Elektron ədəbiyyat və sənət portalı

Ağdərə ağrısı, Sərsəng yanğısı

Bölmə: Tarix 29.10.2016

Rayon mərkəzi hər tərəfdən dağlarla, dərələrlə əhatə olunmuşdu. Bir anlıq mənə elə gəldi ki, dağlar Ağdərəni ovcunun içində saxlayıb. Şəhər də başını astaca onun zirvəsinə söykəyib arxayıncasına uyuyub. Sanki dağlar şəhəri əlində möhkəm saxlayıb buraxmaq istəmir, qorxur ki, yerə düşsə, əzilər, sınar, gözəlliyini itirər.

Həmin günlərdə Ağdərə köksündən ağır yaralanmışdı, torpağından, daşından qan sızırdı. Neçə vaxtdan bəri onun sinəsində ağır döyüşlər gedirdi. Ermənilər insanlığa sığmayan əməlləriylə evləri yandırmış, körpüləri uçuraraq hər yeri viran qoymuşdular. Düşmən tapdağından yenicə azad olunmuş Ağdərənin baxışları tutqun, gözləri yaş idi. Onun gülümsər çöhrəsinə qan çilənmişdi. Amma hiss olunurdu ki, ermənilərdən aldığı ağır yaraları yavaş-yavaş sağalır, doğma sakinlərini qoynuna aldıqca ürəyinin hərarəti daha da artır.

Ağdərə torpağına ayaq basdığım ilk andaca güllə səsləri eşitdim. Həmin gün şəhər bizi gur atəşlə qarşılasa da, buna məhəl qoymadan üzü səngərə tərəf getdik. Yolboyu ətrafdakı gözoxşayan mənzərələri seyr etməkdən də qalmırdıq.

Birinci dəfə gördüyüm bu yerlər mənə çox doğma və əziz gəlirdi. Buralar məni özünə elə çəkirdi ki, sanki bu torpaqda, bu gözəlliyin qoynunda dünyaya göz açmışdım, neçə illər buralarda yaşamışdım. Burada məni özünə çəkən, yəqin ki, əcdadlarımızın ölməz ruhu idi. Məni sehrinə salan gözəllik qəlbimi oxşayıb ürəyimi açırdı. Hərdən maşını saxlayıb qarın üstündə gəzə-gəzə gözü dolusu dağlara, meşələrə tamaşa edirdik.

Bu gözəl diyarın qarlı meşələrinin içindən keçib səngərlərdə torpaqlarımızı qoruyan oğulların yanına tələsirdik.

Göz işlədikcə uzanan bu gözəlliyi erməni işğalçılarından azad etdiklərinə görə döyüşçülərimizi bağrımıza basdıq. Əsgərlərimizin hücumları qarşısında duruş gətirə bilməyən ermənilər addım-addım geri çəkilirdilər. Ərazilərimiz addım-addım düşməndən azad olunurdu. Üstünə xalı kimi qalın qar döşənmiş torpaqlarımız rahatca nəfəs alıb köks ötürürdü.

Sırxavənd kəndi uğrunda gedən qanlı döyüşlər səngimək bilmirdi. Böyük strateji əhəmiyyəti olan bu yaşayış məntəqəsi əldən-ələ keçirdi. Düşmən müdafiə olunmağa çalışsa da, cəhdi boşa çıxırdı. Döyüşçülərimiz də hər an həmlə və hücumları gücləndirirdilər. Biz də qeydlər aparır, şəkillər çəkirdik.

