Elektron ədəbiyyat və sənət portalı

Ölümsüzlüyün sirri

Bölmə: Tarix 17.10.2016

Çingiz xanın yaşlı vaxtları idi. Həmin dövrdə də Çində Tao inancına söykənən din vardı. Həyatını həmin dinə həsr edən Çinin böyük alimlərindən olan Çanq Çun əbədi həyata qovuşmaq üçün öz dini inancını yaşayırdı. Çingiz xan alimin yaşamını araşdırandan sonra düşünüb ki, o sehrbaz ola bilər. Ancaq buna baxmayaraq, alimi həm Çingiz xan, həm də Çin imperatoru öz tərəfinə çəkməyə səy göstərirdi. Lakin alim ona edilən təklifləri rədd edərək Çantuq dağlarına xəlvətə çəkilir. Çingiz xan isə alimlə görüşüb onun inanc və fikirləri ilə tanış olmaq istəyində idi. Bu məqsədlə çinli alimlərin də müşayiəti ilə 1219-cu ildə alimə belə bir məktub göndərir:

“Ulu Tanrı Çindən əlini çəkib, səbəbi isə Çinin lovğalıq etməklə bərabər, israfçılıq edərək dəbdəbəli həyat sürməsidir. Halbuki mənim Şimalın ucsuz-bucaqsız çöllərində zərrə qədər də gözüm yoxdur. Dəbdəbəli həyat sürməyə nifrət edirəm. Mənim ancaq bir tikə çörəyim və bir çuxam var. Çobanlarım kimi sadə yeyər və sadə geyinərəm.

Bütün xalqı övladlarım kimi sevirəm. Məharəti olanlarla da qardaşım kimi davranıram. Əsgərlərlə təlimlərdə hər zaman ön cərgədə oluram və döyüşdə də heç vaxt geridə qalmıram. Yeddi il ərzində böyük bir əsər yaratmağa müvəffəq olub, bütün dünyanı bir imperatorluqda birləşdirdim. Şəxsən özümü də bir o qədər qabiliyyətli hesab etmirəm. Lakin Çin hökuməti xaindir. Buna görə Ulu Tanrı taxtlarını ələ geçirməkdə mənə kömək edir. Cənubda Sunq, Şimalda HuiHuo, Şərqdə Hsia, Qərbdə barbarlar hakimiyyətimi qəbul ediblər. Mənə elə gəlir ki, Hunlardan sonra Asiya belə geniş imperatorluq görməyib. Tutduğum yol uca bir yoldur, çiynimi verdiyim iş isə ona nisbətən çox ağırdır. Buna görə də idarəetmədə bir sıra nöqsanların olmasından qorxuram. Bir çayı keçmək üçün qayığa nə qədər ehtiyac varsa, dövləti idarə etmək üçün də təcrübəli, kamal sahibi olan şəxslərə ehtiyac var.

Taxta çıxdığım gündən xalqımın idarə edilməsi məsələsində narahatam. Eşitdiyimə görə, həqiqəti əxz edərək doğru yolla irəliləyirsiniz. Kəramətiniz sayəsində bütün insanların xüsusiyyətlərini bilirsiniz.

Əlinizi dünyadan çəkib uzun müddət mağaralarda yaşadınız, kəramət sahibi olan insanlar da sizin yanınıza gəlirlər. Çanqutda olduğunuzu bilirəm. Sizi unutmasam da, yüksək dağlar və ovalar bizi bir-birimizdən ayırıb. Sizinlə görüşməyə imkan yoxdur. Gəlsəydiniz taxtımdan enib yanında duraram. Su ilə təmizlənib pəhriz saxladım. Aramızda olan məsafədən çəkinmə, müqəddəs ayaqlarını tərpətməyin üçün sənə yalvarıram. Qum çölləri səni narahat etməsin. Xalqın bügünkü vəziyyətinə baxıb mərhəmət edin. Halıma acıyın, ölümsüzlüyün sirrini mənə deyin, şəxsən xidmətində özüm duracam. Söyləyəcəyin tək bir söz məni xoşbəxt edəcək. Fikirlərimi məktubum vasitəsilə göndərir və məni anlayacağına ümid edirəm.”

Yaşlı alim məktubu oxuduqdan sonra Çingiz xana belə bir cavab yazır:

“Uca fərmanınızı aldım. Bəyan edirəm ki, dəniz sahilinin yaxınlığında yaşayanlar qabiliyyətsiz insanlardır. Mən də etiraf edirəm, dünya işlərini bir o qədər anlamıram. Qocalmışam, ancaq ölməmişəm. Şöhrətim hər ölkəyə yayılıb, fəqət müqəddəsliyimə gəldikdə, mənim adi insanlardan bir fərqim yoxdur.

Daxilimə baxdığım zaman özümdən utanıram. Mənim gizli düşüncələrimi kim bilir? Sizdən əvvəl Kin və Sunq imperatorluqlarından dəvət alsam da, getmədim. Fəqət, indi Moğol sarayından gələn ilk dəvəti qəbul etməyə hazıram. “Nə üçün?” deyəcəksiniz. Çünki Tanrı sizə indiyə qədər görülməyən və bundan sonra da görülməyəcək bir mərdlik verib. Çin xalqı və barbarlar sizin hakimiyyətinizi qəbul ediblər. Mən də hüzurunuza çıxmaq üçün qar fırtınalarına sinə gərərək gəlməyə qərar verdim”.

Bir il sürən uzun və yorucu səfərdən sonra alim Çanq Çun, Çingiz xanla hind sahillərində görüşür. Çingiz xan alimi qarşılayaraq ona: “Möhtərəm ustad, uzaq yoldan gəlmisiz. Ölməmək üçün əlinizdə dərmanınız varmı?” – deyərkən alim:

“Hayatı uzatmaq üçün çarə var, lakin ölümə çarə yoxdur” – deyir.

Söhbət zamanı Çanq Çun Çingiz xana ömrü uzatmaq üçün nələr edilməsinin vacib olduğunu anlatdı. Alimin gəldiyi qənaətə görə, insan 130 yaşına qədər yaşaya bilər.

Hazırladı: NARINGÜL