Elektron ədəbiyyat və sənət portalı

Milli kinomuzun üç cəhdi

Bölmə: Mədəniyyət 17.10.2016

Zaman keçdikcə Azərbaycan ziyalısı kinoya peşəkar kadrların cəlb olunması üçün müxtəlif üsullara əl atdı. İlk növbədə kino-aktyor məktəbinin yaradılması bu istiqamətdə ən vacib işlərdən biriydi. Artıq kinoda ilk addımlarını atan H.Ərəblinski milli kinomuzun ilk peşəkar aktyoru və rejissoru missiyasını üzərinə götürmüşdü. “Neft və milyonlar səltənətində” filmini çəkən əsas yaradıcı heyət bu dövrdə “Ölüm bir saat qalmış” adlı başqa bir bədii film də çəkmişdi və bu film də qeyri-azərbaycanlıların iştirakı ilə ərsəyə gəlmişdi.

Cəfər Cabbarlı, Səməd Mərdanov, Abbaş Mirzə Şərifzadə kimi milli ruhlu yaradıcı adamlar müsəlman Şərqinin bir parçası olan Azərbaycanda tamaşaçının marağına səbəb ola biləcək əsərlərə müraciət etməyi qarşıya məqsəd qoymuşdular. Bu baxımdan, o dövrdə yerli teatrların repertuarının şah əsəri hesab edilən dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası bu tələblərə cavab verən ən münasib əsərlərdən sayılırdı. Artıq milli kinomuz üçün müəyyən xidmətləri olan rejissor Boris Svetlov bu filmin çəkilişlərinə 1916-cı ilin yayında başladı. Film 1917-ci ilin əvvəlində, 3 yanvar tarixində Bakıdakı “Form” kino-teatrında nümayiş olundu. Səssiz filmə rəng qatmaq, tamaşaçı cəlb etmək məqsədi ilə yaradıcı heyət kino zalına canlı musiqi ifa etmək üçün başda Cabbar Qaryağdı oğlu olmaqla, bir neçə tanınmış musiqiçi dəvət etmişdi. Filmdə Hüseynqulu Sarabski (Əsgər), Əhməd Ağdamski (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), Mirzəağa Əliyev (Süleyman), Hənəfi Terqulov (Vəli) və başqaları müxtəlif xarakterli obrazlar yaratmışdılar. Amma film Üzeyir bəyin ürəyincə olmadı və tezliklə ekranlardan yığışdırıldı.

Milli kinematoqraf “Arşın mal alan” operettasına növbəti dəfə 1945-ci ildə müraciət etdi və bu film, demək olar ki, əksəriyyəti milli peşəkar kadrlardan ibarət olan bir yaradıcı heyətin hesabına ərsəyə gəldi. Filmin ssenarisini o dövrdə peşəkar dramaturq və müxtəlif mövzulu komediyalar müəllifi kimi tanınan Sabit Rəhman yazmışdı. Rejissor Rza Təhmasibə isə Nikolay Leşşenko kömək edirdi. Operatorlar Əlisəttar Atakişiyev və Muxtar Dadaşov idi. Filmin bəstəkarı, təbii ki, Üzeyir bəy özü idi.

Bu film haqqında Azərbaycan tamaşaçısına geniş məlumat verməyə bir o qədər də ehiyac yoxdur. Çünki film çəkilib başa çatdığı və ilk dəfə nümayiş oldunduğu dövrdən sonra dünyanın 150-yə yaxın ölkəsinin kino-teatrlarında nümayiş olunmuşdu. Təkcə 1945-ci il ərzində filmə 16 milyondan çox tamaşaçı baxmışdı. Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji sorğu nəticəsində bu film ekranlarda uzun illər nümayiş etdirilən filmlər arasında “100 sevimli film” siyahısına düşmüş, bürünc, gümüş və qızıl olmaqla üç yerə bölünən siyahının “Qızıl Siyahı”sına daxil edilmişdi.

Bir faktı da qeyq etmək lazımdır ki, filmdə Soltan bəy obrazını canlandıran aktyor Ələkbər Hüseynzadə çəkilişlərə qədər teatrın səhnəsində bu obrazı 600 dəfədən çox yaratmışdı. Elə bu fakt “Arşın mal alan” operettasının Azərbaycan tamaşaçısı üçün nə demək olduğunu, hansı zirvədə dayandığını sübut edir.

Filmdə dünya şöhrətli Rəşid Behbudov (Əsgər) və o dövrdə hələ bir o qədər də populyar olmayan Lütfəli Abdullayev (Vəli) debüt etmişdi. Gülçöhrə rolunu canlandıran Leyla Bədirbəyli isə kastinqlərə dəvət alan 50 namizədin arasından seçilmişdi. Filmdə rekvizit kimi istifadə olunan qızıl-zinət və qiymətli ev əşyaları Bakı əhalisindən və müzeylərdən götürülən gerçək əşyalar idi.

Filmin kadrlarının köhnəlməsi, Azərbaycan dilində dublyaj variantının olmaması nəticəsində bizim tamaşaçılar uzun illər onu yalnız rus dilində seyr edə bilirdilər. Bu da filmin televiziya ekranlarında az-az göstərilməsinə gətirib çıxarırdı. Sevindirici haldır ki, bu film 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Ata Holdinqin maliyyə dəstəyi ilə yenidən bərpa olundu, Azərbaycan dilində yenidən səsləndirildi, filmin kadrları yeni rəng həllini tapdı. Ekranlara çıxmasının 70, Rəşid Behbudovun 100 illik yubileyi çərçivəsində “Arşın mal alan” filmi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə Hollivudda nümayiş olundu.

