Elektron ədəbiyyat və sənət portalı

Allah göz yaşlarına inanır

Bölmə: Ədəbiyyat 28.11.2016

Əsəd CAHANGİR

İstənilən antologiya bir camedir - burda hamı yığışıb Sözə birlikdə dua edir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, görkəmli nasir, dramaturq, esseist, publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi Afaq Məsudun təşəbbüsü ilə düzənlənən bu antologiyaya öz şeir və hekayələri ilə yetmişə yaxın gənc yazar toplanıb. Bu cavanların sırasında özəl istedadı ilə seçilənlər də, sadəcə bəlli bədii-estetik ölçülərə cavab verənlər də var. Çünki antologiya komissiyası heyətinin məqsədi oxucuya beş-on imzadan ibarət istedadlar buketi təqdim etmək yox, yeni nəsil Azərbaycan ədəbiyyatının ən genəl mənzərəsini göstərməkdir. Həqiqət müqayisədə üzə çıxır. Təəssüf ki, yazının həcmi imkan vermədiyindən ön sözdə yalnız ən səciyyəvi imzalar barədə söz açmaq zorundayıq.

Yeni nəsil yazarlar qarmaqarışıq yuxunu xatırladan 90-cı illərdən, bu tarixi illərin bir az ümidsizlik gətirən, bir az da ümid verən ruhundan doğulublar. Ümid və ümidsizlik... Son on ilə qədər bu iki söz gənclərin çoxunun yazılarının altından da keçirdi, üstündən də. Gənclər özlərindən öncəkilərdən daha səmimi, cəsarətli, realist... olmaq çabaları göstərir, amma onların ən radikal təmsilçilərində səmimiyyət çox vaxt aşırı açıq-saçıqlığa, üsyankarlıq üsyanbazlığa, keçmişlərin tənqidi dərki nihilizmə çevrilirdi.

Xoşdur ki, son illər bədii sözün mənəvi iqlimi, psixoloji aurası bayağı inkarçılıqdan, vulqar nihilizmdən, getdikcə daha çox arınır, ədəbiyyatda yenidən Müşfiq küləkləri əsməyə başlayır. Bu dönüşdə keçid dönəminin başa çatması ilə bağlı toplumsal stabilləşmə prosesinin rolu danılmazdır. Amma problemin çözülməsininin batini yönü də var. Bu gün bədii fikir, bir neçə imzanı çıxmaqla on illərdən bəri unutduğu Allah ideyasına qayıdır, poeziya yenidən duaya çevrilir, ədəbiyyat əbədiyyətlə nəfəs alır, yerlə göyün dialoqu bərpa olunur.

Sevən və sevgisi yolunda ağrılarla uğraşan qadın qəlbinin gizli sirlərini, mübhəm həyəcanlarını Marina Svetayeva cəsarəti ilə açıqlayan, amma bu cəsarətə Natəvan həyası qatan Arzu Hüseynin Allaha ünvanlanan bu misralarını çağdaş poeziyadakı aparıcı yönlərdən birinin proqram-manifesti saymaq olar:

Nə olar əlimi uzalı qoyma,
Yolunu itirmiş bəndənəm sənin.
Bütün külliyatım sənə məhəbbət,
Bütün şeirlərim duadır mənim.

Amma bədii yaradıcılıq həm də və daha çox fərdi olay olduğundan bu fikri, nəinki bütün gənclərə, hətta hər hansı bir şairin istənilən şeirinə belə aid etmək olmaz. Məsələn, istər yaş, istərsə də yaradıcılq stajı yönündən antologiyaya daxil olan şairlərin çoxundan irəlidə olan Aqşin Yeniseyin son illər işıq üzü görən şeirləri göstərir ki, hətta ölümlə nəfəs-nəfəsə dəyib, geri dönməsi belə onun bədii düşüncəsində önəmli çevriliş yarada bilməyib. O, özünün ənənəvi ateizmindən ən yaxşı halda tərəddüdlərlə dolu skeptisizm zolağına keçir, Qurani-Kərimə məxsus təbirlə desək, ürəyin möhürü laxlayır, amma qırılmır:

Süurun səhrasında azmış kor yolçu
Mən indi günahın cazibəsinə həsr olunmuş
qüssə və tövbə dolu bir şeirin son misrasıyam
Tanrının insana əlvidasıyam.

