Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə ciddi ehtiyac duyulur…

Bölmə: Ədəbiyyat 15.10.2016

Nizami CƏFƏROV
AMEA-nın müxbir üzvü, professor

Tərcümə Mərkəzinin, haqqında söhbət gedən təklif və ya tövsiyyəsinin tamamilə haqlı olduğunu qəbul edən mütəxəssislər belə bir məsələdə tərəddüd qarşısında qalmışlar ki, lüğətin mövcud qüsurlarını aradan qaldırmaqda Mərkəz səlahiyyətlidirmi?.. Yaxud zəruri düzəlişləri son nəşrin müəllifləri – Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və “Şərq-Qərb” Nəşriyyat Evi həyata keçirə bilməzmi?..

Fikrimizcə, Tərcümə Mərkəzinin yeni, daha mükəmməl bir orfoqrafiya lüğəti hazırlaması üçün həm hüququ, həm də potensialı vardır. Və bugünə qədər görülən işlər də buna zəmanət verir.

Mütəxəssislərə məlumdur ki, Azərbaycan dilinin ilk orfoqrafiya lüğətini (“İmla lüğəti” adlanırdı) istər elmi, istərsə də siyasi- ideoloji baxımdan çox mürəkkəb bir şəraitdə – keçən əsrin 20-ci illərində dilçi, ədəbiyyatşünas və ictimai xadim Vəli Xuluflu hazırlamış, həmin lüğət 1929-cu ildə Bakıda “Azərnəşr” tərəfindən nəşr olunmuşdur. Bundan əvvəl isə müəllifin “Yeni türk əlifbası ilə yazı qaydaları” kitabı (Bakı, 1925) çıxmışdı. Ancaq o da məlumdur ki, bu əsərlər, prinsip etibarilə, bir müəllifin yox, dövrün, demək olar ki, bütün dilçi-ziyalılarının yaradıcılıq məhsulu idi. Həmin dövrə qədər orfoqrafiya qaydalarını ənənə müəyyən edirdi… 20-ci illərdə vaxtaşırı keçirilən İmla Konfranslarında geniş müzakirələr aparılırdı. Məsələn, Birinci Azərbaycan İmla Konfransı professor Bəkir Çobanzadənin “İmlada ümumi prinsiplər” məruzəsini dinləmişdi… Bu və ya digər məsələ barəsində isə Dövlət Elmi Şurası qərar qəbul edirdi.

Bu gün “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə müşahidə olunan qüsurlar, heç şübhəsiz, yeni hadisə, yaxud son nəşri tərtib edənlərin günahı deyil, 20-ci illərin mürəkkəb mədəni-intellektual ovqatından gəlir.

Həmin illərdə milli orfoqrafiya lüğətçiliyinin qarşısında ən azı üç ciddi problem dayanırdı:

Ərəb əlifbasından latına keçərkən sözləri ərəb əlifbasında olduğu kimi yazmalı, yoxsa danışıq normasına tabe etməli?

Xalq danışıq dilində geniş işlənən, lakin yazı dili üçün səciyyəvi olmayan sözləri lüğətə daxil etməli, ya yox?

Qərbi Avropa mənşəli sözləri (əsasən, terminləri) lüğətdə hansı həcmdə, eləcə də necə (mənbə dildə olduğu kimi, yaxud xalq danışıq dili tələffüzündə?) verməli?

Etiraf etməliyik ki, bu suallara nə nəzəri, nə də təcrübi olaraq prinsipial cavab vermək heç də asan olmamış, orfoqrafiya lüğətinin hər yeni nəşrində həm norma, həm də anomaliya faktları öz əksini tapmışdır. Şifahi ədəbi nitq (tələffüz) mədəniyyəti yüksəldikcə, orfoqrafiyada fonetik prinsipin mövqeyi güclənmiş, lakin indiyə qədər tam hakim olmamışdır. Məsələn, bu gün də “umud” yox, “ümid”; “məllim” yox, “müəllim”; “ədəbiyat” yox, “ədəbiyyat” yazırıq.

Tərcümə Mərkəzinin təhlillərində ən çox maraq doğuran məsələlərdən biri orfoqrafiya lüğətində gen-bol yer tutan, ancaq müasir Azərbaycan dilində işlənməyən ərəb və ya fars mənşəli sözlərə etirazdır… Qeyd edək ki, bu məsələ “İmla lüğəti”nin tərtibi zamanı da ortaya çıxmışdı. Və arxaik ərəb və ya fars sözləri lüğətə yalnız ona görə daxil edilmişdi ki, köhnə kitabları əski əlifbadan yeni əlifbaya çevirəndə orfoqrafik hərc-mərclik yaranmasın… Ancaq iş elə gətirdi ki, bu “ənənə” heç bir zərurət olmadan bu günə qədər davam edir.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin “Ön söz”ündə deyilir:

“Azərbaycan dilinin həcmcə çox kiçik olan ilk orfoqrafiya lüğəti 1929-cu ildə latın qrafikalı əlifba əsasında nəşr olunmuşdur. Lüğət tədricən təkmilləşdirilərək 1940, 1960, 1975-ci illərdə çap olunmuşdur…Əgər 2004-cü ildə nəşr olunmuş orfoqrafiya lüğətində 80 minə yaxın söz var idisə, genişləndirilmiş və yenidən işlənmiş bu nəşrdə onların sayı 110 mini keçmişdir. Əlavə edilmiş sözlərin çoxu yeni yaranmış, yaxud əvvəlki nəşrə daxil edilməsi unudulmuş sözlərdir”.

