qismən əməl edildi, çünki rayon klublarının kinolaşdırılması və radiolaşdırılması üçün texniki avadanlığın alınmasına ayrılmış vəsait yetərincə deyildi. Başqa sahələrdə olduğu kimi, bu yönümdə də işin tam görülməsi haqqında yalnız kağız üzərində məlumat verildi.

Az.FKİ rəhbərliyi film istehsalında qarşıda yeni tələblərin durduğunu, bununla yanaşı, kinonun səsli dövrə qədəm qoyduğunu, 1927-ci ildə tikilmiş kino-fabrikin yeni tələblərdən geri qaldığını nəzərə alaraq, 1936-cı ildə kinostudiyanın tikintisinin reallaşdırılması məsələsini qaldırdı.

Bununla əlaqədar respublika XKS-nin razılığı alınandan sonra yeni kinostudiyanın layihə-smeta sənədləri hazırlandı. Əvvəlcə kinostudiyanın layihəsini mühəndis Belkov işləyirdi, sonra o, Dubovla əvəz edildi. O da işin öhdəsindən gələ bilmədiyindən, dəfələrlə dəyişdirilən və çoxsaylı düzəlişlər edilən layihə respublika səviyyəsində bəyənildi. Layihəni təsdiq etdirmək üçün “Azərfilm”in baş mühəndisi K.Əmirov və əsaslı tikinti şöbəsinin rəisi A.Smirnov Moskvaya göndərildi. Tikintinin ümumi smeta dəyəri 8.204.358  manat idi. Lakin BKİ-nin rəisi V.Şumyatskinin əmrilə bu məbləğ 99 min manat azaldıldı. Yeni kinostudiyanın tikintisi 1936-cı il dekabrın 13-də başlasa da, məhz vəsait çatışmazlığı üzündən istifadəyə verilməsi xeyli ləngidi və 1938-ci ildə layihədəki, eləcə də tikintidəki kobud qüsurlar üzündən ləğv olundu.

Ümumiyyətlə, bu dövrdə maliyyə çatışmazlığı filmlərin uğursuzluğunun və kino şəbəkəsinin kifayət qədər səmərəli işləməməsinin başlıca səbəblərindən idi. BKİ və respublika XKS-nin müntəzəm olaraq maliyyə vəsaitini azaltması müxtəlif çətinliklərin ortaya çıxmasını şərtləndirirdi. 1936-cı ildə respublika Xalq Maliyyə Komissarlığı “Ölüm dərəsi”, “Ceyfun və Ulçar” filmlərinin smeta dəyərini müvafiq olaraq, 17 və 14 min manat azaltmışdı. Eyni problemlə “Bakılılar” lenti də üzləşmişdi. Nəticədə çəkiliş qruplarında əlverişli yaradıcılıq mühitinin yaradılması böyük çətinliklərlə qarşılaşırdı.

Az.FKİ kinematoqrafçı kadrların hazırlanması sahəsində cəhdləri davam etdirsə də, hələlik “Azərfilm”in yaradıcı kollektivinin böyük bir hissəsini dəvət olunmuş ssenariçilər, rejissorlar, operatorlar, rəssamlar, aktyorlar, səs operatorları və s. təşkil edirdi. İlk Azərbaycan səsli bədii və sənədli ekran əsərlərində ssenariçilər K.Mints, Y.Fidler, A.Pavlov, V.Pavlovski, G.Mdivani, N.Sofronov, A.Minski, rejissor və operatorlar M.Kirillov, L.Kosmatov, D.Feldman, rəssam V.Aden, eləcə də, aktyorlar N.Kryuçkov, L.Sverdlin, Y.Kuzmina, S.İvaşenko, A.Varqanova, N.Antipov, Q.Molodtsov, N.Şulgin, B.Baykov, V.Qodziaşvili, V.Baqratuni, A.Kostruçkin, Y.Frik, B.Çavçavadze, V.Belokurov və bəstəkarlar M.Baxçirayev, M.Belousov... çalışırdılar. Bu baxımdan sənədli kinoda vəziyyət xeyli qənaətbəxş idi. Həmin sahədə ekran ustalarının əksəriyyətini yerli kadrlar təşkil edirdi. Artıq S.Bədəlov, V.Yeremeyev, İ.Manakov, Ə.Atakişiyev, F.Novitski, Ə.Ələkbərov, Ə.Həsənov, M.Mustafayev, V.Zbudski, R.Təhmasib, Q.Braginski, C.İsmixanov, Ş.Şeyxov, N.Bədəlov, İ.Ozerski, Ə.Musayev, İ.Tartakovski, M.Dadaşov, L.Koretski, A.Kərimov və başqaları sənədli-xronikal filmlərin yaradılması yönümündə məhsuldar fəaliyyət göstərirdilər.

