Şuşada axşamlar yanar ulduzlar...

Mədəniyyət 15.10.2016 108

I yazı

 

...Şuşanın gəl-gəl deyən vaxtıdır. Hansı şuşalıdan soruşsan ki, “ilin hansı fəslini daha çox sevirsən”, duruxub qalacaq, mat-məəttəl üzünə baxıb deyəcək ki, “bu nə sualdır verirsən, bəyəm Şuşada fəsil var? Orda ilin bütün çağları bir-birinə bənzəyir”.

Amma zamanın axarı qarşısında hamı acizdir. Bax elə indi, yay yenicə bitib, payız da hələ soyuq üzünü göstərməyə macal tapmayıb. Təqvim 1905-ci ilin oktyabr ayını göstərsə də, kimsənin tarix sarıdan heç bir narahatlığı yoxdur. Tarixdir də, sayır özü üçün! Hər ötən gün Şuşanın əlçatmaz dağlarının başına toplaşan buludlar kimi necə gəlibsə, eləcə də gedəcək...

İlin bu mövsümündə Cıdır düzünə, İsa bulağına, Şuşa qalasının ən ucqar yerlərinə seyrəngaha çıxanların, quzu kəsib kabab çəkənlərin, əl-ələ tutub yallı gedənlərin, “Çövkən” oynayanların sayı əsla azalmayıb. Saralmış yarpaqlar yellənə-yellənə yerə düşüb xəzəldən xalı döşəyənə, ilk qar dənəcikləri də oğrun-oğrun bu xəzəlin üstünə çöküb qış yuxusuna gedənə qədər belə davam edəcək – nağıllar və əfsanələr yaradan bu şəhər ilin bütün çağlarında adamı xoş ovqata, bitib-tükənməz arzulara, bir də sevgiyə səsləyir...

Şuşada kimin səsi yoxdur ki? Şəhərin dolanbac küçələri ilə qışqırışaraq qaçan başıaçıq, ayaqyalın, cılız, burnundan su axan uşaqlardan hansını saxlayıb desən  “bir ağız oxu”, dönüb  “Segah” üstə elə yanıqlı oxuyacaq ki, matın-qutun quruyub qalacaq, zalım uşağı, elə bil yüz ilin xanəndəsidir, vurduğu zəngulələr də qəlbini riqqətə gətirəcək...

Amma o, bir başqa aləmdir! Söhbət tacir Bəbirin şagirdi Məciddən gedir. Gün-günorta olmamış iri boğçasını çiyninə şələləyib düşür Şuşanın canına, bafta, kofta, ipək, çit, daha nə bilim nə satır! Bu qədim şəhərin adamları onu arşınmalçı kimi tanıyırlar. Tək tanımaqla iş bitmir, həm də sevirlər. “Arşın mal alan” deyib sonra da məşhur qəzəlləri elə ürəkdən, məlahətlə oxuyur ki, heç parça almaq istəməyən də ayaq saxlayıb ona yaxınlaşır.

...Şəhərin bazar meydanındakı meyxananın artırmasında oturub zər atan qoçulardan kimsə nökərə bir neçə şahı verib dedi ki, bunu arşınmalçıya çatdır, qoy gəlib oxusun, bizi feyzyab eləsin. İnsafən, Məcid kimsəni narazı salmır, hamı ilə mehriban davranır, təbəssümü də çöhrəsindən əskik olmur...  

Məcid qoçulara yaxınlaşdı, ədəb-ərkanla salam verdi, pul gətirən nökər ona işarə elədi ki, bəs bəylər buyurub ki, bir ağız oxusun. Məcid oxudu, nə oxudu!

“Vətən bağı” al-əlvandır,
Yox içində xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!

Elə yanıqlı səslə oxuyurdu ki, zər atan bəylər əl saxlayıb onu dinləməyə başladılar. “Segah” və “Bayatı” üstündə təsniflər oxuyandan sonra qoçulardan biri soruşdu:

- Kimlərdənsən, ə?

Məcid başını aşağı dikib sakitcə cavab verdi:

- Behbudəli kişinin oğluyam. Atam rəhmətə gedib, - gözləri doldu.

