Elektron ədəbiyyat və sənət portalı

“Hesse kimi yazıçıları birnəfəsə tərcümə etmək olmaz”

Bölmə: Müsahibə 15.10.2016

- Vilayət müəllim, siz Remark, Böll kimi realist, bir növ hamıya doğma olan hisslərin yaradıcıları ilə bərabər, Kafka və bu gün əsəri barəsində danışacağımız Herman Hesse kimi mürəkkəb üslublu müəllifləri də tərcümə etmisiniz. Hessenin gizli psixoloji dünyasına qapı açmaq, onun düşüncə şifrələrini çözmək Remark, Böll kimi yazıçıları tərcümə etməklə müqayisədə nə dərəcədə çətindir?

- Haqlısan, Elmin, doğrudan da bunlar başqa-başqa amplualı sənətkarlardır. Remarkın lirik-psixoloji, hissi-emosional ovqatından sonra birdən-birə Hessenin psixoanalizinin dərin qatlarına enmək, fəlsəfi ümumiləşdirmələrinin mahiyyətinə varmaq, daha sonra Kafka burulğanında çabalamaq, müəmmalarla dolu bir həyatın labirintindən əbəs yerə çıxış yolu axtarmaq o qədər də asan məsələ deyil. Remarkın bədii palitrası üçün səciyyəvi olan estetik qayəni, daha doğrusu, indicə qeyd etdiyimiz xüsusiyyətləri geniş poetik imkanlara malik ana dilimizdə səsləndirmək o qədər də çətin olmadı, çünki bu yazı manerası mənə yad deyildi, necə deyərlər, gözümü açıb belə “lirik-sentimental” ədəbiyyatın içində böyümüşəm. Böllün də simvolları, eyhamları, haradasa sarkazm səviyyəsinə yüksələn yumoristik-satirik təhkiyə tərzi mənə yad deyildi, çünki istər klassik, istərsə də müasir ədəbiyyatımızda oxşar nümunələr var.

İndi haqqında danışdığımız Hesse isə bunların hər üçündən fərqlənir, insanın mənəvi aləmini, əməllərini, öz “Mən”inə və gerçəkliyə münasibətini psixoanalizin çoxqatlı süzgəcindən keçirəndə, varlıq və yoxluq haqqında fəlsəfi ümumiləşdirmələr aparanda, necə deyərlər, “Kafkalaşır”, bəlkə də, ondan betər olur, ancaq gənclikdən, məhəbbətdən söz açanda Remarkdan geri qalmır.

Söhbətimizin əsas mövzusu olan “Yalquzaq”da elə parçalar var ki, onlar sanki ayrı-ayrı müəlliflərin qələmindən çıxıb. Bütün əsər boyu belədir - müəllif təhkiyəsində də, obrazların daxili monoloqunda da, dialoqunda da ritm, ahəng tez-tez dəyişir. Sanki Harri Haller obrazının daxili aləmində baş verən təbəddülatlar, mənəvi sarsıntılar, onun, nəhayət, ”cismani vahidliyin hələ mənəvi vahidlik olmadığını dərk etməsi” bütün mətnə səpələnir, hərəsi özünə uyğun ovqat və bu ovqatı ifadə edən təsvir vasitəsi, sintaksis yaradır. Elə anlar da olur ki, onların arasındakı “sərhədlər” pozulur, “epistolyar janr” la “bədiilik” qovuşur.

İctimai-fəlsəfi tutumu həcmindən qat-qat çox olan “Yalquzaq” haqqında traktat”ın oxucunu “perikdirməməsi” də bu üslubun xidmətidir. Yoxsa romanı oxumaq mümkün olmazdı. Görünür, Hessenin həm də gözəl şair olması bu qədər “ağır” nəsrin, tam olmasa da, müəyyən qədər “yüngül” poetikasının yaranmasında əsaslı rol oynayıb.

 

- “Yalquzaq”ın dünya ədəbiyyatındakı yerini bir neçə cümlə ilə necə qiymətləndirərsiniz?

- “Yalquzaq” istər struktur, istərsə də ideya-məzmun cəhətdən dolğun əsərdir, Şərq-Qərb fəlsəfi düşüncə tərzini “sonata janrında” birləşdirir. Orada qoyulan problemlər:insan-cəmiyyət, şəxsiyyət-mühit ziddiyyətləri əzəli və əbədi problemlərdir. Bundan əlavə, “Yalquzaq” yadlaşma fenomeni haqqında ən sanballı əsərlərdəndir, qısa fasilələrlə də olsa, doxsan ilə yaxındır ki, həmişə bestsellerlər sırasındadır.