Az.FKİ kadr hazırlığı ilə bağlı Moskvada və Bakıda təhsil alan tələbələrə maddi cəhətdən yardım göstərilməsinə, yaradıcı işçilərin ixtisasının artırılmasına da diqqət göstərirdi. Artıq ÜİDKİ-ni bitirmiş H.Seyidzadə, S.Mərdanov, Q.Nəcəfova (Salamzadə), N.Bədəlov, Ə.Atakişiyev, H.İsmayılov, F.Novitski kinoda işləməyə başlamışdılar. Az.FKİ hələ təhsil alan S.Bədəlova, H.Yegizarova, R.Rzayevə, Ə.Məmmədxanlıya, M.Hüseynə, H.Uruymaqova təqaüd təyin etmişdi. Eləcə də, Azərbaycan Dövlət Teatr Məktəbi kino aktyorluğu fakültəsinin tələbələri Şükufə Babayeva, Sofa Bəsirzadə, Rəşid Eldarov, Hüseyn Əliyev, Ənvər İsmayılov, Tamilla İsgəndərova, Mənsur Abdullayev, Ağca Babayeva, Rəxşəndə Əlibəyova, K.Hüseynzadəyə “Azərfilm” tərəfindən ayda 100 manat təqaüd verilirdi. Bununla yanaşı, operator C.İsmixanov və rejissor köməkçisi B.Hüseynova ixtisaslarını artırmaq üçün “Mejrabpomfilm”ə göndərilmişdilər. 1936-cı ildə görkəmli rejissorlar S.Eyzenşteyn və B.Barnet, ÜİDKİ-nin operatorluq kafedrasının müdiri Nilsen “Azərfilm”in yaradıcı işçiləri üçün mühazirə oxumaq məqsədilə Bakıya dəvət edilmişdilər.

Azərbaycan SSR XKS, partiyanın siyasi və ideoloji xəttinin tələb etdiyi səviyyədə kinematoqrafa rəhbərliyin daha da mərkəzləşdirilməsi yolunda addımlar atırdı. 1938-ci il martın 23-də SSRİ XKS-nin qərarı ilə Kinematoqrafiya işləri üzrə Komitə yaradılandan sonra Azərbaycanda da kinonun idarə olunmasını təkmilləşdirmək yönümündə ciddi addımlar atıldı. XKS özünün 25 may tarixli qərarı ilə aralıq qurum olan Foto Kino İdarəsini ləğv etdi. Həmin qərarla “Azərfoto” tresti Bakı Sovetinin sərəncamına, trestin bütün əmlakı - fotomateriallar, fotosaxlama binaları, laboratoriyalar və foto avadanlığı isə Azərbaycan Teleqraf Agentliyinə verildi. İdarənin tabeliyində saxlanılan “Azərkino” və “Azərfilm” trestlərinə isə öz təyinatları üzrə fəaliyyət göstərən təşkilat vahidləri kimi, işlərini yeni şəraitə uyğun qurmaq tapşırıldı. Hər iki trestin Moskvadakı – SSRİ Kinematoqrafiya işləri Komitəsindəki nümayəndəsi B.N.Kamenski idarəyə rəhbər təyin edildi. İncəsənət İşləri İdarəsinin rəisi əvvəlcə Davud Rəsulzadə, sonra isə Mirzə İbrahimov (müavini Mikayıl Mikayılov), “Azərfilm”in rəisi isə B.Əsriyev təyin edildilər. Xidmət etdiyi rejim tərəfindən repressiya olunmuş komissar Həmid Sultanovun qardaşı Qulam Sultanov isə işdən uzaqlaşdırıldı. 1939-cu ilin mayında isə “Azərfilm”in direktoru vəzifəsinə Ş.Abbasov təyin olundu.

Beləliklə, 30-cu illərin ikinci yarısında özünün səsli dövrünə qədəm qoyan Azərbaycan kinosu partiyanın siyasi-ideoloji xəttinə uyğun fəaliyyət göstərmək yolunda çeşidli çətinliklərlə üzləşməli oldu. Bu dövrdə istehsal olunan ekran əsərləri, təbii olaraq, özündə SSRİ-dəki və respublikadakı sosial-iqtisadi və siyasi-ideoloji mövzuların bədii həllini əks etdirirdi.

Nəriman ƏBDÜLRƏHMANLI