Birincisi, “həcmcə çox kiçik” hesab olunan ilk lüğət təxminən 20 min sözü əhatə etmişdir ki, 20-ci illər üçün bu, böyük uğur sayıla bilər… İkincisi, 2004-cü ildə 80 minə yaxın sözdən ibarət olan bir lüğəti on il ərzində “yeni yaranmış, yaxud əvvəlki nəşrə daxil edilməsi unudulmuş sözlər” hesabına nə qədər “zənginləşdirmək” olur ki, həcmi 110 mini keçsin?.. Və nəhayət, üçüncüsü, lüğətin müstəqillik illərindəki nəşrləri hazırlanarkən əvvəlki illərdəki qədər geniş, peşəkar müzakirələr aparılmışdırmı?..

Tərcümə Mərkəzinin təhlillərində (və təqdimində) orfoqrafiya lüğətinin külli miqdarda faktla təmsil olunan qüsurları nə az, nə çox, düz yeddi qrupa bölünür ki, biz onları yığcamlıq xatirinə beş qrupda ümumiləşdirə bilərik:

müasir Azərbaycan dilində işlənməyən ərəb, fars və digər əcnəbi sözlərin lüğətə daxil edilməsi;

o qədər də populyar olmayan, yalnız mütəxəssislərin dar ünsiyyət dairəsinə mənsub söz-terminlərə geniş yer ayrılması;

ədəbi normativlikdən və ya kütləvi işləklikdən məhrum dialektizmlərin, yaxud loru sözlərin lüğətdə xeyli sayda ehtiva edilməsi;

lüğətdə həm məna, həm də formaca qondarma “söz yaradıcılığı”na güclü meyil edilməsi;

lüğətin əsassız “qrammatikləşdirilməsi”.

Birinci qüsurun “ənənə”dən gəldiyini qeyd etdik. Əlavə olaraq deyə bilərik ki, bizim az-çox mükəmməl lüğətlərimiz vardır ki, orada klassik ədəbiyyatın dilində işlənən ərəb və fars sözləri daha əhatəli, eləcə də müfəssəl izahlarla təqdim edilir. Hər bir sözün ərəb qrafikası ilə yazılışı da verilir. Doğrudur, bu cür lüğətlərin təkmilləşdirilməsinə ehtiyac var. Hər şeydən əvvəl ona görə ki, son illər xeyli miqdarda əsərlər ortaya çıxarılaraq nəşr olunmuşdur ki, onların leksikonunda ərəb, fars mənşəli alınmalar mühüm yer tutur.

İkinci qüsur terminologiya ilə bağlıdır… Adətən, orfoqrafiya lüğətinə o terminlər daxil edilir ki, onlar ümumişlək səciyyəsi daşıyır… Əgər bütün terminlər buraya daxil edilsə, elə bir möhtəşəm kitab alınar ki, təsəvvür etmək belə çətindir. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin tərtibçiləri “Lüğətin quruluşu” başlıqlı izahatda “dilimizin lüğət tərkibinin ayrılmaz hissəsini təşkil edən xüsusi terminlər”ə “minimum həcmdə” yer ayırdıqlarını qeyd etsələr də, bu “minimum həcm”in nədən ibarət olduğu, hansı prinsiplərə dayandığı göstərilməmiş, “həcm”in özü isə “minimum” həddini xeyli aşmışdır… Və bütün bunlar elə bir dövrdə olmuşdur ki, müasir elmlərin əsas sahələri üzrə kifayət qədər zəngin (və mükəmməl) terminoloji lüğətlər həm var, həm də hazırlanır.

Yeri gəlmişkən, bir mühüm məsələyə də toxunmaq istərdim… Bu gün terminologiyanın beynəlmiləlləşməsi elə bir səviyyədədir ki, bu və ya digər terminin (məsələn: atom, kreativ, diskret, modern və s.) hər hansı bir dilə mənsubluğu şərtidir və ümumiyyətlə, terminlər həm real, həm də potensial olaraq bütün dillərə aiddir.

Bir daha təkrar edirik ki, orfoqrafiya lüğətinə yalnız ümumişlək, populyar terminlər daxil edilməlidir.

