Elektron ədəbiyyat və sənət portalı

Taleyi göylərdə yazılan aktyor

Bölmə: Mədəniyyət 08.10.2016

Tiflisin payız gecələrinin bir başqa gözəlliyi var. Qışın nəfəsi duyulsa da, qızılı payız yerini verməyi düşünmür. Gündüzlər günəşin istisi qoca şəhəri öz ağuşuna alır, gecələr isə hava soyuyanda torpaqdan qalxan buxar dumana çevrilib qarşısına çıxan hər şeyə sarılır. Tiflisin qənbər döşənmiş dolanbac küçələrində sürünən dumanın ömrü qısadır, səhər şəfəqləri ilə birlikdə o da əriyib gedəcək, növbəti gecə yenidən qayıtmaq üçün...

Gecədən xeyli keçmiş şəhərin köhnə məhəlləsində, iranlı tacir hacı Həşimin mülkündə böyük ailənin bütün üzvləri şirin yuxuya gedib, təkcə yeniyetmə Mustafadan başqa. O, eyvanda oturub zülmətə qonaq gəlmiş dumanın nazlı rəqsinə tamaşa edir. Orda, bir az aşağıda Kürün sahilində indi göz-gözü görmür, hər şey müəmmaya bürünüb, onun qəlbindəki duyğular kimi. Bir müddətdir ki, bu hisslər teatrla bağlıdır. O, ömründə ilk dəfə gördüyü tamaşanın – “Faust” operasının təsiri altındadır. Həmin andan ürəyində teatra, aktyorluğa böyük məhəbbət oyanıb. 15 yaşlı yeniyetmənin qurduğu xəyalları təsəvvür etmək çox da çətin deyil. Amma beynində dolaşan həm bəsit, həm də mürəkkəb suallar onun yuxusunu ərşə çəkib. “Axı nə üçün adam öz istəyinə çata bilməsin? Dünya niyə belə qurulub? Görəsən, mən də o aktyorlar kimi səhnəyə çıxıb səlist danışa biləcəyəmmi?” Mustafa başını qaldırıb göylərə baxır. Duman, sayrışan ulduzlu səmaya pərdə çəkməyə macal tapmayıb. Bu qaranlıq ənginliklər də Mustafa üçün müəmmalıdır. Bilmir ki, taleyi artıq çoxdandır göylərdə yazılıb...

Şübhəsiz, 1909-cu ilin Tiflisində Mustafanın böyük səhnəyə yolu bağlı idi. Amma o, uşaq marağını hər il məhərrəm ayında keçirilən “şəbeh” mərasimlərinə yönəltdi. Əslində, bu da bir növ teatr idi və dini tamaşalar islam aləmində geniş yayılmışdı. Tiflisdə 15-ə qədər təziyə dəstəsi vardı.

“Şəbeh”, mənzum şəkildə yazılmış və bir neçə əhvalatı özündə əks etdirən xüsusi ssenari əsasında qurulmuş dini tamaşa idi. Bu tamaşalar məhərrəm ayının 10-cu günü meydanlarda, qəbiristanlıqda və məscidlərin həyətində göstərilirdi. Şəbehkardanın üzərinə böyük məsuliyyət düşürdü. O, bir növ rejissor köməkçisinə bənzəyirdi, aktyorları yönləndirirdi, bəzi iştirakçılar rolun sözlərini əzbərləyirdi, bəziləri isə üzündən oxuyurdu. Qadın rolları ifa edən kişilər isə qadın paltarı geyinirdilər.

Mustafa bu dini tamaşaların fəal iştirakçısına çevrildi. Sevinci yerə-göyə sığmırdı, çünki ona da mühüm rol tapşırılmışdı. Bu ərəfədə Qoqolun “Müfəttiş” əsərini dönə-dönə oxudu, Xlestakovun monoloqunu əzbərlədi. Hələ onda ağlına gəlməzdi ki, 1925-ci ildə Azərbaycan Dövlət Dram Teatrında Xlestakov rolunu ifa edəcək.

Mustafanın atası hacı Həşim və əmisi Tiflisin ən gözəl teatr binalarını icarəyə götürüb həm yerli truppaların, həm də Bakıdan qastrola gələn aktyorların ixtiyarına verirdilər. Bununla da H.Ərəblinski, S.Ruhulla, M.Əliyev kimi dahi sənətkarlara maddi yardım göstərmiş olurdular. Mustafa tamaşaların hamısına baxırdı, hərdən epizodik uşaq rollarını ona həvalə edirdilər. Teatr adlı sehirli aləmin ovsununa düşmüşdü və görkəmli sənətkarlardan öyrənməyə çalışırdı.