Allaha, metafizik dünyaduyumuna “əlvida” yox, “salam” deyənlərin durumu isə gəldikcə güclənir. Bu, sovet ateizmi və materializmini böyük itkilər bahasına dəf edən poetik düşüncəmizin ötən əsrin 60-cı illərindən sonra Füzuliyə daha bir qayıdışıdır. Gənclərin yaradıcılığında bu qayıdışın ən dürlü görüntüləri ilə üzləşirik. “Niyə yaranır bu minlər, milyonlar, sonda yarandığı BİRə dönürsə” deyən Elşad Ərşadoğlu Allah sevgisini başlıca mövzuya çevirən klassik sufi şeirinə söykənir, sadəcə, şeirlərini Füzuli kimi əruzda yazmır, Yunis Əmrə kimi hecada qoşur. Ölümlə dirim arasındakı fərqin aradan qalxdığı, məkan və zaman ölçülərinin itdiyi metafizik başlanğıca qayıdış Hədiyyə Şəfaqətin şeirlərində öz ifadəsini çağdaş forma və üslubda tapır:

Heyyy...
Zamansız!
Heyyy...
Məkansız!
Zərrə-zərrə işıq adam
Səmaların qapısına
çatıb dayanmışıq, adam!
Bu yuxudan ayılmazlar...
Çaşıb
Oyanmışıq, adam...

Gəlin, bu misraları romantik şeirin tanrısı H.Cavidin “Yerə enməm də səma şairiyəm” və inqilabi romantik poeziyamızın patriarxı S.Vurğunun “Göylərə baxıram, qapısı bağlı” misraları ilə müqayisədə oxuyaq. Çünki Hədiyyənin şeirinin əsil anlamı məhz bu zaman üzə çıxır, aydın olur ki, özünün yüzillik letargiya yuxusuna son qoyan poeziyamız metafizik oyanış prosesi yaşayır, göylərin qapısı açılır, bədii sözümüz yenidən Cavid səmalarına üz tutur, ədəbiyyat yenidən əbədiyyət üfüqlərinə sarı boylanır.

“...Sənin üçün yola çıxmışam, Tanrıların savaşdığı oraya.. Troyaya” deyən Dilqəm Əhmədin düşüncə yolu daha çox tarixidir və o bu yolun antik-mifoloji dönəmindədir. Poeziyanın isə Elşadın monoteizmi, Diqəmin politeizmi və Hədiyyənin metafizikasından, ümumən hər hansı “izm” və “meta”dan daha çox, gözəllik önündəki heyrətə, bu heyrətin doğurduğu ruhsal işıqlanmaya dəxli var. Dilqəmin üst qatda Aşıq Ələsgərlə, bir neçə köynək dərində Cavid, Nəsimi, Füzuli ilə səsləşən bu misralarında olduğu kimi:

tək tənha bir gecədə
tək tənha bir küçədə
çıxar ürəyini kibrit qutusundan
ulduzlara sürtüb də yandır
səhər günəşi utansın doğduğundan.

Ruslan Dost Əlinin xəyal quşu qaçırılmış Ellada gözəli Yelenanın ardınca qoşan axey gəmilərinin yox, uşaqlıqda düzəltdiyi kağız gəmilərin başına dolanır. Amma hər iki halda xatırlama baş verir, hər iki halda bədii yaradıcılığın mahiyyəti ilə bağlı Aristotelin təqlid nəzəriyyəsi yox, Platonun xatırlama ideyası təsdiqlənir. Antik dahiyə görə, yazmaq xatırlamaqdır və bu xatirələrin diapazonu nəinki insanın, nəinki insanlığın ömrünü çevrələyə bilər, əbədi ruhsal qata da keçə bilər və hətta keçməlidir, çünki bu, şeirin əsas missiyası, şairin başlıca görəvidir. Ruslanın poetik xatirələrinin diapazonu öz fərdi ömrü qədərdir:

Götürüb üstünə adımı yazdım,
bir arxa tulladım, getdi-gəlmədi -
Mənim uşaqlığım, ahh... uşaqlığım
kağız gəmilərdə batdı, gəlmədi...

“İndi xatirələrə toxunmaq onun yaş köynəyini elektrik xəttindən asmaq kimidir” deyən Aqşin Evrən də neoplatonik kimi çıxış edir – xatırlayır. Amma Aqşinin xatirələri “Hələ Benəzir Bhutto ölməmişdi - Şərq anasız qalmamışdı, mən anasız qalanda” misalında olduğu kimi, yaşıdlarından fərqlidir, ardıcıl yox, paraleldir, diaxron yox, sinxrondur. Aqşinin poetik dünyaduyumu üçün zaman dərinliyindən daha çox, məkan genişliyi səciyyəvidir.