Dağların döşündə ilan kimi qıvrılan qarlı yollarla səngərlərdən geri qayıdırdıq. İşğalçılardan azad olunmuş ərazilərimizə baxdıqca ürəyimiz dağa dönürdü. Qəlbimiz sevinclə dolur, üzümüz gülürdü. Yolüstü Sərsəng su anbarına da baş çəkdik. Sərsəng, gözəlliyi, bəzək-düzəyi ilə gəlinə oxşayırdı. Qarlı dağlar qoynunda yerləşən göl, sanki bu yerlərin gözmuncuğu idi. Sükutu pozulmuş Sərsəng elə bil şıltaq dalğaları ilə sahillərini qucaqlayıb torpaqla, daşla baş-başa verib asta-asta pıçıldaşırdı. Hündürlükdən azca aşağı düşüb onun buz kimi suyundan bir ovuc üzümə vurdum, bir qurtum içdim. Sonra gölün sahilində xeyli gəzib gözəlliyinə tamaşa etdim. Elə bil vaxt, zaman tez ötüb keçdi. Sərsənglə sağollaşmaq anı gəlib çatdı. «Salamat qal, Sərsəng! İnşallah, yaxın vaxtlarda yenə də görüşərik», dedim. 

Bir aydan sonra yenə də Ağdərəyə ezamiyyətə getdim. Ötən müddət ərzində vəziyyət xeyli dəyişmişdi. Erməni işğalçıları öz havadarlarına arxalanıb əks-hücuma keçərək bir neçə kəndi yenidən işğal etmişdilər. Strateji yüksəkliklər düşmən əlinə keçmişdi. Güclü hücumlar şəhərin mərkəzinə tərəf yönəlmişdi.

1993-cü il, fevralın 9-u. Ağdərə rayonundan çox da uzaqda olmayan Ortakənd. Qarlı, şaxtalı bir gün. Həmin vaxtlar hərbi hissənin qərargahı orada yerləşirdi. Həyətdə çoxlu köhnə traktor atılıb qalmışdı. Deyəsən, əvvəllər bura texniki-peşə məktəbi olmuşdu.

…Fevralın 9-u - ömür kitabımın səhifələrinə böyük hərflərlə yazılmış və heç vaxt unudulmayan bir gün. Həmin gün, bəlkə də, həyatımın ən gərgin, narahat və həyəcanlı anlarını yaşadım. Günortayacan səngərləri gəzib xeyli material toplamış, şəkillər çəkmişdik. Geri qayıdandan sonra hərbi hissənin həyətində oturub dincimizi alır, yazacağımız materialları iş yoldaşım Eldənizlə müzakirə edirdik. Bu vaxt qərargah növbətçisi olan zabit yaxınlaşıb dedi ki, mayor Qabil Zamanov sizi çağırır. Qabil Zamanov o vaxtlar Daxili Qoşunların qərargah rəisi vəzifəsini icra edirdi. Tələsik onun yanına yollandıq. Bizi başdan-ayağa süzən mayor Zamanov gözlərini mənə zilləyib soruşdu:

- Fotoaparatın varmı?

- Var, - dedim.

Sonra bir az fikrə getdi. Səsinin tonunu dəyişib astadan dilləndi:

- Dünən Mehmanə kəndi ətrafında gedən ağır döyüşlərdə itkilərimiz də oldu. Bu yerlərin torpağı şəhidlərimizin qanı ilə suvarıldı. Təəssüflər ki, düşmən hücumları gücləndiyindən, şəhidlərin meyitlərini çıxara bilmədik. Öyrənmişik ki, ermənilər əsgərlərin meyitlərini təhqir ediblər. İndi həmin yerləri qəsbkarlardan azad etmək üçün gərgin döyüşlər gedir. Ermənilər yavaş-yavaş geri sıxışdırılır. Bir azdan kənd qəsbkarlardan azad olunacaq. Təcili Mehmanəyə gedin, həm meyitləri çıxarıb gətirin, həm də onların şəkillərini çəkin. Ermənilərin insanlığa sığmayan hərəkətlərini bütün dünyaya bəyan etmək lazımdır. Şəkilləri həm ölkəmizdəki səfirliklərə, həm də beynəlxalq təşkilatlara göndərəcəyik. Qoy erməni vəhşiliyini bütün dünya görsün.