Hacı Həşimin karvansaradakı bəzzaz dükanı Tiflisdə yaşayan azərbaycanlıların görüş yerinə çevrilmişdi. Burada məktəb, teatr, mədəniyyət və incəsənət barədə qızğın müzakirələr gedirdi. Bu yığıncaqlarda “Molla Nəsrəddin” jurnalının redaktoru C.Məmmədquluzadə, Ə.Qəmküsar, Ö.Faiq, “Şərq-rus” qəzetinin redaktoru M.Şahtaxtinski, Ə.Haqverdiyev və başqaları iştirak edirdilər. Mustafa dərsdən çıxan kimi atasının dükanına gedirdi, qonaqlara xidmət edir, söhbətlərə diqqətlə qulaq asırdı.

Bir dəfə söhbət əsnasında Mirzə Cəlil gənc Mustafanı təriflədi.

- Hacı Həşim, bu cavan oğlanı səhnədə gördüm, çox bəyəndim. Məncə, Allah ona əvəzsiz istedad bəxş edib. Elə gözlərindən də bəlli olur ki, sənət adamıdır. Hazırlaş, çox yaxınlarda tanınmış bir aktyorun atası olacaqsan...

Hacı gözlərini qıyıb gülümsündü:

- Hörmətli Mirzə, hər şey Onun ixtiyarındadır. Biz nə karəyik ki, Yaradanın işinə qarışaq. Allah bilən məsləhətdir.

Mirzə Cəlil üzünü Mustafaya tutdu.

- Teatrla aran necədir, dostum? Amma unutma: aktyorluq çətin, həm də şərəfli işdir. Bacararsanmı?

Mustafa dükanın ortasında hamının gözü qarşısında Xlestakovun monoloqunu birnəfəsə söylədi. Mirzə Cəlil də məclisdəkilərə qoşulub gənc Mustafanı alqışladı.

Bir ay sonra hacı Həşimin qonşusu Kaşiyevin zirzəmisinin qapısında əllə yazılmış elan asıldı: “Myasnitskinin “Xor-xor” vodevili. Biletlər satılır”.

Biletlərin qiyməti üç qəpikdən on qəpiyə qədər idi. Mustafanın dostları – “aktyorlar”ın hərəsi evdən bir şey gətirmişdi. Yataq ağlarından pərdə düzəltmişdilər, səhnəni ağ neft lampaları işıqlandırırdı, qrim yerinə kömürdən istifadə etmişdilər... “Tamaşa zalı” ağzınadək dolu idi. Biletlərin hamısını qonşular almışdı. Tamaşa böyük uğurla keçdi. Bütün məhəllə Mustafanın aktyorluq istedadından danışırdı.

6 manat 38 qəpik! Bilet satışından bu qədər pul yığılmışdı. Bu da Tanrının gənc “aktyorlara” göndərdiyi qismət payı idi...

Taleyi göylərdə yazılmış Mustafanı qarşıda çətin və şərəfli həyat yolu gözləyirdi. İllər keçəcək və o, Tiflis Azərbaycan Dövlət Teatrının direktoru olacaq, sonra Hacı Həşimin ailəsi Bakıya köçəcək, Mustafa 1924-cü ildə Moskvada Dövlət Teatr Sənəti İnstitutunu bitirəcək, Bakıya gəlib Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirəcək, səhnədə yüzlərlə unudulmaz obraz yaradacaq, filmlərə çəkiləcək, teatr tarixində “Mustafa Mərdanov məktəbi” kimi silinməz iz qoyacaq...

Hələlik isə... 1909-cu ilin dumanlı payız gecəsi yeniyetmə Mustafanın yuxusu ərşə çəkilib. Qəlbindəki hissləri cilovlaya bilmir, teatra olan bu məhəbbət mərəzi hardan gəlib onu tapdı? Suallara cavab axtarınca duman da yavaş-yavaş əriyir, qoca Tiflis günəşin ilk şəfəqlərinin nuruna boyanır, hardasa aşağıda Kürün nazlı suları sahili yuyur... Mustafa mürgüləyib. Deyirlər, yuxular sübhçağı çin olur...

Fərhad SABİROĞLU