Elektron ədəbiyyat və sənət portalı

Vətənsiz vətən xaini

Bölmə: «Aydın Yol»çular 15.10.2016

Bu yaxında ermənilər “Dağlıq Qarabağ Respublikası” adlanan qondarma qurumun 25 illiyini qeyd ediblər. Daha doğrusu, Dağlıq Qarabağın Ermənistan tərəfindən faktiki ilhaqından 25 il keçib.

İrəvanın müxalifət mətbuatı yazır ki, Ermənistan Dağlıq Qarabağı silah gücünə qanunsuz yolla ələ keçirdiyi kimi, Qarabağ ermənilərindən ibarət bir qrup varlı adam da Ermənistanı işğal edib. Qəzet ad çəkməsə də, deyilənlərə görə, bu, Sərkisyanın Qarabağ klanı, yəni qohum-əqrəbasıdır. Onların “müstəqil” adlandırdığı bu “respublika” üzdəniraq qonşumuza iki prezident “bəxş” edib. İndi də İrəvan erməniləri hər gün onların (yəni Serj və onun quldurlarının) dağlar aşıb paytaxta gəldiyi günə lənət yağdırırlar.

Erməni ictimaiyyətində isə “qarabağlılar” (Qarabağ erməniləri) sözü “kriminal-oliqarxiya”, “inhisarçı dövlət məmurları”, “bandalar”, “narkotika alverçiləri”, klan ortaqları” kimi ifadələrin sinonimi olaraq işlədilir. Amma yubiley tədbirində həm Sərkisyan, həm də Bako Saakyan utanıb-qızarmadan Dağlıq Qarabağın “dövlət kimi formalaşmasının artıq bir fakt” olduğunu deyiblər. Hər iki kriminal rəhbərin çıxışı İrəvanda acı istehza doğurub. Məşhur erməni jurnalisti Vaqram Ağacanyanın dili ilə desək, “Qarabağda “dövlətçilik” anlayışının məhvinə yönəlik kurs götürmüş əsl xunta formalaşıb”.

...Deyirlər, Serj mifik qəhrəmanlar barədə macəra kitablarını oxumağı çox sevir. Həsəd apardığı personajlardan biri də Kral Arturdur. Serj tez-tez xəyalən özünü Artura bənzədir, hətta bir dəfə kef məclisində deyib ki, dərindən araşdırsalar, Loqres krallığının hökmdarı, V-VI əsrlərdə qəsbkar saksları məğlubiyyətə uğradan Arturun erməni əsilli olması da üzə çıxa bilər, çünki adı Arturdur (!!!). Əvvəla, ermənilər bu adı uşaqlarına qoyur, həm də adın ilk iki hərfi bizə doğmadır!

...Şeypurlar səsləndi. Kral Serj atın üstündə zirehli geyimdə, başında dəbilqə, əlində də qılıncı şəhər darvazalarından öz cəngavərləri ilə birlikdə içəri daxil oldu. Amma gözlədiyinin əksinə olaraq, onu alqışlarla, gül-çiçəklə qarşılamadılar. Şəhər camaatı qəm-qüssəyə batmışdı, məzlum-məzlum ona baxırdılar, danışmağa taqətləri də yox idi.

Kral Serj bunu görüb hiddətləndi, cəngavərlərin birindən soruşdu:

- Bu adamlar nədən bizi belə soyuq qarşılayırlar?

- Onlar acdır, çörək üzünə həsrət qalıblar. Deyirlər, nə qədər Kral Serj hakimiyyətdə olacaq, biz də, balalarımız da çörək və su üzünə həsrət qalacağıq.

- Yəni doğrudan yeməyə heç nələri yoxdur? Bəs mənim qəsb etdiyim torpaqlar necə oldu?

- Onlar deyirlər ki, hökmdar bizə işğal etdiyi torpaqları yedirtmək istəyir, amma torpaqla qarın doymaz axı... Burda yalnız 20-30 ailənin nəinki yaşamaq, hətta firavanlıq içərisində üzmək imkanı var... Yerdə qalanlar acından ölür!

Kral Artur qəzəbləndi. Cəngavərləri Dəyirmi masa arxasına toplayıb soruşdu:

- Kimdir o ailələr? Əmr edirəm, başları vurulsun, dar ağacından asılsın!

- Hamısı sizin qohum-əqrəbanızdır, möhtərəm kral!

- Qohumlarınızın dəbdəbəli ev-eşiyi, var-dövləti, xarici banklarda hesabları var! Yerli camaatı zorla köçürdüb torpaqlarını əllərindən alırlar...

- Bəs indi nə istəyirlər?

- Hakimiyyət!

- Vermərəm! Özümə lazımdır!

- Acların arasında biri var, Jirayr Səfilyan, özü də elə səfehin biridir, sizi Vətən xaini adlandırır...

Deyirlər, şirin nağılın bu yerində Serji ağlamaq tutur. Yadına düşür ki, doğma şəhərinə ömrü boyu atın üstündə yox, “Jiquli-03” markalı maşınla gəlib-gedib. Sonra da fikirləşir ki, Azərbaycan ordusu onsuz da gec-tez işğal altında olan torpaqları geri alacaq. Bu zaman Serjin dadına kim çatacaq? Yeyib harınlamış qohumları? Ay-hay! Deməli, Serj olacaq Vətənsiz Vətən xaini!