Burada “yadlaşma”nın özü deyil, onu yaradan ictimai-sosial münasibətlər, şəxsiyyət–cəmiyyət ziddiyyətləri, mənəvi təbəddülatlar, sosial-psixoloji amillər ön plana çəkilir. Yəni, Hessenin “yadlaşması”, məsələn, Kafkanın “yadlaşması” kimi “hermetik şəkildə protokollaşmır”, daha geniş prizmalardan işıqlandırılır, müxtəlif münasibələrdə təhlil olunur.

 

- Romanın özündən sonra yaranan ədəbiyyata təsiri haqqında danışaq. Əgər “Yalquzaq” olmasaydı, XX əsrin avanqardizmi nəyi itirərdi?

- Bu əsərin özündən sonra yaranan ədəbiyyata təsiri haqqında çox danışmaq olar, konkret misallar da göstərmək olar, ancaq bu, ədəbiyyatşünasların işidir, mən yalnız onu deyə bilərəm ki, romanın ardınca obrazların daxili aləmlərinin dual təsviri xeyli azaldı, onların iç dünyasında gizlənən min cür xislətə maraq artdı, traktatda deyildiyi kimi, “şəxsiyyətin vahidliyi” haqqındakı xülyalar dağıldı, hər bir “Mən”ə əlvan bir dünya, balaca bir ulduz kəhkəşanı, biçim, inkişaf, sükunət, varislik, imkan kimi baxıldı və buna uyğun olaraq da, xüsusilə nəsrdə epik vüsət genişləndi.

 

- Bu cür çoxqatlı romanı ana dilinə çevirəndə nə kimi çətinliklərlə qarşılaşdınız?

- “Yalquzaq” ötən əsrin əvvəllərində Qərbi Avropa ədəbiyyatında yaranan, Almaniyada Hesse və Tomas Mann yaradıcılığında özünün ən yüksək zirvəsinə çatan “İntellektual roman” janrında yazılıb və mən bilən, bizdə, ən azı o vaxtlar bu səpkidə əsər yox idi. Sözüm odur ki, əsəri çevirməyə başlayanda, mən, bəlkə də, bunun məsuliyyətini yaxşı dərk eləməmişdim, ancaq sonradan bəlli oldu ki, Hesse poetikasının incəliklərini duymaq, üstəlik də, onu bu cür üslubun hələ formalaşmadığı bir dildə təzədən canlandırmaq nə qədər çətin imiş. Təsəvvür elə ki, o vaxt çox hörmətli “Yazıçı” nəşriyyatında kitabı, özü də tərcümə əsərini, plana saldırmaq nə qədər çətin idi və mənim bəxtim gətirmişdi, Remarkın “Zəfər tağı” tərcüməmdə nəşr olunmuş, özü də pis qarşılanmamışdı. İndi birdən-birə “Yalquzaq”ın tərcüməsi ilə, necə deyərlər, həvəslə başladığım bir işə nöqtə qoyula bilərdi. Əlbəttə, mən nəyisə şişirtmək, “Yalquzaq”ın yaxşı tərcümə olması fikrindən tamamilə uzağam, çünki “mükəmməl tərcümə”yə inanmıram, uzaqbaşı, orijinala “yaxın” və ya “daha yaxın” tərcümədən danışmaq olar. Sadəcə olaraq bir məsələyə münasibət bildirmək istəyirəm: bəziləri uğursuz tərcüməni, yöndəmsiz söz yığınını dilimizin lüğət tərkibinin “kasıblığı” ilə izah etməyə çalışır. Ancaq mən bu romanın tərcüməsi üzərində işləyəndə gördüm ki, dilimiz ən “qəliz” fikri sərrast ifadə etmək qabiliyyətinə malikdir, sadəcə, səbirli olmaq, müxtəlif variantları saf-çürük etmək lazımdır. Daha dəqiq desəm, Hesse, T.Mann kimi yazıçıları birnəfəsə tərcümə etmək olmaz. Məsələn, “Zəfər tağı”nın tərcüməsi üçün mənə bir ilə qədər vaxt lazım gəldi, ancaq həcmcə ondan xeyli kiçik olan “Yalquzaq”ın üzərində iki ildən çox işləməli oldum.

 

- Amerikada Hippi hərəkatının bəzi nümayəndələri “Yalquzaq”ı oxuyandan sonra intihar ediblər. Belə bir əsəri tərcümə edən zaman sizi heyrətə salan, başqa dünyaya aparan nə kimi detallar oldu?

- Məni heyrətə salan, ilk növbədə, Hessenin indicə dediyim kimi, üslubi “çevikliyi” oldu. O, sanki insanın iç dünyasının qaranlıqlarına vardıqca, sözün işığı daha da güclənir, görünməyən künc-bucaq qalmır.

