Elektron ədəbiyyat və sənət portalı

Şuşada axşamlar yanar ulduzlar...

Bölmə: Tarix 29.10.2016

…Dağların başından baxanda ulduzlar tamam başqa cür görünür. Qəribədir, böyük şəhərlərdən baxanda qaranlıq səma heç belə təsir bağışlamır. Sıldırım qayaların ucunda isə… Burada tənhalıq hiss etməzsən, çünki başının üstündə nəhayətsiz və müdrik bir asiman var.

Elə bil dağlara yox, bir-birinə qısılıb göz vuran ulduzlara qonaq gəlmisən, kəhkəşan səni çəkib aparır, sirli ağuşuna alır. Əlini atıb ulduzlara sığal versən nazlanacaqlar...

Bir payız axşamı Şuşaya, bir-biri ilə bəhsə girirmiş kimi yanıb-sönən ulduzların seyrinə çıxsan, mütləq daha gur yanan səma cisimlərini fərqləndirə biləcəksən. Düşünürsən, niyə gur işıq saçır? Bəlkə, o, bəxt ulduzudur, bəlkə, hansısa aşiqin qəlbidir, tez-tez döyünür, bəlkə, sevgidən kam alıb, bəlkə, göylərdə qismətini axtarır… Nə bilmək olar?

Amma 1905-ci ilin çiskinli payız axşamı sevgi nağıllarının dolaşdığı əsrarəngiz Şuşanın hüdudsuz kəhkəşanında ən gur parlayan o iki ulduzu kimsə görmədi. Görə də bilməzdi! Biri Məcidin ulduzu idi, digəri isə…

Şəhər əhli arasında yanıqlı səsi ilə qəlbləri riqqətə gətirən, qapı-qapı gəzib parça, bafta, kofta satan, nurlu çöhrəsindən həmişə təbəssüm yağan və “arşınmalçı” kimi sevilən gənc xanəndə Məcid Behbudov, nəhayət, axtardığını tapmışdı. Az öncə bəylərdən birinin malikanəsində qızlara parça satanda xanımlardan birini görüb vurulmuşdu. Deyəsən, elə qız da ona biganə deyildi. Məcidin qəlbini qəribə duyğular bürümüşdü, ürəyində elə hey qızla danışır, xəyallar qururdu. Sevincini anası ilə bölüşdü, evin yerini anlatdı.

Ana məyus-məyus oğluna dedi:

- Ay bala, sən nə danışırsan, bizi heç o qapının həndəvərinə buraxmazlar, el içində xar olarıq…

- Öldü var, döndü yoxdur, ana. Əgər evlənsəm, qismətim yalnız o qız olacaq!

Məcid atası kimi tərs və inadkar idi, anası da bunu yaxşı bildiyindən, mübahisəyə girişmədi. Ancaq qüdrətli bəylə kəllə-kəlləyə gəlməyin nə olduğunu sevimli övladına anlatmaq istədi.

- Qoy o bəy olsun, mən də arşınmalçı Məcid! Baxaq, görək, qızı mənə nə deyib verməyəcək!

Ertəsi gündən başlayaraq, Məcid arşın malı satmaq bəhanəsi ilə hər gün bu malikanənin qarşısına  gəlir və yanıqlı səslə ucadan oxuyurdu. Qızlar da bir bəhanə tapıb gənci həyətə dəvət edir, çox şey almasalar da, atmacalı sözlərlə Məcidi yandırıb-yaxırdılar. Nəhayət, qərara gəldi ki, gözaltı etdiyi xanımın adını soruşsun və  könlünü ona açsın.

- Adım Firuzə…

Ağ kəlağayısının ucunu çiyninə atıb utancaq baxışlarını yerə dikdi. Digər qızlar bilərəkdən hovuzun kənarına getmişdilər ki, Firuzə arşınmalçı ilə təklikdə danışa bilsin.

- Mən də Məcidəm, bu dağların oğluyam. Səni görən gündən  ağlımı itirmişəm, həsrət odu məni yandırır. Məcnun kimi çöllərə düşmüşəm. Bir əlacım qalıb, özümü, bax o görünən sıldırım qayalardan aşağı atım!

- Aman Allah! Yox atma!

