Elektron ədəbiyyat və sənət portalı

İnsanların inanc yeri

Bölmə: Tarix 23.11.2016

Elə haqqında söhbət açdığımız pirlər, ocaqlar da bu yerlərin ötənindən-dünənindən soraq verir.

 

Xəlifə Seyid Əhməd piri

 

Tarixdən məlumdur ki, XII-XIII əsrlərdə ərəb xilafətinin dağılma dövründə xəlifələr tez-tez dəyişirdilər. Hökmdarlıq taxt-tacında bəzən bir həftə, bircə gün əyləşən xəlifələr də olurdu. Belə xəlifələrin çoxunun gözlərini çıxarır, edam edirdilər.

Bəziləri isə fürsət tapıb ölkədən qaçmaqla amansız cəza və təqiblərdən canlarını güclə qurtara bilirdilər.

İndi türbəsi pir olan Xəlifə Seyid Əhmədin də hakimiyyətindən kənar edilmiş ərəb xəlifələrindən biri olması, qaçıb Azərbaycana pənah gətirməsi güman olunur.

Dildə-ağızda gəzən söz-söhbətlərə görə Xəlifə Seyid Əhməd əvvəlcə Dağbilici kəndinin ətrafında məskən salıb. Lakin dağbilicililər tərəfindən soyuq qəbul edildiyindən incik düşən Xəlifə Seyid Əhməd bir gecənin içində ev-eşiyi, mal-qarası ilə birgə yoxa çıxır. Ertəsi gün kənd camaatı xəlifənin qəfil qeyb olmasından heyrətə və təşvişə düşürlər. Arayıb soraqlayıb xəlifənin yerini-yurdunu öyrənirlər, ayağına minnətə gedirlər, geri dönməsini xahiş edirlər.

Lakin Xəlifə Seyid Əhməd binə tutduğu təzə yurddan bir daha Dağbilici kəndinə qayıtmır, kənd sakinlərinin günahını isə belə bir şərtlə bağışlayacağını vəd edir: mənim ev-eşiyimin yır-yığışına, səliqə-səhmanına qulluq etmək, uçuq-söküyünü düzəltmək qoy sizlərin əcri olsun...

Çox maraqlıdır ki, Xəlifə Seyid Əhməd pirinin divarlarının, torpaq döşəməsinin ağardılması işini indi də bilicililər gorürlər. Bu işi kənar şəxslər yerinə yetirdikdə şirə qopub tökülür, divarlarda qalmır.

Ötən əsrin əllinci illərində Xəlifə Seyid Əhməd babanın məqbərəsi təmir olunarkən oradan küllü miqdarda müxtəlif sənədlər tapılır. Sənədlərdən belə məlum olur ki, həmin yüzilliyin 20-ci illərinə qədər Xəlifə Seyid Əhməd piri bölgədə çox müqəddəs ziyarətgahlardan olub.

Ziyarətgah geniş torpaq, əkin-biçin sahəsinə malik imiş.

Bu niyyət piri yerli daş və ağac materiallarından tikilmiş bir sərdabəli otaqdan ibarətdir. Məqbərənin ətrafında çoxlu qəbir var. Qəbirlərin üstündəki yazılar ərəb dilindədir. Baş daşlarının torpaqda çox dərinə getməsi, sinə daşlarının demək olar ki, batması bu qəbirlərin də, pirin də qədim bir tarixə malik olmasını göstərir.

İllər, əsrlər keçdikcə Xəlifə Seyid Əhməd babanın binə tutub məskən saldığı yurd yeri böyüyüb kəndə çevrilib və bu kənd indi Xəlfələr adlanır.

 

Şıxzəddin Baba

 

Şabran-Quba bölgələrində xalq tərəfindən Şıxzəddin baba adı ilə tanınan, qəbri ziyarətgaha çevrilən şəxs Gömür mahalında, Kəlaku dağının ətəyindəki Puçuq kəndində dəfn olunub.

Yüz illərdən bəri nəsillərdən-nəsillərə, yaddaşlardan-yaddaşlara köçüb gələn söyləmələrə görə Şıxzəddin babanın uluları Şirvanda islam dinini yayaraq, onun dayaqlarına çevrilən Şam şəhərindən gəlmiş şeyxlər olub.

Tarixdən məlum olan bilgilərə görə Səfəvi hökmdarı I Şah Abbas XVII əsrin əvvəllərində Dağıstana qazavata gedərkən qoşunun süvari hissəsi ilə Şamaxıdan Xaltan dərəsi ilə Kotəh düzünə çıxaraq orada düşərgə salır.

Axşam tərəfi şah Kəlaku dağının ətəyindən işıq gəldi¬yini görür. Hökmdar işıq gələn yerə iki əsgər yollayır, əsgərlər mənzil başına çatıb görürlər ki, şam işığında nurani bir qoca əyləşib Quranın qiraətlə məşğuldur.

Əsgərlər özlərini nişan verib onu şahın hüzuruna dəvət edirlər.