Atası bir müddət Qarabağın Boyat kəndində Mirzalıbəy Behbudovun malikanəsində təsərrüfat işlərində çalışmışdı. Onun vəfatından sonra ailənin bütün ağırlığı Məcidin üstünə düşmüşdü. O da gecəni gündüzə qatıb işləyir, qapı-qapı düşüb arşın malı satırdı.

Qoçulardan biri dilləndi:

- Yaxşı səsin var! Vaxt gələr tanınmış xanəndə olarsan.

Digər qoçular da onunla razılaşdılar. Kimsə yerindən dilləndi:

- Onda qoy birini də oxusun!

Məcid “Şuşa təsnifi”ni böyük məharətlə ifa etdi.

Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı.
Dərdindən ölməyə çoxdur gümanlı,
Ay qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da, balam, barı gül.

Bazar meydanında kim vardısa, hamısı meyxananın qarşısına, bu sehrli səsi dinləməyə toplaşmışdı. Məcidin yanıqlı səsi dalğa-dalğa dünyalar qədər sevdiyi qoca Şuşaya yayılırdı. Arşınmalçı hələ onda bilmirdi ki, vaxt gələcək və İngiltərənin məşhur “Qrammofon Rekords” şirkəti “Şuşa təsnifi”ni Məcid Behbudovun ifasında vala yazdıracaq, val da elə “Şuşa təsnifi” adlanacaq...

Tacir Məcidin qəlbinin dərinliklərində bir başqa adam - xanəndə Məcid yaşayırdı. Başa düşürdü ki, tale ona əvəzsiz sərvət verib və bu sərvətdən mütləq yararlanmalıdır. Məlahətli səsi şəhərin din xadimlərinin də diqqətini çəkmişdi. Məcidi Yuxarı Gövhərağa məscidində minacat verməyə dəvət etmişdilər. İndi ara-sıra musiqi məclislərində və el şənliklərində oxuyur, sənətin çətin, enişli-yoxuşlu cığırları ilə yavaş-yavaş irəliləyir, adı Şuşa camaatının dilindən düşmürdü. Lakin ailənin dolanışığı çox çətin idi, arşınmalçılıq onun gündəlik çörək ağacına çevrildiyi üçün bu işdən ayrıla bilmirdi.

...Bu xoş nəfəsli, günəşli payız günü  Məcid yenə küçə-küçə, məhəllə-məhəllə düşüb arşın malı satmaqla məşğul idi. Oxuyub müştəri səsləyir, dükandan götürdüyü malları xırıd edirdi. Başını qaldıranda gördü ki, səsli-küylü bir imarətin qabağında dayanıb. İstədi dönüb getsin, düşündü ki, birdən avazı ağaların xoşuna gəlməz. Çünki başı çəkmişdi: bir gün başqa mülkün qarşısında oxuyanda onu qovub demişdilər ki, bir də qapımızın ağzında səsinə güc vermə!

Ancaq arşınmalçının məlahətli səsini bu malikanədə bayaqdan eşitmişdilər və ev sahibəsi qulluqçuya tapşırmışdı ki, qapını açıb onu içəri dəvət etsin. Xanımın əmri dərhal yerinə yetirildi və artıq bir neçə dəqiqədən sonra Məcid çiynindəki ağır boğça ilə düz həyətin ortasında dayanmışdı. Elə bil cənnətə düşmüşdü: görünür, ilin fəsilləri bu bağçadan yan keçmişdi, çünki gül-gülü çağırırdı, bülbül bülbülü. Yerə yaraşıqlı xalçalar döşənmişdi, iri hovuzun yanında tovuzquşular füsunkar lələklərini açıb təkəbbürlə gəzişirdilər. Qulluqçu ona burda gözləməyi tapşıranda dedi:

- Bəyin ailəsi toya hazırlaşır, xeyir işləri var, çoxlu da qonaq gəlib. Qızlar paltarlıq parça almaq istəyirlər. İndi xəbər verərəm, düşərlər həyətə.

Məcid “baş üstə” deyib gözləməyə başladı. Taleyin onun üçün hazırladığı sürprizdən hələ xəbərsiz idi...

Fərhad SABİROĞLU