Mayor Qabil Zamanovun əmri ilə iki hərbi jurnalistə – Eldəniz Abbasova, mənə, həkimə və 11 nəfər əsgərə silah verdilər. Sürücü QAZ-66 markalı maşının yanacaq çənini doldurandan sonra yola düzəldik. Qarlı dağlar, narahat yollar yenə də bizi ağuşuna aldı. Musa həkim yol-yolağanı yaxşı tanıdığından, sürücünün yanında oturdu. Dağların, dərələrin qoynundan keçən yollarla xeyli irəli gedib axşam saat doqquz radələrində Mehmanəyə çatdıq. Artıq qaranlıq öz çadırını yer üzünə sərmişdi. Yer-yurd qarla örtüldüyündən, ərtaf o qədər də qaranlıq görsənmirdi. Qar dizə çıxırdı, hava çox soyuq idi. Buludlar göy üzündən çəkilmiş, səmanın ənginliyindəki ulduzlar arxayın-arxayın sayrışırdı. Ay hələ gözə dəymirdi, elə bil haradasa ləngiyib qalmışdı.

Yüksəklikdə bir az gözlədikdən sonra Mehmanənin içərilərinə doğru getdik. Hələlik ətrafda sakitlikdir, silahlar susub. Taborun kənddəki evlərdən birində yerləşən qərargahına çatıb dayandıq. Orada yüzdən çox əsgər vardı, onlardan azca aralıda dörd tank dayanmışdı. Zirehli texnikaların mühərrikləri gur-gur guruldayıb saat kimi eyni ritmlə işləyirdi. Hamı ayaq üstəydi, hamı narahat idi. Bir azdan nə olacağını, nə baş verəcəyini heç kim bilmirdi. Döyüşçülərlə söhbət edərkən öyrəndim ki, şəhidlərin meyitləri qalan ərazi ermənilərin nəzarətindədir. Hələlik oranı düşmənin caynağından azad etmək mümkün olmayıb. Hücum üçün ciddi hazırlıq gedir. Bir an da olsun rabitə vasitələri susmur, gur səslər xətdə bir-birinə qarışır. Hərdən arada boşluq yaranır, qurğulardan yalnız qulaqları deşən xışıltı səsi eşidilir.

Hərbçilərə dedim ki, ərazi düşməndən azad olunandan sonra meyitlərin şəkillərini çəkəcəm. Amma onlar etiraz edib «Gecənin qaranlığında fotoaparatın işıqsaçanı ilə şəkil çəksəniz, döyüşçüləri erməni gülləsinin qarşısında qoymuş olarsınız. Bəzən elə hallar olub ki, düşmən, hətta siqaretin közərtisinə əsgərlərimizi vurub, o ki qalmışdı fotoaparatın işıqlandırıcısı ola. İşığı görən kimi, qəsbkarlar atəş açacaqlar.» - dedilər. Bu söhbətdən sonra fikrimdən daşındım, aparatı səliqə ilə büküb yerinə qoydum. Ərazi ermənilərdən azad olunandan sonra meyitlərin çıxarılmasına kömək etməyə qərar verdim.

Çox keçmədi ki, kənd uğrunda qanlı döyüş başlandı. Güllə səsləri havanı yarıb bayaqdan bəri hökm sürən sükutu pozdu. Əvvəlcə avtomatlar «dilləndi», sonra qumbaraatan, pulemyot və başqa silahlar atəş səslərini daha da gücləndirdi. Aramsız şaqqıldayan silahlar «ağzından» od püskürürdü. Atəş səslərindən qulaq tutulurdu. Vahiməli gecədən qan və ölüm qoxusu gəlirdi. Başımızın üstündən vıyıltı ilə süzüb keçən mərmilər, güllələr hər an bizi qanımza boyaya bilərdi. Amma nə qədər təhlükəli olsa da, verilən tapşırıq yerinə yetirilməliydi. Həm qarşı, həm də biz tərəfdən atılan güllələr səs-səsə verib qulaqlarımızı batırırdı. Qəflətən bizdən on-on beş metr aralıya bir neçə mərmi düşdü. Döyüşçülər dedilər ki, qəsbkarlar minaatanlardan atəş açırlar.