O vaxt film ekranlara çıxaraq, tezliklə milyonlarla tamaşaçının rəğbətini qazandığı üçün bəstəkar Üzeyir Hacıbəyliyə (ölümündən sonra), rejissor Rza Təhmasibə, aktyorlardan Rəşid Behbudova, Lütfəli Abdullayevə və Ələkbər Hüseynzadəyə, aktrisalar Leyla Bədirbəyliyə və Münəvvər Kələntərliyə SSRİ Dövlət Mükafatı verilmişdi.

Ssenari müəllifi Sabit Rəhman filmin süjetini daha da rəngarəng etməkdən ötrü ora Uzeyir bəyin digər əsərlərindən müəyyən əlavələr etmişdi. Ümumiyyətlə isə 1945-ci ildə ekranlaşdırılan “Arşın mal alan” filmi milli kinomuzun ən işıqlı səhifələrindən biri kimi tarixə düşüb.

Bəs necə oldu ki, kinematoqraf Üzeyir bəyin “Arşın mal alan” operettasına üçüncü dəfə müraciət etməli oldu? Özü də nə az, nə çox, düz iyirmi ildən sonra...

İlk olaraq qeyd etmək lazımdır ki, ötən əsrin əllinci illərinin sonu və altmışıncı illəri milli kinomuzun ən parlaq dövrlərindən hesab edilir. Bu illərdə artıq kinomuz, demək olar ki, tamamilə milliləşmişdi. Peşəkar kino rejissorları, operatorları, ssenari müəllifləri, rəssamları ilə seçilən və müasir avadanlıqlarla ilə təchiz edilən kinostudiya bir-birinin ardınca uğurlu ekran işlərinə imza atırdı. “Arşın mal alan” operettasının üçüncü ekran həllinə isə əsas səbəb 1945-ci ildə ekranlaşdırılan film olmuşdu. Kütləvi nümayişə çıxdığı ilk gündən milyonlarla tamaşaçının sevgisini qazanan həmin filmin xarici ölkələrə uğurla satılması, o dövrdə SSRİ-nin xarici ölkələrə film ixrac edən təşkilatın – “Eksportfilm”in yeni “Arşın mal alan”ın çəkilişlərinə sifariş verməsi üçün əsas səbəb oldu

Ssenari müəllifləri Tofiq Tağızadə və Muxtar Dadaşov, quruluşçu rejissoru Tofiq Tağızadə olan filmə o dövrün ən sevilən simaları aktyor kimi dəvət almışdı. Artıq kinoda müəyyən obrazları ilə tanınan və sevilən Həsən Məmmədovun (Əsgər), Leyla Şıxlinskayanın (Gülçöhrə), Ağadadaş Qurbanovun (Soltan bəy), Nəcibə Məlikovanın (Cahan xala), Hacımurad Yegizarovun (Süleyman), Xuraman Hacıyevanın (Asya), Səfurə İbrahimovanın (Telli), Tələt Rəhimovun (Vəli) və başqa aktyorların yaratdığı irili-xırdalı obrazlar tamaşaçı qəlbinə yol tapa bildi.

Məlum süjet – toya qədər gəlini görmək istəyi ilə başlayan film getdikcə mürəkkəb bir ekspozisiyaya doğru inkişaf edir, konfliktlər kəskinləşir, komik məqamlar bir-birini əvəz edir və nəticədə insani hisslər, sevgi və xoş münasibətlər bütün maneələri aşıb keçir. Filmin əvvəllərində bir toy gözləyən tamaşaçı finalda dörd toya şahidlik edir.

Filmin son kadrları çəkilən ərəfədə – toy epizodunda Xalq artisti Ağadadaş Qurbanov qəza nəticəsində dünyasını dəyişmişdi. Odur ki, tamaşaçı son kadrlarda Soltan bəyi yalnız profildən, özü də əsasən orta və ümumi kadrlarda görür.

Dahi Üzeyir bəyin operettasının süjet xətti, görəsən, hansı səbəbdən dünya tamaşaçısını bu qədər maraqlandırırdı? Avropa öz mədəniyyət tarixinin rəngli dövrünə gəlib çatdığı bir dönəmdə nədən Şərq koloritlərinə, mədəniyyətinə, mentalitetinə üz tuturdu? Zaman keçdikcə bu suala cavab vermək də asanlaşdı. Mədəniyyətlərarası inteqrasiya bir daha sübut etdi ki, hər bir millət öz mədəniyyəti ilə dünyaya çıxmaq istəyirsə, ilk növbədə öz milliliyini qoruyub saxlamağa çalışmalıdır. Avropa tamaşaçısına Şərq mədəniyyətini Avropasayağı göstərmək maraqsızdır. Dünya hər bir xalqı öz libasında, öz süfrəsində, öz danışıq tərzində və öz temperamentində görmək istəyir. Bu baxımdan Üzeyir bəyin istənilən əsəri bu tələblərə uyğun gəlir.

Əyyub QİYAS