Üçüncü qüsur dialektizmlərə, loru leksikaya geniş yer ayrılmasından irəli gəlir. Məsələn, dilimizdə “sürüşdürmək” sözünün fonetik dialekt-şivə qarşılığı olan “sürçütmək” sözünün lüğətə salınması o deməkdir ki, eyni “müvəffəqiyyət”lə bütün dialektizmlərə qapı açmaq olar…Tərtibçilər heç onu da nəzərə almamışlar ki, orfoqrafiya lüğətinin missiyası düzgün yazı normalarını təsbit etməkdir. Düzgün forma “sürüşdürmək”dirsə, “sürçütmək”in burada nə işi var?..

“Lüğətin quruluşu”nda göstərilir ki, buraya “məhəlli sözlərdən (dialektizmlərdən) şifahi xalq yaradıcılığında ən çox yayılmış, buradan da ümumxalq dilinə keçmiş, habelə termin kimi qəbul edilmiş və ədəbi dildə qarşılığı olmayan sözlər: balıq, bitki, heyvan və s. adları” da daxil edilmişdir… Fikir verin, belə bir mənzərə alınır: dialektizm əvvəl şifahi xalq yaradıcılığına, daha doğrusu, onun dilinə, sonra isə ümumxalq dilinə keçir… “Ümumxalq dili”, əslində həm dialektləri, həm də ədəbi dili özündə ehtiva edən anlayışdır. Ona görə də burada nə deyilmək istədiyini başa düşmək olmur. Və ümumiyyətlə, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlində verilmiş istər “Lüğətin quruluşu”, istərsə də “Orfoqrafiya qaydaları” bölmələrində həm təsnifat prinsipləri tez-tez pozulur, həm də dilçilik terminlərindən düzgün istifadə olunmur.

Lüğətin dördüncü qüsuru qondarma “söz yaradıcılığı”ndan ibarətdir ki, Tərcümə Mərkəzinin əməkdaşları bunu üç qrupa bölürlər: 1) mənası anlaşılmayan sözlər, 2) mənası və yazılışı qüsurlu sözlər, 3) süni sözlər və söz birləşmələrindən düzəldilən qurama sözlər… Əlbəttə, bölgünü daha da genişləndirmək olar. Və təəssüf ki, lüğət bunun üçün kifayət qədər “zəngin” material verir.

Məsələnin mahiyyətinə baxaq… Bu cür qondarmaların lüğətdə təsəvvürə gəlməyəcək qədər yer alması nədən irəli gəlir?.. Fikrimizcə, “söz” anlayışını düzgün dərk etməməkdən!.. Maraqlıdır ki, tərtibçilər, Azərbaycan dilində, məsələn, “ətriyyatçılıqetmə”, yaxud “ətriyyatçıolma” “söz”lərinin olduğunu qəbul edirlər, ancaq, deyək ki, “müəllimliketmə”, “həkimliketmə”, yaxud “müəllimolma”, “həkimolma” “söz”lərini qəbul edib lüğətə daxil etmirlər… Niyə?.. Ona görə ki, ən zəruri elmi prinsiplər belə gözlənilməmiş, tərtibçilər ya hansı kəmsavad mətndəsə təsadüf etdikləri “söz”ləri almış, ya da özlərindən uydurmuşlar…

Beşinci qüsur əsassız “qrammatikləşdirmə”dən ibarətdir ki, buraya leksik-qrammatik, eləcə də qrammatik şəkilçilərlə düzələn çoxsaylı söz-formalar aiddir. Nə ehtiyac var ki, “silahlandırılma, silahlandırılmaq, silahlandırma, silahlandırmaq, silahlanma, silahlanmaq… silahsızlandırılma, silahsızlandırılmaq, silahsızlandırma, silahsızlandırmaq, silahsızlaşdırılma, silahsızlaşdırılmaq, silahsızlaşdırılmış, silahsızlaşdırma, silahsızlaşdırmaq, silahsızlıq” tipində sicilləmələr orfoqrafiya lüğətinə daxil edilsin?.. Əgər mətləb sözün törəmələrinin düzgün yazılış qayda və ya formalarının təsbit edilməsindən gedirsə, daha doğru, daha elmi olmazdımı ki, lüğətə tamamilə təbii olaraq əlavə edilmiş “Orfoqrafiya qaydaları”nda müxtəlif növ şəkilçilərin orfoqrafiyası təfsilatı ilə verilsin?.. Halbuki Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş hazırki “Orfoqrafiya qaydaları” ilə heç nəyə nail olmaq mümkün deyil…

Əlbəttə, çoxları kimi mən də o fikirdə deyiləm ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” yalnız qüsurlardan ibarətdir. Bu sahədə kifayət qədər uğurlarımız da vardır… Nə qədər paradoksal görünsə də, deməliyəm ki, ən böyük uğurlarımızdan biri də orfoqrafiya lüğətinin yeni, daha mükəmməl tərtib edilib nəşr olunmasına böyük ehtiyac duymağımızdır…