Başımızın üstündən ötən mərmilərdən bir neçəsi irigövdəli ağacların üstünə düşdü. Soyuqdan donmuş ağaclar bu zərbədən şaqqıltı ilə hissələrə parçalanıb yerə aşdı. Meşədə güclü uğultu qopdu. Bu səs qarlı dağlarda əks-səda verdi.

Aradan illər keçsə də, mərmilərin gücündən ağacların hissələrə parçalanmasının səsi hələ də qulaqlarımdadır. Bu, bəlkə də, ağacların son nəfəsi idi. Belə hiss elədim ki, mərmilərin odlu zərbələrinə dözməyən ağaclar parçalanaraq ah çəkir, nalə qoparır, can verdilər.

Gecənin qaranlığında, düşmənin «üç addımlığında» ömrümüzün narahat anlarını, həyəcanlı dəqiqələrini yaşayırdıq. Hər an düşmən mərmisinə tuş gələ bilərdik. Hələlik mərmilər bizdən yan keçirdi. Bir az qabaqda isə qanlı döyüş gedirdi. Əsgərlərimiz düşməni sıxışdırıb Mehmanə kəndindən çıxarmağa çalışırdı. Top və minaatan qurğularından atılan odlu mərmilər sanki canavarlar kimi səs-səsə verib ulaşırdılar. Odsaçan mərmilər ildırım kimi göydə qəfil çaxıb qaranlıqları işıqlandırırdı.  

Az keçmiş qaça-qaça döyüşdən dönən bir neçə əsgər bildirdi ki, vəziyyət çox gərgindir, düşmən hücumlara ara vermədən irəliləyir, geri çəkilməsək, mühasirəyə düşəcəyik. Çətinliklə də olsa, gecənin qaranlığında kəndin arxa tərəfindəki yüksəkliyə qalxdıq. Mehmanə düşmən nəzarətində qaldı. Dayandığımız yüksəkliyə xeyli canlı qüvvə və zirehli texnika cəmlənmişdi. Əsgərlər döyüşə girmək əvəzinə, silah-sursatı maşınlara yükləyib geri çəkilməyə hazırlaşırdı. Bu vaxt ucaboy, enlikürək bir zabit onlara yaxınlaşıb üstlərinə qışqırdı. Komandirin zəhmli səsini eşidən döyüşçülər silah-sursatı maşından yerə boşaldıb bayaqkı mövqelərinə qayıtdılar.

11 əsgərlə xeyli piyada yol gedib həkimlərin yanına çatdıq. Onlar qaladıqları iri tonqalın kənarına yığışmışdılar. Bir az dayanıb nəfəsimizi dərmək istədik. Təzəcə oturmuşduq ki, sürətlə gələn bir maşın yanımızda saxladı. Sürücü gur səslə çağırıb, «Maşında yaralı var, tez olun, onlara su verin» - dedi. Ocağın qırağındakı su qabını götürüb maşına tərəf qaçdım. Yaralıları, bizi ön xəttə gətirən maşına qoyub Ağdərədəki hospitala çatdırmaq üçün yola çıxdıq. Maşında üç yaralı əsgər vardı. Onlardan ikisi ayağından, biri  qarnından yaralanmışdı.

Dağların, dərələrin qoynundan çəkilmiş sürüşkən və təhlükəli yollardan keçib gecəyarısı hospitala çatdıq. Ertəsi gün Mehmanə kəndinin düşmən əlinə keçdiyini eşidəndə ürəyim sancdı, qəlbimdən ağrı qopdu. Ermənilər addım-addım Ağdərənin mərkəzinə doğru irəliləyirdilər. Bir müddətdən sonra isə həm Ağdərə, həm də onun dağlar, dərələr qoynunda yerləşən kəndləri düşmən əlinə keçdi... Ağdərə ağrısını, Sərsəng yanğısını bir an olsun belə unuda bilmirəm...

Vahid MƏHƏRRƏMOV