Firuzə başını qaldırıb Məcidin gözlərinə baxdı. Bu gözlərdə saf sevgi və çağlayan həyat eşqi gördü. Məcid isə göylərdə uçurdu.

- Əgər adaxlım olsan, atmaram, vallah, xoşbəxtlikdən göyün yeddinci qatına qalxaram!

- Mən qızların yanına gedim, atam görər, amma sən yenə gəl…    

Məcid aşiq olduğu Firuzənin polkovnik Abbasqulu bəy Vəkilovun övladı olduğunu sonradan öyrəndi. Bu ailə əslən Qazax qəzasının Salahlı kəndindən, məşhur Vəkilovlar nəslindən idi. Firuzə xanım Tiflisdə Müqəddəs Nina Qızlar Gimnaziyasını bitirmişdi, rus, fransız dillərini mükəmməl bilirdi, müasirliyi və dünyagörüşü ilə yaşıdlarından fərqlənirdi.

Teatrı, musiqini sevirdi, Avropa ədəbiyyatına yaxından bələd idi. Amma hər iki gənc yaxşı başa düşürdü ki, indiki mühitdə bəy qızı ilə  arşınmalçının ailə qurması mümkün iş deyil…

Firuzə məhəbbətindən vaz keçə bilməzdi: ulduzları göylərdə qovuşmuşdu, taleləri də elə orada yazılmışdı… Günlərin birində onlar hamıdan xəlvət qoşulub Qarabağdan uzaq bir məmləkətə - Tiflisə qaçdılar. Şuşa əhalisi uzun müddət bu hadisədən danışdı, Məcidlə Firuzənin sevgi dastanı dillərə düşdü və illər sonra  dahi bəstəkar Üzeyir Hacıbəyli məşhur “Arşın mal alan” operettasının qəhrəmanı Əsgərin timsalında Məcid Behbudovun obrazını yaradaraq bu sevgiyə əbədiyyət qazandırdı.

Məcidlə Firuzə Tiflisin azərbaycanlılar yaşayan Havlabar məhəlləsində məskunlaşdılar və şuşalı gənc gələcək həyatını bu şəhərlə bağladı. Məcid arşınmalçılığın daşını atıb xanəndəlik etməyə başladı. Zil səsi vardı, xüsusən də “Segahi Mirzə Hüseyn” və “Şüştər”i  böyük ustalıqla ifa edirdi. 

O, 1910-cu ildə “Qrammofon“ şirkətindən dəvət alıb tarzən Məşədi Cəmil, qarmonçalan Kərbəlayi Lətif, Malıbəyli Həmid kimi xanəndələrlə Riqaya yollandı. Bir neçə muğam, xalq mahnısı və təsnifi vala yazdırdı. Həmin illərdə bu məqsədlə ona digər Avropa ölkələrindən də dəvətlər  gəldi. Onu bu səfərlərdə rus və fransız dillərini gözəl bilən həyat yoldaşı Firuzə xanım müşayiət edirdi.

Ustad xanəndə opera səhnəsində də çıxış edirdi. 1911-ci ildə Bakıda “Fərhad və Şirin” operasında Xosrov rolunu oynadı. 1915-ci ildə Gəncədə Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operasının ilk tamaşasında Ələsgər Abdullayev və Bülbüllə tərəf-müqabil oldu. 1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulandan sonra Məcid Behbudov musiqi, Firuzə xanım Vəkilova isə maarif sahəsində çalışır, şəhərin Azərbaycan məktəblərində rus və fransız dilini tədris edirdi. Maarifçi qadın həm də Tiflisdə Klara Setkin adına Türk Qadınlar Klubunun rəhbəri idi. O, 1933-cü ildə, 44 yaşında vəfat etdi. Bu itkidən sonra Məcid Behbudov İrəvandakı İncəsənət İşçiləri İttifaqının Şərq orkestrində işə düzəldi. Amma orada da çox qala bilmədi. Firuzənin doğulduğu Qazax rayonuna gəlib mədəniyyət evində işə düzəldi.

Amma, nə yaxşı ki, oğlu, məşhur müğənni Rəşid Behbudovun 1945-ci ildə “Arşın mal alan” filmində yaratdığı Əsgər obrazını görmək ona nəsib oldu. O, elə həmin il  dünyasını dəyişdi...

Fərhad SABİROĞLU