Nurani qoca qiraətini başa çatdırıb:

- Siz gedin, mən də gəlirəm, - deyərək, onları yola salır.

Düşərgəyə geri dönən əsgərlər həmin şəxsi özlərindən qabaq şahın hüzuruna çatmış görürlər, mat-məəttəl qalaraq açıb məsələni şaha ərz edirlər.

Ətraflı tanışlıq zamanı şaha məlum olur ki, qarşısındakı ali ruhani təhsili almış ağzı dualı çox mömün bir şəxsiyyətdir. Və Şah Abbas Şıxzəddin babadan öyrənir ki, o, hətta Allahın izni ilə möcüzə belə göstərməyə qadirdir. Şah Şıxzəddin babadan bir möcüzə göstərməyi xahiş edir. Şıxzəddin baba da şahın qarşısında çatılmış ocaqdan yanar bir kösövü götürüb torpağa sancır və kösöv dərhal yaşıllaşıb yarpaq açır. Bundan sonra I Şah Abbas Gömür mahalında böyük bir yurd yerini ona bağışlayır.

Cəmi Şirvanda Xaltanlı Tağı adı ilə tanınan məşhur el aşığı hələ iki yüz il bundan öncə bu adlı-sanlı, hümmət, səxa yiyəsi, qəbri-məqbərəsi indi pirə, ocağa çevrilən bu nurani şəxsi dildə-ağızda gəzən fəxriyyəsində belə vəsf edir:

Şeyx Əzətdin, Şeyx İbadətdin,
Bəslədiyi dağın dabanına bax.
İbadəti-layiq, mülkü-məlayiq,
Gülzar məqamının gülşəninə bax.

 

Çünki sakitliyin binasın qurdu,
Ev-otaq tikərək dayanıb durdu,
Təhvilinə keçən xoş çəmən yurdu,
Çəmən çöhrəsinin səhmanına bax.

 

Qəzada var imiş belə qüdrəti,
Xalqa zahir oldu xətir-hörməti,
Bilqeyisə bərabərdir sifəti,
Kəskin kəlamının ərkanına bax.

 

Vəsfini söylədim səxavətinin
Doğma od-ocağa itaətinin,
Tağı deyər: Gömür cəmaətinin,
Bəslədiyi Seyiddi-əyyamına bax.

 

Pir Xəlil türbəsi

 

Pir Xəlil baba türbəsi tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunur.

Gil-gilçay qəsəbəsindəki təpəlikdə yerləşən bu türbə XVII Azərbaycan memarlığının maraqlı nümunələrindəndir. Bu türbədə dəfn edilən Pir Xəlil babanın şəxsiyyəti haqqında ətraflı məlumat azdır. Yalnız ədəbi mənbələrdən belə məlum olur ki, Pir Xəlil baba XVII əsrin məşhur sufi dərvişlərindən olub. Yerli camaat müxtəlif göz ağrıları səbəbindən bu pirin üstünə gəlir, pirin divarlarına əsgi parçaları bağlayırlar.

Tarixçi alim Məşədixanım Nemət 1992-ci ildə Azərnəşrdə çap olunan “Azərbaycanda pirlər” kitabında yazır ki, “Nadi Əliyyən” duası Qızılburun yarımadasının yeddi kilometrliyində yerləşən “Xəlil Baba” piri türbəsinin kitabəsində yazılıb”.

“Bəktaşiyyə”, yaxud “Baba Sammit dərvişləri” cəmiyyətləri ilə əlaqələndirilən “Nadi Əliyyən” – “Əlini çağır” duasında deyilir: “Ya Mədəd Əli! Bizim məzhəbimizdə haqq sözü Əlini çağırmaqdır. Möcüzələr yaradan Əlini çağır! Sən onda bəlalardan xilaskarını taparsan. Ya Məhəmməd! Sənin peyğəmbərliyin və ya Əli! Ya Əli! Ya Əli, sənin vəliliyinin köməyi ilə bütün qüssə və kədərlər keçib gedər”.

Pir Xəlil baba da “Bektaşiyyə” və yaxud “Baba Sammit dərvişləri” cəmiyyətlərinin üzvü olub. Bu cəmiyyət sufi təşkilatı idi. “Beştaşiyyə” cəmiyyətinin üzvləri geniş xalq kütlələri ilə sıx əlaqədə idilər.

Məşədixanım Nemət adı çəkilən kitabında göstərir ki, “Səfəvilər özlərinə düşmən olan sünni təriqətli qonşu dövlətlərinin ərazilərində – Türkiyədə, Şirvanda və digər ölkələrdə sufi təşkilatları yaradırdılar. Bunların sırasında uzun müddət fəaliyyət göstərən “Beştaşiyyə” və onun qolu olan “Baba Sammit dərvişləri” cəmiyyətlərini göstərmək olar”.

Pir Xəlil baba da bu cəmiyyətlərin ən tanınmış nümayəndələrindən biri kimi Şirvan torpağında fəaliyyət göstərib, vəfat etdikdən sonra dəfn edildiyi türbə pirə çevrilib.

Aydın TAĞIYEV
Şabran