 

- “Yalquzaq” bəzi məqamlarda sanki roman olduğunu unudub insan ruhunu işığa çevirən, insan “Mən”ini Yerin dibindən Göyə qaldıran sirli musiqiyə çevrilir. Bu səbəbdən romanı “dünyamıza paralel olan dünya adlandıra bilərikmi?

- Yaxşı dedin: insan “Mən”ini Yer altından Göyə qaldıran sirli musiqi. Yəqin oxumuş olarsan, əksər ədəbiyyatşünaslar “Yalquzaq”ın kompozisiyasının sonata janrı üzərində qurulduğunu deyirlər. Mən deyərdim ki, əsər zülmət qaranlıqdan işıqlı göylərə qaldırır, bizi özümüzə işıqlandırır, insanı yalnız arzu edildiyi kimi deyil, olduğu kimi qəbul etməyi öyrədir.

 

- Romanın şərəfinə musiqiçi Arseni Troitski musiqi mükafatı təsis edib. 1970-ci illərin məşhur “Boni M” qrupu mahnılarının birini həmin roman əsasında yazıb. Hətta Rusiyanın “Akvarium” qrupunun mahnılarından biri romanın motivləri əsasında yaradılıb. Məşhur ABŞ rejissorlarından biri filmini romandan sitatla başlayır. Bütün bu sadaladığımız faktları cəmləyib bir sual veririk: Yaşadığımız dünyanın “Yalquzaq”a, həqiqətənmi, bu qədər ehtiyacı var?

- “Yalquzaq” istər ideya-məzmun, istərsə də estetik qayə baxımından çoxqatlı, çoxlaylı, çoxşaxəlidir, müxtəlif fəlsəfi konsepsiyaları, düşüncə tərzini özündə ehtiva edir. Yəni hər birimiz burada özümüzə aid olan nəyisə tapa bilərik. Bu qatlardan biri də insanın özünüdərk prosesidir. Daha doğrusu, insanın həm cəmiyyətə, həm də özünə yadlaşmış, bir tərəfdən özündə “insanlıq”, digər tərəfdən “canavarlıq” hiss eləyən, bu ziddiyyətdən çıxış yolunu ancaq intihar etməkdə görən bir autsayderin öz daxili aləmindəki mürəkkəbliyi dərk edərək “Ölməzliyə” gedən yolu tapmasıdır. Deməli, özünüdərk xilasa gətirib çıxarır. Bayaq sən də dedin ki, Amerikada Hippi hərəkatının bəzi nümayəndələri “Yalquzaq”ı oxuyandan sonra intihar ediblər. Yəqin, onu da bilirsən ki, Hötenin “Gənc Verterin iztirabları” romanından sonra da çoxlu gənc intihar etmişdi, hətta buna görə kitaba Fransada rəsmi qadağa qoyulmuşdu. Əlbəttə, Verterə oxşamaq naminə özünə qəsd edənləri başa düşmək olar, çünki söhbət burada nakam məhəbbətdən gedir. Bəs hippilər? Axı onların “oxşadıqları” Harri Haller Sehrli teatrda “özünü tapır”, “ölümü qədər qorxduğu güzgüyə baxıb” nifrət etdiyi “həyat adlı oyunun yüz min fiquru ilə oynamağı” öyrənir, yəni xilas olur.

 

- Roman əsnasında 1974-cü ildə film çəkilib. Əgər izləmisinizsə, film romanla müqayisədə hansı detallara görə güclü, hansı detallara görə zəifdir?

- Sözün düzü, həmin filmi izləməmişəm və buna da heç təəssüflənmirəm. Axı filmin imkanları epik təsvirin imkanları qədər deyil. İndi təsəvvür elə ki, iki il bütün incəliklərini duyub onu ana dilində təzədən yaratmağa çalışdığın hadisələri, psixoloji anları kino sənətinin dar çərçivəsində təzədən yaşayırsan! Axı sən tərcümə eləyəndə yalan-doğru həmin obrazları öz aləmində yaradırsan, o anları yaxşı-pis “yaşayırsan” və həmin filmdə, bəlkə, çox şey üst-üstə düşməyəndə, başqa yozumla rastlaşanda ona baxdığına peşman olursan. İnanmıram ki, “Yalquzaq”dan əsər kimi aldığım zövqü filmdən ala bilim.

 

- Romanı tərcümə etdiyiniz zaman dünyanın “Yalquzaq”dan keçib təmizlənəcəyinə inandınızmı?

- Əlbəttə! Amma tərcümə prosesində bu barədə heç düşünməmişəm və düşünmək iqtidarında da olmamışam. Yalnız işi sona çatdırıb onun mahiyyətini anlayandan sonra inanmışam ki, dünya-insanlar mütləq bu “Yalquzaq”dan keçməlidir. Ancaq dünyanın və insanların bundan sonra təmizlənib-təmizlənməyəcəyi sual altındadır...

Elmin NURİ