Onun baxış bucağından, nəinki dünyanın Pakistan və Azərbaycan adlı iki ölkəsi, ümumən varlığın üç qatı – insan, dünya və kosmos sinxron vəhdətdədir. Dördüncü - metafizik qatdan isə bu poetik kosmosa mələklər... elə bilirsiniz “gəlir” deyəcəm, yox, yağmur kimi tökülür. Çünki sevgiyə yerlər də, göylər də baş əyir və poeziya sevgi deməkdir:

Göy qurşağından asılmış yelləncəkdəyik,
Başını çiynimə söykəmisən
Qolumu şərf kimi dolamışam boynuna
Bizdən bir qədər aralıda oxu ətrafında fırlanır Yer kürəsi;
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur
Çətirimizin üstünə balaca mələklər yağır...
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
Ozon dəliyini örtürlər çərpələnglə
Nə müharibə var,
nə göz yaşı, nə də qəm.
Astaca pıçıldayıram sənə:
“Əzizim, dodağını gətir, söz deyəcəm...”

Fikir verirsinizmi, gənc şairin lirasından qopan səslər nə qədər incədir - qulağını gətir yox, dodağını gətir, öpəcəm yox, söz deyəcəm. Əslində isə o söz deyilməyəcək, çünki sevgi sözün bitdiyi məqamdır. Elə bir məqam ki, şair sözü demir, onu öpür. Füzulinin yonub-yonub cilaladığı, Ramiz Rövşənin tozunu aldığı sözü öpməkdən başqa Aqşinə nə qalır ki?

Ədəbi yaşıdlarının bir çoxundan fərqli Leyla Əliyevanın reallıq anlayışı daha konseptualdır. Onun şeirləri İnsanın yüksək materiya haqda düşüncələrinin poetik ifadəsidir. Bu şeirlərdə metafizika klassik ruhi təkamül, yaxud çağdaş psixotexniki prosedurlar yoluyla varılacaq bir yer, əlçatmaz kosmik ərazi, antik tarixi məkan, bir sözlə, Tarkovskinin məşhur filmindəki kimi özəl zona deyil. O, gerçəkliyin formalarından sadəcə biridir. Metafizik məxluqlar bizimlə eyni məkanda, eyni zamanda mövcuddur. Onları doğmaları tərəfindən atılmış, mənəvi tənhalığa məhkum yetimxana cocuğu da görə bilər. Yetər ki, stalker olasan, yetər ki, ürəyin möhürlü olmasın:

Bu dərdli, bu uşaq baxışlarınla
Gəlmisən dünyaya, bil, sən təkliyə.
Kiçik əllərinlə sığal çəkirsən,
Hər an yanındakı körpə mələyə.

Akif Ulucay özünü dünya ədəbiyyatı örnəkləri, bədii sözün tarixi ilə dialoqda qavrayır. Bu dialoqun iki zidd qütbü var - bir tərəfdə Dantenin xeyri təmsil edən ilahi gözəli Beatriçe, digər tərəfdə isə Edqar Allan Ponun şəri təmsil edən qara qarğası. Lakin bu antiuqütbləri birləşdirən bir cəhət var - hər ikisi insanın düzüb qoşduğu nağıl, hər ikisi yalandır. Gənc şair bu yalandan çıxış yolunu Allahın Adəmlə danışdığı ilkin dilə - haqq sözünə qayıtmaqda görür. Və batı ədəbiyyatına istinadlarına rəğmən, Ulucay sonucda sözə tapınan bir doğulu, ilkin dil təliminin yaradıcısı İsa Muğannanın ardıcılı kimi çıxış edir. O, Allahın sözünə qayıdır, bu isə elə onun özünə qayıtmaqdır, çünki ”İncil”in də təsdiq etdiyi kimi “başlanğıcda Söz Allah idi”:

İndi kimi günahkar saymalıyıq düşüb izə,
Lənətləməliyik eramızdan əvvəl neçənci min ili?
Görəsən, kim etdi bu qəddarlığı bizə,
Görəsən, kim yaratdı ikinci dili?

Davamı gələn sayımızda